Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər

 

Bəşəriyyət yarandığı, insan insanlığını dərk etdiyi ilk gündən ritmli, ahəngdar şeir sənətinə, bədii sözə maraq böyük olmuşdur. Bunu saysız-hesabsız folklor nümunələrimiz: əmək, mövsüm və mərasim nəğmələrimiz, bayatılarımız, laylalarımız, ağılarımız  əyani şəkildə sübut etməkdədir.

 

Xalqın yaddaşına hopub əsrlərin o başından bu başına gəlib çıxan dəyərli poetik nümunələr həm onda ifadə olunan məzmunun, həm də düşüncə tərzinin, fikri nə şəkildə ifadə etmə ustalığının sayəsində uzunömürlü olmuşdur. Məhz ahəngin, ritmin, qafiyənin, ümumiyyətlə poetik biçiminin gözəlliyi lirik parçaların yaddaşlarda əbədi yaşamasının təminatçısına çevrilmişdir.

 

Bu baxımdan müqəddəs dini kitabımızın, "Qurani-Kərim"in şeirlə nazil olması faktı da nəzərdən qaçırılmamalıdır. Yarandığı gündən ta çağdaş dövrümüzə qədər bircə sümləsi belə  itib-batmayan, deformasiyaya uğramayan, əlyazmalarının heç birində variant fərqi tapılmayan "Qurani-Kərim" Allahın bəşəriyyətə zaman-zaman doğru yol göstərən möcüzəsi, eyni zamanda poetik kamillik nümunəsidir.

 

"Qurani-Kərim"də, eləcə də hədislərdə  elmə böyük dəyər verilirsə, şeir, şairlik sənəti o qədər də təqdir olunmur.  "Quran"ın "Şuəra surəsində (26) bu sözlər vardır:  224 - "Şairlərə sapmışlar, pərəstişkar adamlar tabe olarlar";  225 - "Məgər görməmisənmi bir söz vadisindən o birisinə keçərkən onlar necə hədlərini aşırlar (yəni nə həcv, nə də mədhiyyə qoşmaqda sərhəd gözdəmirlər); 226 - "Eləmədiklərini "eləmişik" deyərlər"; 227 - Ancaq başqa şairlər də var, bunlardan deyil onlar. O şairlər ki, iman gətiriblər, saleh işlər görüblər, Allahı tez-tez anıblar, zülm çəkəndən sonra uğur qazanıblar. Zalımlıq eləyənlər axır görüb biləcəklər hara imiş qayıtmalı olduqları yerləri" ("Qurani Kərim. Azərbaycan türkcəsində açıqlama, Nəriman Qasımoğlunun qələmi ilə. "Azərbaycan" nəşriyyatı, 1993, s.187).

 

Buradan belə aydın olur ki, əsl şairlər iman gətirənlər, saleh işlər görənlər, Allahın böyüklüyünü, qüdrətini dərk edənlərdir. Əsl şairiliyin meyarı isə haqqa tapınmaq, insanları doğruluğa, düzgünlüyə, kamilliyə, mənəvi saflığa çağırmaqdır.

 

Əslində, ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində böyük uğurlar qazanan sənətkarlar Allaha bütün varlıqları ilə inanan, haqqa, ədalətə güvənən insanlar olmuşlar. Xaqani, Nizami, Füzuli kimi sənət korifeylərimiz ulu yaradanın fəqir bəndələri olmaları ilə fəxr etmiş, iman sahibləri olmuşlar.

 

Ayrı-ayrı vaxtlarda İslam Peyğəmbərinin - Hz.Məhəmmədin özünün də şair olması vurğulanır.  Hətta bu fakta istinadan onun Peyğəmbər yox, şair olduğunu, "Qurani-Kərim"i guya özü "uydurduğunu", özü "yazdığını"  iddiaedənlər  tapılmışdır. Lakin zaman hər şeyi yerbəyer etmiş, "Qurani-Kərim"in bəndənin yaza bilməyəcəyi Allah kəlamı, Məhəmmədin isə sonuncu Peyğəmbər olması təkzibolunmaz faktlarla sübut edilmişdir.

