Polşa və Azərbaycan əlaqələri
BU DƏFƏ BƏDİİ MÜSTƏVİDƏ
Rövşən
Ağayevin "Yaxın və uzaq Polşa" kitabı
haqqında qeydlər
XIX əsrin
sonları və XX əsrin əvvəllərində Azərbaycan-Polşa
münasibətlərinin qurulması və
inkişafını, ayrı-ayrı şəxsiyyətlərin
dövlətlərimiz arasındakı siyasi, iqtisadi və mədəni
əlaqələrin yaranmasındakı rolunu hərtərəfli
və geniş şəkildə işıqlandırmağa
lüzum görməyən müəllif əsərdə o
zaman Azərbaycanda yaşayan və işləyən
polşalılarla, eləcə də Polşada məskunlaşmış
azərbaycanlılarla bağlı konkret epizod və
faktları qələmə almışdır. Bu siyahıda
Rusiya İmperator ordusunun general-mayoru İsmayıl bəy
Qutqaşınlı, Müqəddəs Georgi ordeninə layiq
görülmüş ilk azərbaycanlı, maarifçi alim,
şair və yazıçı, müasir Azərbaycan
istorioqrafiyasının banisi, Çar ordusunun polkovniki Abbasqulu
ağa Bakıxanov, alim Məhəmməd Ağabəyzadə,
Polşanın görkəmli hərbi xadimi Vəlibəy
Yadigarov kimi tanınmış şəxsiyyətlərin
adları var. Həmin dövrdə Azərbaycanda böyük
nüfuz sahibi olan polşalılara gəlincə,
tanınmış mühəndis Pavel Nikolayeviç Potoskiyin,
şair Tadeuş Lada-Zabloskiy, İosif Ploşko, Kazimej
Skureviç və Yevgeni Skibinskinin, Şərqin ilk müstəqil
ordusu olan Azərbaycan Demokratik Respublikasının silahlı
Qüvvələrinin ilk qərargah rəisi general-leytenant
Masey Sulkeviç və həkim Yekaterina Fransevna
Oseorik-Puxarskayanın adını qeyd etmək olar. Adları çəkilən bu dahi şəxsiyyətlərin
hər birinin yaşadıqları dövlətin siyasi, iqtisadi
və mədəni həyatında böyük xidmətləri
olmuşdur.
Məhz
bu amili nəzərə alan müəllif
polşalıların Azərbaycandakı həyat və fəaliyyətlərini
povestin əsas süjet xətti olaraq seçmişdir. Bu, Azərbaycan tarixinin bir hissəsidir desək, yəqin
ki, yanılmarıq. Eyni sözləri
Poşada yaşayan həmvətənlərimiz barədə də
qeyd edə bilərik.
Müəllif qələmə aldığı bədii-sənədli
əsərdə barəsində bəhs edilən şəxsiyyətlərin
fəaliyyət göstərdikləri tarixi dövrdə Azərbaycanda
və Polşada hökm sürən tarixi şəraitə də
xüsusi yer ayırmışdır. Həmin illərdə
yaxınlaşmaqda olan qanlı inqilabın və vətəndaş
müharibəsinin ilk qığılcımlarının
yavaş-yavaş alovlanmağa başladığı, hakimiyyət
dəyişikliklərinin baş verdiyi Bakıda cərəyan
edən hadisələr əhatəli şəkildə təsvir
olunmuşdur. Müəllif XIX-XX əsrlərdə
dünyada neft bumunun yaşandığı bir vaxtda paytaxtımızın
dünya neft sənayesinin mərkəzi kimi təşəkkül
tapması, dünya bazarının neftə olan tələbatının
50, Rusiya bazarının isə 95 faizinin Bakı nefti
hesabına ödənməsi barədə geniş söhbət
açmışdır. Rövşən
Ağayev povestdə qeyd edir ki, Qədim neftçıxarma ənənələrinə
malik Bakı qazma, neftçıxarma və neft emalı sahəsində
ən yeni texnologiyaların ixtirası və ilkin tətbiq
meydanına çevrilmişdir. XIX əsrin
70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə
xarici kapitalın güclü axını
başlanmışdır. Neft sənayesinin
inkişafı yerli sahibkarların böyük bir nəslini
yetişdirmişdir. Hələ XIX əsrin sonlarından
Bakının neft mədənləri ilə maraqlanmağa
başlayan Rötşild demişdir: "Neft
kraliçadırsa, Bakı onun tacıdır!" XIX əsrin sonu - XX əsrin əvvəllərində
Bakıda neft bumu ilə yanaşı, tikinti də bir çox
yeniliklər vüsət almışdır. Nəticədə bu gün də öz möhtəşəmliyini
qoruyub saxlayan, dünyanın ən müxtəlif memarlıq
üslublarına xas tikililər meydana gəlmişdir. Qara qızıl diyarı Bakının şöhrəti
bütün dünyaya yayılmışdır. Varlanmaq üçün dünyanın bir çox sənət,
peşə sahibləri buraya axışırdılar. Məşhur mühəndislər, memarlar, alimlər,
texnoloqlar, inşaatçılar Bakıda mənsəb sahibinə
çevrilirlər. Bakıda çoxlu
banklar, maliyyə-kredit şirkətləri qurulur. Şəhərdə sənətkarlar ordusu
yaranır. Dörd fasadı, dörd əsas küçəyə
baxan, sahiblərinin milyonlar sahibi olduğunu uzaqdan xəbər
verən, çoxmərtəbəli, bərli-bəzəkli,
insanı valeh edən dəbdəbəli imarətlər,
mehmanxanalar, restoran, kazino, kino, teatr, sirk, ikimərtəbəli
pasajlar və s. şəhərin mərkəzini bəzəməyə
başlayır. Təsadüfi deyil ki, o vaxt
Bakını Şərqin Parisi adlandırırdılar.
