"Dərdin öz dilində danışa bilsən..."

 

Ənvər ƏHMƏD

Filologiya üzrə fəlsəfə doktoru

 

Saçları sahil qayalarının dırnaqları ilə daranmış, aram-aram, çırpına-çırpına axıb gedən, vətən yarası kimi göynəm sızlayan, poetik ağrılı, misra-misra yanıb sönən istedadlı bir şair kiprik-kiprik dərdini yazır. Ovuc-ovuc göz yaşı tökür, "elim-obam", "yurdum-yuvam" - deyib nalə çəkir. Şeir oxuyur, ruhumuzu silkələyir.

 

Gözümün  önündən qoynunda doğulub boy atdığım Qarabağ, Şuşa, sinəsində köhlən atını səyritdiyim, sazının, sözünün sehrinə düşdüyüm müqəddəs ata-baba vətənimiz Göyçə keçir. Dərdin dərdini çəkən şair - Sona xanım Vəliyeva  şeir-şeir alışır, kövrəlir.

 

Şeirin ürəyi boyda olarmış, ilahi? Vətən sevgisi uca, hüdudsuz olarmış, yaradanım? Yurd itkisinə bu qədər dözmək zərif bir qadın üçün ağır yükdür, çəkilməz ağrıdır, kədərdir, qəmdir.

 

Gecənin kar vaxtıdır. "Xəzər" televiziyasında istedadlı xanım telejurnalistin "Könül dünyamız" verilişi efirə gedir.  Müsahib poetik istedadına dərin hörmət bəslədiyim şair Sona xanım Vəliyevadır. O, şeir oxuyur. Sükut içindəyəm. Gözümü ekrandan çəkmirəm. Şair dərdini yavaş-yavaş dağ edir, itkin Vətən dərdi onu məhşər odunda  yandırır.

 

Müəllifin bir müddət əvvəl, az qala, hər misrasını, hər bəndini su kimi içdiyim "Arazbarı" kitabını yenidən əlimə götürürəm, şeirləri bir-bir yenidən gözdən keçirirəm. S.Vəliyeva hər şerində Qarabağ, Zəngəzur, Dərələyəz, Göyçə üstə köklənir, Araz sahilindən keçəndə Təbrizin qoxusunu duyur, kiprikləri ilə sahilləri bir-birinə tikmək istəyir. "Bir havasız hava çalın" şeirinə baxaq:

 

Bir havasız hava çalın,

Durub oynayım, oynayım.

Başımdakı havam yetər,

Süzüm, oynayım, oynayım.

 

Şeirin aydınlığı, məna tutumu, fəlsəfəsi ürəyimi məngənə kimi sıxır. Qeyri-ixtiyari deyirəm "Yaran ağrıyır, Vətən!" Şeirin qolları üstə Şuşaya sarı uçmaq istəyirəm. Bulud-bulud doluram, yağış-yağış Cıdır düzünə səpələnirəm. Xarı bülbülə  dönür, Şuşanın külünü gözümə sürtürəm.

 

Qəm çiçəklik, mən dəryazam,

Bütövlüyə tamarzıyam.

Ey bəxt verən, qismət yazan,

Zülüm, oynayım, oynayım.

 

İndi bizə bu yaraşıq,

Gözü nəmli başı daşlı,

Qəm kədərlə qarşı-qarşı,

Süzüm, oynayım, oynayım.

 

Kimin havası çalındı,

Kimin havası alındı,

Torpaq getdi, el talandı,

Dözüm, oynayım, oynayım.

 

Əlimi başına qoyum,

Haran ağrımır, ay Vətən?

(Üz döndər biz təpərsizdən)

Bir qarış yer verirmisən,

Ölüm, oynayım, oynayım.

 

Aşıq gəlsin, ozan qalsın,

Dərd içindən yol aransın.

Yaramın qönçə qaysağın,

Üzüm, oynayım, oynayım.

 

"Köçəri" çal, köçən mənəm,

Yurd yerindən pərən-pərən.

Çal, gora gedən qız mənəm,

Özüm oynayım, oynayım.

