Bakıda kitab qoxulu
üç gün
Sentyabrın sonu yaxınlaşsa da, yay çəkilib
getmək istəmir, payız isə təzə gəlin kimi
özünü göstərməyə utanırdı elə
bil. Amma qışda yayı, yayda qışı arzulayan
insan oğlu yenə o qədər şikayət etdi ki, yenə
günəşə "sabahadək" - deyib
yatdığımız gecənin səhərini küləyə,
yağışa, soyuğa oyandıq.
Bircə gecənin içərisində yay sanki əlləri
uzanıqlı payızı görməyib, bizi birbaşa
qışın qoynuna atmışdı. Qısaqol
köynəkdən birbaşa qalın gödəkçəyə
keçməli olmuşduq.
Elə soyuqla çaşqınlığın bir-birinə
qarışdığı günlərdə dadımıza
yenə də öz isti nəfəsi ilə kitab
çatdı.
Sentyabrın son üç günündə günəş
yenidən gülümsədi üzümüzə: bu dəfə
kitabların arasından.
Sentyabrın 28-dən 30-dək paytaxtımız
kitabların nəfəsilə isindi, kitab qoxusuna bələndi. Bu nəfəsin
və qoxunun bir araya toplanıb qüvvətləndiyi məkan
isə Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, bu
möhtəşəm tədbirin keçirildiyi Bakı
İdman Sarayı idi.
Üç gün ərzində mətbuatda,
sosial mediada ara vermədən bu sərgi
yarmarkanın xəbərləri yayıldı. 15-dən
çox yerli, 40-dan çox xarici nəşriyyat, çap,
poliqrafiya mərkəzlərinin, kitabxanaların
qatıldığı sərgi- yarmarka "insanımız
kitab oxumur", "cəmiyyətimiz mütaliədən uzaq
düşüb" fikirlərini iflasa uğratdı deyə
bilərik. Sevindirici haldır ki, Bakı
İdman Sarayında keçirilən sərgini üç
gün ərzində yüzlərlə, minlərlə paytaxt
sakini və xarici qonaqlar ziyarət etdilər.
Həm jurnalist, həm gənc yazar, həm də kitabsevər
kimi mənim üçün bu sərgi göydəndüşmə
idi desəm, yalan olmaz. Üç gün ərzində Bakı İdman
Sarayının zallarını bir-birinə vurub tədbirlərə,
imza günlərinə, yazarlarla görüşlərə
qatılmaq, hər iki tərəfində kitabların sərgiləndiyi
dar dəhlizlərdən keçmək, baxdığın hər
yerdə sənə gülümsəyən kitablar görmək,
saatlarla kitab sevən, mütaliə həvəskarı
insanların ətrafında olmaq anladılası deyil,
yaşanılası zövqdür.
Elə də
geniş şəraiti olmayan evin hər görünən,
görünməyən künc-bucağına
kitablarını dolduran, getdiyi hər yerdən əlində ən
az bir-iki kitabla qayıdan, hətta
özünə çatacaq balaca bir yerə belə
kitablarını yerləşdirən qızınız, ya da
ailə üzvünüz olsa, nə edərdiniz? Bu mənada ailəmə böyük səbir yiyəsi
deyə bilərəm. İllərlə
bircə otaqlı mənzildə mənim mindən çox
kitabım dörd nəfərlik ailəmizin beşinci
üzvü kimi olub. Onlar oxumadıqları
kitablarımı mənimlə birgə qoruyub, saxlayıblar.
Ancaq zaman keçdikcə, yaşım və təhsilim
artdıqca kitablarımın sayı da artmağa
başladı. İndi onları qoymağa
yer olmadığından, təbii ki, haqlı etirazları ilə
qarşılaşıram. Buna görə də son
zamanlar maksimum dərəcədə az
kitab almağa çalışıram. Nə qədər
müvəffəq olduğum isə bir ayrı söhbətin
mövzusudur. Di gəl bu qədər kitabın və
kitablara tətbiq olunan endirimlərin qarşısında dinc dayan görüm, necə dayanırsan. Nə zamandır əldə etmək, oxumaq istədiyin
kitabların qiymətləri bu qədər ucuzkən, fürsət
önünə qədər gəlmişkən bir həmlə
ilə geri itələmək olardımı? Olmazdı!
