Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

 

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

PROLETAR ƏDƏBİYYATI

 

Milliyyətçi ədəbiyyatın vahid cəbhəsi qarşısında

 

(Azərbaycan ədəbiyyatında hegemoni qavğası)

 

Çoxdandır ayrı düşdüm,

Üç boyalı bayraqdan

A dostlar bən yoruldum,

Bu gizli ağlamaqdan.

 

Ə.Cavad

 

Yuxarıdakı beyti Ə.Cavad bəy müəllim bulunduğu Bakı Türk Sənaye Texnikomunda, bir tələbənin dəftərinə qırmızı mürəkkəblə, heca vəzninin yeddiliginə misal olmaq üzrə yazmış imiş... Gənclər də onu dəftərdən dəftərə yazmış, gənc komunist şairlər ona bənzətmələr yaratmışlar, bu surətlə Ə.Cavad bəy “sosyalizmin bütün müzəffəriyyətinə rəğmən - komunist gəncligini “müsavatizmlə zəhərləməgə” müvəffəq olmuşdur...

 

“Ələmdən Nəşəyə”silə saxta və yalan gülüşlərin şah əsərini yaradan və Mustafa Quliyevin təbirilə “yalançı optimist” Süleyman Rüstəm bu münasibətlə Ə.Cavad bəyə qarşı atəş püskürüyor... (“Komunist”, 3-11-1929, ¹ 258)

 

Süleyman Rüstəmin ürəyi yaralıdır. O, Azərbaycan ədəbiyyatının yabançı istilayə qarşı kin və xüsumət tərənnüm etdigi zaman və istiqlal qurbanlarının müqəddəs məzarları üzərində qanlı göz yaşları ilə “intiqam andları” yazarkən, bəşəriyyətin heç bir zaman şahid olmadığı vəhşət və istibdadın dəhşətləri altında Azərbaycanın dağları və daşları belə mərsiyələr söyləməkdə ikən, o, S.Rüstəm “bən ağlamıram, bən gülürəm!” dedi və “xalqının dililə danışdığını” iddia etdi. Bütün ədəbiyyatın inləyən və zülmə hayqıran həyatla bərabər, Azərbaycanı bir məhbəsxanə deyə təsvir etdigi zaman, S.Rüstəm “Ələmdən Nəşəyə”silə qızıl cəlladlara mədhiyə yazmaq yolunu açdı və cəhənnəmi cənnət təsvir etməklə bir hünər göstərdi.

 

Fəqət aləm görüyordu ki, S.Rüstəm yalan söylüyordu. Aləm görüyordu ki, o xalqının dililə söyləmiyordu... Və zalım bir sovet mühərriri “Maarif və Mədəniyyət” məcmuəsində S.Rüstəmi hırıldaya-hırıldaya yüksəldigi pedestalından yıxdı.

 

Ona dedilər ki, xalq dililə degil, proletar dililə söyləməlidir. Xalq dililə söyləyən proletar şairi olamaz. Doğrudan da xalq dililə konuşan şair mütləqa ağlayacaqdı, hayqıracaqdı, vəhşi rusun istismar və istilasına qarşı atəşlər yağdıracaq...

 

“Proletar ədəbiyyatı” naminə heç bir şeyin mövcud olmadığı və bu “qızıl harsın”müməssillərinin cahil bir zümrə olduğu təsbit olunan o dövrlərdə Ə.Cavad bəy milli ədəbiyyatçıları təhqir edənləri həcv edərək, demişdir ki:

 

“Özləri məhrumkən feyzü ədəbdən

Günahı bizlərdə görənlərə bax.

Parlayıb bir zaman düşdülər dəbdən

Bazara yeni mal verənlərə bax.

Dün biri hayqırdı: çaldığım sazdır,

Xəzanım bulunmaz, günlərim yazdır,

Baxtım: rəngi solğun, ruhu da azdır,

Fidanın yerində gəzənlərə bax...”

 

Bu hadisə 1927-də vaqe olmuşdur. O zaman S.Rüstəm “Azərbaycan proletar yazıçıları cəmiyətinə” müraciət etmiş “Cavad proletar ədiblərini feyzü ədəbdən məhrum və ruhsuz olmaqla təhqir ediyor” deyə Cavada qarşı bir tədbir alınmasını istəmişsə də, proletar yazıçıları “təklifi” sükutla qarşılamış və müzakirə etməmiş-lərdir.

