Klassiklərin yaşı
XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİ BİR DAHA EHTİRAMLA XATIRLARKƏN DÜŞÜNDÜKLƏRİM
Klassiklər adi adamlara bənzəməzlər. Onların bir
olum yaşı var, bir də
ölüm yaşı.
Olum yaşı bu fani dünyaya gəldiyi gündən yaşadığı günlər,
aylar və illər boyu etdiyi əməllər, yaratdığı əsərlərlə
ölçülür. Ölüm yaşı isə bu fani dünyadan
torpağın üstündən
altına köçdüyü
andan hesablanır.
Klassiklər millətə və
Allaha yaxın adamlardır.
Dahi Nizami Gəncəvi əbəs yerə deməyib: "Əvvəl
peyğəmbərlər, sonra
şairlər gəlirlər..."
Peyğəmbərlər vəhylə, dahilər-klassiklər
fəhmlə kainatı
dərk edirlər.
Dahi M.Füzuli demirdi ki, məni
dərk et, deyirdi ki, "fəhm qıl". Klassiklər məhz fəhmlə yaşayıb yaradırlar.
Fəhm idrakın gücü tükənən yerdən
başlanır. Klassikin ölüm
yaşı onun ömür yaşından
qat-qat böyükdür.
Ömür yaşı
80-90, az-az hallarda 100 ola bilər.
Ölüm yaşının hüdudları bəlli deyil. O, əbədiyyətə
qədər uzana bilər. Ölüm yaşını uzadan klassikin əsərlərində
toplanmış qəlb
enerjisidir: Homerin, Firdovsinin, Nizaminin, Nəvainin, Füzulinin, Şekspirin... ölüm yaşı nə qədərdir: bir era, min il, doqquz
yüz il, beş yüz il... "İliada",
"Şahnamə", "Xəmsə", "Leyli
və Məcnun" əbədiyyət dastanlarıdır.
Bizə
yaxın epoxolarda əsərlərini fəhmlə
yazan "sözə ehya verən" (M.Füzuli) şəxsiyyətini
iblisə təslim etməyən, əbədini
ötəridən ayırmasını
bacaran klassiklər var: Mirzə Cəlil, Sabir, C.Hacıbəyli, H.Cavid, C.Cabbarlı, S.Vurğun və İlyas Əfəndiyev... İ.Əfəndiyevin ölümünün 21 yaşı
var. O, 21 ildir ki, əbədiyyətə yol
gedir. Onun hara getdiyini əsərləri bizə
nişan verir. Əsərləri də onun ardınca gedir. Azərbaycan ədəbiyyatına
misilsiz bədii-fəlsəfi
töhfə olan 22 pyes, 7 roman, 10 povest və bu janrın
bənzərsiz nümunələri
olan onlarla hekayə, xatirə və məqalə... İlyas Əfəndiyevin min illik yazı ənənələri
olan ədəbiyyatımızın
ən kamil bədii-fəlsəfi örnəkləri
üzərində bərqərar
olur. Onun ədəbi-tarixi mövqeyinə
ən doğru, sanballı qiyməti dünyanın böyük
siyasətçisi və
dövlət xadimi Heydər Əliyev verib: "İlyas Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri
zəminində öz
üslubunu yaradan sənətkar kimi xalqımızın söz
sənəti xəzinəsinə
dəyərli töhfələr
vermişdir. Yazıçının bədii nailiyyətlərlə
zəngin irsi ədəbiyyatımızda yeni
mərhələnin təşəkkülünə
səmərəli təsir
göstərmişdir. Azərbaycan teatr sənətinin müasir simasının formalaşmasında İlyas
Əfəndiyev dramaturgiyası
özünəməxsus əhəmiyyətli
yer tutur".
