Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər

 

 

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

XX əsrdə isə müstəmləkəçilikdən azad olunma, başqa sözlə, “Üçüncü dünya” ölkələrinin və xalqlarının müstəmləkə ağalığından azad olunması və onların dövlət suverenliyi qazanması prosesi getdi.

 

Əsrin sonuncu - dördüncü rübündə bu proses, demək olar ki, bütünlüklə başa çatdı. Buna baxmayaraq, keçmiş müstəmləkə birbaşa olmasa da, daha çox iqtisadi cəhətdən müxtəlif formalarda sənaye ölkələrindən asılılıqda (başqa sözlə, bu, neokolonializm adlanırdı) qalmaqda davam edirdi.

 

“Üçüncü dünya” ölkələrinin Qərbin inkişaf etmiş dövlətləri tərəfindən müxtəlif formalardakı qəyyumluğundan qurtulmasına müəyyən dərəcədə iki Dünya Müharibələri nəticəsində bir sıra aparıcı müstəmləkəçi dövlətlərin öz ağalıq mövqelərini və nüfuzunu itirməsi səbəb oldu. Eyni zamanda, müstəmləkə ağalığına mütəşəkkil müqaviməti möhkəmləndirdi, bu, əhalinin geniş təbəqələrində milli özşüurun oyanması, həmçinin liberal, sosialist və kommunist ideyalarının yayılması ilə əlaqədar idi. “Üçüncü dünya”nın xalqları aydın başa düşməyə başladılar ki, Qərb ölkələri onlara istismar obyekti kimi baxır.

 

Azad olunma prosesi müxtəlif formalar alırdı. Bu müstəmləkəçi hakimiyyətlərlə əməkdaşlıq sferasının daralmasında, daha geniş hüquqlar tələb edilməsində, Hindistandakı kimi zorakı olmayan müqavimət də və Vyetnamda və Əlcəzairdəki kimi daha çox partizan müharibəsi xarakteri alan, müstəmləkə ağalığına qarşı açıq mübarizədə meydana çıxırdı.

 

Birinci Dünya müharibəsinin nəticəsində məğlub edilmiş Almaniya öz müstəmləkə torpaqlarını itirdi. Digər müstəmləkəçi dövlətlər də yeni şəraitə düşdülər. 1918-ci ilin yanvarında ABŞ prezidenti Vudro Vilson 14 maddədən ibarət olan öz proqramında müstəmləkələrin “yerli əhalisinin maraqlarını” nəzərə almaq prinsipini irəli sürdü. Xalqların öz müqəddəratını həll etmək hüququnun həyata keçirilməsi üçün Millətlər Liqasının Mandat sistemi yaradıldı. Millətlər Liqasının “kamil xalqların”, öz ərazilərini “idarə etməyə qabil olmayan” xalqlar üzərində qəyyumluğundan ibarət idi. Suriya, Livan, İraq, İran, Toqo, Palestina, Samoa və Cənubi-Qərbi Afrika mandat altında olan ərazilərə çevrildi. Millətlər Liqası praktikada bu və ya digər əraziləri idarə etməyə mandatı ənənəvi müstəmləkəçi dövlətlərə - Böyük Britaniyaya, Fransaya, Yaponiyaya, Avstraliyaya, Cənubi Afrika İttifaqına, Yeni Zelandiyaya verirdi. Nəticədə müstəmləkələrin vəziyyətində çox az şey dəyişdi. Bununla yanaşı, Britaniya protektoratları Misir və İraq müstəqillik aldılar (müvafiq olaraq, 1922-ci və 1932-ci illərdə). Əslində isə bu müstəqillik çox məhdud idi.

