Sözü səsində yaşadan sənətkar

 

 

 

Şeiri səsləndirmək, ən az onu yazmaq qədər çətin işdir. Şair öz duyğuları hesabına bir qələm, bir vərəqlə baş-başa qalanda şerini yazır, onu narahat edən hisslərini kağıza tökür.

 

Şeir yazılıb bitəndən sonra onun geniş oxucu, dinləyici kütləsinin təqdimatı da böyük önəm daşıyır. Bu məsuliyyətli önəmli vəzifə isə bədii qiraət ustalarının üzərinə düşür. Bədii qiraət ustası ən az şairin özü qədər o şeiri duymalı, o misraları hiss etməli, şairin hisslərinə fikrinə sadiq qalmaq şərtilə öz hisslərini tamaşaçıya çatdırmağı bacarmalıdır. Təkcə gözəl səs, aydın tələffüz, səlis diksiya şeiri səsləndirmək üçün şərt deyil. Bunlarla yanaşı sözü hiss edən, şeiri duyan ürək lazımdır. Hansı ki, o ürək ən az şairin özü qədər o misraların alovuna yanıb, oxucunu öz atəşində qızdıra bilsin.

 

Son zamanlar özünü bədii qiraət ustası adlandıranların, əslində isə şeir oxuyanların sayı çoxalıb. Sosial şəbəkələr isə insanlara özlərini, adlarını tanıtmaq üçün daha geniş meydan verir. Şeir yazanların, yazılan şeirlərin getdikcə artdığı zamanda şeir söyləyənlərin artması heç təəccüblü hal deyil. Ancaq təəssüf ki, bütün sahələrdə olduğu kimi, sənətin bu sahəsində bədii qiraətdən, şeirin texnikasından xəbəri olmayan təsadüfi insanlar heç az deyil. Bu, ən çox da gənclər arasında yayılıb.

 

Halbuki, bu sənətin  Müxlis Cənizadə, Həsən Əbluç, Mikayıl Mirzə, Ağalar Bayramov başqa ustaları olub var. Müxtəlif şairlərin müxtəlif mövzulu şeirləri məhz bu insanların gözəl diksiyası, məlahətli səsi, duyğu yüklü ürəyi ilə geniş dinləyici auditoriyasına çıxıb, yaddaşlara yazılıb.

 

Bədii qiraət ustası kimi məşhurlaşan, bu ağır sənəti öz zərif çiyinləri üzərində illərdir daşımağı bacaran sənətkarlarımızdan biriXalq artisti Əminə Yusifqızıdır.

 

Əminə Yusifqızı deyəndə ilk ağlıma gələn Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şeiridir. Hələ onda yaşım çox az idi, Əminə xanım bu şeirə klip çəkdirib televiziya ekranlarında gileyli, küskün səsilə fəğan qoparanda.

 

Sentyabrın 24-də Əminə xanım növbəti doğum gününü qeyd etdi. Dünyaya Bakıda göz açan xanım sənətkarımız hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1961-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitunu (indiki Bakı Slavyan Universiteti) bitirən Əminə xanım 1958-1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964-1974-cü illərdə isə Dram Teatrının aktrisası olub. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışır. Dublyaj, səsləndirmə sahəsində də fəaliyyətləri mövcuddur.

 

O, radioteleviziya çəkilişlərində müxtəlif planlı rolların əvəzolunmaz ifaçısıdır.

 

Çox azımıza bəllidir ki, Əminə Yusifqızının ilk rolu - Yusif Əzimzadənin "Anacan" əsərində Qulu obrazı olub. Ardıcıl olaraq o, Cəfər Cabbarlının "Yaşar" əsərində Yaqut, R.İsmayılovun "Sonuncu  məktub"unda Sabirə, İ.Coşqunun "Komsomol həqiqəti" əsərində Humay, Bernard Şounun "Şeytanın şagirdi" əsərində Esse, Çingiz Aytmatovun "Ana tarla"sında Aliman, Q.Rəsulovun "Söz yarası"nda Ülkər və başqa bu kimi Azərbaycan teatrkino sənətinin incisi hesab olunan obrazlara həyat verib, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

Müsahibələrinin birində Əminə Yusifqızı uşaqlığını, səhnəyə ilk gəldiyi zamanları, keçdiyi çətinlikləri belə xatırlayır: "Mən yoxsul ailədə doğulmuşam. Atam neftçi, anam isə evdar qadın olub. İncəsənətə çətinliklə gəlmişəm, çünki anamdan başqa hər kəs mənim aktrisa olmağıma qarşı idi. Hətta qardaşlarım məni qisasla hədələyirdilər.

