Vaqifin dünyası, dünyanın
Vaqifi...
Ölkəmizdə çox məşhur Vaqiflər var.
Həmin məşhurlardan biridir.
Tərtərin
Cəmilli kəndində müəllim ailəsində anadan
olub, adını atasından alıb, hər şeyi taleyin
üstünə atmayıb, kitaba Məcnun kimi vurulub, ondan ikiəlli
yapışıb, dahilərin dərsini, dünyanın sirlərini
öyrənib, qərar verəndə tələsməyib,
“zamanında və düzgün qərar” verməyi bacarıb,
özünü, Allahı və bütün kainatı dərk
edib, buna görə də heç vaxt dörd yol
ayrıcında aciz qalmayıb, vaxtdan və zamandan da əla
qiymət alıb. Nəhayət, Vaqifliyi üzə
çıxıb, bu dünyaya Vaqif olub və bu
dünyanın Vaqifi olub...
AMEA-nın
Neft-Kimya Prosesləri İnstitutunun direktoru, Əməkdar
müəllim, “Şöhrət” ordenli, 11 elmlər doktoru və
33 fəlsəfə doktoru yetişdirmiş, 1073 elmi əsərin,
o cümlədən 529 məqalənin, 64 kitabın (biri
Almaniyada nəşr olunub), 56 patentin müəllifi,
1999-2013-cü illərdə TQDK-da kimyadan seminarın və
ekspert şurasının sədri, 1992-2013-cü illərdə
məktəblilərin kimya üzrə olimpiadasını
keçirən münsiflər heyətinin sədri, 2003-cü
ildən nəşr olunan “Neft Kimyası və Neft Emalı
Prosesləri” elmi jurnalının baş redaktoru, “Kimya məktəbdə”
elmi-metodiki jurnalının təsisçisi və baş
redaktoru. 2005-2011-ci illərdə ictimai Televiziya və Radio
Yayımları Şirkətinin Yayım Şurasının
üzvü, akademik Vaqif Abbasov... Təkcə bu təqdimat onu
tanımayanlara da onun haqqında hər şeyi çox gözəl
anladır...
Saya gəlməyən xidmətlərinə,
uğurlarına, titullarına, mükafatlarına
bütövlükdə nəzər salanda
düşünürsən ki, o, zirvələri çoxdan
aşıb və tarixdə yer alanların sırasına
düşüb. Tarix isə hər kəsə bu sırada yer
ayırmır...
Amma bu günün özündə də daim
axtarışdadır, bir yerdə dayanmır. Bu
dürüst, səmimi, təvazökar İNSAN mənə
klassik aydınlarımızı, maarifçi
ziyalılarımızı xatırladır. Onunla hər görüşəndə mənə
elə gəlir ki, dünyamız xeyli saflaşır,
paklaşır, aydınlaşır. Çünki ətrafında
heç kimə və heç nəyə biganə deyil,
ürəyi insan xoşbəxtliyi üçün taybatay
açıqdır...
65 yaşı tamam olur Vaqif müəllimin. Adını
doğmalarımın sırasına yazdığım bu
İNSANa yenidən eyni məhəbbətlə müraciət
edirəm. Amma alimliyindən, elmi işlərindən
danışmayacağam, bu barədə kimyaçı alimlər,
mütəxəssislər danışsalar,
yaxşıdır. Bioqrafiyasını da təkrarlamayacağam,
bunu da hamıdan gözəl özü bilir. Bu dəfə
onun mənəvi dünyası ilə bağlı bəzi
fraqmentləri xatırladacağam...
“Bizim
Vaqif müəllim...”
Yolum Tərtərə düşmüşdü. Bu rayonun
adı gələndə ağlıma gələn ilk insan o
olur. “Tərtər kimi bir diyarın
oğluyam” deyən akademik Vaqif Abbasov. Bura
onun doğmaca ata-baba yurdudur. Neçə
dəfə olmuşam o müqəddəs ocaqda. Bəli,
məhz “müqəddəs ocaq”...
Məclisdəkilərdən Cəmilli kəndini
soruşuram, bilərəkdən soruşuram. O saat, sanki “çiçəkləri
çırtlayır”, üz-gözlərinə nur qonur,
sualıma sualla cavab verirlər: “Bizim Vaqif müəllimin kəndini
deyirsiz?..” Başımı tərpədirəm,
daha heç nə soruşmuram. Cavab əvəzinə
verilən bu “sual” kifayətdir, əslində, elə eşitmək
istədiyim cavab da budur. Və bu cavab onun ən
böyük tərifidir...
Yerliləri onunla qürur duyur, başına and
içirlər. Bu fəxarəti ilk dəfə 15 il
əvvəl rayonda keçirilən 50 illik yubileyində hiss
etmişdim. Tərtərlilərin ona sevgisi ağzınacan
dolub-daşan salona sığmırdı! Sələfi,
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun o vaxtkı
direktoru, uzun yol qət edərək Bakıdan yubileyə gələn
akademik Musa Rüstəmov “Vaqif Abbasov Tərtərin Azəbaycana
verdiyi böyük alim-şəxsiyyətdir, görkəmli
kimyaçı alimdir, unikal Azərbaycan neftinin tədqiqi sahəsində
tanınmış mütəxəssisdir, professordur, çox
zəngin və xeyirxah insandır, gözəl atadır. Onunla
öyünməyə haqqınız var!..”
fikrinə salonun reaksiyası indiki kimi yadımdadır. Kəsilməyən
alqış sədaları natiqin nitqinə əməlli-başlı
ara vermişdi. 15 il əvvəl!.. İndi bu sevgi və fəxarət hissi 15
ilin özü boyda böyüyüb! Uğur pillələri
illərin sayı qədər çoxalıb! “Akademik” zirvəsinə
gedən yol qədər ucalıb! Qazandığı
mükafatların sırası da o qədər artıb!..
Onu el-obasının gözündə Tur dağına,
nur çırağına döndərən, bu qədər
sevdirən təkcə alim kimi uğurları deyil. Yurdsevərliyidir,
insansevərliyidir, onu yetirən torpağa,
böyüdüyü mühitə, aldığı tərbiyəyə,
dəyərlərə sadiqliyidir, bir sözlə, elin
adamı olmasıdır. 17 yaşından
kənddən çıxandı. Amma indi
də Tərtərdə heç kimə ögey, yad deyil,
heç kimin sevincinə, dərd-sərinə biganə deyil.
Yaxşı bilir ki, el-oba yetirdiyi övladlara
güvənir, onlardan umur, onlara ərk edir. Şəhərdə həmişə məşğuldur,
iş-gücü başından aşır, amma bu, onu
el-obasından qopara bilmir. Tutduğu
mövqedən asılı olmayaraq kəndi unutmur, kəndə
tez-tez gəlir, kimin ayağına daş dəysə,
hamıdan tez kəsdirər başının
üstünü, kimin problemi olsa, tez harayına çatar.
Tərtərə gəldimi, rayondakı vəziyyətlə, insanların
gün-güzəranı ilə maraqlanacaq, cəbhə
bölgəsinə baş çəkəcək, xeyir-şərə
yarayacaq, bilikli, istedadlı bir uşaq gördümü, əlindən
tutub Bakıya gətirəcək, elmə, incəsənətə,
musiqiyə yönləndirəcək, qayğısına
qalacaq, arxa-dayaq olacaq...