 

Məhəmməd Peyğəmbərin şeir haqqında "Şeir söz kimidir. Yaxşısı yaxşı söz kimi, pisi pis söz kimidir" (Ədəbül-Mufrəd, 865); "Şeirin bir qismi hikmətdir" (Səhih əl-Buxari, 6145) və sair bu kimi hədisləri göstərir ki, "Allahdan başqa nə varsa, fanidir" deyən sevgili Peyğəmbərimiz müqəddəs kitabımızda tənqid olunan yalançı şairliyi qəbul etməmiş, eyni zamanda əsl şairlərə və onların iman nuru ilə yoğrulan dəyərli əsərlərinə yüksək qiymət vermişdir.

 

Peyğəmbər salavatullahın müsəlmanlığı qəbul edən, eləcə də etiqadı müsəlman əqidəsinə yaxın olan şairlərin əsərlərini bəyənməsi ilə bağlı  hədislər mövcuddur. Şərid deyirmiş ki, mən peyğəmbərin tərkində yol gedərkən ona Umeyyə ibn Əbu Səlt əs-Şəfəqinin şeirlərindən yüz beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda o mənə "davam et!" - deyirdi.  Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə belə dedi: "O, az qala  müsəlman olacaqdı"...

 

Bütün bunlardan, eləcə də digər hədislərdən aydın olur ki, Peyğəmbərimiz həqiqi şeiri sevmiş və ona dəyər vermişdir.  İslam ideylarının yayılmasında imanlı, əxlaqlı sənətkarların rolunun böyük olması ilə bağlı tarixi faktlar da az deyildir.

 

Bu danılmaz  həqiqətdir ki, şeirin təsir gücü olduqca böyükdür. Şeir insanı düşünməyə, dünyanı dərk etməyə, fəaliyyətə, qurub-yaratmağa, sevib-sevilməyə,  mənəvi-əxlaqi saflığa, təmizliyə, paklığa da səsləyə bilər, fəaliyyətsizliyə, pessimizmə, kefə-əyləncəyə, yüngül həyata, əxlaqsızlığa da. Bu baxımdan şeirin şərti olaraq iki tipini müəyyənləşdirmək olar: bir insanı ilahi nuruna yaxınlaşdıran, onu düşündürən, insanların mənəvi-əxlaqi tərəqqisinə yardımçı olan şeir, bir də  iblisin diqtəsi ilə yazılan, insanların əxlaqını pozan, onları  yüngül həyata, kefə, əyləncəyə  səsləyən şeir...Bu baxımdan şeirin təsir gücünü lazımi istiqamətə yönəltmək bütün dövrlərdə metodoloji və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etmiş və indi də etməkdədir. Şairlərə xüsusi hörmət, qayğı və diqqət göstərən, onların yaradıcılığına böyük dəyər verən hökmdarlar öz hakimiyyətlərini möhkəmləndirmək üçün zaman-zaman şeirin ecazkar təsir gücündən istifadə etmişlər.

 

Şeir fikri yığcam, lakonik şəkildə ifadə etmək vasitəsi olduğu üçün ona bütün dövrlərdə böyük əhəmiyyət verilmiş, əsl şairlər həmişə hörmət sahibi olmuşlar.  Nizami təsadüfi demirdi ki: "Peyğəmbərlərdən sonra şairlər gəlir". Məşhur "Peyğəmbər" şeirini yazan, rus ədəbiyyatının klassiki  A.S.Puşkin şairi hökmdarlardan üstün hesab etmiş, sözləri vəhylərlə, ilahi kəlamlarla yoğrulan şairləri peyğəmbərlərə bərabər tutmuşdur.

