Gənc imzalar, yeni kitablar, xoş təəssüratlar

 

 

 

 

Əmək məzuniyyətinə çıxmağın ən yaxşı tərəflərindən biri də odur ki, bədii ədəbiyyatı mütaliə üçün bol-bol vaxtın olur.

 

Mən də elə bu mənada növbəti məzuniyyətimi Kəngərli rayonunun Yurdçu kəndində - doğma kəndimizdə, uşaqlığımın paytaxtında, ata həyətində keçirməyi qərara aldım. Burada hədsiz xoşbəxt günlər keçirmişəm. Və sevincimdən göylərdə uçacaq qədər xoşbəxtliyimə səbəblərdən biri də hər gün bir kitabın belini yerə vurmağım idi. Sevindirici haldır ki, bugünlərdə oxuduğum iki yerli gənc qələm sahibinin əsərləri mənə böyük zövq verdi. Və hər ikisi Naxçıvanda yaşayıb-yaradan bu gənclərin öz əsərlərində Avropa və Afrika həyatını mövzu olaraq ələ almalarına təəccüblənsəm də içimdən "Eşq olsun!" alqışı da, keçdi. Hər iki kitab haqqındakı düşüncələrimi oxucularla bölüşmək istədim... 

 

Zil qaranlıq gecədə "Beklenen dolunay" 

 

Nargis (Nərgiz İsmayılova) imzası Azərbaycan oxucusuna artıq yaxşı tanışdır. "İçimdəki Merilin" (bu kitab Türkiyədə də eyni adla nəşr olunub) hekayələr və "Qardələn" romanı, "Müqəddəs məkan - Naxçıvan" (pyes, povest, elmi və publisistik məqalələr) kitabları ilə müxtəlif sahə üzrə ixtisaslaşmış oxucularla bərabər, Nərgiz sadə oxucu auditoriyasını da öz yaradıcılıq laboratoriyasının ətrafına toplaya bilib.

 

Bu yaxınlarda Bakıda "Xan" nəşriyyatında nəşr olunan "Beklenen dolunay" romanı ilə Nərgiz yenidən oxucularının görüşünə gəlib. Hər dəfə fərqli bir yeniliklə yadda qalan müəllifin budəfəki sürprizi də "söz-söhbətdən" kənar olmadı. Belə ki, romanını Türkiyə türkçəsiylə qələmə alan müəllif elə həmin dildə də nəşr etdirməklə oxucuların düşüncəsində bəzi sual işarələrinin yaranmasına səbəb oldu. Bu sualın cavabını isə Bakıda kitabının imza günündə Nərgizin özü açıqladı. 10 milyona yaxın Azərbaycan vətəndaşı ilə yanaşı, o, 80 milyonluq Türkiyə əhalisini də nəzərdə tutubmuş. Əslində, dünyaya açılmaq üçün kifayət qədər oxucu potensialının olduğu qardaş Türkiyəni böyük bir körpü kimi düşünən Nərgizi qınamaq olmur. Belə ki, "İçimdeki Merilin" kitabı Türkiyədə daha çox satılmışdı, nəinki Azərbaycanda. Bundan əlavə müəllifin yeni romanının mövzusu da dünyaya çıxmaq iddiası üçün əsaslı səbəblərdən biridir.

 

Gənc həmkarımın yeni kitabını məzuniyyətdə olduğum vaxtda, avqustun göydən od ələnən günlərində oxudum. Kitabın cildinin dizaynı və adının təsiri ilə mən də zil qaranlıq bir gecədə bədirlənmiş Ayı - Dolunayı gözləyə-gözləyə oxudum. Etiraf edim ki, bəzi kitabların oxunma vaxtını o kitabların özləri müəyyənləşdirir. Bu əsərin daxili enerjisinin təsiridirmi, yoxsa oxucunun öz seçimidirmi, bunu özüm üçün təyin edə bilməsəm də, hər halda göy üzündə Dolunay görünənədək bir gecəyə oxuduğum "Beklenen dolunay" məni xeyli təəccübləndirdi.

 

Düşüncələrimi isti-isti kompüterimə köçürəndə də salxım söyud budaqlarının arasından göydəki Dolunayın bəzən romanın içindən çıxıb göy üzünə qonduğunu düşündüyüm məqamlar da az olmadı. Bir sözlə, romandakı magik düşüncə gecənin hər saniyəsində özünü hiss etdirirdi.

 

Orta əsrlər Avropasında, daha konkret desək, Fransanın Tuluze vilayətindəki balaca bir qəsəbədə Amour çayının sahilində ailəsi ilə birlikdə yaşayan və öz məqsədləri üçün oradan uzaqlaşan və məşhurlaşan Angele adlı cadugərin həyat hekayəsini ələ alan Nərgiz süjetə maraqlı  düyünlü proseslər qatmaqla oxucunu romanın təsir dairəsində saxlamağa müvəffəq ola bilib. Angele daha sonra nənəsi Marinin ona ötürdüyü mesajların ardınca yaşadığı bölgədən getməli olur. Katharlar (Katarlar) kimi tanınan balaca bir bölgədə - Albi qəsəbəsində məskunlaşmış fərqli cadugərlər topluluğunun içinə qatılır. Cadugərliklə yanaşı, dünya nizamının qorunmasını da düşünən Angeleni gənc yazar əsərində çox maraqlı üslubla və axıcı dillə oxucuya təqdim edir.