Vaqif müəllim Cəmilli kəndindən başlayan
böyük bir Azərbaycan sevgisi gəzdirir özü ilə. Vətəni babaların əmanəti
kimi qəbul edir, kişi kimi yaşamaq məskəni
sayır. Onun üçün Azərbaycanın
dörd bir yanı əzizdir. Tərtər də,
Naxçıvan da, Ordubad da, Kəlbəcər də, Şuşa da, Xınalıq da... Ordubadın
alimləri ilə fəxr edir, Ağdamın, Kəlbəcərin,
Şuşanın dərdini çəkir,
Xınalığın bu günü ilə
öyünür... Hətta Xınalıqda
öz övladı ilə yox, xınalıqlı uşaqla
şəkil çəkdirir, həmin şəkli
“bioqrafiya”sına salır. Ana dilimiz, onun fikrincə, böyük
sərvətdir, “min illərin yaddaşı”dır, “Ana
laylası”dır, “millətin söz heykəli”dir. Muğam isə
“Allah sevgisinin yolu”dur, “dünyanın musiqi tacı”dır, “Azərbaycanın
sədasıdır”, “insanı qandıran sirdir”. Onun üçün muğam dinləmək, sanki
anasının ruhu ilə “görüşmək” deməkdir.
Mən bu bənzətməni muğamsevərlərin
heç birinin dilindən eşitməmişəm. O,
Ata-Ana haqqını Tanrı haqqı bilir, elmi, biliyi
qızıl açar, savadlı insanı, alimi dünyanın
zinəti sayır, müəllimə, ustada sevgini sevgilərin
əzəli hesab edir, şagirdlərə “sirli zərrəcik”,
“müəllimə görən gözümüz”, şəhidlik
məzarına “şahlıq taxtı” deyir. Vaqif
müəllimin insan, onun mənəvi aləmi, həyatının
ən başlıca dəyərləri haqqında
düşüncələri olduqca fərqlidir. Alimin nəzərində hər kəsin, hər
şeyin öz rəngi var və bu rənglər heç vaxt
dəyişmir. Bu dəyərlər onun
üçün müqəddəs və
toxunulmazdır...
Müqəddəs
ocaq...
Belə
dedim onun ata ocağına. Gəlişigözəl söz kimi
söyləmədim...
Vaqif
müəllim 5 müqəddəs varlığı qibləgah
sayır: Allah, onun peyğəmbərləri, Ana, Ata, müəllim.
Həmin müqəddəslərdən
üçünü bu ocaqda görüb. Adının mənası kimi özü də
“qızıl” dəyərli bir qadının – Abuzər
Ananın südü ilə böyüyüb. O qadın
ki, bəy qızı olsa da, 55 il
kolxozçu işləyib, ailə-ər-uşaq
qayğısı da öz yerində. Çox
ağrılar yaşayıb həyatında, amma qürurunu
itirməyib. Taleyindəki hər acıya mərdliklə
dözüb. Bir fədakarlığı da
unudulmazdır: 16 yaşında ərə gəlib, altı ay
sonra ərini müharibəyə yola salıb. Çox
keçmir, qara kağız gəlir üstünə.
İnanmır bu xəbərə, bəlkə, inanmaq istəmir...
Yol gözləyir. 1946-cı ildə
möcüzə baş verir, əri geri dönür... Müqəddəs
deyilmi bu qadın?..
Atası Məhərrəm Qurban oğlu – fədakar Ata və
müəllim obrazı. 58 il dərs deyib. Tərtərdə
4 məktəbin yaradıcısı kimi əbədiləşib.
Azərbaycana Azərbaycana şərəf gətirən
4 alim övlad bəxş edib, hələ bu sıranı
genişləndirən nəvələrini demirəm. 4
müəllim övlad, 4 alim: üç elmlər doktoru, bir
akademik və üç Əməkdar müəllim... Müqəddəs
deyilmi bu kişi?..
“Anama
yazdığım şeirimdə bir misra var: “Atamın son busəsində
mələk köçdü anam mənim”. Söz xatirinə
demədim, Anam dünyasını dəyişəndə minə
yaxın adam vardı cənazə
namazında. Namaz qurtarandan sonra 86 yaşlı Atam dizini qoydu
yerə, Anamın üzündən öpdü. Ondan sonra cənazəni
qaldırdılar... Bu, bəlkə də, cənazə
namazına duranlara atamın bir müəllim dərsi idi, bəlkə
də, 58 illik müqəddəs ailə həyatındakı ali məhəbbətə bir ehtiram idi, bəlkə
də, anamla ünsiyyətindəki hansısa qüsura görə
üzrxahlıq idi...”
...Onların
evi Cəmillidə yeganə evdir ki, çal-çəpəri
yoxdur. Nəhəng ağaclar kök salıb bu
həyətdə, hər yanı bağ-bağatdır, yaz fəslində
gül-çiçəyə bürünər. Amma hasarlanmayıb. İndiki zəmanədə
kiminsə evinin qapısını, darvazasını
qonşusuna belə açmadığı halda, bu boyda həyət-bacanı,
bağ-bağatı açıq qoymağa səbəb nədir?
Adama qəribə gəlir, deyilmi? Bəlkə, onu çəpərləməyə,
hasara almağa imkanları çatmır? Yox, təbii
ki... Səbəb bu, deyil. Səbəb
rəhmətlik Məhərrəm müəllimdən qalan ənənədir.
Bunun tarixçəsini də 15 il əvvəl
Cəmilliyə ilk dəfə gedəndə öyrənmişdim.
Sözün düzü, o böyüklükdə
həyət-bacanı çal-çəpərsiz görəndə
heyrətlənmişdim. Hətta bu həyət
Vaqif müəllimin özünün də çox sevdiyi dahi
Nizamini, onun “İsgəndərnamə”sindəki “ideal cəmiyyət
arzusu”nu xatırlatmışdı mənə. Nizaminin ədalətli cəmiyyət arzusu cəzbedici
olduğu qədər də utopiya idi, şair təxəyyülünün
məhsulu idi. Mənim Cəmillidə
gördüyüm mənzərə isə xəyal deyildi.
Bu reallığın səbəbi Məhərrəm
müəllimin böyük ürəyi idi. O,
sağlığında çəpərləri, məhz ona
görə söküb-dağıtmışdı ki,
uşaqlar qışın soyuğunda, yayın istisində kəndin
bu başından o başına məktəbə dolayı
yolla yox, əziyyət çəkmədən, birbaşa bu həyətdən
keçib getsinlər. Onun taybatay
açdığı qapı-bacanı isə
ölümündən sonra çəpərləməyə
heç kimin əli gəlməyib. Bir vacib məqam da
var: günü bu gün həmin həyətə
qızıl səpsən, kimsə gözünün ucu ilə
də dönüb baxmaz! Çünki cəmillilər də
bu ocağı müqəddəs hesab edirlər...
İndi bu yurdun işığı daha gur yanır. Onu yandıran isə ailənin
böyük oğlu, alim oğlu, rəhmətlik Şirin
müəllimin Bakıda doğulub, Bakıda böyüyən,
ali təhsilli övladıdır – Elnur.
Çoxlarının şəhərə
qaçdığı vaxtda o, şəhərdən kəndə
qayıdıb: dədə-baba yurdunu başlı-başına
qoymaq olmaz, onun çırağı sönməməlidir!..
Bu
ocağa “müqəddəs” deməkdə yanılmadım ki?..
Vaqif
müəllim üçün ailədə hər kəsin
öz yeri var: bacılar Ana əmanətidir, Ana əvəzidir,
qardaşlar insanın özü qədər əzizdir. Heç yadımdan çıxmaz. Böyük qardaşı, rəhmətlik Şirin
müəllimin ölümündən xəbərsiz idim.
O ərəfədə əməliyyat olunmuşdum, heç
işə də çıxmırdım... Xəbəri
eşidən kimi əvvəlcə İnstituta getdim. Bunu xatırlatmaqda məqsədim var. Mən o cür
möhkəm iradəli insanın, belə ağır məqamlarda
başqalarına təsəlli verən Vaqif müəllimin
hadisədən neçə ay keçməsinə baxmayaraq,
necə hönkürtü ilə ağlamağını
ömrüm boyu unutmaram. Şirin müəllimə
yazdığı şeiri də göz yaşı içində
oxudu mənə...