Zeynalabdin Tağıyevin öz şəxsi vəsaiti
hesabına inşa etdirdiyi ilk teatr binasının, opera
teatrının sorağı bütün dünyaya səs
salır.
Yazıçı əsərdə bütün bu
faktları obrazların dili ilə əhatəli şəkildə
nəql etmişdir. Bütün bunlardan savayı, povestin müəllifi
ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin
əvvəlində baş verən hadisələrdən -
SSRİ-nin süqutundan, müharibədən sonra Şərqi
Avropada yaranmış yeni rejimdən, həmin illərdə
hökm sürən tarixi şəraitlə əlaqədar Azərbaycanın
və Polşanın üzləşdiyi bir sıra çətnliklərdən
də bəhs edir. O qeyd edir ki, hər iki ölkədə
kökündən dəyişmiş siyasi və sosial-iqtisadi
şərait həm azərbaycanlıları, həm də
polşalıları bütün dünya dövlətləri
ilə əlaqələri yeniləməyə vadar etdi. Nəticədə tarixin bu çətin
sınağından üzüağ çıxan hər iki
ölkə dünyanın siyasi arenasına tamamilə yeni
imicdə çıxaraq, öz sözünü deməyi
bacardı.
Povestdə baş personajların timsalında
dövrün bir çox məişət problemləri, tarixi
reallıqlar öz geniş əksini tapmışdır. Hər iki
xalqın həyatında baş vermiş tarixi olaylar,
özünü doğrultmayan rejimin tamamilə yenisi ilə əvəzləməsi
mübaliğəsiz, olduğu kimi, bütün gerçəklikləri
ilə oxucunun diqqətinə çatdırılır.
Barəsində söhbət
açdığımız bədii-sənədli povest siyasi
olduğu qədər də, tarixi əsərdir. Buradakı
siyasi məqamlar bədii əsərlərdə olduğu kimi,
birbaşa deyil, personajların dilindən təqdim olunur.
Həmin illərin sınaqlarından alnıaçıq və
üzüağ çıxmış, bütün əzab-əziyyətlərə
qatlaşmış, öz şəxsi "Mən"ini,
şərəf və ləyaqətini,
insanlığını itirməmiş, sınmamış
tarixi qəhrəmanların həyatından
götürülmüş real hadisələr dövrün
bütün reallıqlarını oxucuya dolğun şəkildə
çatdırmağa kömək edir.
Povestin baş qəhrəmanlarından olan Rüstəm
Əlibəyov öz yarıməsrlik həyatında, demək
olar ki, bir neçə əsrlik çətinliklər
görmüş və yaşamışdır. Başına
gələn müsibətlərə baxmayaraq, o, bir anlıq
da olsun, mübarizə aparmaqdan usanmamış, problemlərdən
bezməmiş, yeni təəssüratlardan, səyahətlərdən,
kitablardan yorulmamışdır. Əksinə,
həyatın gözəllikləri, əsrlərin
müdrikliyi, bəşəriyyətin mədəniyyəti
ona cəsarət, həvəs və ruh yüksəkliyi
vermişdir. Bu, Rüstəm Əlibəyovun
seçdiyi həyatdır, onun daxili aləmi, təbiətidir.
Əsərin digər baş qəhrəmanı Elmar uzun
illər Polşada yaşamış otuz yaşlarında bir gəncdir. O, Polşanın
yaradıcı insanlar üçün hər zaman maraqlı
ölkə olduğunu düşünür. Söhbət
bəşəriyyətə Frederik Şopen kimi təkrarsız
bəstəkar, Roma Papası I Pavtl İoan və Mariya
Sklodovskaya Küri kimi dahi şəxsiyyətlər, dünya
incəsənət xəzinəsinə mazurka və polonez rəqsləri
kimi incilər bəxş etmiş Polşa torpağından
gedir.
Keçmişin sirləri ilə zəngin olan, qədim
tarixə malik Polşa müasir dövrdə də öz
aktuallığını, marağını itirməmişdir. Ötən əsrin
sonlarından etibarən şopinq-tur həvəskarlarının
sevimli məkanına çevrilmiş Polşada həm yerli vətəndaşlar,
həm də əcnəbilər arasında məşhur olan
xüsusi ticarət kəndləri var ki, oradan istənilən malı sərfəli endirimlərlə əldə
etmək mümkündür. Bu baxımdan
Polşa əvvəllər Sovet dövlətləri,
hazırda isə MDB ölkələri arasında birincidir.