 

Romanda hadisələrin mərkəzində Katharlar inancı və və bu inancın ən tanınan nümayəndəsi Angele dayanır. Katharlar inancını müəllif belə ifadə edir: Maniheizm və xristianlığın sintez təşkil etdiyi Katharizm və ya Katharların inancı xristianlığın qəbul edilmiş qanunlarından başqa fərqli inancları olan dini topluluq olaraq tanınırdılar və o dövrdə Kilsəni xeyli dərəcədə narahat etməyə başlamışdılar. İnsanları cəhənnəmlə, günahlarla, şeytanlarla, dinin qadağaları ilə qorxudan papazlardan fərqli olaraq Katharlar İsanın mesajını xatırladır, xeyirlə şərin, yaxşı ilə pisin bərabər bölündüyü düşüncəsini təbliğ edirdilər. Buna görə də Katharlara qarşı müəyyən təzyiqlər başlayır və onlar gizli şəkildə varlıqlarını davam etdirmək üçün gizlə məkanlara sığınırlar.

 

Bu hadisələri özündə əks etdirən romanda simvolizm, romantizm, həttə bəzi məqamlarda eksiztensializm üzə çıxır. Bununla da Nərgiz Azərbaycan ədəbiyyatı sərhədlərinin dairəsini genişləndirməyə cəsarətli cəhdlə yadda qalır.

 

Müəllifi yaxından tanıyan biri kimi onu da deyə bilərəm ki, romanda Angelenin bəzi xarakterlərində Nərgizin daxili aləmi açıq-aşkar özünü büruzə verir. Bunu istər Angele - Luis dialoqlarında, istər Angelenin nənəsi Mari ilə münasibətlərində, istər romanın sonlarına doğru Angele və Henri, paralel olaraq Angele-Aoron sevgi hisslərinin paylaşımında, istərsə də Angele - Morgot qarşıdurmasında müşahidə etmək mümkündür. Mənə görə hər bir əsər məhz o zaman oxucusuna dərin hisslər bəxş edə bilər ki, müəllif o əsərə özündən bir parça, bəlkə də daha böyük bir mənəvi miras qata bilir. Bu mənada "Beklenen dolunay"ın Angelesinin daxili aləmi və düşüncə dünyası müəllifin düşüncələrini oxucuya ötürən körpü rolunu oynayır.

 

Diqqətli oxucu üçün romanın alt qatında təlqin edilən bir fikir də var. O da bundan ibarətdir ki, insan duyğularından daha çox məntiqiylə hərəkət etməlidir. Yəni ürəyin yox, ağılın diqtəsinə üstünlük verməlidir. Bunu müəllif açıq-aydın ifadə etməsə də, əsas obrazın - Angelenin xarakterinin cizgiləri kimi meydana çıxan bu qənaət oxucuya ötürülən mesajlardan biridir.

 

Nəhayət, romanda bir inancın, dolayısıyla dünyanın, insanlığın qurtuluşu təsvir edilir  bununla da əsər tamamlanır. Nə qədər işlətməkdən xoşum gəlməsə də, başqa bir ifadə tapa bilmədiyim üçün deməliyəm ki, "bəşəri" ideya və arzuların təbliğ edildiyi romanla Nərgiz "Biləcəri" sindromunu qıranlardan biri olacaq. Əsərin yaxın vaxtlarda Türkiyədə də nəşri və satışının təşkil ediləcəyini nəzərə alsaq, bu, o qədər də qeyri-mümkün görünmür. Bundan əlavə bir az irəli gedərək qeyd edim ki, "Beklenen dolunay" qarşıdakı aylarda ingilis, yaxud fransız dillərindən birinə tərcümə edilərək Avropa kitab bazarına da çıxarılacaq.

 

Yazımın sonunda Azərbaycan yeni nəsrinin gənc nümayəndəsi Nərgiz İsmayılovanı - Nargisi "Beklenen dolunay" romanı münasibəti ilə bir daha təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.

 

"Əlcəzairdə həbs"in danışdığı insanlıq dili 

 

Naxçıvan şəhərinin "yerdəki ulduzlar" adlandırdığımız işıqlı gecələrinin birində mərkəzi küçə ilə təktənha gəzişirdim. Saat 2-ni keçmişdi. Gecənin bu vaxtında "Zirvə" kitab evinin açıq olmasına həm təəccübləndim, həm də sevindim. İçəri girəndə tanış satıcıdan "Bu vaxtı xeyir ola, mağaza açıqdı?" sualıma, "Müəllim, sezona hazırlaşırıq, bəzi yerdəyişmələr edirik. Bəs siz xeyir ola bu vaxtı?" sualqarışıq cavabına gülüşdük də.

