Ədəbi yaddaşımıza işıq tutan dəyərli tədqiqat əsəri

 

 

Hələ uşaq deyiləcək yaşlardaydım, orta məktəbə gedirdim.

 

Kənddəki yaşlılarımızdan yarı parçamızın, qohumlarımızın o tayda olduqlarını və o tayın da Azərbaycan demək olduğunu çox kiçik yaşlarımda  öyrənmişdim. Öyrənmişdim, amma o günə qədər əlimizdə Azərbaycan deyilən ölkə ilə bağlı nə bir yazı, nə də bir kitab, yaxud foto vardı. Bizim üçün Azərbaycan eynilə xəyallardakı bir ölkə kimiydi...

 

Bir gün, əlimə heç bilmədiyim, tanış olmadığım hərflərlə yazılmış rəngli bir kitabça keçdi. Kitabçadakı şəkildə  bizim ana-bacılarımıza bənzəyən qadınlar xoşbəxt bir şəkildə pambıq yığırdılar. O hərflər və o kitabçada yazılanlara çox maraq edirdim. İğdırda sorub- soruşduqdan sonra Zeynalabdin Makas adında bir ədəbiyyat müəlliminin o hərfləri bildiyini öyrəndim. Dərhal o müəllimin yanına getdim və arzumu söylədim. Heç etiraz etmədi və mənə o hərflərin kiril əlifbası olduğunu söylədi və bu əlifbanın latın hərfləriylə qarşılığını yazıb verdi. O qədər həvəsliydim ki, bir neçə saat içində o hərfləri  öyrəndim və kitabçanı oxumağı başardım. Kitabçada gülərüz Sovet qadınlarının xalqları üçün necə şövqlə çalışdıqlarından bəhs edilirdi. O gündən sonra Zeynalabdin Makasın peşini buraxmadım. Ona sürəkli Azərbaycan haqqında suallar verirdim. Ən sonda ondan Azərbaycanla əlaqə qura biləcəyim bir ünvan aldım. Verdiyi ünvan professor Abbas Zamanovun idi.

 

O günə qədər Abbas Zamanov kimdi, nələr yazmışdı, xəbərim yox idi. Yalnız ədəbiyyat müəllimi olduğunu və Ərzurum Universitetinə çoxlu kitab göndərdiyini söyləmişdi. Tez Abbas Zamanova bir məktub yazdım. Aradan bir neçə ay geçmişdi və doğrusu, mən o məktubu da, Abbas Zamanovu da tamam unutmuşdum. Məktəbdən kəndə dönüşlərimdə başqa kənd  uşaqları kimi tarlada atama yardım edirdim və o sıralarda da taxıl biçini mövsümüydü. Sabah erkəndən yuxudan oyanıb atamla birlikdə tarlaya gedir, axşam yorğun-arğın evə dönərdik. Taxıl biçini başa çatdı, atam bizim taxılın bir qismini satmaq üçün İğdıra - mərkəzə getdi. Axşam evə döndüyündə çox hirsli və çaşqındı. Hamımız qorxmuşduq. Nə olmuşdu, əcaba? Taxılı yaxşı qiymətə sata bilməmişdimi? Anam bir şey soruşmağa fürsət tapmadan atam məni yanına çağırdı və sərt şəkildə mənə bir məktub verərək: “Hələ bir oxu da, öyrənək, görək, nədir bu başımıza açdığın iş?”,- dedi.

 

Doğrusu, qorxmuşdum, bir məktuba, bir də atamın üzünə baxdım. “Poçtalyon verdi”,- dedi. “Verərkən də, bu məktub Rusiyadan gəlib, başınıza bir iş açılacaq”, - demişdi. O dönəmlərdə Sovetlər Birliyi ilə əlaqə quranlara “ajan” damğası vurulurdu. Anam qorxudan sapsarı olmuşdu. Atam, sanki anam suçluymuş kimi, onu qınamağa başladı: “Oxut, oxut” dediyin oğulu oxutduq, getdi kommunist oldu”, - deyirdi. Mən nə baş verdiyini anlamışdım. Dərhal məktubu açdım. Məktub Abbas Zamanovdan gəlmişdi. Görünür, mərhum Abbas Hoca, hələ uşaq yaşlarında olduğumu məktubumdan anlamış, mənə söylənəcək gözəl və təqdiredici sözlər yazmışdı. Məktubda iki ədəd kitab göndərdiyini də əlavə etmişdi...