Getdin həyatımdan
dünyam qaraldı,
Səni qaytarmağım dəli xəyaldı.
İndi
bilirəm ki, kimi itirdim,
Səni
qaytarmaqçün nələr verərdim!..
Şirin müəllimin nəvəsi, 6 yaşlı
qızcığaz qəflətən dünyasını dəyişəndə
də o cür hönkürtü ilə
ağlamışdı. Öz etirafıdır: “Zahirən sərt görünsəm
də, ürəyim çox kövrəkdir, lap
dünyanın o başında olsun, görəndə ki,
hardasa insanlara fəlakət üz verib, insanlar əzab çəkir,
çox kövrəlirəm. Mən, hətta
sakit ağlaya bilmirəm, hönkürtü ilə
ağlayıram.”...
Vaqif
müəllimin sözü ilə desəm, Cəmilli “diplomsuz
savadlılar” kəndidir, burada ali təhsil
görməyən, amma mənən zəngin insanlar
çoxdur. “Bioloji varlıqdan şəxsiyyətə
ucalmaq yolu. Müdrik kəlamlar” kitabında onlardan da
söz açıb...
“Bəzən diplomsuz adamlara savadsız deyəndə
acığım tutur. Adam var ki, bir neçə diplomu var, amma
savadı yoxdur. Adam var ki, heç bir
diplomu da yoxdur, amma çox zəngindir. İnsan
savadsız ola bilər, insanın biliyi az
ola bilər, ən qorxulusu odur ki, insanın mədəniyyəti
olmasın, mənən dayaz olsun. Ən vacib
atribut insanın tərbiyəsidir. Bəzən
savadsız saydığımız sürücülərdə,
kolxozçularda, sadə insanlarda o qədər öyrəniləsi şeylər var ki...”
“Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu. Müdrik kəlamlar”
kitabı da, əslində onun mənəviyyat dərsliyidir.
Elə 2004-cü ildə yazdığım məqaləyə
də belə sərlövhə seçmişdim: “Mənəviyyat
dərsliyi”...
Kənd
müəlliminin ayağına gedən akademik...
Sadə
bir kənd müəlliminin Vaqif Abbasova məktubu və
akademikin ona reaksiyası isə bir “mənəviyyat dərsi”dir...
“Çox səmimi və mehriban professor Vaqif Abbasov, Sizə
səmimi salamlar olsun! 1962-ci ildə Pedaqoji Universitetin kimya
fakültəsini fərqlənmə diplomu ilə bitirdim.
Akademiyanın Qeyri-üzvi Kimya İnstitutunun
aspiranturasına daxil oldum. Ailəmizdəki
faciə təhsilimi yarımçıq qoydu, rayona
qayıtdım. 15 nəfər mənim
ümidimə qalmışdı. Lerikin ən ucqar, balaca
bir kəndində müəllim işləməyə
başladım... İndi ürək-damar, mədə-bağırsaq
xəstəliyi, ayaq barmaqlarımda göbələk xəstəliyi
məni incidir. Sizin televiziyadakı
mühazirələriniz məni valeh edir. Kitablarınızı
almaq mənim üçün əlçatmazdır. Sizə əziyyət vermək istəyirəm.
Qabaqcadan Sizdən üzr istəyirəm. Xahiş edirəm, mümkün olsa, “Həyat
kimyasının möcüzələri”, “Kimya və həyat”
kitablarını və Naftalan neftindən alınmış
yağları mənə göndərin. Sizə can
sağlığı, işinizdə müvəffəqiyyətlər
və şəxsi həyatınızda xoşbəxtlik
arzulayıram. 74 yaşım olmasına
baxmayaraq, sizin qarşınızda baş əyirəm. Hörmətlə, Əziz Əli oğlu Əliyev.
Lerik rayonu, Çayrud ərazisi, Piyəkücə
kəndi.”
Böyük hörmətlə yazılan bu məktubdakı
ən təsirli məqam, məncə, Vaqif müəllimə
edilən ərkdir. Hər kəsə ərk edilməz ki! Hər kəsə
ürək açılmaz ki! Dərd hər kəsə
söylənməz ki! Əziz müəllim isə
ünvanı düz seçmişdi!..
Və bu məktub Vaqif müəllimi 355 km-lik yolla Lerikə
aparır.
Ardı ilə onun öz qeydlərində tanış
olaq...
“Xəbər vermədən səhər saat 5-də yola
düşdüm, saat 9-da Lerikdə idim. İki saat da
dağ yollarını keçib Piyəküçə kəndinə
çatdım. Əziz müəllim həyətyanı
sahədə çalışırdı. Məni görəndə gözlərinə inanmadı.
İnanmırdı ki, Bakıdan kimsə təqaüdçü
müəllimin yanına gələr. (Heç
mən də inanmazdım! – F.N.) Mən mənim qarşımda baş əymək istəyən
müəllimin ayağına getməyi özümə mənəvi
borc bildim. Az da olsa, onun arzusunu yerinə
yetirmək üçün getmişdim o yolu. Ona
dərman və kitablar aparmışdım. Amma o elə bilirdi ki, ona dünyanı
bağışlamışam. Kasıb
müəllim süfrəsində birgə çay içdik,
xeyli dərdləşdik. Aydın səma,
əzəmətli dağlar, büllur kimi təmiz bulaq suyu və
iki kimya müəllimi – bu, həmahənglik möhtəşəm
mənzərə yaratmışdı. Sadəcə, bunu
görmək lazım idi! Bu bütövlük və paklıq
anı üçün 355 km yolu getməyə dəyərdi!
Əziz müəllim kimi yüzlərlə müəllimin
ayağına getməyə dəyər!..”
Dəyər,
Vaqif müəllim, dəyər!.. Və
sadə kənd müəlliminin ayağına gedən
akademikin qarşısında da baş əyməyə dəyər!..
Daha bir məktub...
“Hörmətli Vaqif müəllim! Siz məni və
şagirdlərimi kimya elmi üzrə inkişaf etdirib
formalaşdırdınız. Başqalarından
fərqli olaraq təmənna ummadınız. Əksinə, bizə min qat kömək etdiniz.
Obyektivliyin real güzgüsü oldunuz, qəlblərdə
kök saldınız. Ürəyimde
özünüzə yuva qurdunuz. Sizin mənəvi və
iqtisadi köməyinizi hər yerdə, hər məclisdə,
rəsmi yerlərdə sadalamış və sadalayacağam (əgər
yaşasam...).
Sizin
"Mən Yardımlını Heybət müəllimlə
tanımışam" fikrinizi, şagirdlərimə və
özümə sadalamaqla bitməyən maddi və mənəvi
dəstəyinizi unutmaq mümkün deyil! Bunun məsuliyyətini
də dərk edirəm... Xatırlatmaq istəyirəm ki, yenə
respublika səviyyəli uşaqlarım var. Bu il
qəbulda 29 sual yerinə yetirən şagirdim oldu... Hörmətlə,
Heybət Qədirov. Yardımlı rayonu,
Alçabulaq kəndi”.
Bu aydınlığın, bu saflığın, bu
xeyirxahlığın əlavə şərhə ehtiyacı
yoxdur.
Əziz müəllimin görüşünə getmək,
“görüş” yox, “ziyarət”dir! Heybət müəllimə
və şagirdlərinə xeyirxahlıq da bir “ziyarət”dir! Kimisə sevindirməsi, kiminsə sevinməsi Vaqif
müəllimi çox xoşbəxt edir. “Bir qəlbi ələ
almaq min Kəbə ziyarətindən yaxşıdır” misalı... Amma, sözün düzü,
heç bilmirəm, Vaqif müəllim Kəbə ziyarətində
olubmu?..