İlyas
Əfəndiyev ədəbi-bədii
ənənələri dirildən,
onlara öz parlaq istedından can verən və yaşadan sənətkar idi. Onun yaradıcılığında,
xüsusən hekayə
və romanlarında orta əsrlərdən, dahi Fizulidən gəlmə bir romantika var. Azərbaycan tənqidi və ədəbi-nəzəri fikri
İlyas Əfəndiyevi
yeni ədəbi mərhələnin və
onun əsas poetik göstəricisi olan lirik-psixoloji üslubun banisidir. Ədibin
60-cı illərin nəsrinə
yol açmış lirik-psixoloji üslubun genetik mənşəyində
Füzuli romantikası
dayanır. Digər tərəfdən
İlyas Əfəndiyev
mənəvi-əxlaqi axtarışlar
nəsrinin və dramaturgiyasının qəhrəmanları
mənəvi-əxlaqi gücünü
dahi Nizaminin "kamil insan" konsepsiyasından, hürufilərin
"kamil insan-cahil insan" fəlsəfəsindən
almışdır. Sözümün məğzi budur ki, İlyas Əfəndiyev çoxəsrlik
Azərbaycan mədəniyyətinin
bədii-mənəvi enerjisini
qalmaqallı XX əsrdə
yeni tarixi dövrün-sovet dövrünün
siyasi ideoloji konyukturalarına məhəl
qoymadan milli, tarixi zəmində yaşadan qüdrətli söz ustasıdır.
İlyas
Əfəndiyev yazıçı
və dramaturq kimi yazıb-yaratdığı
60 il ərzində
heç vaxt zəmanəyə boyun əyməyib, həmişə
şəxsiyyətinə, ilahi
vergisi olan istedadına, titanik zəhmətinə və həqiqi tarixə güvənib. İlyas müəllim öz
ilhamının təbiətinə
heç vaxt xəyanət etməyib.
20-30-cu illərdə sovet
dövlətinin dəvəti
ilə Bakıya gəlib Pedaqoji universitetdə dərs deyən böyük türk alimi və şairi İsmayıl Hikmət Ərtaylan yazırdı:
"İlham pərisinin
büllur gərdəninə
istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngi vurular".
60 illik möhtəşəm
yaradıcılıq dövründə,
totalitar sovet rejiminin qanlı repressiyalar törətdiyi
dövrdə cəsarətli
Azərbaycan-türk yazıçısı
İlyas Əfəndiyev
ilham pərisini ilahi əmanət kimi qoruyub saxladı,
bolşevizmin istibdad zəncirini onun büllur gərdəninə
salınmağa imkan vermədi. Müasirləri kommunizmi mədh
edəndə şəxsiyyətinə
və millətinə
sadiq qaldı. Ona görə də onun adı və
irsi əbədiyaşarlılıq
qazandı.
İlyas
Əfəndiyev əsərlərinin
baş mövzusu vətəni Azərbaycanın
azadlığı, estetik
idealı istiqlalçılıq
idi: bunun üçün ədibin
"Mahnı dağlarda
qaldı", " Xurşudbanu
Natəvan", "Şeyx
Xiyabani", "Hökmdar
və qızı"
əsərlərini oxumaq,
və yaxud teatrda tamaşa etmək kifayətdir. İlyas Əfəndiyev infarkt keçirmiş ürək kimi parça-parça olmuş
Azərbaycanı bütöv
görmək istəyirdi:
bunun üçün
mühacirət mövzusunda
yazılmış "Tənha
iydə ağacı"
pyesinə baxmaq, "Qaçaq Süleymanın
ölümü" povestini,
"Üçatılan" romanını, bioqrafik hekayələrini oxumaq kifayətdir. İlyas Əfəndiyev tarixdən
yazır, tarixə güvənir və tarix yaradırdı.
O, bilirdi ki, "ədəbiyyat xalqın tarixinin mühüm bir tərəfidir" (V.Beliniski). Hər bir xalq öz tarixini yaradır, onunla yaşayır. Klassik yazıçı
üçün tarix
təkcə mövzu deyil, həqiqətin meyarı, milli varlığın hüdudlarıdır.
İ.Əfəndiyevin əsərlərində
- "Mahnı Dağlarda
qaldı", "Şeyx
Xiyabani", "Xurşudbanu
Natəvan" və digər pyeslərində,
"Geriyə baxma qoca", "Üçatılan"
romanlarında, "Xan
qızı Gülbəsərlə
tarzən Sadıqcanın
nağılı" , "Qaçaq Süleymanın
ölümü" tarixi
fakt və arxiv sənədi kimi öz xarakteri
olan bədii obraz kimi iştirak
edir.