Ailəm məni bağışlasın!
Endirim demişkən, sərgi-yarmarka, əlbəttə
ki, öz endirimli qiymətləri ilə də seçilməli
idi. Burada bütün nəşriyyatlar, kitab evləri
öz nəşrlərinə 20-70 faiz arasında endirim
etmişdilər. Qısacası, sərgi-yarmarkada
hər yaş, hər sahə və ən vacibi hər büdcə
üçün kitab tapmaq mümkün idi. Yetər ki, marağın və həvəsin olsun.
V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu çərçivədə
keçirilən tədbirlərlə, imza günlərilə
də yadda qaldı. Üç gün ərzində bir
sıra tanınmış şair və nasirlərin, gənc
yazarların oxucularla görüşləri soyuq payız
günlərində ilıq aura yaratdı. Ən çox xoşuma gələn isə
özünün azyaşlı övladları ilə birgə
bu sərgiyə qatılan ailələr oldu. O
uşaqların kitaba marağı, hər gördükləri
ilə bağlı valideynlərinə verdikləri suallar, əllərində
sevinclə yellədikləri şəkilli kitablar ölkəmizin
sağlam gələcəyinə olan ümidləri bir az da artırırdı. İndi bir şey
anlamadan anasının, atasının qucağında
hansısa tanınmış yazarla şəkil çəkdirən
balaca körpə əminəm ki, bundan beş
və ya on il sonra o şəkilə baxanda qürur hissi
keçirəcək, həmin yazarın əsərlərini
başqa maraq və sevgiylə oxuyacaq.
Sərgi-Yarmarka
çərçivəsində keçirilən maraqlı tədbirlərdən
biri də Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət
və Tanıtma Müşavirliyinin təşkilatçılığı
ilə "Nəşriyyat işi sahəsində Türkiyə-Azərbaycan
əməkdaşlığı" adlı konfrans oldu. Konfransda hər iki ölkənin tanınmış
naşirlərinin iştirakı ilə nəşriyyat
işi, kitab çapı, tərcümə ilə
bağlı müxtəlif mövzuların müzakirəsi
keçirildi, irad və təkliflər səsləndirildi, gələcəkdə
birgə əməkdaşlıq sahəsində ilkin
addımlar atıldı.
Bütün
günlərdə oxucu marağı yetəri qədər hiss
olunan sərginin son günündə insanların sayı
xüsusən çox idi. Sentyabrın 30-da
Bakı İdman Sarayında bir başqa canlanma var idi. Həmin gün oraya təkcə gənclər deyil,
yaşlı nəslin nümayəndələri, uşaqlar,
ziyalılar, tanınmış ədəbiyyat adamları, gənc
yazarlar da toplanmışdı. Saat 14:00-da isə həmin
izdiham bir nöqtəyə üz tutdu - "Qanun" nəşriyyatının
stendinə. Əlbəttə, bu da səbəbsiz
deyildi. Həmin saatda şair Ramiz
Rövşənin oxucularla görüşü və "Nəfəs"
kitabının imza mərasimi keçirilirdi. Artıq
bir neçə gündür ölkə mediasına səs
salan bu görüş mənim yaddaşımda bir xalqın öz şairinə
böyük məhəbbətinin göstəricisi kimi
qaldı.
Azərbaycan poeziyasının böyük nümayəndəsi
olan şairlə görüş həmişə səs-küylüdür,
özü özlüyündə bir hadisədir. Çünki
Ramiz Rövşən ruha yaxın misraları ilə el dilində
desək, "yeddidən yetmişə" bütün
oxucuların sevgisini, məhəbbətini qazanıb. Bunun yalnız sözdə belə
olmadığını 30 sentyabr günü Bakı İdman
Sarayının böyük zalında Azərbaycan oxucusu bir
daha sübut etdi.