“Atamın
xəritə çubuğunun dadı, ədəbiyyat müəllimimin
ədalətsizliyi, Cəlal əmimin “zülm”ü, içimdəki
kimya sevgisi...”
Tərtərin ilk və nüfuzlu məktəblərindən
birində təhsil alıb. Atası həmin məktəbdə
coğrafiyanı tədris edib. Amma qəribədir,
nə o, nə qardaşı Mütəllim, nə də
bacısı Almaz (hər ikisi kimya elmləri doktorudur – F.N.)
coğrafiyanı seçib. O, 68-də məktəbi
bitirir, sənədlərini BDU-nun kimya fakültəsinə
verir. Həmin il 75 yerdən 52-sini
“qızıl medal”lılar tutur, o, müsabiqədən
keçə bilmir. Ədəbiyyat müəlliminin
ədalətsizliyi onu medalsız qoymuşdu. Amma illər
keçəcək, o, medallılardan daha böyük uğur
qazanacaqdı...
İçindəki
“kimya sevgisi”ni isə dünyaşöhrətli
alim, yüksək titulların sahibi Yusif Məmmədəliyev
işıqlandırıb. Deyir, “Kimyanı mənə
onun “böyük kimya”sı sevdirib. Kimyaya gəlişim
üçün ona borcluyam, o ad, o san, o şöhrət gətirdi
məni kimyaya, baxmayaraq ki, Yusif Məmmədəliyevi bir dəfə
də olsun üzbəüz görməmişəm...”
Məncə,
bu, bir alim kimi Yusif Məmmədəliyevin, “tələbə”
kimi Vaqif Abbasovun böyüklüyüdür...
“Atam zəhmli,
çox sərt, ciddi adam idi, elə müəllim
kimi də. Xəritə çubuğından bəzən
tərbiyə vasitəsi kimi də istifadə edirdi. Bu çubuğun dadını mən də bilirdim.
Amma yaxşı oxumadığıma gorə yox! Onsuz da
yaxşı oxuyurdum, mənə heç kim
“oxu” demirdi, kitab əlimdən düşmürdü. Beşinci sinifdə bir sinif yoldaşım vardı,
molla oğluydu, uşaqlıqdı də, aramızda söz
olmuşdu. Atam mənə çox ciddi cəza verdi... Ondan sonra həyatım boyu
heç kimlə dalaşmadım. Atam məni başa saldı
ki, heç kimə qarşı kobudluq etmək olmaz, hətta
sənə bu cür rəftar etsələr də...
Taleyimdə
mənfi rol oynayan adam təkcə ədəbiyyat
müəllimim olub. Anamın rəfiqəsinin
qızı mənimlə oxuyurdu, çox ağıllı
qız idi. Analarımızın ünsiyyəti
bizə də keçmişdi. Ədəbiyyat
müəllimim isə o qızı istəyirdi. Səmimi münasibətimizi görəndə
qısqanıb. Buna görə
qızıl medal almağıma mane oldu. Bütün sənədlər
hazır idi, qol çəkməmək üçün
çıxıb kənddən getdi...
Həmin il müsabiqədən keçmədim. Bir il kolxozda əmimin üzümçülük
briqadasında işlədim. Təsəvvür
edin, gedib Ağdamın Şahbulaq türməsində
üzüm tənəkləri üçün hazırlanan
beton dirəkləri gətirirdik, onların biri 70 kq idi.
Həmin dirəkləri 100 metrlik cərgələr boyunca
çiynimizdə aparırdıq... Beləcə,
Cəlal əmim mənə çox “zülm” elədi, əlbəttə,
istəsəydi, məni işlətməzdi. Kolxozda normativ, saat rejimi yox idi, amma o, qocanın da,
cavanın da yerinə buyururdu məni. İndi
həmişə ona rəhmət oxuyuram ki, məni zəhmətə
öyrətdi. Cəlal əmim Qarabağ
müharibəsində minaya düşdü. Bu hadisə
çox sarsıtdı məni... Bir il sonra
gəldim Pedaqoji İnstituta. Kimyanın metodikasını Rəcəb
Əliyev, fiziki kimyanı Telman Ağdamski, üzvi kimyanın
sirlərini Rafiq Ələkbərov, Xeyrulla Şamilov, üzvi
sintezi Əbdül Rzayev, qeyri-üzvi kimyanı Təzəxan
müəllim öyrətdi mənə. Akademik
Əşrəf Hüseynov böyük mədəniyyət,
davranış dərsi, elmə bağlılıq öyrətdi.
Heç birinin əziyyətini unutmuram. Ən vacibini deyim. 69-da İnstituta qəbul
olmağım Heydər Əliyevin respublika rəhbərliyinə
gəlişinə təsadüf elədi. Mən
onun idarəçiliyi dövründə hər şey
qazandım. O vaxt ölkədə yaradılan sağlam
mühit, elmə, təhsilə verilən önəm onun
adı ilə bağlıdır...”
Vaqif Abbasov Heydər Əliyev dövrünün yetirməsidir,
Heydər Əliyev zəmanəsinin övladıdır, öz
təbirincə desəm, onun liderlik məktəbinin “məzun”udur. Alim “Liderlik fəlsəfəsi”
kitabını da, məhz Ümummilli liderə həsr edib...
İlk
milli kimya dərsliyi, “Liderlik fəlsəfəsi”, dahilər,
müdriklər və fatehlərlə söhbət...
“Liderlik fəlsəfəsi” kitabı eyni mövzulu
kitablar arasında səmimiliyi, baxış bucağı ilə
çox seçilir. Böyük zəhmət, intellektual enerji
hesabına ərsəyə gələn bu kitab xalqına,
dövlətinə və Ümummilli liderinə ürəkdən
bağlı olan bir alim tərəfindən yazılıb.
Heydər Əliyev fenomenini sosiologiya və
politalogiya elmində liderliyi müəyyənləşdirən
21 qanuna əsasən təhlil və tədqiq edən, bu təhlil
və tədqiqi elmi cəhətdən əsaslandıran
müəllif onun liderliyini çox incəlik və həssaslıqla,
dəqiqliklə oxucuya çatdırır. Ulu öndərin yüksək liderlik keyfiyyətlərindən
heyranlıqla, özü də sübutlarla, tutarlı arqumentlərlə
danışır. Onu dünya siyasətçiləri,
sərkərdələri, elm adamları ilə müqayisə
edir, titanik fəaliyyətini tarixin prizmasından keçirərək
təhlil edir, şəxsiyyətini bütün aspektlərdən
açıqlayır. Taleyüklü məsələlərdən
danışanda isə sabaha inamını qətiyyətlə
ifadə edir. Bu inam Prezident İlham
Əliyevə, onun strateji xəttinə, çoxşaxəli,
irimiqyaslı fəaliyyətinə inamdır. İlham
Əliyevin varisliyinin qanunauyğunluq olduğunu əsaslandıran
alim Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinə də
kitabda geniş yer ayırır...
“Peyğəmbərimizin Əliyə nəsihətləri
var. Onun birində deyilir ki, gələcəkdə o dövlət
hakim olacaq ki, onun başçısı bilikdir. Hesab edirəm ki, Azərbaycanın
bu günkü səviyyəsi, inkişafı,
tanınması, dünya ölkələri sırasına
çıxması, məhz böyük Allahın bizə
göndərdiyi o bilikli rəhbərin xidmətidir... Bu, Ulu
öndər Heydər Əliyevin və onun
davamçısı Prezident İlham Əliyevin adı ilə
bağlıdır...”
“Liderlik fəlsəfəsi”,
əslində dərslik qədər dəyərli
kitabdır...