 

Peyğəmbərimizin söylədiyi kimi, şeir də insanlar kimidir. Onların da əxlaqlısı, əxlaqsızı, imanlısı, imansızı var.  İslami əxlaqı təbliğ edən şeirlər həmişə xalq tərəfindən məhəbbətlə qarşılanmışdır və bu tipli şeirlərin əsrlərin sınağından çıxaraq gələcək nəsillərə qədər gəlib çıxmasının ən başlıca səbəbi də məhz budur.

 

Bizə elə gəlir ki, qədim dövrlərdə yaşayan böyük alimlərin əksəriyyətinin həm də şair olmaları, şeir yazmaları bu məsələnin təsadüfi səciyyə daşımamasının göstəricisidir.Ona görə ki, elmi qənaətlərini yaşatmaq, gələcək nəsillərə ötürmək üçün dərin zəka sahibləri öz fikir və mülahizələrini zaman-zaman nəzmlə ifadə etməyə çalışmışlar.Şeir, nəzm təkcə fikri gözəl, lakonik ifadə etmək yox, həm də onu yaddaşlarda qoruyub saxlamağın etibarlı vasitəsi kimi diqqət mərkəzində olmuşdur.Fəlsəfi fikirlər, elmi mülahizələr qədim zamanlardan itib-batmasın deyə bu və ya digər şəkildə şeirin, nəzmin strukturuna hopdurulmuşdur.Yaddaşa həkk olunanda orada əbədi qalan şeir nəzəri fikirlərin, elmi mülahizələrin etibarlı saxlanc yerinə çevrilmişdir. Çünki şeir həm də elmi biliklərin daşıyısısıdır. Böyük Füzuli bu nəticəyə təsadüfi gəlməmişdi:  "Elmsiz şeir əsası yox divar olur və əsassız divar ğayətdə bietibar olur". Həyat, kainat haqqında düşüncə sahibi olmayandan şair çıxmaz. Şair mütəfəkkir olmasa, onun yazdıqları da zamanın sınağından çıxa, insanları düşündürə bilməzdi. Alimlərin fəlsəfi görüşləri poeziya vasitəsi ilə nəsildən-nəsilə ötürülür.  Bu  fikir də qətiyyən şübhə doğurmur ki: "Filosof olmayan adam şair ola bilməz" (S.Kolric).

 

Görkəmli yapon yazıçısı Rünoske Akutaqavanın fikrincə, şair hamının qarşısında ürəyini açan insandır. Bu baxımdan yanaşdıqda insanın daxili dünyasını, onun hiss və həyəcanlarını, mənəvi-əxdaqi dəyərlərini öyrənmək üçün şeirin xidmətləri əvəzsizdir. Şeir müəyyən mənada şair ürəyinin poetik kardioqramıdır. Hisslərin obrazlı ifadəsində, insanın daxili dünyasının, onun hiss və həyəcanlarının  açılmasında şeirin yerini verə bilən ikinci bir vasitə yoxdur. Bu baxımdan  yaradıcı insanların poeziya, şeir sənəti haqda fikir və mülahizələri olduqca maraqlıdır: "Şeirdən və şairdən umduğumuz əsas şey hisslərimizin poetik ifadəsidir" (A.Bennet); "Poeziya insan duyğularının ən dərin və sirli fəaliyyətinin təsviridir" (C.Mill); "Mənim üçün şeir məqsəd deyil, ehtirasın ifadəsidir" (E.Po) və s. bu kimi fikir və mülahizələrin sayını istədiyimiz qədər artıra bilərik.