Orada nəinki rahat həyat sürmək, həm də
yaxşı qazancı olan maraqlı iş də tapmaq
mümkündür. Polşalılara gəlincə,
slavyan irqinə mənsub olan əhalinin bütün müsbət
mənəvi keyfiyyətləri, mədəni, qonaqpərvər,
vicdanlı, sağlam düşüncəli olması əsərin
qəhrəmanlarının timsalında oxucuya təqdim olunur.
Əsərdə xeyirlə şərin
mübarizəsindən tutmuş, əzmkarlıq, comərdlik,
sədaqətlilik və mətinlik kimi insani keyfiyyətlər
öz əksini tapmışdır.
Povestin sonuncu, beşinci hissəsində Elmarın həyatda
üzləşdiyi problemlər və çətinliklər təsvir
olunmuşdur.
Hadisələr yeddi il Polşa həbsxanasında
cəza çəkmiş, sonradan Vətənə deportasiya
olunmuş və ömrünün sonuna kimi qəlbi yenidən
Polşaya, ailəsinin yanına qayıtmaq həsrəti ilə
alışıb-yanan bir azərbaycanlının həyatı
barədə ölkə mətbuatında çap olunmuş
materiallardan götürülmüşdür. Əsərin
bu hissəsində azərbaycanlı Elmarla polyak İrena
arasındakı məsum sevgi də böyük ustalıqla qələmə
alınmışdır. Ömürlərinin
sonuna kimi ayrılmayacaqlarına vəd vermiş bu
cütlüyü sonradan həyat sınağa çəkir.
Qəfildən baş verən hadisələr
Elmarla İrenanı ayırsa da, aralarındakı səmimi
hisslər onları bir-birlərinə günbəgün daha
da yaxınlaşdırır.
Povestin əsas
süjet xətti və mövzusu ilə bağlı sonda qeyd
edim ki, Azərbaycanın ilk maarifçilərindən olan
böyük mütəfəkkir və alim Abbasqulu ağa
Bakıxanovun həyat və yaradıcılığı bir
çox rus və Avropa şair və
yazıçıları ilə yanaşı, Polşanın
ictimai xadimlərinin də diqqət mərkəzində
olmuşdur. 1833-cü ildə Rusiya
imperiyasına səfəri zamanı o, Polşaya səyahət
etmişdir. Polşanın Lübelski rayonunda Nikolay
Kopernik adına məktəbin binasında
2017-ci il iyunun 6-da Nikolay Kopernik və Abbasqulu Ağa
Bakıxanovun xatirə lövhəsi qoyulmuşdur. Hər il məktəbdə Elm günü kimi qeyd
olunan 6 iyun 2017-ci ildə məhz Abbasqulu Ağa Bakıxanovun
xatirəsinə həsr olunmuşdur.
Qeyd olunan məqamlar barəsində bəhs etdiyimiz əsərin xalqlarımız arasındakı siyasi, iqtisadi və mədəni əlaqələrin yaranması və inkişafı ilə maraqlananların diqqətini cəlb edəcəyini deməyə əsas verir. Daha dəqiq desək, povest azərbaycanlı və polşalı turistlər üçün bələdçi rolunu oynayacaq. Xüsusilə, bir sıra dövlətlərin nüvə silahı ilə silahlandığı, digər ölkələrin bu zorakılığa məruz qalmış xalqlara yardım əli uzatdığı, bəzilərinin isə başqalarının bədbəxtliyindən belə, öz şəxsi mənafeləri naminə istifadə etdiyi hazırkı geosiyasi şəraitdə povestin aktuallığı bir qədər də artır. Əsər bütün dünya dövlətlərini və xalqlarını humanizmə, qarşılıqlı anlaşmaya, sülhə və həmrəyliyə səsləyir.
Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzi diploma layiq görülüb
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında keçirilmiş "Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar" mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, "Kitabşünaslıq və kitabxanaçılıq" kafedrasının müəllimləri Tamilla Əsgərova, Günay Baxşəliyeva və Natiq Mürsəlov məruzə ilə çıxış ediblər.
Konfransda T.Əsgərovanın "Orta əsrlərdə İslam ölkələrində kitabxanaların meydana gəlməsi və inkişaf tarixi", G.Baxşəliyevanın "Azərbaycanda mədəniyyət və incəsənət sahələrində İslam dəyərlərinin tədrisi, tədqiqi və təbliğinin kitabxana-informasiya təminatı müasir mərhələdə" və N.Mürsəlovun "Kulturologiya və sənətşünaslıq üzrə zəngin bilik xəzinəsi: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kitabxana və elmi informasiya fəaliyyətinin təşkili" mövzusunda çıxışları dinlənilib.
Sonda ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomla təltif olunub.
Rafiq
ƏLİYEV
525-ci qəzet.- 2017.- 4 oktyabr.- S.8.