Vaqif müəllimin adı müstəqil Azərbaycanın
ilk milli kimya dərsliyini yaradan alim kimi də tarixə
düşüb. Böyük ixtiraları var, çox qiymətli
dərsliklərin müəllifidir. Davamçılarını
yetişdirib. Bir mühüm xidmətini də mütləq
xatırlatmaq lazımdır: şagirdlərimiz onun rəhbərliyi
ilə kimyadan dünya olimpiadalarında ən nəhəng
dövlətlərin şagirdlərinə qalib gəliblər.
O, qardaşı, pedaqoji elmlər doktoru, professor Mütəllim
Abbasovla əl-ələ verib Azərbaycan balalarını beynəlxalq
kimya olimpiadadlarına hazırlayanda da, bu uşaqları öz
vəsaiti hesabına dünyanın o başına aparanda da,
onların uğurlarına öz övladının uğuru
kimi sevinəndə də, yüksək balla ali məktəblərə
qəbul olunanlara, Moskvada təhsil alan azərbaycanlı tələbələrə
təqaüd kəsəndə də, kənddə bir
istedadlı uşağı “kəşf edib” Bakıya gətirəndə,
geniş auditoriyaya tanıdanda da, Naftalan neftinin əsl dəyərini
ortaya qoyanda da eyni dərəcədə vətənpərvərdir.
Olimpiada qalibləri üçün üzərində Yusif Məmmədəliyev
və Nəsirəddin Tusinin barelyefi olan xatirə
medallarını hazırlatması isə onun, həm də
görkəmli elm adamlarına, fikir sahiblərinə hörmət
və ehtiramının nümunəsidir...
Kimya ilə bağlı olmayan, amma böyük əhəmiyyət
kəsb edən bu kitablar da alimin vətənpərvərliyinin
nəticəsidir. Onun nəzərində, müdriklərin fikir xəzinəsi
ilə tanış olmadan mənən zənginləşmək
mümkün deyil. Bu məqsədlə də onların
ömür yoluna müraciət edib, iki kitab ərsəyə
gətirib: “Dahilərin, müdriklərin və fatehlərin həyat
dərsləri”. Bu kitabları tez-tez vərəqləyirəm.
Onlar təsdiq edir ki, Vaqif müəllim mənəvi
dəyərlərimizin qayğıkeşidir. Bu qarmaqarışıq dünyada Azərbaycan gənclərinin
mənəvi sağlamlığı, ictimai əxlaqı
üçün narahatlıq keçirdiyinə görə bu
kitabları yazır. Hər iki kitabda
tarixin müxtəlif dövrlərində yaşamış, bəşər
xəzinəsini öz kəşfləri, ideyaları, dəyərli
əsərləri, ibrətamiz fikirləri ilə zənginləşdirmiş
müdrik insanların həyat və
yaradıcılığı haqqında oçerklər
toplanıb. Alim oxucuların Məhəmməd peyğəmbər,
Attila, İbn Sina, Keykavus, Konfusi, Sokrat, Nizami Gəncəvi,
Çingizxan, Əbu Həmid əl-Qəzəli, Nəsirəddin
Tusi, Əmir Teymur, İsaak Nyuton, Atatürk, Uinston
Çerçill, Heydər Əliyev, Lütfi Zadə, Vasim Məmmədəliyev,
Abas Çayxorski, Hüseyn Cavid, Xudu Məmmədov və digər
dahilərin həyat dərslərindən faydalanacağına
əmindir. Yaxşı bilir ki, sıradan insanlar
sıradan həyat yaşarlar və öz taleyini, öz həyatını
yaşamaq çox asandır. İdeyaları,
prinsipləri ilə insanları səfərbər etmək,
axarı, düzəni dəyişmək, cəmiyyəti
istiqamətləndirmək, tarixin inkişafına təkan vermək
isə çox çətindir və bunu bacarmaq
lazımdır. Onun qəhrəmanları
isə məhz bu çox çətin olanı bacarıblar.
Onlar sıra nəfəri yox, sıranı
düzənlərdir, zəkaları ilə Yer
üzünü işıqlandıran, mənsub olduqları
xalqın, bütövlükdə bəşəriyyətin,
insanlığın taleyini öz taleyinə çevirənlərdir.
Onlar dahiliyi qazanmaq üçün bütöv
bir ömür sərf ediblər. Bu kitablar
dahilərin zaman-zaman dəyişən nəsillərə
keçdikləri müdriklik dərsləridir. Bu dərsləri
təqdim edən isə odur – özü də çoxdan bu
dahilərin sırasında yer alan akademik
Vaqif Abbasov...
Vaqif müəllimin 60 illik yubileyi münasibətilə
AMEA-nın “Azərbaycanın elm və mədəniyyət
xadimləri” seriyasından çap olunan “Biblioqrafiya”sında
maraqlı bir məqamla qarşılaşdım. “Nobel
mükafatı laureatı, bioloq Ceyms Uotsonun elmdə
yaşadığı həyatın dərsləri” də
kitaba daxil edilib. Vaqif müəllimin seçdiyi bu dərsdən
çox ibrətamiz bir nümunə: "Qoy həmişə
sizi xilas edə bilən adamınız olsun.".
“Məni
ucaldan kollektivim var...”
İnsanı xilas edən, onu ucaldan həm də
kollektividir.
Maşallah, Vaqif müəllimin bu sarıdan da bəxti gətirib...
İlk elmi addımlarını indi rəhbərlik etdiyi
İnstitutda atıb. Və burada keçdiyi uzun və çox şərəfli
yol davam edir...
O, bu
kollektivə ailəsi kimi baxır. Direktor olandan
sonra bu doğmalığa bir məsuliyyət hissi də əlavə
olunub. “Ailə başçısı” kimi
hər kəsin qayğısını çəkməlidir.
Həyat tərzi ətrafındakı gənclərə
örnəkdir. Onlarla birgə yemək yeyir, istirahət
edir, laboratoriyada elmi rəhbər, direktor kimi yox, dost kimi
davranır. Bu, gənclərə mənəvi
güc, ruh verir. Sülhsevərdir,
münaqişələrə imkan yaratmır, söz-söhbətdən
uzaqdır. Ən çətin məqamlarda
da gərgin, acıqlı görünmür, hər zaman
pozitivdir. Əgər problemin varsa, çəkinmədən
Vaqif müəllimə müraciət etmək olar, o, mütləq
yaxşı məsləhət verəcək. Bu, kollektiv
üzvlərinin də fikridir...
“Ən böyük xoşbəxtliyim
düşdüyüm mühitdir. Məni bu kollektiv
ucaldıb. Tanrıma borcluyam, məni əməli
saleh insanlara tuş eləyib. Bu
İnstitutun qapısından girən kəs əgər öz
səviyyəsini yüksəltmirsə, günah özündədir.
Çünki burada təmənnasız, diqqətli, yolgöstərən,
qiymətləndirən mühit var... Üç
adamı da xatırlayacağam. 32 il
Neft-Kimya Prosesləri İnstitutunun direktoru olmuş akademik
Vahab Əliyev. Onun üçün kiminsə
oğlu-qızı olmaq əsas deyildi, ağıllı,
savadlı olmaq bəs idi. Uzun illər
İnstitutumuzun direktoru olan akademik Musa Rüstəmov. Ondan alicənablıq, idarəçilik mədəniyyəti,
idarəetmə etikası, elmi dəqiqlik, elmi
proqnozlaşdırma qabiliyyəti əxz eləmişəm.
Akademik Məhərrəm Məmmədyarov.
Mən İnstitutu bitirəndə o, dövlət
imtahan komissiyasının sədri idi, cavabımdan çox
xoşu gəldi və məni bu İnstituta dəvət etdi.
Mənə mənəvi ata olub. Bu gün də ondan məsləhət alıram.