 

Şeirin psixoloji təsir gücü ilə bağlı fikir və mülahizələr də təsadüfi yaranmayıb. M.Qorki yazıçını, o cümlədən, də şairi "insan qəlbinin mühəndisi" adlandırmaqda haqlı idi. Doğrudan da, əsl şeir müəyyən mənada psixoloqa bənzəyir, insana təsir etmək, onun əhvali-ruhiyyəsini düzəltmək gücündədir. R.Berns təsadüfən bu qənaətə gəlmirdi ki, "Kədərli anlarınızda şeir kitablarına müraciət edin!" Sokratın: "Poeziya öz təbiəti etibarilə sehr-ovsundur - hər yetənə öz sirrini açmır" qənaəti də böyük filosofun uzunmüddətli müşahidələri nəticəsində yaranmışdı. Şeir təkcə əhvali-ruhiyyəni düzəltmir, həm də oxucunu öyrədir.Ona görə ki, "şeir insan biliklərinin tərkib hissəsidir" (F.Bekon).

 

Vətənpərvərlik tərbiyəsində, insanın mənəvi-əxlaqi kamilləşmə prosesində şeiri əvəz edə biləcək ikinci bir vasitə yoxdur. "Gözəl şeirlərin müəllifləri milli qəhrəmanlardan da ölməzdir" (U.Hezlitt). "Şairlər və qəhrəmanlar bir tayfadandır.Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir.Qəhrəmanlar şairlərin seyr etiklərini (yazdıqlarını, düşündüklərini- R.Y.)  həyata keçirirlər" (A.Lamartin). "Yaxşı şeir ruhu təlatümə gətirir, beyni sürətlə işləməyə vadar edir" (R.Şerif).

 

Həyat hadisələrinin, təbiətin bədii inikasnı şeir qədər verə bilən ikinci bir vasitə yoxdur.Görkəmli alimlər, mütəfəkkirlər, filosoflar, sənətşünaslar bunu dönə-dönə etiraf etmişlər. Şeir öz ritmi, ahəngi ilə müsiqini, bənzərsiz təsvirləri ilə rəssamlığı xatırladır.  Bu baxımdan "Ahəngsiz şeir şeir deyil" (T.Hardi);  "Şeir sözlərin musiqisidir" (T.Füller); "Şeir rəssamlıqdan və musiqidən də üstündür" (G.Hegel)  qənaətləri də göydəndüşmə deyildir. "Təbiəti ən dəqiq şairlər təsvir edir" (C.Dreper) fikrində də müəyyən həqiqət gizlənmişdir.

 

Poeziyanın xidməti bununla da bitmir.Şeir dili yaşatmaq, onu cilalamaq vasitəsidir. Çünki "Poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin ali mövcudluq formasıdır" (İ.Brodski). Ayrı-ayrı dövrlərdə şairlərin əsərləri həm dili zənginləşdirmiş, həm də onu qoruyub saxlamaq, yaşatmaq vasitəsinə çevrilmişdir.Ədəbi dilin inkişaf yolunu poetik əsərlərə istinad etmədən izləmək, hər hansı bir elmi qənaətə gəlmək mümkün deyildir.

 

Əsl, mayası həqiqətlə yoğrulan, ürəklərdə estetik duyğular oyadan, bəşər övladını saflığa, paklığa, həssaslığa, vətənpərvərliyə, humanizmə səsləyən, xalqın əxlaqi dəyərlərinin daşıyıcısı olan  şeir bütün dövrlərdə insanın mənəvi ehtiyacını ödəmək vasitəsi olmuşdur. Ona görə ki, "Poeziya insana hava kimi, su kimi lazımdır. Dövlətlər, sərhədlər, bütün bunlar yox ola bilər, poeziyaya ehtiyac, poeziya yanğısı isə heç vaxt yox ola bilməz" (X.Borxes).

 

Əsl şairləri xalqın həyatı düşündürmüş və bəşəriyyətin taleyüklü problemləri daim qayğılandırmışdır. Sözün təsir gücünün böyüklüyünü hiss edən babalarımız yeni nəslin tərbiyəsində müdrik, poetik biçimli  kəlamlardan həmişə istifadə etmiş və bunun bəhrəsini də görmüşlər."Dünya ikiyə bölündü, çatlar şairin ürəyinə düşdü" (A.Frans) fikrində şairlərin insan taleyinə nə qədər həssas münasibət bəsləməsi lakonik, obrazlı şəkildə öz əksini tapmışdır.