Ramiz Rövşən elanda göstərilən vaxtda
sarayının giriş qapısında gülümsər
çöhrəsi ilə göründü. Artıq dəqiqələr,
hətta saatlardır əllərində "Nəfəs"
sevimli şairlərinin yolunu gözləyən insan ordusu bir
andaca stendin qarşısında şairi əhatəyə
aldı. Hər kəsdən kənarda,
hündür bir yerdə bu mənzərəni seyr edən mən
isə Ona yaxınlaşan, sevgisini bildirən hər kəsə
böyük təmkin və gülər üzlə
qarşılıq verən şairi bir daha kəşf etmək
şansı qazandım. Görürdüm ki,
satıcıların, nəşriyyat işçilərinin və
təyin olunmuş şəxslərin növbəni pozan,
şairlə bir neçə saniyə, dəqiqə daha
artıq vaxt keçirmək üçün onu söhbətə
tutan oxuculara acıqlanması, bir az kobud
danışıqları Ustadı narahat edir. Özü tez-tez
onlara "eləməyin", "incitməyin",
"qarışıqlıq salmayın", "eybi
yoxdu" sözləri ilə iradını bildirməyə
çalışırdı. Və o sirli-sehrli təbəssüm
üzündən heç çəkilmədən....
Görüşün mənim üçün ən
yaddaqalan məqamı isə qucaqlarında 2-3 yaşlı
qızla şairə yaxınlaşan cütlük idi. Onların əllərində
bir şəkil diqqətimi çəkdi. Deyəsən,
toy şəkli idi. Böyük izdihamı yararaq şairə
yaxınlaşan cavan ana həmin şəkili şairə
göstərərək dedi:
- Ramiz
müəllim, dörd il öncə siz
bizim toyumuzda qonaq kimi iştirak etmiş, bizə xeyir-dua
vermişdiniz. İndi isə biz sizinlə görüşə
üç nəfər gəlmişik...
Xanım bu sözləri deyərkən yoldaşı
qucağında uşaqla onlara yaxınlaşır. Şair
gülə-gülə şəkili xanımın əlindən
alıb baxır və təbəssümlü siması daha da
xoş cizgilər alır. Gənc ailə
kitab imzalatdırır, sonra şəkil çəkdirmək
istəyirlər. Bu dəfə şair ailənin
balaca üzvü olan qızcığazı qucağına
alır. Və beləcə daha bir tarixi foto yaranır...
Bu gözəl mənzərəni seyrindən məni həyəcanlı
bir səs ayırır. Təşkilatçı bir xanım təlaş
içində telefonla danışır: "Burada kitablar
bitib, camaat çoxdur, tez nəşriyyatdan kitab göndərin".
Sonra isə kitab üçün əlini ona uzatmış
insanlara: "Kitab bitib, buradakılar imzaladana qədər nəşriyyatdan
kitab gətirəcəklər, səbrli olun" - deyirdi. Mən
də o səbrli olmalılar sırasındayam... Nəhayət, gözlədiyimiz kitabın yeni
nüsxələri gətirildi. Mən də
daxil, oradakıların bir qismi öz yeni kitablarına
qovuşdular, alıb imzalatdılar, şairlə şəkillər
çəkdirdilər. Ancaq bu da kifayət
etmədi. Nəşriyyatdan yenə kitab gətirildi
və onlar da bitdi. Sonra yenə. Bu
proses bir neçə dəfə təkrarlandı.
Elə həmin
saatlarda Sərgi-Yarmarka çərçivəsində
çağdaş ədəbi mühitimizin
tanınmış nümayəndələri Pərvin, Şəhriyar
del Gerani və Fərid Hüseynlə
görüş başlandı. Oxucuları Ramiz
Rövşənin ətrafında, şairi isə onların
sıx əhatəsində və kitablarını
imzaladığı yerdə qoyub qalxdım mətbuat
zalına. Burada da hər tərəfdə
sözün, ədəbiyyatın, kitabın qoxusu var idi.