 

Müstəmləkəçi dövlətlər müxtəlif prinsiplər əsasında mandatlar altında olan bu əraziləri idarə edirdilər. Britaniyalılar birbaşa olmayan inzibatçılığa üstünlük verirdilər, ənənəvi ictimai strukturlara və hakimiyyət münasibətlərinə bel bağlayırdılar. Fransızlar müstəmləkəçilik əraziləri və xalqları ümumi siyasi-inzibati strukturlara daxil etmək yolu ilə metropoliyaya yaxınlaşdırmağa can atırdılar. Belçika və Hollandiya paternalizmi özünü metropoliya ölkəsinin qəyyumluğunda olan “nadanlara” “qayğı göstərməkdə” nümayiş etdirirdi. Praktikada isə müstəmləkə idarəçiliyinin bütün bu metodları arasında fərq o qədər də böyük deyildi. Hətta XX əsrdə müstəmləkə administrasiyası yerli əhaliyə qarşı çox hallarda terrora və zorakılığa əl atırdı. Bütövlükdə isə müstəmləkəçi dövlətlər öz hakimiyyətləri altında olan xalqlara yerli tarixi ənənələri pozan və Avropa nümunələrini təkrar edən inkişaf modelini sırıyırdı.

 

“Üçüncü dünya”nın nöqteyi-nəzərindən İkinci Dünya müharibəsi yalnız sənaye cəhətdən inkişaf etmiş ölkələrin daxili münaqişəsi olmaqla, “ağ adamın” ağalığı erasına son qoydu. Onun başa çatmasından sonra İtaliya və Yaponiya öz müstəmləkələrindən məhrum oldu. Müharibədəki qələbədən sonra fövqəldövlətlər kimi tanınan ABŞ və SSRİ tarixi və ideoloji səbəblərə görə müstəmləkəçiliyin əleyhdarları idilər. Qərbi-Avropa dövlətlərinə Amerikanın təzyiqi bu ölkələrin müstəmləkəçilik siyasətinə də təsir göstərdi. Dəyişilən şəraiti “Üçüncü dünya”nın xalqları öz mənafeləri üçün istifadə etdilər. Birinci Dünya müharibəsindən sonra təsis edilən mandat sistemi BMT tərəfindən 1945-ci ildə ləğv edildi və beynəlxalq himayə ilə əvəz edildi.

 

Uzun müddət öz müstəqilliyi uğrunda mübarizə aparan Hindistan nəhayət  Böyük Britaniya imperiyasından ayrıldı. 1885-ci ildə yaradılan ümumi hind partiyası olan Hindistan Milli Konqressi müstəqil hökumətini qurmaq tələbi ilə ilk dəfə 1915-ci ildə çıxış etmişdi. Böyük Britaniya bunun əvəzinə 1914-cü ildə hindlilərə, əyalət idarəetmə orqanlarının fəaliyyətində məhdud qaydada olan iştirak etmək hüququ verdi. Bir il sonra Hindistan Milli Konqressinin rəhbərliyinə Mohandas Kramçand Qandi başçılıq etdi. O, Britaniya ağalığına qarşı zorakı olmayan müqavimət göstərmək barədə öz proqramını elan etdi. Hindistan öz müstəqilliyinə müstəmləkəçi hakimiyyətlərlə əməkdaşlıqdan imtina etmək, boykot, aclıq elan etmək və qanunların şüurlu qaydada icra edilməməsi yolu ilə çatmalı idi. Qandi bu proqramı svarac (düzgünlük yolu ilə getmək) adlandırdı.

 

1920-1922-ci illəri əhatə edən birinci mərhələdə induslar və müsəlmanlar onu birlikdə həyata keçirirdilər, lakin tədricən dini icmalar arasında ciddi ziddiyyətlər əmələ gəldi. Müsəlmanlar Hindistan Milli Konqressinin fəaliyyətində iştirak etməkdən imtina etdilər.

 

30-cu illərdə müstəmləkəçi hakimiyyətlərin Hindistanda keçirdiyi islahatlar azlıqlara - müsəlmanlara, kastadan kənar olan toxunulmazlar adlanan induslara xüsusi status verdi. Bu əhali qruplarını müdafiə etmək məqsədini güdən həmin islahatlar, əslində, onlar arasındakı münaqişəni kəskinləşdirdi. Buna baxmayaraq, Qandi və onun tərəfdarları ziddiyyətlərin aradan qaldırılmasına ümid edir, vahid hind xalqı ideyasını dəstəkləyirdilər. Kastalar probleminin həllində uğurlar qazanmaqla, onlar induslarla müsəlmanlar arasındakı ayrılmanın qarşısını kəsə bilmədilər. 1947-ci ildə ingilislərin Hindistandan getməsi ilə iki müstəqil dövlət meydana gəldi: indus Hindistanı və müsəlman Pakistanı. Bölünmədən əvvəl qanlı toqquşmalar baş verdi, bu, 200.000 adamın həyatını itirməsi ilə nəticələndi və bütövlükdə 8 milyon adamın doğma yurd-yuvalarından kütləvi  şəkildə çıxmasına səbəb oldu.