 

Nəşəsinə zəhər qatılmış bu “heyvərə şair” şimdi fürsət bulmuşdur. “Tutalım ki, diyor İstanbulda çap edilən şeirləri Cavad özü göndərməmişdir. Madam ki, bu şeirlər bizim sinifimizə yabançı ruhdadır, o zaman özü göndərib gəndərmədiginin əhəmiyyəti də çox degildir. Madam ki, Cavadın şeirləri müsavatçıların əlində bizə qarşı silah olaraq işlədilir, demək Cavad bu şeirləri müəyyən məqsədlə yazmışdır”. (“Komunist”, ¹ 258)

 

Mustafa Quliyev isə məsələyi tamamilə açıq vəz etmişdir. O, “Komunist” qəzetəsinin 4 ikinci təşrin tarixli 259-cu nüsxəsindəki bir məqaləsində, Cavad əleyhinə olan kompaninin, darmadağın olmuş “proletar ədəbiyyatı cəbhəsini doğrultmaq üçün bir müqəddimə olduğunu apaydın söyləməkdədir. Mustafa diyor ki: “İnqilabdan (oxu, istiladan) sonra bizim əski yazıçılarımız yazmaz oldular, ağır yuxuya daldılar, şübhəli bir surətdə sükut etdilər...

 

“Böylə bir sükut, şairin qolçomaqlara, nepmana (sovet dövrü tüccarına) burjuaziya hüsnü-təvəccöhünü göstərməzmi?”

 

“Fiəku şairlərinin uzun sükutunun iç üzünü açmalıdır. Ədəbi həyatdakı son hadisələr göstəriyor ki, Pilniyakçılıq Türk ədəbiyyatında da vardır. Şair Cavad “yazmaz” oldu. “İlham” onu tərk etdi. Lakin milliyyətçilik ruhlu şeirləri “Müsavat” mətbuatında çıxmağa başladı...”

 

Ə.Cavad “İnqilab və Mədəniyyət” məcmuəsində “Gürcüstan” adlı bir şeir dərc etmişdir. Şairin Gürcüstanı mədh etməsi, Gürcüstanı sevməsi Quliyevin sinirinə toxunuyor. Hüseyn Cavid “Dəli Knyaz” adında bir əsər yaratmışdır. Quliyev nədən “Dəli Xan” yazmıyorsan deyə ona da qızıyor, “əski yazıçılar möhkəm surətdə inqilab yolu tutmalı, sosyalizm quruluşunda aktiv iştirak etməlidirlər..” deyə hayqırıyor.

 

Fəqət məsələ bununla bitməmişdir. Ə.Cavad və H.Cavid bəlli... Onlar milliyyətçiligi təmsil ediyorlar. Bunlardan başqa, lisan və mövzu etibarı ilə xalqçı olan, bolşeviklərin kəndilərinə “cığırdaş” adlandırdıqları bir zümrə də vardır ki, başlarında Əbdülrəhim bəy, Cəlil Məmmədquluzadə, Hüseyn Sadiq, Cəfər Cabarlı, Süleyman Sani (Axundov), Abdulla Şaik kibi qüvvətli hekayəçi, şair, dramaturq, ədib və mühərrirlər duruyorlar. Bunlar romantik-siyasi milliyyətçi degil, realist-xalqçı azərbaycançıdırlar. Daha doğrusu, aktiv mübariz milliyyətçi olan birincilərə qarşı bu ikincilər passif milliyyətçidirlər.

 

Bu 2 zümreyi ayıran daha bariz xüsusiyyət milliyyətçilərin ixtilalçı, siyasi xalqçıların - “xalqçı-proğressiv” passif olmalarından istifadə edərək, onları proletar ədəbiyyatına “cığırdaş” adilə himayə ediyordu. Fəqət təcrübə göstərdi ki, milli harsın ruslaşma və Azərbaycan xalqının rus mühacir əllərilə milli mövcudiyyətlərinin yox olma təhlükələri qarşısında xalqçılar aktivist milliyyətçilərlə birləşməkdən başqa çarə bulmadılar. “Cığırdaşlıqdan” vahid milli cəbhəyə keçənlər yalnız bunlar olmadı, Mustafa Quliyev, S.Rüstəm, H.Sanili v.s. etiraf ediyorlar ki, proletar yazıçıları - Almas İldırım, Müşfiq, Adil, Necdət, Hüseynzadə Əli v.s. kibi atəşin komunist şairlər də “Cavad cəbhəsinə keçmiş, 3 rəngli bayrağının həsrətilə yanıyorlar”. (“Komunist”, ¹ 258, ¹ 259, ¹ 260)

 

Bir ikinci təşrində Sovet hökuməti bütün türk yazıçılarını toplamış Ə.Nazim orada cığırdaşların bəlli başlı müməssillərini tənqid eyləmişdir. Mustafa Quliyev o ictimada yuxarıda isimləri keçən “cığırdaşları” birər-birər sayaraq:

 

“Bunlar bizə cığırdaş ola bilməzlər, çünki bunlar daha heç bir əsas məsələdə burjua-liberal görüşündən iləri gedə bilməmişlərdir” (“Komunist”, 3.11.1927, ¹ 258) demişdir.

