Strateji Yol Xəritələrinin
yarımillik hesabatı açıqlanıb - I yazı
CARİ İLİN ALTI AYI ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏRİN MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ HƏYATA KEÇİRİLİB
Prezident
İlham Əliyevin 2016-cı il dekabrın
6-da təsdiq etdiyi Milli iqtisadiyyat və iqtisadiyyatın əsas
sektorları üzrə Strateji Yol Xəritələrinin
yarımillik monitorinq və qiymətləndirmə
hesabatları açıqlanıb.
2017-ci
ilin ilk altı ayı ərzində "Azərbaycan
Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi"ndə müəyyən
edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59
faizinin icrası üzrə işlərə
başlanılıb. Fiskal
dayanıqlılığın gücləndirilməsi və
davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə
büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə
nəzərə alınmaqla müəyyənləşdirilib
və razılaşdırılıb, büdcə qaydaları
tətbiq olunacağı təqdirdə dövlət və
icmal büdcə göstəricilərinə təsiri və
yarana biləcək risklər təhlil edilib, habelə proqnoz
göstəriciləri hazırlanıb. Həmçinin,
Avropa İttifaqı və Dünya Bankı tərəfindən
təqdim olunan hesabatlar nəzərə alınmaqla,
Ortamüddətli Xərclər Çərçivəsinin və
nəticəəsaslı büdcə mexanizmlərinin
yaradılmasına dair təkliflər hazırlanıb.
Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə
rejiminin çevikliyi artırılıb. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə
"Ortamüddətli dövr ərzində dövlət
mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin
siyahısı" və "Ortamüddətli dövr ərzində
dövlət mülkiyyətində saxlanılacaq dövlət
müəssisələrinin restrukturizasiyası həyata
keçirilməklə onların tabeliyindən
çıxarılaraq özəlləşdirilməsi nəzərdə
tutulan qeyri-profil müəssisə və obyektlərin
siyahısı" təsdiq edilib. 2017-ci ilin ilk yarım ili ərzində
kiçik dövlət müəssisə və obyektlərinin,
qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi
ilə bağlı hazırlanmış 39 sərəncama əsasən,
442 müəssisə və obyektin özəlləşdirilməsi
ilə əlaqədar qərar qəbul edilib. 2017-ci il ərzində
hərracı baş tutmuş 395 kiçik dövlət
müəssisə və obyektinin 221-i, icarəyə verilən
246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə
310 müəssisə və obyekt satılıb.
"Paylarının (səhmlərinin) nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin
səmərəliliyinin qiymətləndirilməsi
Qaydası", "Səhmlərinin nəzarət zərfi
dövlətə məxsus olan səhmdar cəmiyyətlərində
korporativ idarəetmə Qaydaları və Standartları" və
"Dövlət müəssisələrinin idarəetmə
orqanlarının üzvlərinə onların fəaliyyətinin
nəticələrinə əsaslanan ödəniş sistemi
ilə ("Performance Based Remuneration System") bonus ödənişlərinin
verilməsi qaydası" barədə qərar layihələri
hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
"Daşkəsən Filizsaflaşdırma" ASC-nin
dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi
prosesinə məsləhətçi şirkət cəlb
edilib. Müəssisənin özəlləşdirilməsinə
maraq göstərən yerli və xarici şirkətlərlə
danışıqlar aparılıb, müəssisə ilə
bağlı onları maraqlandıran suallar
cavablandırılıb, zəruri məlumatlar verilib.
Özəlləşdirmə prosesinə yerli və
xarici investorların cəlb edilməsi məqsədilə
potensial investorlara dair mövcud məlumat bazası genişləndirilib,
bu şirkətlərin fəaliyyət profili, rəhbər
şəxsləri, rekvizitləri və bir sıra digər məlumatlar
dəqiqləşdirilib, yeni məlumatlar əlavə olunub. Özəlləşdirmə
prosesinə investorların daha fəal cəlb edilməsi sahəsində
əməkdaşlıqla bağlı Azərbaycan Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq
haqqında memorandumun imzalanması təmin edilib, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) ilə yaxın əməkdaşlıq qurulub, yerli və
xarici biznes forumlarda özəlləşdirmə layihələri
təqdim edilib. Ölkədə insan
kapitalının inkişafı məqsədilə təhsilin
bütün pillələrində keyfiyyətin yüksəldilməsi
istiqamətində görülən tədbirlər çərçivəsində
məktəbəhazırlıq qrupları təşkil edilib,
təhsilalanlar və müəllimlər üçün tədris
vəsaitləri hazırlanıb, müəllim və rəhbər
heyət üçün ixtisasartırma imkanları təmin
edilib.