Əsas elmi rəhbərim isə Akademiyanın
müxbir üzvü, rəhmətlik Məcid Mərdanov olub.
Mən onun ömrünü sovet ədəbiyyatında
ideallaşdırılan Ostrovskinin həyatı ilə
müqayisə edirəm. Çünki bu
şəxs müharibədən bir ayağı şikəst
qayıdıb, amma sonra Akademiyanın müxbir üzvü
olub. Dəmir iradə sahibi idi. Belə
təmənnasız, umacaqsız insanlar az
olur. Bir də, bu cür insanlar hamının
qarşısına çıxmır axı...
İnsan
dahi olar, dahi yanında,
Dahi adiləşər
nadan yanında...
Taleyimizdə rolu olan insanları dəyərləndirməmək
nadanlıqdır. Görün, müdriklər nə deyib: “Kiməsə
yaxşılıq etdinsə, həmin an
unut, kimsə sənə zərrə qədər
yaxşılıq edibsə, bütün ömrün boyu
xatırla”. Bax, o böyük kişilər olmasaydı,
mən bu günə gələ bilməzdim axı.
İndi də onların ruhu başımın üstündədi...
Bilirsiniz, Yusif Məmmədəliyev Moskvaya gedəndə
bütün aspirantları yığıb ən ləziz yeməkləri
düzürdü stolun üstünə, özü də
xanımı ilə ayrı otağa keçirdi ki, birdən
utanıb yeməzlər. Bu kişi tələbələri
yataqxanada yerləşdirməsə, onların elmi rəhbərlərini
tapıb görüşməsə, Bakıya
qayıtmazdı. Bunları necə unutmaq olar?..
“Müdrik
adamların sərvəti onların özləridir, onlar
öz sərvətlərini özləri ilə gəzdirirlər...”
Vaqif müəllim unikal insandır, elmimizin, mənəviyyatımızın
təəssübkeşidir, alicənabdır, xeyirxahdır, ədalətli
insandır. Məntiq və sağlam düşüncəyə
malik insandır. O, həyatını,
varlığını Azərbaycan elminə, təhsilinə
həsr edən alimdir. Onun xarakterindəki
bütövlük, prinsipiallıq, zənginlik, sözü ilə
əməlindəki vəhdət insana çox şey öyrədir.
Hətta onunla ünsiyyət də insanı zənginləşdirir.
Çox maraqlı həmsöhbətdir,
söhbətlərindən zövq alırsan. Həm də gözəl natiqdir (yəqin bunu
hamı etiraf edər – F.N.). Nitqində
böyük cazibə qüvvəsi var – dəfələrlə
bunun şahidi olmuşam, çox fərqli auditoriyalarda dinləmişəm
onu. Eyni mövzulu, lakin dəqiq fakt və
dəlilərlə zəngin, tutarlı arqumentlərə
söykənən fəqli çıxışının
yaratdığı alqışlar həmişə
auditoriyanın yorğunluq sükutunu parçalayıb. O,
hər dəfə söz mülkünün sultanı kimi
çıxış edir, səmimiliyi ilə insanları
ovsunlayır. Hər kəlməsində
ziyalılıq, ucalıq var. Çünki bu insanın
böyük ürəyi var. Və bu ürək sevgi ilə
doludur. Nitqlərində elmi və mədəni
mühiti eyni dərəcədə ehtiva edir. Ondan sonra
çıxış edənlər üçün çətin
olur... Və mənə elə gəlir ki, bu
mükəmməl nitq üçün o, əvvəlcədən
hazırlaşmır. Nitqindəki cazibə,
ovsun, gözəllik onun daxili aləmindən, zəngin
mütaliəsindən, “dahilər, fatehlər, müdriklərlə
ünsiyyəti”ndən gəlir. O, hər gün dahilərlə
“söhbət edir”...
Alimin teleçıxışları, “telemühazirə”ləri
də hər zaman diqqət çəkir. Bu
çıxışlar cəmiyyətin, auditoriyanın da
qazancıdır, kimyaya verdiyi töhfələr qədər dəyərlidir.
Onun həyat, insan, cəmiyyət haqqında dərin, fəlsəfi
fikirləri original olduğu üçün insanı
düşündürür, böyük təsir
bağışlayır, müsbət enerji verir...
Bu
xarakter, bu kamillik, bu “böyük ürək” onun ən qiymətli
sərvətidir – hər zaman özü ilə gəzdirdiyi
“misilsiz sərvət”...
İnsanın
Ana dilində öz hisslərini ifadə etməsinin nəyi qəbahətdir?..
Vaqif
müəllim kimyanın qüvvəsinə
inandığı kimi, sözün də qüvvəsinə inanır, inanır ki, sözlə
dəmir qapıları belə açmaq olar. Özü
də sözlə dostluq edir, şeir yazır. Amma bu, birmənalı qarşılanmır, bəzən
onu tənqid edirlər. O isə dəfələrlə
deyib ki: “Şeir içimdən gələn səsdir,
duyğularımın ifadəsidir.”. Elə
isə, insanın Ana dilində öz hisslərini ifadə etməsinin
nəyi qəbahətdir?..
Haqlıdır. O, şairlik iddiaslında deyil. Heç
yazdıqlarını da “şeir” adlandırmır, onlara
“söz düzümlərim” deyir. Müdrikləri,
dahiləri sevə-sevə, öyrənə-öyrənə
özü də müdrikləşib, özü də
şairləşib, maraqlı poeziya nümunələrinin
müəllifinə çevrilib. Şeirlərində
öz obrazı da var. O, haram tikəyə əl uzatmayan
adamdır, şeirləri ilə bağlı
halallığını da hələ 1996-cı ildə ilk
şeirini yazanda dilə gətirib, sözün dahilərindən
“halallıq” alıb...
“Şeir, poeziya ruhun musiqisidir. Klassiklərimizə səcdə
edirəm, xüsusən qəzəllərə vurğunam.
Qəzəl ürək yanğımız,
nisgilimiz, həm də tariximizin səsi,
babalarımızın acı nəğməsidir. Amma mən şeir yazan deyiləm, qorxuram o
sözü deməyə. Sadəcə, söz
düzümlərim var... Yusif Məmmədəliyev
də bir vaxtlar bir neçə şeir yazmışdı,
düzü, o da mənə sirayət etdi. Bir də,
çox gözəl, ancaq tanınmayan bir şair var,
Ələmdar İsa. Otuz il “Qlavlit”də
senzor işləyib. Bəzən səhərədək
onun şeirlərinə qulaq asmışıq. O,
Höteni orijinaldan tərcümə edib. Hötenin Məhəmməd
peyğəmbər haqqında 15 səhifəlik şeirini Ana
dilimizə o qədər səlis tərcümə edib ki! Mən o şeiri oxuyanda bir daha bildim ki, Məhəmməd
peyğəmbər kimdir. Bəlkə, elə bu təsir
məni qələmlə dost elədi, amma mən söz
düzümlərini yazmadan əvvəl söz sərraflarımızdan
halallıq istədim:
Ey
şeir dünyamız, söz Allahımız,
Nizami babamız, bağışla məni.
Hürufi
məsləkli söz peyğəmbəri,
Nəsimi babamız, bağışla məni.
Ələmdar
İsanın uydum sözünə,
Döndüm gəncliyimin şeir mülkünə.
Necə yanaşdım
mən Allah sözünə,
Füzuli
babamız, bağışla məni...”
Vaqif
müəllimin “Bənövşə” adlı çox gözəl
bir şeiri var. Həmin şeir bu zərif çiçəyə
həsr olunan ən oxunaqlı şeirlərdən biridir, bəlkə
də...
Tikansız
güllərin şahı sənsən, sən,
Sevənin sevənə hədiyyəsisən.
