"Azərbaycanın bugününü
türklüyə böyük qayıdış dövrü
kimi görürəm"
TANINMIŞ
ALİM, AZƏRBAYCANIN BÖYÜK DOSTU PROFESSOR ƏLİ
YAVUZ AKPINARLA SÖHBƏT
Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi
işçisi
aynure8@mail.ru
Ortaq
türk dili probleminin mövcud vəziyyətini müəyyənləşdirmək,
qarşıda dayanan problemləri müzakirə etmək və
həlli yollarını axtarmaq məqsədi ilə Yeni
Türkiyə Strateji Araşdırma Mərkəzi və
Türk Dil Qurumunun təşkilatçılığı ilə
Ankaranın "Şeraton" otelində 13-15 noyabr 2017-ci ildə
"Türk dilli ölkələr qurultayı" adlı
möhtəşəm beynəlxalq tədbir həyata
keçirildi.
Dünyanın 4 qitəsindəki 40 fərqli ölkədən
320 araşdırmaçı qurultayda iştirak edirdi.
Qurultay ərəfəsində ilk
müsahib kimi İzmir Ege Universitetinin professoru Əli Yavuz
Akpınarı seçdim.
Professor
Əli Yavuz Akpınar Azərbaycan ədəbiyyatının təbliğində
gördüyü işlərə görə Azərbaycan
Dövlət Mükafatına (1989), Bakı Dövlət
Universiteti tərəfindən fəxri doktor (1993) adına layiq görülüb.
Azərbaycan
hələ təzəcə müstəqilliyinə
qovuşduğu zaman professor Yavuz Akpınar 1992-ci ildə bir il "Amerikanın
səsi" Radiosunda hər həftə Azərbaycanın mədəniyyət
və ədəbi mühiti mövzusunda məqalələrini
oxuyardı. O, 1995-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür.
- Hörmətli
professor Yavuz bəy, dəyərli vaxtınızı mənimlə
müsahibə üçün ayırdığınıza
görə Sizə minnətdaram. Sizi mən 8
ildir ki tanıyıram. Əli Yavuz
Akpınar Azərbaycan ədəbiyyatşünaslığında
fəxr və qürurla səslənən imzadır. İstəyərdim ki, Azərbaycan ədəbiyyatı
haqqında apardığınız araşdırmalardan bəhs
edəsiniz.
- Mən XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatını professional olaraq tədqiq etmişəm. Nəbi Xəzri, Bəxtiyar
Vahabzadə, Həmid Nitqi, Məhəmmədhüseyn Şəhriyarın
şeirlərini Türkiyədə ilk dəfə
mən çap etdirmişəm. İranla bizim
1960-70-ci illərdə əlaqələrimiz açıq idi.
Amma o zamanlar Azərbaycandan bizə məktub
göndərilə bilmirdi. Sovet
dövründə mən Şimali Azərbaycanla Cənubi Azərbaycan
arasında əlaqə yaradan şəxs oldum. Əsəd Behrəngi A.Zamanovun "Sabir və
müasirləri" kitabını Təbrizdə
çevirmişdi, o kitabı Abbas bəyə mən
aparmışdım. Mən Süleyman
Rüstəmin orta məktəb yoldaşı Aşıq Qəşəmlə
də görüşmüşdüm, onun səsini
yazmışdım və öz xahişi ilə onu
Süleymana dinlətdirdim. Amma indi müstəqillik əldə
olunduqdan sonra Azərbaycana birbaşa məktub göndərmək
imkanımız var. Mənim vəkil İbrahim Bozyellə
birlikdə 1983-cü ildən etibarən Ərzurumda
çıxartdığımız "Qardaş Ədəbiyyatlar"
jurnalı sadəcə Azərbaycana deyil, bütün Türk
dünyasına açılan mühüm bir qapı olmuş
və öz dövründə böyük etibar
qazanmışdır. 1960-cı illərdə
Türkiyədə rusların maddi olaraq dəstəklədiyi
kommunistlər vardı. Kommunistlər Sovetlərin
içində əriyib, türklüyünü itirirdilər.
Belə vaxtda mən Bəxtiyar Vahabzadənin ana
dilindən və vətən sevgisindən bəhs edən
şeirlərini Türkiyədə çap etdirib yaydım.