 

...Kitab mağazasından əliboş çıxmadım. Bir müddətdir nəşr olunmuş və sosial şəbəkələrdə müzakirəsi gedən, oxuyanların maraqlı fikirlərinin diqqətimi çəkdiyi köhnə dost, Naxçıvan ədəbi mühitinin gənc nümayəndəsi Tural Atəşin "Əlcəzairdə həbs" kitabını almışdım...

 

Tural Atəş 1986-cı ildə Culfa rayonunun Ərəfsə kəndində anadan olub. "O mənim planetim" və "Ölümlə rəqs" adlı iki şeir kitabı nəşr olunan Turalı mənim özüm də daxil olmaqla hamı şair kimi tanıyır. "Əlcəzairdə həbs" isə Tural Atəşin nasir istedadını da üzə çıxardı.

 

Turalı hələ tələbə olduğu vaxtlardan tanıyıram. Naxçıvan Dövlət Universitetinin "Azərbaycan dili və ədəbiyyatı" ixtisasında qiyabi təhsil almaqla yanaşı, Bakıda, Türkiyədə, hətta bir müddət uzaq Afrikada, Əlcəzairdə işləyərək universitet xərclərini ödəməsi ona olan hörmətimi xeyli artırmışdı. Getdiyi yerlərdə, işlədiyi məkanlarda başına gələn maraqlı əhvalatları danışdığı söhbətlərimiz də az olmayıb. Amma etiraf edim ki, aldığım günün səhərisi bir neçə saata oxuyub bitirdiyim əsərdəki hadisələrin, demək olar ki, böyük hissəsi mənim üçün yeni idi. Yəni Turalın Əlcəzairdə işləyərkən həbs olunduğunu bu kitab vasitəsiylə öyrəndim. Əsərin məzmunu haqqında danışmaq istəmirəm. Qoy, maraqlı oxucu kitabı əldə edərək özü hadisələrin birbaşa iştirakçısı olsun. Amma kitab haqqında deyiləsi sözlərim də az deyil. Kitabda "Əlcəzairdə həbs" və "Metal" əsərləri yer alıb. Müəllif bunları "povest və hekayə" adlandırır. Amma "Əlcəzairdə həbs" hadisələrin çoxşaxəlliyinə, mövzunun qoyuluşuna və bir çox məziyyətlərinə görə povest janrının ötüb keçir. Roman sərhədləri içində özünə yer tapır. Elə "Metal" da hekayə yox, birbaşa povestdir.

 

Hər iki nəsr əsərində Tural real hadisələri bədii boyalarla təqdim edə bilib. Bəzi kiçik redaktə və korrektə xətalarını çıxsaq, kitabın aydın və axıcı dili, müəllifin özünü təvazökar təqdimi oxucunu tıncıxdırmır, sıxmır, yerində qurcalatmır. Hətta Turalın dediyi kimi, "Bəzən gülə-gülə yaşadıqlarını ağlaya-ağlaya xatırlayır insan".

 

Əlcəzair, Türkiyə, İran, Azərbaycan, Tunis boyu oxucunu gəzdirən, onunla Azərbaycan və Türkiyə türkcələri, farsca, ərəbcə, ingiliscə, bəzən fransızca danışan müəllifin bu kitabının bir əsas dili var: İnsanlıq.

 

"Əlcəzairdə həbs"də verilən əsas mesaj da birbaşa insanlıq və insanlıq duyğularının ön planda olmasına dayanır. Tural demək istəyir ki, "Əslində, ən böyük həbsxana insanın özüdür. Gülümsəməyi, düşünməyi, sevməyi bacarmayan, qəlbini, ruhunu nifrətlə və qəzəblə yükləyən insan özünü ömürlük həbs etmiş olur"... Bu fikirlərin davamını biz "Metal"da da görürük: "Ən böyük sərvət mənəvi rahatlıqdır, ən güclü adam çox şeyi olan deyil, çox şeydən imtina edə bilən adamdır... Ən güvənli yer silahların arxasına sığınmaq deyil, ən güvənli yer silaha ehtiyac olmayan yerdir..."

 

Turalı, uzun müddətdir görmədiyim şair dostum Turalı, nasir kimi "Əlcəzairdə həbs"də yenidən gördüm. Və onu bağrıma basar kimi sıxdım sinəmə kitabını.

 

Gecənin bir yarısı bu fikirlərimi kompüterə köçürərkən onu da düşünürəm ki, Tural şair kimi bəlkə də ortabab, yaxşı şairdir. Amma bu kitabı ilə o, yaxşıdan da üstün nasir kimi yaddaşıma yazıldı. Bəxtiyar Vahabzadə misalı, nasir Tural şair Turalı "qatlayıb dizinin altına qoydu".

 

Gənc dostumu "Əlcəzairdə həbs"dəki mənəvi azadlığı münasibətilə təbrik edir, ondan yeni nəsr əsərləri gözləməyə əminlik yaratdığını və bunu gözləyəcəyimizi də bildirmək istəyirəm.

 

 

Elxan YURDOĞLU

 

525-ci qəzet.- 2017.- 4 oktyabr.- S.7.