Sən əhdi-peymanın
nişanəsisən,
Qızlara elçisən, elçi, bənövşə.
...Dinlə
sözlərimi, unutma bunu,
Kolların dibində bükmə boynunu.
Bu qədər
utanma, söylə arzunu
Sən də
gözlərmisən elçi, bənövşə?..
“Bir xasiyyətim də var. Bunu mənə Allahdan gələn
hökm hesab edirəm. Birinci kursda oxuyandan nə
yazmışamsa, hamısının əlyazmasını
saxlayıram. Mənim tələbəlik dəftərlərim
də arxivimdə qalır. Əlyazmalarımda,
bir qayda olaraq tarix, gün, saat, dəqiqə mütləq qeyd
olunur. Bir neçə il əvvəl
əlyazmamı makinada yazan xanım pəncərəni
örtməyi unudub, yağış yağıb və əlyazmam
islanıb. Tənbəllik etmədim, islanmış əlyazmanın
küncünə belə yazdım: “Nə vaxtsa bu əlyazmanı
oxuyacaq insanlar, məni pinti, səliqəsiz hesab etməyin. Sadəcə,
bilin ki, bunu makinaçının səhlənkarlığı
üzündən yağış suyu isladıb...”
“Yaxşı
ki, sən vardın mənim yanımda...”
Bir əcnəbi
alimin Vaqif müəllimə yubiley təbrikindəki fikrini
xatırlayıram: “Siz, işinizdə xoşbəxt
insansınız. Sizin elmi fəaliyyətiniz cəmiyyət
tərəfindən yüksək qiymətləndirilir. Sizin davamlı peşəkar inkişafınız
bunun sübutudur: professor, AMEA-nın akademiki, AMEA-nın
mükafatı laureatı. Şəxsi həyatınızda
da xoşbəxtsiniz. Gözəl həyat
yoldaşınız var. Zəngin bir atasınız: iki
qızınız, bir oğlunuz var. Sizin
çətin və uğurlu həyat yolunuza hörmətlə
yanaşılır...”
Ailə
onun üçün ali dövlətdir. Bu “dövlət”ə görə özünü ən
çox Zemfira xanıma borclu bilir. 41 ildir birgə yol gəlirlər,
yaxşı gündə də, pis gündə də bir-birindən
bərk tutublar...
Dar
günüm çox oldu bu gen dünyada,
Yaxşı
ki, sən vardın mənim yanımda...
“Uğurlarımda xanımının xidməti əvəzsizdir. Onun həyatımdakı
rolu barədə nə desəm, kifayət etməz. Çox böyük mənəvi dayaq olub mənə.
25 il sovet hərbi sisteminə xidmət edən
elmi işlə məşğul olmuşam və təqribən
hər ilin 6-8 ayını Rusiyanın şəhərlərində
ezamiyyətdə keçirmişəm. Üstəlik, ailə
həyatımızın 13 ili yataqxanada
keçib, övladlarımız orada dünyaya gəlib: 16
kvadrat metrlik otaqda. Yəni o, mənə
silahdaş olub, əsəbi vaxtlarımda məni ovudub. Məsələn, gecə saat üçə,
dördə qədər işıq yanılı qalıb, mən
işləmişəm. Hər şeyi qəbul
edib. Zemfira xanım öz dayım qızıdı.
Onların ailəsində 10 uşaq
böyüyüb və bu ailə bütün nəslimiz
üçün ümid, məsləhət yeri idi. Dayım nəslin ağsaqqalı olub, xanımı
da ağbirçəyi. Yoldaşıma da
alicənablıq valideynlərindən keçib. Zemfira xanımın bir xidmətini isə həyatım
boyu unutmaram. Biz yataqxanada yaşayanda
anamın gözləri qəflətən tutuldu.
Yoldaşım altı ay uşaq kimi o balaca otaqda anamın
qulluğunda durdu, bir dəfə də üz-gözünü
turşutmadı... Mən bunları ona görə
danışmıram ki, ailəmi tərifləyim. Dediyim odur ki, qoy gənclərimizə görk olsun.
Hər xırda söz-söhbətin
üstündə ailələrini dağıtmasınlar.
Mən valideynlərimə, dayıma,
dayımın xanımına, nəslimizə borcluyam.
Heç kim istəyimə qarşı
çıxmadı. Bizim nəslin
yazılmamış çox sərt qanunları var, sərt, o
mənada ki, artıq hərəkətə yol verə bilməzsən.
Elə ona görə də nəslimizdə hamı
böyük nüfuz sahibidir...”
Övladları ömrünə qürur, nəvələri
gözlərinə nurdur. Onların isə Vaqif müəllimin
həyat yolu ilə fəxr etməyə mənəvi haqqı
var...
“Müəllim
“zərrəciklər” sərrafıdır…”
“Müəllimdir
zərrəciklər sərrafı,
Özü
ümman, zərrəciklər ətrafı,
Aliliyi bir
sirlicə zərrəcik,
Ona
görə sevdiyim şey zərrəcik,
O sehirli,
həm də sirli zərrəcik...
Bu
misraları mənim üçün müqəddəs müəllim
simvolu olan atamın xəyalı ilə söhbətdən
sonra yazmışam... İndi kimə gəldi
“müəllim” deyirlər, belə olmaz, o sözün çəkisi
çox ağırdır. İnsandan böyük
varlıq yoxdur dünyada, müəllim isə bu ali varlığın ən alisidir. Ziyalı olan hər kəs ona edilən “müəllim”
müraciətindən qürur duymalıdır. Əgər
məndən soruşsalar ki, ömrünün qalan hissəsini
nəyə həsr edərdin, deyərəm müəllimliyə...
Əgər insan özünü yaşatmaq istəyirsə,
layiqli əvəzedicilər yetişdirməlidir. Şagirdlər “zərrəcik”lərdir, müəllimlər
isə bu zərrəciklərin sərrafı. Zərrəciklərdə alilik axtarmaq
lazımdır. Böyük valideyn, böyük insan,
böyük məktəb odur ki, o kiçik zərrəciklərdə
aliliyi görə bilsin...”
“Nə qədər
ömrüm var, elmimizin, təhsilimizin inkişafına xidmət
edəcəyəm...”
“Bilikli, elmli insan zindanda da xoşbəxtdir. Məhəmməd
peyğəmbərimiz deyir ki, elm öyrənmək izzətli
və cəlallı Allahın yanında namaz, Oruc, Həcc və
cihaddan üstündür. Fikir verin, o, elmi
İslamın bütün atributlarından üstün
görür. Ümumiyyətlə, “Qurani-Kərim”də beş yüzə yaxın hikmətli fikir var
elm haqqında...Və bunların hər birinin öz fəlsəfəsi
var. Mən hesab edirəm ki, islamşünasların həll
etməli olduqları ən böyük problemlərdən biri
də elmə verilən qiymətin düzgün şərhidir...
Bir amerikalı xristian “Dünyanın yüz dahi
adamı” adlı kitab yazıb, təsəvvür edin, o kitabda
birinci yerdə Məhəmməd peyğəmbərin adı
gəlir. İsa peyğəmbər isə
hətta ikinci yox, üçüncüdür. Və
müəllif yazır ki, xristianlar bu məsələdə məni
söyəcəklər, ancaq istəyirəm həqiqəti
biləsiniz... O, fikrini belə əsaslandırır ki, Məhəmməd
peyğəmbərin yaratdığı islam
dünyası bu gün kiçilmir. Amerika
konstitusiyasının 200-dən çox yaşı var, amma
İslam dünyasının konstitusiyasının 1400 il yaşı var və o heç vaxt dəyişmir.