 

Bu da danılmaz faktdır ki, tarix boyu insanların mənəvi-əxlaqi tərəqqisində, elmi-siyasi fikirlərin yayılmasında şeirin xüsusi rolu və əhəmiyyəti olmuş və indi də bu proses davam etməkdədir. Poetik düşüncə təxəyyülün inkişafına, onun konkretliyinə, dəqiqliyinə daim yardımçı olmuş və olmaqdadır.

 

Əlbəttə, dövr, zaman dəyişdikcə, ədəbiyyata, incəsənətə münasibət də bu və ya digər şəkildə dəyişir. Qloballaşmadan, mənəvi-əxlaqi inteqrasiyadan kənarda qalmaq istər-istəməz tərəqqiyə mane olan amilə çevrilir.  Şeirə münasibət də birmənalı olmamışdır. Onu təqdir eləyənlər də, lazımsızlığını vurğulayanlar da az olmamışdır. O da həqiqətdir ki, Qərblə, dünyanın digər bölgələri ilə müqayisədə Şərq ölkələrində poeziyaya maraq daha güclü olmuşdur. Ifrat aludəçilik, "seyrə balonlarla çıxan əcnəbi"lərdən fərqli olaraq, ancaq şeir oxuyub onun gözəlliklərini şərh etməklə gün keçirmək haqlı şəkildə maarifpərvər ziyalılarımızın qınaq hədəfinə çevrilmişdir.  Ancaq bu heç də o anlama gəlməmişdir ki, şeirə qarşı "səlib yürüşü"nə keçmək lazımdır. Bəşəriyyətin yaxşı şeirə həmişə ehtiyacı olmuş və olacaqdır. Bütün dövrlərdə  bu və ya digər şəkildə şeirə marağın azalması da, şeirin bazarının kasad olması prosesi də getmiş və bu proses indi də davam etməkdədir. Nəinki şeirin bazarının kasad olduğu, hətta "kitabın kitabının bağlandığı", mütaliəyə marağın hədsiz dərəcədə azaldığı bir vaxtda belə  şeir əzbərləyənlər də var, kitab oxuyanlar da. Necə deyərlər, zər qədrini zərgər bilər.

 

Şeirin ideoloji, mənəvi-əxdaqi yükü böyükdür. Hər hansı bir dövrdə yaranan şeir  həmin dövrün mədəniyyətin daşıyıcısı, tərkib hissəsidir...

 

Bəs elə isə, görəsən, təhsil sistemimizdə, yeni kurrikulumun tələblərinə uyğun olaraq şeir əzbərlənməsi niyə vacib şərt sayılmır? Elə bil ki, şeirə qarşı "səlib yürüşü" var. Əslində, bu bizi mənəviyyatımızdan uzaqlaşdırmaq vasitəsi kimi düşünülmüşdür. B.Qold deyir ki, ən böyük günah oxuduğun şeiri unutmaqdır. Bu məntiqlə yanaşsaq, başdan-başa günah içindəyik.Filologiya fakültəsində oxuyan tələbələrin böyük əksəriyyəti şeiri sevmir, oxumur, əzbərləmirsə, onlara yeni nəslin tərbiyəsini etibar etmək olarmı?