Hər üç gənc yazar böyük səmimiyyətlə
ədəbiyyat barədə, yaradıcılıqları
haqqında danışırdılar. Pərvin xanım
özünəməxsus yumor və hazırcavablıqla
görüşə yön verir, Şəhriyar del Gerani və Fərid Hüseyn seçmə
şeirlərini oxuyurdular. Bu
görüşün ən yaddaqalan tərəfi isə
qonaqlarla yazarlar arasında yaranmış isti münasibət
idi. Hər kəs çəkinmədən
onu maraqlandıran sualları yazarlara ünvanlayır, onlar da bəzən
yumoristik, bəzən ciddi şəkildə sualları
cavablandırırdılar.
Xeyli çəkən bu görüşün ardından, sərgi-yarmarkanın böyük zalda keçiriləcək bağlanış mərasiminə qatılmaq üçün aşağı düşəndə gözlərimə inanmıram: Ramiz Rövşən, yenə üzündə o möcüzəli təbəssüm, hələ də oxucuları üçün kitab imzalayır, şairlə şəkillər çəkdirilir. Beləcə, Ramiz Rövşənlə iki saatlıq nəzərdə tutulmuş görüş dörd saata yaxın davam edir. Axıra yaxın insanların bir qədər seyrəlməsindən istifadə edib yenidən şairə yaxınlaşdım. Bu dəfə məqsədim kitab imzalatmaq, şəkil çəkdirmək deyil: həm qəzetimiz üçün, həm də öz marağım üzündən şairlə qısaca söhbətləşmək, təəssüratlarını öyrənmək istəyirəm. Şairin simasına, gözlərinə ani baxmaq onun ruh halını, təəssüratlarını öyrənməyimə bəs edir: Şairin üzünə bambaşqa bir nur, gözlərində təsvirəgəlməz parıltı görürəm. Hiss olunur ki, bu qədər böyük sevgi, bu qədər diqqət onu çox sevindirib, həm də deyəsən, azacıq kövrəldib: "Bu izdiham yalnız mənə, mənim yaradıcılığıma deyil, ümumilikdə Azərbaycan ədəbiyyatına diqqətin təzahürüdür" - deyərək, yenə də təvazökarlığından qalmır.
Azərbaycan Milli Kitabxanasının stendinə
yaxınlaşıram. V Bakı Beynəlxalq Kitab Sərgi
Yarmarkasının yekun mərasimi-mükafatlandırma məhz
bu stenddə təşkil olunub. Bütün
nəşriyyatların nümayəndələri buradadır.
Hamısının bir əlində diplom, bir əlində
qızılgül, gözlərində isə sevinc
işartıları.
Bu məqamda, qəzetimizin redaktoru Seyfəddin Hüseynli
ilə ayaqüstü bir dialoqumuz olur. Seyfəddin müəllim
müşahidələrimi xəbər alır, əhval-ruhiyyəmlə
maraqlanır. Mən də həvəsə
düşüb danışır, bəlkə də müəllimin
özünün görüb-bildiklərini təzədən
təkrarlamış oluram. Sonda isə ərkyanalıqla:
"Müəllim, tədbirlərdən macal olmayıb, səhərdən
ac-susuzam, tamam əldən düşmüşəm" -
deyirəm. Seyfəddin müəllim gülümsəyib,
nitqinin bəlli ahəngi ilə:
-
Heç nə olmaz, bu gün də kitabların qoxusu ilə
qidalan, - deyir.
Bu
sözlər mənə sanki diqqətimdən qaçan, vacib
bir həqiqəti xatırladır: anlayıram ki, təkcə
bu gün yox, son üç gün ərzində, doğrudan
da, kitabların qoxusu ilə qidalanmışam. Bu misilsiz, əsrarəngiz
qoxu təkcə cismimi deyil, ruhumu da qidalandırıb, mənəvi
toxluğum fiziki aclığıma üstün gəlib...
Beləcə, üç günlük kitab bayramı
bitir və mən yüksək əhvalda, əlimdə iki zənbil
kitabla evə qayıdıram. Atam məni görüb dodaqaltı
gülür: "Yenə nə kitablardır belə,
yığıb gətirmisən?.."
Şahanə MÜŞFİQ
525-ci qəzet.-
2017.- 5 oktyabr.- S.7.