 

Pedaqoji institutu bitirəndən sonra, Gənc Tamaşaçılar Teatrının rəhbərliyi bir tədbirdə şeir oxumağımı dinləyəndən sonra məni teatrda işləməyə dəvət etdilər. Həmin vaxtlarda uşaq rollarını qocaman aktyorlar ifa etdiklərinə görə, onlar dedilər ki, mənim gəlişim bu boşluğu doldura bilər. Mən razılaşdım və gizlicə teatra getməyə başladım. Anam bunu ört-basdır edirdi və qardaşlarıma mənim məktəbdə işlədiyimi deyirdi. Ancaq bu sirrvaxtsa açılmalıydı. Qardaşlarım bu barədə mən professional səhnədə ilk addımlarımı atdığım zaman xəbər tutdular. Onlar anladılar ki, heç bir qadağa məni teatrı tərk etməyə məcbur edə bilməyəcək".

 

Buna baxmayaraq, bir müddət sonra Əminə xanım teatrdan soyuyur, bədii qiraət sahəsinə üz tutur.

 

Qırx ildən çoxdur ki, azərbaycanlı tamaşaçı Əminə xanımın bənzərsiz səsinin sehri ilə gah keçmişini xatırlayıb üzülür, gah sabahına ümid edir, gah gülür, gah ağlayır, amma həmişə şeirin, sözün, məlahətli səsin təravətindən zövq alıb. Əminə xanım bir şeirdə müxtəlif obraza düşə bilən, müxtəlif səs tembrlərindən məharətlə istifadə edə bilən sənətkardır. O, şeiri bənd-bənd, fikir-fikir, misra-misra deyil, söz-söz yaşayır, hiss edir və dinləyicisinə hiss etdirir. Sevgilisindən ayrı düşən aşiqin həsrət yanğısı, xəyanətə düçar olan qəhrəmanın qəzəbi, ədalətsizliklə üzləşən insanın mətanəti, sevdiyini görən, ona qovuşan divanənin sevinci bu səsin bütün çalarlarında öz əksini tapır. O səs "bir salama dəyməyən" eşqə üsyan edə bilir, onu sevməyəni sevən ürəyi danlamaqdan çəkinmir, "sevgidən nifrətə" yol gedir, "dəniz"də ləpələnir, küsür, darıxır, ancaq yenə də dinləyicisini sevməyə, sevilməyə, həyata məhəbbətlə baxmağa çağırır. Əminə Yusifqızı nəfəsi ilə şeiri yalnız oxumur, həm də bir rəssam kimi şəklini çəkir, obrazını yaradır, rejissor olub ekranlaşdırır.

 

Əminə xanım yalnız səsinin sehriylə deyil, şeir zövqü, şeir duyumu ilə öz dəsti-xəttini yaradıb. O, hər şeiri səsləndirmir. Yalnız özünün və dinləyicinin ruhuna yaxın, məna, məzmunu ilə fərqlənən, yüksək poetikası olan şeirləri oxuyur. Baxmayaraq ki, necə olmasından asılı olmayaraq, hər cür şeir onun səsində, onun nəfəsində gözəlləşə bilir.

 

O, həm də bir xanım kimi hər zaman diqqətimi cəlb edib. Mən illərdir bu xanımı öz dəyişməz görkəmində, nurlu simasında görürəm. Sanki illər Əminə xanımın yanından keçib gedir, zaman ona toxunmadan başı üstündən yel olub uçur. Bu da onun hər zaman təravətli, baxımlı, illərə meydan oxuyan qadın zövqündən xəbər verir.

 

Məhz buna görə də sevimli aktrisamız neçə yaşı olması barədə danışmağı xoşlamır və özünün bu fikrini "insanın göründüyü qədər yaşı var " fikriylə əsaslandırır, "kağızda neçə yazılıbsa, onun heç bir əhəmiyyəti yoxdur" deyir. Haqlıdır da...

 

Həmişəcavan sənətkarımıza möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 3 oktyabr.- S.8.