 

Müasir dünyada poeziyaya maraq əvvəlki illərə nisbətən xeyli azalsa da, məktəblərdə onun tədrisinə, əzbərlənməsinə o qədər əhəmiyyət verilməsə də, şeir öz müstəsna əhəmiyyətini, funksionallığını itirməyib və heç zaman itirməyəcəkdir. Ona görə uşaqlara şeir əzbərlətmək, poetik nümunələri təhlil etməyi öyrətmək onların intellektini, bədii zövqünü, düşüncəsini və ən nəhayət, yaddaşını inkişaf etdirmək baxımından son dərəcə vacib məsələdir. Təkcə bədii zövqün inkişafı, mənəvi-əxlaqi tərbiyə, dünyanın poetik dərki baxımından deyil,  yaddaşı möhkəmləndirmək kimi vacib bir prosesdə  də şeirin müstəsna əhəmiyyəti danılmazdır. Özü də bunu təkcə keçmiş dünyanın mühafizəkarları yox, yeni dünyanın, yeni düşüncənin öncülləri də, "inqilabçılar"ı da  etiraf edirlər.

 

Çağdaş  dünya nəzəri fikrində özünəməxsus imici olan, semiotikanın, postmodernizmin görkəmli nəzəriyyəçisi və yaradıcılarından sayılan Umberto Ekonun ömrünün ixtiyar çağında nəvəsinə məktubu bu baxımdan çox maraq doğurur. Ömrü boyu ənənəyə kinayəli bir mövqe bəsləyən, yenilik, elmi-texniki tərəqqi tərəfdarı olan, ömrünün ixtiyar çağında da əlindən planşet düşməyən U.Ekonun bu sahədə fikir və mülahizələri günümüz üçün çox aktualdır və müəyyən mənada metodoloji əhəmiyyət kəsb edir.

 

Bir zaman özü böyüklərə qulaq asmadığı kimi U.Eko dəyərlər sisteminin dəyişdiyi bir zamanda nəvəsinin də onun öyüd-nəsihətini yersiz sanacağını təəssüflə də olsa dərk edir. Postmodernizm nəzəriyyəçisi başa düşür ki, real həyat virtual dünyadan, televiziyalarda göstərilən yalançı personajlardan, həyatdakı qızlar "onlayn qızlar"dan müqayisəedilməyəcək dərəcədə yaxşıdır. Elə buna görə də o, "başına gələn başmaqçı olar" prinsipinə istinadən nəvəsinə real həyata, insanların arasına getməyi tövsiyə edir.Müstəsna üstünlükləri olan kompüterin "informasiyaları yadda saxlamaq həvəsini öldürməsi" və bunun gələcək nəslə göstərəcəyi təsir yazıçını çox narahat edir. O, üzünü nəvəsinə tutaraq deyir: "Əgər sən ümumiyyətlə piyada getməyi tərgitsən, (nəqliyyat var deyə - R.Y.) onda yalnız əlil arabasında hərəkət etməyə məcbur olan bir varlığa çevriləcəksən".

 

Bu hazırlıqdan sonra U.Eko fikrini belə davam etdirir:  "Yaddaş da elə bir növ sənin ayaq əzələlərin kimi bir şeydir. Əgər məşq eləməsən o, öləziyəcək və sən idiota çevriləcəksən".

 

Vəziyyətdən çıxış yolunu isə U.Eko şeir əzbərləməkdə görür. Yaddaşı daim məşq elətdirmək üçün şeir əzbərləməyin danılmaz faydalarını dərk edən yazıçı nəvəsinə belə bir resept verir: "Uşaqlıqda bizi buna məcbur etdikləri kimi hər səhər balaca bir şeir parçası tap, əzbərləməyə çalış. Hətta dost-tanışınla birlikdə "yaddaş yarışı" da keçirə bilərsiniz".

 

Daha sonra U.Eko fikirlərini əsaslandırmaq üçün nəvəsinə xatırladır ki, kompyüter beyinin modeli kimi düşünülüb, ancaq insan beyni kompüterdən qat-qat üstündür. Onu xüsusi məşqlərlə daim genişləndirmək imkanı var. "Sənin beynin düz 90 yaşınadək sənə xidmət edə bilər" deyə nəvəsini şeir əzbərləməyə həvəsləndirən yazıçı yaddaşında tarixi hadisələri yaşadan insanın digərlərindən daha kamil olmasını, bir yox, bir neçə ömür yaşamasını xatırladır. Yeknəsəq, emosiyalardan, həzlərdən xali mənasız ömür yaşamamaq üçün isə yadddaşı mütləq inkişaf etdirmək lazımdır. Bunun üçün isə ən yaxşı vasitə şeir əzbərləməkdir.