 

Atamla anama məsələni anlatdım, ikisini də sakitləşdirməyə çalışdım. Bir azca sakitləşdilər, amma qorxuları hələ qalırdı. Bir neçə gün sonra Abbas Zamanovun məktubda bəhs etdiyi kitablar da gəldi. Biri Hüseyn Cavidlə bağlı bir kitab, digəri isə Firudun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı materialları” idi. O kitabları iki müqəddəs kitab kimi necə də günlərcə dayanmadan oxumuşdum!..

 

Təxminən bir il əvvəl əlimə professor Bədirxan Əhmədovun “XX yüzil Azərbaycan ədəbiyyatı” kitabı düşdü və yuxarıda anlatdığım hadisə bir film lenti kimi gözlərimin önündən gəlib keçdi. Təsadüfə baxın ki, bu kitabın müəllifi, yəni Bədirxan Hoca, Abbas Zamanovun arxivində çalışarkən mənim ona hələ uşaq yaşlarımda İğdırdan böyük bir həvəslə yazdığım məktublarla qarşılaşıb. Bunu mənə illər sonra Bakıda görüşdüyümüz zaman söylədi.

 

“XX yüzil Azərbaycan ədəbiyyatı” kitabı Bədirxan Əhmədovun  yazdığı 550 səhifəlik, alın təri, göz nurunun nəticəsi olan bir kitabdır. Bu kitab bir ildən bəri yazı masamın üzərindədir və mən yazı yazmaya başlamadan öncə mütləq bir neçə səhifə o kitabdan oxuyuram. Belə irihəcmli və bilgi dolu, ensiklopediya tutumu daşıyan kitablar Qərbdə bir nəfər tərəfindən deyil, bir qurum, institut tərəfindən ancaq yazıla bilir. Bu durum da Bədirxan Hocanın necə bir əzm və şövqlə çalışdığının örnəyidir.

 

Kitab 19-cu yüzilin sonu 20-ci yüzilin əvvəllərində Azərbaycan milli ruhuna təsir edən yazıçı, şair və maarifçilərin formalaşdıqları muhiti anlatmaqla başlayır. Zatən, ilk bölümün başlığı da bunu çox gözəl bir şəkildə ifadə edir: “Azərbaycan ədəbiyatının milli hərəkat dövrü”. Deməliyəm ki, milli ədəbiyyatın dövrləşdirilməsində bu yanaşma tamamilə yenidir. Bir-birindən fərqli insanların, dəyişik ideolojilər və düşüncələr içində olsalar da, dilimiz və milli ruhumuzun qorunması, güclənməsi yolunda necə əzmlə çalışdıqları və 1918-ci ilinə gedən müstəqillik ortamına necə qatqıda bulunduqları kitabda çox geniş biçimdə anladılır. O dönəmdə çıxan qəzetlərin, dərgilərin bir-bir araşdırıldığı bölümdə, yazarların əsərlərindən örnəklər verilməsi baxımından da çox önəmlidir.

 

Bu bölümləri oxuyarkən mənim ən çox diqqətimi çəkən məsələ Bədirxan Hocanın anlatma üslubudur. Bəzi elmi kitabların üslubu və dili çox quru, sxematik olduğu üçün oxucular və özəlliklə tələbələr tərəfindən sevilərək oxunmazlar. Türk ədəbiyyat araşdırmacısı Kamal Qariboğlu 1989-cu ildə İstanbulda nəşr edilən “Örnəkli Kompozisiya Bilgiləri” adlı kitabında yazır ki, “güclü anlatma üslubu olan yazarların əsərləri hər zaman aranır və zövqlə oxunur”. Gerçəkdən də sinifdə dərs verən hoca ilə bilgiləri çatdıran yazarın üslubları, dilə hakim olmaları oxuma və öyrənmədə ən önəmli yeri tutur.