Ümumi təhsilin keyfiyyətini yüksəltmək,
şagirdlərə seçdikləri ixtisas istiqamətləri
üzrə daha yüksək səriştələrə yiyələnmək
imkanı yaratmaq məqsədilə ötən tədris ilində
tam orta təhsil səviyyəsində təmayüllər
üzrə təhsilin əhatə dairəsi genişləndirilib. Bundan əlavə,
təhsil müəssisələrinin fiziki və texnoloji
infrastrukturunun təkmilləşdirilməsi istiqamətində
bir sıra tədbirlər görülüb. İlk
peşə-ixtisas təhsili müəssisələrində
mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə
Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili
müəssisəsinin (cəzaçəkmə müəssisələrində
yerləşən və fəaliyyəti dayandırılan 14
müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86
müəssisəyə baxış keçirilib, Azərbaycan
Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət
standartları layihəsi, eləcə də əmək
bazarının tələblərinə uyğun orta ixtisas təhsili
pilləsinin yeni dövlət standartlarının layihəsi
hazırlanıb. 2016-cı il və 2017-ci ilin birinci yarım
ili ərzində 158 sahibkarlıq subyektinə (141 hüquqi
şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi
təqdim olunub.
Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin
artırılması və beynəlxalq reytinqlərdə
ölkəmizin mövqeyinin daha da
yaxşılaşdırılması ilə bağlı
Komissiyanın müvafiq işçi qrupu tərəfindən
Rəqabət Məcəlləsinin yeni layihəsi
hazırlanaraq, Komissiyaya təqdim edilib. Bundan əlavə, Komissiya tərəfindən
müəyyən edilmiş iqtisadi və biznes profilli 5 beynəlxalq
reytinqdə Azərbaycanın mövqeyinin daha da
yaxşılaşdırılması istiqamətində
yaradılan işçi qruplarla mütəmadi
görüşlər keçirilib, təklif və layihələr
müəyyənləşdirilərək, Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə
Tədbirlər Planı təsdiq edilib. Bununla yanaşı,
"Doing Business" hesabatına daxil olan 8 indikator üzrə
qanunvericiliyə dəyişikliklər edilib, reytinqdə Azərbaycanın
mövqeyinin yaxşılaşdırılması ilə
bağlı zəruri tədbirlər görülüb.
"Dövlət Xidmətlərinin Elektron Reyestrinin
yaradılması ilə bağlı tədbirlər
haqqında" Azərbaycan Respublikası Prezidentinin
müvafiq Fərmanına əsasən, dövlət xidmətlərinin
"ASAN xidmət indeksi" üzrə qiymətləndirilməsi
istiqamətində işlər görülüb. "Milli
standartlaşdırma sisteminin beynəlxalq tələblərə
uyğunlaşdırılmasına dair 2018-2025-ci illər
üzrə Dövlət Proqramı"nın layihəsi,
"Standartlaşdırma haqqında" yeni qanun layihəsi,
eləcə də istehlak bazarında qeyri-qida məhsullarının
təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi
ilə bağlı "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında"
Azərbaycan Respublikasının Qanununda, "Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında" Azərbaycan Respublikasının Qanununda və
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi ilə bağlı normativ
hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara
göndərilib.
Cari ilin
ilk altı ayı ərzində "Azərbaycan
Respublikasında kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə
isə müəyyən edilmiş tədbirlərin 11 faizi
icra edilib, 40 faizinin icrasına başlanılıb. 2016-cı
ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci
ilin yanvar-iyun aylarında kənd təsərrüfatı məhsullarının
istehsalı 2,2 faiz, o cümlədən,
bitkiçilik məhsullarının istehsalı 1,7 faiz,
heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz
artıb. Əkinlərin ümumi sahəsi isə ötən
ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz artım qeydə alınıb. Ərzaq Təhlükəsizliyi Komissiyasının
yaradılması ilə əlaqədar təkliflər Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
Qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək,
bu sahədə şəffaflığı daha da artırmaq,
pərakəndəliyi və təkrarlanmaları aradan
qaldırmaq məqsədilə Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
yaradılıb. "Qida təhlükəsizliyi haqqında" qanunun layihəsi
və "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin
təmin olunmasına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı"nın layihəsi
hazırlanıb. "Azərbaycan Respublikasında
maldarlığın intensiv inkişaf etdirilməsinə dair
2018-2022-ci illər üçün Dövlət Proqramı"nın
və "Azərbaycan Respublikasında örüş-otlaq
sahələrinin və biçənəklərin səmərəli
istifadə olunmasına dair 2018-2022-ci illər
üçün Dövlət Proqramı"nın
layihəsi hazırlanıb. Toxumçuluq
haqqında Azərbaycan Respublikasının yeni qanun layihəsi
beynəlxalq ekspertlərlə birgə işlənilib
müzakirəyə təqdim edilib. Kənd
təsərrüfatı sığortası haqqında yeni
Qanun layihəsi hazırlanaraq rəy bildirilməsi
üçün müvafiq dövlət orqanlarına təqdim
edilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti
hesabına 2017-ci ilin 6 ayı ərzində 2 aqroparka 11,5 milyon manat güzəştli kredit vəsaiti
ayrılıb.