 

XIX əsrdə Çində öz iqtisadi maraqlarını güdən əcnəbi dövlətlər onu silah gücünə təsir sferalarına böldülər. XX əsrin əvvəllərində Çin iqtisadiyyatı geridə qalmışdı. Sənaye mərkəzləri əyalətlərdən ayrı düşmüşdü, mülkədarlar və bürokratiya kəndlilərin qanını sorurdular, kəndlilər isə Çin əhalisinin əksəriyyətini təşkil edirdilər. 1925-1927-ci illərdə Qomindan partiyası öz təsirini bütün ölkəyə yaya bildi. Sonrakı illərdə Çin Kommunist Partiyası kəndliləri öz tərəfinə çəkməyə cəhd etdi. Partiya bu məqsədinə Qomindanla münaqişədə çatırdı, 1937-ci ildə başlanan Çin-Yapon müharibəsinin gedişində isə həm də xarici təcavüzlə mübarizə aparırdı. Partizan müharibəsində uğurlarına və kommunistlərin nəzarət etdiyi ərazilərdə əsaslı müsbət dəyişikliklərə görə onlara əyalətlərdə yaşayan əhalinin kütləvi dəstəyini qazanmaq nəsib oldu. 1945-ci ildə Yaponiyanın məğlubiyyətindən sonra kommunistlər vətəndaş müharibəsində (1945-1949-cu illər) qalib gəldilər. Bu qələbə ona görə böyük sayıla bilərdi ki, Qomindan kəmiyyət üstünlüyünə malik idi və ABŞ ona hərbi köməklik göstərirdi.

 

Vyetnam XIX əsrdə müstəmləkə ekspansiyasının obyektinə çevrildi. 1887-ci ildə Fransa Vyetnam, Laos, Kambocanı vahid müstəmləkə ərazisinə çevirdi - Hind-Çin ittifaqı meydana gəldi. Əhalinin əksəriyyətini təşkil edən kəndlilər öz üzərlərində ikiqat zülmü daşıdılar. Yerli mülkədarlardan borc asılılığında olan kəndlilər həm də müstəmləkəçi hakimiyyətlərə vergi ödəməli idi. İkinci Dünya müharibəsi illərində Hind-Çinin ərazisini yapon qoşunları işğal etdi. Yapon qəsbkarları ilə mübarizədə 1941-ci ildə Ho Şi Min tərəfindən yaradılan müstəmləkəçiliyə qarşı Vyetnamın mili-azadlıq hərəkatı sürətlə böyüdü. 1945-ci ilin sentyabrında o, Vyetnam Demokratik Respublikasının yarandığını elan etdi. Fransanın VDR-in tanıması barədə 1946-ci il müqaviləsinin əksinə, Fransa hökuməti neokolonializm siyasətini aparmağı davam etdirdi. Nəticədə bu, 1945-ci ildə Fransanın məğlubiyyəti ilə nəticələnən müharibəyə gətirib çıxardı. Elə həmin il Vyetnamın parçalanması baş verdi. Dinc qaydada birləşdirmə mümkün olmadı. Şimali Vyetnam (VDR) sovet blokuna və Çinə arxalanırdı. Cənubi Vyetnam (Vyetnam Respublikası) amerikanların köməyindən bəhrələnirdi. SSRİ-nin və ABŞ-ın başçılıq etdiyi iki hərbi-siyasi blokun bir-birinə qarşı durması ümumdünya tendensiyasını əks etdirirdi. 1960-cı ildə Cənubi Vyetnamın milli azad edilməsi cəbhəsi meydana gəldi, bir il sonra isə onun döyüş təşkilatı olan Vyetkonq adlı partizan ordusu əmələ gəldi, onu kommunist Şimalı dəstəkləyirdi. 1963-cü ildə Vyetkonqun Vyetnam Respublikası ordusu ilə ilk toqquşmaları baş verdi. Vyetkonq ölkənin cənubunda geniş vilayətlərə nəzarəti ələ keçirdi. 1965-ci ildə amerikan aviasiyası VDR-nın ərazisinin bombardman etməyə başladı. 1969-cu ildə Vyetnamda dinc nizamlanma üzrə dördtərəfli konfrans keçirildi. 1972-ci il dünya ictimai rəyinin təzyiqi altında ABŞ öz qoşunlarını Vyetnamdan çıxardı. 1976-cı ildə Şimali və Cənubi Vyetnam, Vyetnam Sosialist Respublikası adlanan vahid dövlətdə birləşdi.