 

Oxuyuram oxuduqca sözlər, misralar yaxamdan tutub məni zülmün, dözümün, ölümün, qəm-kədərin dərdi, hüzürü boyunca səpələyir. Bunlar sadəcə söz düzümü deyil. Bunlar Vətən itkisinə ürəyinin telləri ilə sarınan bir  türk qızının harayıdır, hayıdır, Göyçənin, Şuşanın - elləri ölü yollara dönən gözəl bir şairin can yanğısıdır.

 

Sona xanımın poetik dünyası genişdir, zəngindir. Onun şeirlərini oxuyarkən sözlərinin  rənginə döndüm. Küləklərin əliylə sovrulan Ağdamın külünə döndüm. Şairin şeir aləminə diqqət elədim. Onun şeir zirvəsinə  boylanıb, şəhadət gətirdim. Bir bənd şeirinin ruhuna bağlanaq:

 

çiçək dərd çəkər, kədər yeyər

Bir az sevinc ilə yaşaya bilsən.

Eh, dərdi yazmağa vardı axı,

Dərdin öz dilində danışa bilsən.

 

Şairin könül ağrılarına qoşuluram. Elə buradaca Sona xanımın Araz ağrısını sinəmə çəkirəm. Baxışı ilə yazdığım bir bənd şeirimin qəm yükünü onun "Arazbarı" şeirinin ürəyinə yükləyirəm:

 

Oxudum Arazbarı,

Araz yarama barı.

Dərdini nərdivan et,

Çıxım Allaha sarı.

 

Dünyada qədər insan varsa, o qədər dərd var. İnsanların milyon-milyonu öz dərdini çəkə bilmir, onu sürüyür. Sona xanım isə bir şair kimi o taylı, bu taylı vətən dərdini çəkməkdən usanmır. Dərdimi bulud-bulud, leysan-leysan Araza tökür, "Haray Vətən!" - deyib "Arazbarı" şeirinin sarı siminə dönür. "Arazbarı" şeirinin ağrılı sədaları dünyanın kar qulağına yumruq kimi çırpılır:

 

Araz boyu bu köçdü?

Məndən, səndən, ondan keçdi.

Göz yaşımı güllər içdi,

Yarı bülbül, yarı Xarı,

"Arazbarı!”

 

Tarixlərin səsi, ünü,

Çay da haqsızlıq sürgünü

Tanrı tikər körpüsünü,

Yarı dərd-qəm, yarı barı

"Arazbarı!"

 

Göyçə, Şuşa, Təbriz dərdi

Köhləndikcə təzələndi.

Sönüb, külündən közərdim,

Odum boyumdan yuxarı,

"Arazbarı!"

 

Misra-misra hörülmüş bu şeir sanki canlı bir bədən kimidir. Elə bil, insanla həzin-həzin danışır, hər bəndi ayrılıqda təhlil oluna bilər. Sözlər köz kimi ürəyə yapışır.

 

Müəllif Araz boyu Vətəndən Vətənə gedir. Göz yaşını Arazın lilli sularına qatır. Qatar tövşüyür. Yükü bir sinədə döyünən dünya boyda ağrı-acı yüküdür. Şair ona dağ çəkən dərdə yas tutur, dərdə ağlayır:

 

Dərdin ağlayaraq bu dərdin,

Haqdan gələn haqdı, bilin,

Bəxtinə bəxtsiz millətin

Savaş düşübdü, düşübdü...

 

Vətən deyib yola varan

Zülümdə haqq axtaran,

Şuşaya ilk bayraq asan

Könlümə qardaş düşübdü!..

 

Şair dərd içində dərd yaşayır. Onun poetik xəritəsi dərdi, kədəri boydadı. Şair "Ağlama, şəhid balası" şeirində atasının məzarı başında hönkür-hönkür ağlayıb göz yaşı tökən şəhid balasının dərdinə acıyır. Onun atasızlıq ağrısına şərik olur:

 

Ağlama, içim göynədi,

Çəkə bilmərəm bu yası.

Tanrı taxtında təkdi,

Ağlama, şəhid balası.

 

Anamızsa qara torpaq,

Müqəddəs örpəyi bayraq,

Bu torpağı, bu bayrağı,

Şəhid qanı qoruyacaq!..