 

Məktub bü cümlə ilə bitir: "Qısası, öz yaddaşını zənginləşdir və sabah "La Vispa Tereza"nı əzbərləməyə çalış".

 

Gəlin biz də ağılla hərəkət edək,

 

uşaqlarımızı idiota çevrilmək, tarixi yaddaşını, kimliyini itirmək təhlükəsindən xilas edək, balalarımızın təxəyyülünü zənginləşdirmək üçün kənardan ülgü kimi gətirilmiş "hər hansı bir metodiki prinsipi pozmaqdan çəkinməyk", onların şeir əzbərləmələrinə qadağalar qoymayaq.

 

Bütün dövrlərdə yüksək bədii sənətkarlıqla yazılmış həqiqi şeirə əyqlə, yaddaşa cila verən bir vasitə kimi baxılmışdır.   Bütün yollar sonda müqəddəs məbəddən keçir və mənə elə gəlir ki, Məhəmməd Peyğəmbərin bu fikirlərini  biz gələcək işlərimizdə rəhbər tutmalıyıq: "Şeir əzbərləyin, çünki şeir dilinizi düzəldir, danışığınızı, nitqinizi gözəlləşdirir"...

 

Müasir dövrümüzdə şeirin dəyərləndirilməsi, onun təbliği də mühüm əhəmiyyət kəsb edir.Bu baxımdan "Şeiri təhlil etmək onu yazmaqdan çətindir" qənaətinə gələn Xətib Təbrizi çox haqlıdır.

 

Fikrimcə, ədəbiyyatşünas bədii əsəri təhlil edərkən iki suala cavab axtarmalıdı: yazıçı nə demək istəyir və necə deyir? Sualın birinci tərəfi məzmunla, ikinci tərfəi isə forma ilə əlaqəlidir. Başqa sözlə, əsas bədii əsərin özü, mövzu və problematikasıdı, hansı estetik prinsiplə yazılması yox...Mənə elə gəlir ki, "qızılgülü soldurub" onun adı ilə təsəlli tapmaq odu söndürüb küllə oynamaq kimi bir şeydi. Əsas qızılgülün özü: gözəlliyi, ətridi, adı yox... Ömrünün ixtiyar çağında U.Eko nəvəsini illüziyalar dünyasından (postmodernizmdən) həyata (realizmə)  səsləyir məncə...

 

Şeiri təhlil etmək, dəyərləndirmək, incələmək üçün incə ruhlu, poetik duyumlu ədəbiyyatşünaslar lazımdır.Bu olmayanda yüksək peşəkarlıq, nəzəri hazırlıq belə köməyə gəlmir.Şeir araşdırıcısı hər sözün alt qatını, sətiraltı mənasını görməyi, duymağı bacarmalıdır.Yaxşı şeirlə miyanə şeiri, bədii sözlə adi sözü bir-birindən seçməyi bacarmayanların poetik əsərləri araşdırmaq istəyi Don-Kixotun yel dəyirmanı ilə vuruşması kimi bir şeydir.

 

Mayası halallıqla yoğrulan əsl şeirdə haqqın nuru var. Bu mənada şeir bəşəriyyətə yol göstərən iman nuru, iman işığıdır. Işıq istəyən isə daim yanmalıdır. Çünki yanğı yoxdursa, işıq da yoxdur. Günəş yanır, işıq saçır, şam yanır, işıq saçır, ürək yanmasa, işıqlı şeir də yaranmaz...

 

Rafiq YUSIFOĞLU

Şair, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.- 3 oktyabr.- S.7.