O, insanlıq konstitusiyasıdır, cəmiyyət
konstitusiyasıdır. Yəni bu elə bir
konstitusiyadır ki, onun heç bir nöqtəsinə dəymək
olmaz, orda hər şey həmahəngdir, dəqiqdir. Bu,
Allah tərəfindən nizamlı şəkildə diqtə
olunmuş bir sistemdir...
Yəni dediyim odur ki, nə qədər ömrüm var,
elmimizin, təhsilimizin inkişafına xidmət edəcəyəm,
gördüyüm işlər həyatımın mənasıdır. Naftalan neftinin yeni təmizlənmə
texnologiyasının yaradılması və onun əsasında
dərman
preparatlarının istehsalı da fəxr etdiyim
işlərimin sırasındadır...”
İnsan
öz qəlbinin istisini heç kimdən əsirgəməməlidir...
“99-cu ildə
kəndə gedəndə atam dedi ki, sənə ata kimi neyləmişəm,
halal eləyirəm. Hərdən
mənə elə gəlir ki, nə qazanmışamsa, bax, o
halallıqla bağlıdır. Təbii ki, o
alqış həmişə mənim üstümdə olub,
amma ilk dəfə atam onu məhz 99-da dilinə gətirdi... Atam rəhmətə gedəndə mən
uşaqları Danimarkaya dünya olimpiadasına
aparmışdım. Hətta evdə
tapşırmışdım ki, bir şey olsa, məni
gözləsinlər. Atamdan nigaran
getmişdim. Qorxduğum başıma gəldi... Mən
13 iyulda qayıtdım, atam 12-sində rəhmətə
getmişdi, 2000-ci ilin... Həmişə deyirdi
ki, insan öz qəlbinin istisini heç kimdən əsirgəməməlidir.
O, çox xeyirxah idi, həmişə onu belə
gördüm. Hətta biz kasıb
yaşamışıq, amma bölməyi
bacarmışıq. Bağımız çox
böyük idi, atam isə meyvə ağaclarını
bacı-qardaşının uşaqları arasında bölərdi...
İxtiyarımız yox idi o meyvələrdən dərməyə...
Atamın xeyirxahlığına hər zaman
sadiq qalacağam. Görün, aqillər nə deyib:
“Ən böyük elm müdriklik, ən böyük
müdriklik isə xeyirxahlıqdır”. Dahilərin
aforizmlərini çox sevirəm, çünki onlar illərin,
əsrlərin süzgəcindən keçib, sınanıb.
Həm də onları adi adamlar yox, məhz dahilər deyib...
İnsan taleyinə biganəlik, bəlkə də, ən
böyük cinayətdir. Kim olursa-olsun, əgər taleyində
ağrılı nəsə varsa, onu bölüşməyə
çalışıram...
Təkcə
arzular və illər qayıtmır, amma ötən günlərin
xatirələri həmişə canlıdır...
“Vaxtı nə tələsdirmək, nə də ləngitmək
istəyirəm. Zaman elə məfhumdur ki, bizdən
asılı deyil. İnsan öz işini
düz qurmayanda vaxtdan gileylənir. Çox
təəssüf ki, təkcə arzular və illər
qayıtmır, amma xatirələr həmişə
canlıdır. Mümkün olsaydı,
ancaq uşaqlığıma qayıtmaq istərdim. Onlar elə əlçatmaz günlər, elə
yaşantılardır ki, onları, həqiqətən, yenidən
yaşamağa dəyər. Orada hər
şey çox təmizdir, idealdır, safdır. İstəyirsən
o saflıqda qalasan... Həyatımda heç nəyi
dəyişmək istəməzdim. Allahıma
çox inanıram və bilirəm ki, onun qarşımda
açdığı “marşrutlardan” ən optimalını
yaşamışam. Gözəl ailəm, hər
anımda mənə sirdaş, dost olan həyat
yoldaşım, ağıllı övladlarım,
ağıllı nəvələrim var...
Həyatım boyu o cür böyük dahilərlə,
şəxsiyyətlərlə təmasda oldum. İnsana bundan artıq nə
lazımdır ki! Heç nəyi bir də ona görə dəyişmək
istəməzdim ki, heç kimə pislik etmədim, heç
kimin yolunu kəsmədim, heç kimin haqqını əlindən
almadım, vaxtımı boş şeylərə sərf etmədim,
valideynlərimin, müəllimlərimin, üstümdə
haqq-sayı olan adamların üzünə ağ
olmadım...
Qəbahətsizlik təkcə Allaha məxsusdur. Səhvlərdən
sığortalanmaq mümkün deyil. Kimsə
düşünürsə ki, günahı, səhvi yoxdur, demək,
o yaxşı insan deyil. Mən, hətta elə
olur ki, öz işçilərimdən üzr istəyirəm,
səhvimi etiraf edirəm. İşdir, hər
şey olur. Etiraf rahatlıq gətirir...
Deyirlər, insan qəlbinin 40 qapısı var. Onun yalnız 39-nu açmaq mümkündür. Mən düşünürəm ki, o 40-cı qapını heç açmaq lazım deyil. Məşhur bir siyasətçinin dediyi kimi, elə şeylər var ki, onlar insanla qəbrə getməlidir, o sənin öz içində yaşamalıdır. 40 qapının nəinki biri, hətta bir neçəsi bağlı olsa yaxşıdır...
Və bu dünyanın nemətləri şimşək qədər davamsız və ötəridir, şan-şöhrət də, milyardlar da əfsanədir, insana qalan can sağlığı və yaxşılıqdır. Hər kəsə və təbii ki, həm də özümə ən əvvəl bunu arzu edirəm...”
... "Ömrümüzdən ömür qoparır, yaşımıza yaş gətirir sevinclə qeyd etdiyimiz ad günləri". Nə vaxtsa belə demişdim. Yenə deyirəm, amma indi təəssüflə yox, sevinclə. Çünki tarixə dönən 65 il hədər getməyib. Bu illərin sevinci daha böyükdür. Aşağıdakı mükafatlarınız da dediklərimi təsdiq edir: SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı (1987), “SSRİ-nin qabaqcıl ixtiraçısı” döş nişanı (1987), SSRİ Neft-Kimya Sənaye nazirliyinin Fəxri fərmanı (1989), akad. Y.H.Məmmədəliyev adına medal (1996), AMEA-nın Fəxri fərmanı (2000), Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı (2004), “Əməkdar müəllim” (2005), “Şöhrət” ordeni (2005), İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) “Elm və texnologiya” üzrə mükafatı (2009), NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyasının (Oksford, İngiltərə) “Avropa Keyfiyyəti” mükafatı (2009), The Name in Science" (Elmdə Ad) fəxri adı (2013), Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ((İngiltərə-2013), Uluslararası Altın Yıldız Madalyası (Türkiyə, Ankara-2013), Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu (2013), Atatürk Uluslararası Ödülü (2014), Xudu Məmmədov adına Beynalxalq mükafat (2014), Avropa Təbiət Elmləri Akademiyasının “Xidmətə Görə” Böyük Gümüş Xaç Ordeni (2014), Türk Dünyası Araşdirmaları Uluslararası İlimlər tərəfindən Türk Dünyası Elminə, Təhsilinə və İqtisadiyyatına verdiyi üstün xidmətlərinə görə Uluslararası Atatürk ödülü (2014)...
Elə isə, sevinməyə dəyər,
Vaqif müəllim! Yubileyiniz mübarək! Yaxşı ki,
varsınız! Ata-bala yaşında olmasaq da, hər dəfə
böyük ürəklə, “sən mənim böyük
qızımsan” deyən, zəng etdiyimdə t
Telefonun
o başında “Hay can, qızım” söyləyən və
bu deyimi ilə özü də hiss etmədən mənə
bir dünya yaşadan əziz və doğma İNSAN!..
Firuzə NADİR
525-ci qəzet .- 2017.- 5 oktyabr.- S.6.