 

Bölgə-bölgə ölən insanların,  qaz ılan qəbirlərin sahibi kimi alovlara qərq olan kəndlərin tutulmayan yası şairi məhşər ayağına çəkir. "Dedilər kəndlər boşalır"- sözü adamı qeyri-adi bir boşluğa atır, elə bil dünya  uçub, altında qalmısan. Bir nəfər tapılmır ki, bu qəlbi yaralı kəndə ağı desin, yas tutsun. Dünyanın qulağı kar, gözü kor, üzü bozdu, ürəyi daş kimi bərk, cismi buz kimi soyuqdu. "Kimsə yoxdu ağı desin bu kəndə" şeirinə baxaq. Şair az qalır qollarını dəmir hasar edib, min illik kökündən qopan kəndləri, onun zavallı insanlarını geri qaytarsın. Ehey, elim-obam, soydaşlarım, dayanın, o yurd yerləri  bizimdi:

 

Ana köçüb, bacı köçüb bu kənddən,

Şərbət köçüb, acı köçüb bu kənddən,

Oğulların tacı köçüb bu kənddən,

Kimsə yoxdur, ağı desin bu kəndə!..

 

Sükut burda, büsat qurur, toy qurur,

Qapısını yağış döyür, qar vurur,

Ruzisini qara yellər sovurur,

Kimsə yoxdur, ağı desin bu kəndə!

 

Əl saxlayın, ay köçənlər, ay adam,

Ay yad yerdə Sultan adam, Xan adam,

Ay öləndə qiblə bilib, üz tutan

Balam deyib qucağında oxudan

Kimsə yoxdur ağı desin bu kəndə.

 

Deyirlər dərdə oynamaq olmaz. Olar, dərddən insan havalanar, qan coşar, əlini Allaha sarı qaldırıb, doyunca ağlamaq ürəyin dərdini əridir, insana təsəlli gətirir. Budur, dəliqanlı bir oğlan "Şuşanın dağları" havasına oynayır. Şair buna dözmür. "Qayalar  nizəyə dönür, gözlərini oyur. Bir ağac koğuşu oyulan kimi":

 

"Şuşanın dağları", başı dumanlı,

İçindən sınmış bir cavan oynayır.

 

Sındıra-sındıra

Gözləri dumanlı, başı havalı,

əlləri havada, ayağı yerdə.

 

"Şuşanın dağları" qanımı coşdurur,

Toz dumana qarışır.

Elə bil oynaya-oynaya

Şuşaya yaxınlaşır.

Sümüklərim ovulur

Oyum-oyum...

... Sahibsiz dağlar iti neştər kimi

İçini doğrayır.

Tikə-tikə, buğum-buğum!

Bu oğlan oynaya-oynaya

Şuşaya qayıdış muştuluğu gətirir, elə bil!

Əlləri havada

Qışqırır, qıy çəkir.

Salam, Şuşa,

Biz, qayıtdıq, gələ bilərikmi?!

 

... Göyçədən bir yol başlayır, Nəqşi-Cahanımız olan yaşı duz dağının yaşından da qədim  Naxçıvanda, baş tacımız Şuşada bənd alır, həsrətli Arazı keçib Təbrizəcən uzanır, Vətən dərdi kimi sinəmizdən, qanımızdan, ruhumuzdan şeir-şeir keçir. Mən bu kiçik yazıda bu ədəbi yolun yolçusu olub onun poetik bulağından bir qurtum  içdim və ürəyim sərinlədi. Şairin poeziya yolunun yolçusu - oxucusu kimi Allahdan ümid dilədim. Ümid dilədim ki,  onun diləkləri çin olsun, Vətən adlı cənnət beşiyinin başı üstündə daima gözəl şərqilər oxunsun, yanmış, külə dönmüş kəndlərimiz təzədən  sətir-sətir, misra-misra çiçəklənsin. Bu kitab əslində, poetik bir şeir çələngidir. Mən oxudum. Sizoxuyun - gözləriniz önündə bütün ağrı-acıları, təlatümləri ilə mənalı və dərin ömür yolu keçən həqiqi bir şair canlanacaq!..

 

525-ci qəzet.-2017.-30 noyabr.-S.7.