- Türkiyə və Azərbaycan əlaqələrinin
müasir durumu Sizi qane edirmi?
- Mən
iki dövlət arasında əlaqələrin daha da
inkişaf etməsini çox istəyirəm. Bu
səbəbdən, indiki səviyyə məni yetərincə
qane etmir. Bütün türk
dünyası dövlətlərinin münasibətlərinə
nəzər yetirdikdə görərik ki, ən sıx əlaqə
hələ Azərbaycanla Türkiyə arasındadır.
Bu, normaldır. Çünki
coğrafi və dil baxımdan çox yaxınıq. Amma mən bunu da yetərli görmürəm. Bu sözümü siyasi cəhətdən
anlamayın. Ulu öndər Heydər
Əliyevin də qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik.
Biz siyasi olaraq Azərbaycanın
varlığını inkar etmirik. Dünyada,
əslində, bütün millətlər bir-birinə
möhtacdır. Azərbaycanla Ermənistan
arasındakı münasibətə bu gün diqqət yetirsək,
görərik ki, ermənilər həm özlərinə, həm
də ətrafına zərər verdilər.
- Siz türk xalqlarının
inkişafındakı əngəlləri və maneələri
nədə görürsünüz?
- Ən böyük maneə zehniyyətdə,
düşüncəmizdə görünməyən
divarlardır.
Sovet dövründə Türkiyə ilə Azərbaycan
arasında dəmir pərdə vardı. Türkiyə
ilə Azərbaycanın əlaqələri 1920-ci ilə kimi
mükəmməl nöqtəyə gəlib
çıxmışdı. Sovet dönəmi
çökdüyü zaman türkiyəli diplomatların Azərbaycanla
bağlı elə bir məlumatı yox idi.
- Mən
bu il Rusiyanın Kazan şəhərində
beynəlxalq konfransda iştirak edən zaman
iştirakçıların hamısı müxtəlif
türkdilli dövlətlərdən gəlmişdilər. Mən rus, ingilis dillərini, Türkiyə türkcəsini
bildiyimdən ünsiyyət yaratmaq baxımında problemim yox
idi. Amma ümumilikdə, qazax öz dilində
danışır, azərbaycanlı türkü anlamır,
Türkiyə türkü öz dilində danışır,
tatar anlamır. Halbuki hamımız eyni
kökdən, eyni soydan olan insanlar idik.
- Siz bir
çox dilləri bilirsiniz, xoşbəxt insansınız. Amma keçmişə nəzər salaq. Füzuli, Nəsimi milli sərhəd
tanımırdı və onlar uyğur türklərinə qədər
tanınırdılar. O zamanlar pasport, viza soruşulmurdu.
Ədəbi-mədəni münasibətlər
baxımından qapılar üzümüzə açıq
idi. Aşıq Alı Türkiyəyə
gəlib saz çalıb oxuyanda hamı onu anlayardı. Dünya mədəniyyətində çoxlu
türk rəngi, çalarları var. Niyə biz öz qədim
əlaqələrimizi inkar etməliyik? Buna
görə də, biz zehnimizdəki divarları
yıxmalıyıq. Bir qazax Türkiyəyə
gələndə mən onu evimdə qardaşım kimi qonaq
edərəm. Çünki biz bir millətik.
Mən əslən qarslıyam. Nəslim Azərbaycan türklərindəndir.
Mühacir deyilik, amma 600 il əvvəl
Qarabağdan gəlmişik. Azərbaycan
türklüyü ilə Türkiyə türklüyü də
mənim düşüncəmdə
qaynayıb-qarışıb.
- Son zamanlar Azərbaycan mətbuatını
izləyirsinizmi?