 

Bədirxan Hoca Azərbaycan türkçəsinə olan hakimliyi və axıcı üslubu ilə bu elmi kitabının zövqlə oxunmasına da yol açıb. Anlatmada struktur, təhkiyə, nəticə çıxarma bir plan çərçivəsində getməzsə, oxucunu yorar. Bədirxan Hoca bir dönəmi və ya bir yazarı təqdim etdikdə hadisəni anladır, sonra tənqidə yol açacaq bir üslubla suallar qoyaraq oxucunu düşünməyə sövq edir. Bu cəhətdən kitabın “Ədəbiyyat və repressiya: genezisi, xarakteri və yanaşma meyilləri” bölümü məndə olduqca böyük təəssürat yaratdı. Nədən ki, məlum səbəblərdən mənim repressiya haqqında bilgilərim başqa yöndə idi. Burada isə istintaq materialları, tarixi faktlar və ictimai-siyasi hadisələr fonunda dövrün xarakteri və repressiyanın genezisi gözlərim önündə açıldı. Müəllif çox doğru olaraq, repressiyanın bir fərdin digərinə qarşı törətdiyi lokal hadisə olmadığını, sovet dövlət aparatı tərəfindən törədilmiş ictimai-siyasi məzmunlu kütləvi hadisə olduğunu göstərir və əsaslandırır. Repressiyanın mahiyyətini başa düşmək üçün müəllifin qoyduğu “Doğrudanmı onlar (həbs olunanlar) öz sənətkar yoldaşlarının adlarını çəkmişlər?”, - sualını qoyaraq həqiqəti ifadə etməklə, oxucunu maraqlandırmağa, düşünməyə və araşdırmaya sövq edir.

 

Kitabda 1980-ci illərə qədər Azərbaycan ədəbiyyatının, demək olar, bütöv xronologiyasını çıxaran Bədirxan Hoca,  Azərbaycan mühacirət ədəbiyyatına da özəl bir bölüm ayırıb. Ən çox yararlandığım və bir neçə dəfə oxuduğum bu bölümdə, Azərbaycan legion ədəbiyyatı ilə qarşılaşmaq mənim üçün sürpriz oldu. Bir neçə il öncə Berlində arxivlərdə Əsəd Bəylə bağlı çalışarkən əlimə bir neçə səhifəlik legion ədəbiyyatı örnəkləri keçmişdi. O saralmış qəzetləri gözlərim dola-dola oxumuşdum. Vətəndən ayrı və vətənlərinin qurtulması üçün canlarını ortaya qoyan  bu insanlar qürbətdə şeirlər, yazılar yazıblar, dərdlərini və həsrətlərini o şeirlərə, yazılara hopdurublar. İndi budur, “20-ci yüzil Azərbaycan ədəbiyyatı” kitabında legion ədəbiyyatı mühacirətin bir qolu kimi öyrənilir.

 

“XX yüzil Azərbaycan ədəbiyyatı” kitabında bu bölümü oxuyarkən eyni duyğuları yaşadım. Bədirxan Hoca bu mövzunu səthi araşdırmayıb, xaricdə yayımlanan qəzetlərin adları, içindəki yazı və şeir yazanları, yazılanların mövzuları barədə də bir xeyli bilgi verib. Bütün bu problemlərin detallı şəkildə verilməsi araşdırmaçının necə bir intizam və əzmlə çalışdığının ən önəmli göstərgəsidir.

 

Kitabdakı “Mühacirət ədəbiyyatı” bölümündə özünə yer tapan digər önəmli məsələ də “Əli və Nino” romanıdır. Bu mövzuda uzun müddət araşdırmalar apardığımdan bunun necə qarışıq, mürəkkəb, mübahisəli və çətin bir mövzu olduğunu yaxşı bilirəm. Bu səbəbdən o bölümü də diqqətlə bir neçə dəfə oxudum. Açıq bir ifadə ilə deyə bilərəm ki, Bədirxan Hocanın yazdıqları, “Əli və Nino” əsəri, onun müəllifi haqqında çox elmi və detallı bir yazıdır. O yazıda “Əli və Nino” kitabı mövzusunda yerli və xarici araşdırmaçıların yazdıqları o qədər düzənli bir şəkildə təhlil edilib ki, oxuyarkən heyran olmamaq mümkün deyil. Hələ mən onu demirəm ki, bu araşdırmada “Əli və Nino” əsərinin müəllifliyi məsələsinə böyük ölçüdə aydınlıq gətirilib.

 

Bu gözəl tədqiqat əsəri, məncə, ədəbiyyatsevərlərin, tədqiqatçıların masaüstü kitabı olmalıdır. Çünki bu kitabda ifrat təriflərə yol vermədən, realist və axıcı bir üslubla, yüz ilə yaxınlaşan ədəbiyyatımızın, onun inkişaf yollarının, istiqamətlərinin və problemlərinin əhatəli təhlilini görmək mümkündür.

 

 

Orxan ARAS

 

525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.23.