 

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Böyük Britaniya öz müstəmləkələrində bir sıra islahatlar həyata keçirdi. 1956-cı ildə Fransa Mərakeşin və Tunisin müstəqilliyini tanıdı. Lakin Qara Afrika adlanan ərazilərdə o, özünəməxsus inteqrasiya siyasəti həyata keçirirdi, afrikan siyasətçilərinə metropoliya parlamentində yer tutmaq imkanı vermişdi.

 

Afrika siyasətçiləri kütləvi partiyalar təşkil etmək yolu ilə yerli əhalini müstəmləkə ağalığı ilə mübarizəyə səfərbər etməyi bacarmışdı. Onlar həm də metropoliyalarla danışıqlarda kompromislərə gedirdilər. Qara Afrikada ilk müstəqil dövlət 1957-ci ildə Qana oldu. 1960-cı ilin sonunadək daha 18 ölkə müstəqillik qazandı.

 

Müstəmləkəçi dövlətlərin bu liberal kursu, təbii ki, hansısa humanitar prinsipdən irəli gəlmirdi. Tam şəkildə realistik səbəblərlə əlaqədar idi. Hər şeydən əvvəl “Üçüncü dünya”nın ölkələrinə qarşı güc siyasəti təcrübəsi nəzərə alınırdı. Belə ki, Fransanın Hind-Çində apardığı müstəmləkəçilik müharibəsindəki və Süveyş kanalının 1956-cı ildə Misir tərəfindən milliləşdirilməsinə ingilis-fransız-İsrail qüvvələrinin mane olmaq cəhdi kimi güc siyasəti öz perspektivsizliyini göstərmişdi. Eyni zamanda, Avropa dövlətləri ümid edirdilər ki, müstəmləkələrə müstəqillik verdikdən sonra da onlar həmin ölkələrin iqtisadiyyatında hakim mövqelərini qoruyub saxlayacaqlar. Əlcəzairdə metropoliya ilə qarşılıqlı münasibətlər barədə məsələnin həlli əlcəzairli fransızların kəskin müqaviməti ilə qarşılaşdı. 1954-cü ilin sonunda Əlcəzair Milli Azadlıq Cəbhəsi müstəqillik uğrunda müharibəyə başladı. 7 illik partizan müharibəsindən sonra, 1962-ci ildə Əlcəzair müstəqillik əldə etdi. Rodeziyada (müasir Zimbabve) ağ kolonistlər Britaniya hökumətinin qərarına tabe oldular və 1979-1980-ci illərdə hakimiyyəti qaradərili çoxluğa verməyə məcbur oldular. Portuqaliya hakimiyyətləri isə əksinə, Anqolada, Mozambikdə və Qvineya-Bisauda azadlıq hərəkatının təzyiqinə müqavimət göstərməkdə davam edirdilər. Bu ölkələrdə milli qüvvələrin rəhbərliyi altında Sovet İttifaqının və Kubanın dəstəklədiyi partizan mübarizəsi gedirdi. 1974-cü ildə Portuqaliyada diktator rejimi süqut etdikdən sonra onun müstəmləkələri müstəqillik qazandılar.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.22.