İ.Əfəndiyev tarixin təcrübəsini də, yaradıcılıq təcrübəsini də bir müstəvidə birləşdirə bilirdi. O, nəzəri-tənqidi yazılarında ciddi yaradıcılıq problemləri qaldırır, yazıçı tənqidinin canlı və təsirli nümunələrini yaradırdı. Hələ 1955-ci ildə qələmə aldığı "Nəsrimizdə sənətkarlıq məsələləri" adlı məqaləsində yazırdı: "Sənətkarlıq məsələlərindən danışarkən nəsrimizdə kök salmış çox mühüm bir məqamı da qeyd etməliyik. Bu da uzunçuluqdan ibarətdir, mətləbi yersiz olaraq çəkib uzatmaq bizdə, demək olar ki, xəstə bir hal almışdır". Bədii dəqiqlik üslubun məziyyəti, yığcam üslub yazıçının sənətkarlığının göstəricisidir. Nəsrdə uzunçuluq, söz israfçılığı, sözə hörmətsizlik sözü urvatdan salmaqdır. Sənətkar "Söz gözəlinin nazını çəkməyi" bacarmalıdır (M. Füzuli). İ.Əfəndiyev bədnam konfliktsizlik dövründə, bu nəzəriyyənin tüğyan etdiyi 50-ci illərin ortalarında ən çox əziyyət çəkən dramaturgiyadan bəhs edən "Müasir dramaturgiyamız" (1954) məqaləsində cəsarətlə yazırdı: "Bizim yaradıcılıq qüsurlarımızın çox hissəsi cəsarətsizliyimizdən, vasvasılığımızdan doğmuşdur. Dramaturgiyamızın həyatımızda olan saysız-hesabsız problemlərin çox zəif əks etdirməsinin mühüm səbəbləri vardır. Dramaturqlarımız həyatın çox dayaz yerlərində üzürlər, dərinliklərə, burulğanlı yerlərə baş vurmurlar. Konfliktlər, ziddiyyətlər isə adətən üzdə deyil, dərində olur. Onları bütün ağırlığı ilə üzə çıxarmaq dramaturqdan cəsarətlə bərabər güc və qüdrət də tələb edir". Bu fikirləri o dövr üçün müəyyən mənada proqram xarakterli hesab etmək olar. Sovet dövründə sosializm realizminin ideoloji ruporu olan müsbət qəhrəmanın uğursuzluğunu İlyas müəllim "Yüksək sənət uğrunda" (1945) məqaləsində çox dəqiq ifadə edirdi: "O yerdə ki, oxucular qeyd etməyə başlayırlar ki, sən filan sözü qəhrəmana qəsdən dedirdirsən, çünki sənə belə lazımdır, orada artıq sənət öz təsir gücünü itirməyə başlayır. Bizdə çox zaman müəlliflər adamları yaxşı-pis, mənfi-müsbət yerə ayırır. Onların təqsirləri qabaqcadan yazılıb boyunlarından asılır. Bizdə çox zaman mənfi qəhrəman bütün nöqsanlarına baxmayaraq, "müsbət qəhrəmandan üstün çıxır". Çünki mənfi təbii, müsbət süni yolla yaradılır. Bu mülahizələr müsbət qəhrəmanı tənəzzülə uğradan səbəblər deyilmi?!"
İlyas Əfəndiyevin sənəti həmişə müasirdir, bütün
zamanların və bütün nəsillərin
suallarına cavab verə bilir,
çünki klassik bir yazıçının təbii
istedadından süzülür,
arxasında cəsarətli bir şəxsiyyət
dayanır. İlyas Əfəndiyevin əsərlərinin
hər bir cümləsi onun ölüm
yaşını əbədiyyətə aparır. Hələ
neçə-neçə nəsillər mənəvi-əxlaqi
kodeks kimi onları oxuyacaq.
Nizaməddin ŞƏMSİZADƏ
Professor
525-ci qəzet.- 2017.- 3 oktyabr.- S.6.