Kənd təsərrüfatı məhsullarının
daxili bazardakı ticarəti üzrə uçot göstəriciləri
ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının
təkmilləşdirilməsi üçün dünya təcrübəsi
araşdırılıb və işçi qrupun iclasında
bununla bağlı təkliflər irəli sürülüb. Yerli istehsalın dəstəklənməsi
və daxili bazarın qorunması məqsədilə
respublikamızla sərbəst ticarət sazişi olmayan
ölkələrin üstünlük təşkil etdiyi bir
sıra malların (pomidor, xiyar) idxalına tətbiq olunan
gömrük rüsumlarının 2 il
müddətində artırılmasını nəzərdə
tutan qərar layihəsi hazırlanıb və məktubla
Nazirlər Kabinetinə təqdim olunub. Kənd təsərrüfatı
istehsalı üçün verilmiş torpaq sahəsindən
ardıcıl olaraq 3 il ərzində üzrlü səbəb
olmadan istifadə edilmədikdə, həmin torpaq sahəsi
üzərində istifadə hüququna xitam verilməsi əsasının
yaradılması üçün Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə
əlavə edilməsi barədə qanunun layihəsi
hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
Bu dövr ərzində "Aqrolizinq" ASC tərəfindən 3525 kənd təsərrüfatı texnikası, o cümlədən, 9 taxılyığan kombayn, 9 pambıqyığan kombayn, 681 traktor və 2826 digər texnika 525 hüquqi və fiziki şəxsə lizinqə verilib və ya lizinq yolu ilə satılıb. Sumqayıt şəhərində yerləşən Karbamid zavodunun tikintisi davam etdirilir. Ölkənin aparıcı şirkətlərindən biri ilə Azərbaycan Dövlət Aqrar Universiteti və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, digər şirkətlər ilə əməkdaşlıq sahəsində də Memorandumun imzalanması gözlənilir.
"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin fəaliyyətinin səmərəli təşkili üçün yeni regional bölmələr, anbarlar, dayaq məntəqələri və logistika infrastrukturu yaradılıb. Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalı (www.aqrarbazar.az) hazırlanıb, eləcə də kənd turizminin inkişaf etdirilməsi və fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni elektron portal (www.ruraltourism.az) yaradılıb.
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib. Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövcud qanunvericilik beynəlxalq ekspertlərin texniki yardımı ilə qiymətləndirilib, qanunvericilikdə dəyişikliklərə dair müvafiq tövsiyə və təkliflər hazırlanıb. Ölkənin 20 rayonunda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb və ya çöl ölçmə işləri əsasən tamamlanıb. Eyni zamanda, 7 rayonda torpaq uçotu məqsədilə ölçmə işləri davam etdirilir. Kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünya təcrübəsi araşdırılıb. Şəkər çuğunduru istehsalçılarına əkin sahəsinə görə verilən subsidiyanın ləğv edilərək, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilən şəkər çuğundurunun miqdarına (son məhsula) görə subsidiyanın verilməsi qaydalarının layihəsi hazırlanaraq təsdiq edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun güzəştli satışı ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanıb. Beynəlxalq tərəfdaşlarla birgə regionlarda icma səviyyəli gəlirgətirən layihələr icra olunub. Bundan əlavə, kənd yerlərinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı layihəsinə təkliflərin verilməsi məqsədilə müvafiq dövlət qurumlarına və yerli icra hakimiyyətlərinə məktublar göndərilib.
Ceyhun ABASOV
525-ci qəzet.- 2017.-
4 oktyabr.- S.3.