- Ancaq
internet saytlarından izləmək imkanım var. "525-ci qəzet"i,
"Kaspi"ni, "Xalq qəzet"ini, əsasən də ədəbiyyat
bölümünü izləmək imkanım var. Gündəlik
siyasi məsələlər məni maraqlandırmır, mən
siyasətçi deyiləm. Ancaq vaxtında mən
Azərbaycan ədəbiyyatını Sovet pərdəsindən
təmizləyib tanıtdırdım. Azərbaycan
mətbuat tarixinə nəzər saldıqda "Molla Nəsrəddin",
"Füyuzat", "Həyat" - bunları
ayrı-ayrı dünyalar kimi görürəm. "Türklər kimdir və kimlərdən ibarətdir"
əsərini yazan Əli bəy Hüsynzadəyə romantik
deyə bilməzsən. O, tarixə baxışında
da romantik deyil. Hüseyn Cavid bizim bu gün arzu
etdiyimiz ortaq türk mədəniyyətinin başında gəlir
və örnək şəxsiyyətdir. Gələcəkdə
belə insanların sayının artması lazımdır. İsmayıl bəy
Qaspıralı ortaq türk tarixini arzu edirdi. Avropada Qaspıralı millətləşmənin nə
olduğunu öyrəndi. O, ruslar içərisində əsil
müsəlman türkü olmağı bacardı. Türk dünyasında hətta ortaqlığın
qalmadığı dövrdə Qaspıralı bunları
anladı.
-
Türkçülüyə bağlı düşüncələrinə
görə Sovet dövründə Bəxtiyar Vahabzadəni, Xəlil
Rzanı və başqa ədiblərimizi repressiya təhlükəsi
gözləyirdi. Amma o dövrdə Ümummilli
lider Heydər Əliyevin sayəsində bu təhlükə
ortadan qaldırıldı.
-
Ümummilli lider Heydər Əliyev Azərbaycana böyük
xoşbəxtlik gətirmiş şəxsiyyətdir. Sovet vaxtında hər bir vəzifəlinin yanında
rus, yaxud da erməni müavini vardı. Mən
Sovet dövründə Azərbaycana girib çıxan zaman
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ilə
bir çox problemlər yaşadım. Professor Abbas Zamanov Heydər Əliyevə
bu barədə şikayət etmişdi. Mənim
bu yöndə işimi asanlaşdıran böyük şəxsiyyət
Heydər Əliyev idi. Füzulinin yubileyində
Heydər Əliyev özü də mənə söyləmişdi
ki, sənin gəlib-getməyindən mənim xəbərim
var. Professor Vilayət Quliyev buna şahiddir. O zaman Heydər
Əliyevin mənim adımı bilməsi heç
ağlıma gəlməzdi. Abbas Zamanov o vaxtlar məndən
Hüseyn Nihal Atsızın türkçülüklə
bağlı əsərlərini istəyəndə, mən
onu Azərbaycana gətirməyin mümkünsüz
olduğunu söylədim, amma o, sərhəddən mənə
verilən qəbzi gətirməyimi xahiş etmişdi. Bir də gördüm ki, Abbas Zamanov o kitabları
alıb. Böyük lider Heydər
Əliyevin türkçülük sevgisini mən o zamandan
görürdüm.
- Azərbaycana
tez-tez gəlirsiniz. Son zamanlar baş verən inkişafın
şahidisiniz...
- Azərbaycan
istiqlalına qovuşanda mən Amerikada idim. Qarabağ
hadisələri çox böyük faciə oldu, Azərbaycan
tarixində dərin yara açdı. Fəqət
Bakı türkləşdi. Mən buna
çox sevinirəm. Çünki Sovet
dövründə Bakıda, demək olar, türkcə
danışılmazdı. Amma mən o
zamanlar da Azərbaycanda olanda Azərbaycan türkçəsi
ilə danışardım. O zaman milli ədəbiyyata az dəyər verildiyinə şahid olurdum. Odur ki, Azərbaycanın bugününü
türklüyə böyük qayıdış dövrü
kimi görürəm. Türklüyə
ürəkdən bağlı biri kimi mən türk
xalqlarının tərəqqisini, daha da yüksəlib irəliləməsini
arzu edirəm.
- Amma
müasir dövrdə Rusiyada yaşayan türklərdə
milli köklərindən uzaqlaşmaq problemi diqqət çəkir.
Almaniyada yaşayan türkləri də, məncə, bu problem
gözləyir...
-
İnsan can çəkişən zaman dirilik əlaməti
göstərir. Əgər bir evin içində ana dili
unudulmuşsa, deməli, iş bitmişdir. Almaniyada
bir türk yaşayırsa, nə qədər
türklüyünü, müsəlmanlığını
qoruya bilər?! Bu, sosial reallıqdır.
Türk kimi yaşamaq istəyirsənsə, gəl
Türkiyədə yaşa.
525-ci qəzet 2017.- 30 noyabr.- S.6.