 

Ə.Nazim bu “burjua-liberal” ruhunu tərənnüm edən “cığırdaşları” “proletarlaşdırmaq” lüzumundan bəhs etmişdir. Fəqət ona cavabən Sanili demiş ki:

 

“Bizdə gənc proletar yazıçılar daha bu vaxta qədər kəndiləri işçi-köylü oxucular üçün bir şey verə bilməmişlərdir.

 

Bilxassə cığırdaşlar üçün məfkurəvi cəhətdən nümunə ola biləcək ciddi əsər daha ortalıqda yoxdur..”

 

Bu surətlə milliyyətçilər ilə cığırdaş adlanan “burjua-liberal” ruhlu xalqçılar müştərək bir cəbhəyə atıldılar. Onlar da komunistləri tərk etdilər.  Mustafa Quliyev cığırdaşların bu “xəyanətinə” bir məna verməgə çalışaraq, daxildə daha istismar olunan gənclərə dərs ola biləcək bir fikir vəz ediyor, diyor ki:

 

“İnqilabın ilk illərində ətraf ölkələrdə (Azərbaycan, Türkistan v.s.) liberal burjuazinin bir hissəsi bolşevizmə hüsnü-təvəccöh göstərdi. Milli burjuazinin bir qismi sadədilliklə böylə güman edirdilər ki, bolşevizm çarizmi dağıdaraq, ətraf ölkələri və Şərqi azad etdikdən sonra bu məmləkətlərin müqəddəratını xan-bəy və kapitalistlərin əlinə tapşıracaqdır”. Böylə burjua-”milliyyətçi”lər inqilaba tərəfdar idilər... Ancaq özgə ölkələrdə... Oktyabr fırtınası milli cümhuriyyətlərin hüduduna yetişdikdə bu sadədillər çox məyus oldular... Ağ qüvvətlər (milliyyətçilər) ədəbiy-yatda qüvvətlərini birləşdirir, vahid cəbhə yaradır, üzərimizə ümumi hücum etmək istiyorlar. (“Komunist”, ¹ 259)

 

Millət sevənlərlə cığırdaşların müştərək vahid cəbhəsi qarşısında “proletar yazıçılar” cəbhəsi parçalanmışdır.

 

Bir ikinci təşrin ictimaında “cığırdaşların qabili islah” olmadıqları təsbit olunmaqla bərabər vahid milli cəbhənin vücuda gəlmiş olduğu da qeyd olunmuşdur. İctima bu vəziyyət qarşısında proletar cəbhəsinin mühafizəsi yollarını araşdırmağa başlamışdır. Sanili, gənc proletar yazıçıların “Müsavata” qarşı nifrət hisləri oyandırmağa ehtiyac olduğundan bəhs etmişdir.

 

“Komunist” qəzetəsinin 5 ikinci təşrin (noyabr) tarixli nüsxəsində dərc etdigi bir məqaləsində Sanili (Hacı Kərim Saniyev) Azərbaycan proletar gənclərinin “çox isti qana malik olduqlarından “Komunizm” yolundan sapdıqlarını qeyd ediyor.

 

“Azərbaycanın əməkçi və işçiləri arasından çıxmış sağlam fikirli ədiblər və şairlər getdikcə artmaqdadır. Fəqət bu yeni yüksələn gənclər müsavatçıları iyi tanımıyorlar”. Rus proletar ədəbiyyatında mövcud olan velikorus şovinizmi, əski hakimiyyət xülyaları Azərbaycan proletar ədəbiyyatında dəxi əksi bir hərəkat yaradır. Bu hərəkatı “Cavadlar” dərinləşdirir. Rus təhlükəsinə qarşı Müsavat Azərbaycanın həqiqi istiqlalçısı kibi idealizə olunuyor. Proletar gənclər Cavada nəzirələr yazırlar. Almas Yıldırımlar, Adil Necdətlər, Müşfiqlər, Hüseynzadələr proletar yazıçıların ən qüvvətli simaları olan bu gənclər kövnü milliyyətçi olaraq proletar yazıçılar cəmiyyətilə Komunist firqəsindən belə istefa veriyorlar.

 

S.Rüstəm isə bu məlumatı təkmil edərək hali-hazırda belə proletar yazıçılar cəmiyyətində Cavadı müdafiə edənlər mövcud olduğunu qeyd edərək diyor ki:

 

“Bəzi gənc yazıçılar Cavadı müdafiəyə qalqışıyorlar. Cavada səcdə edən gənclər tezkən öz yanlışlıqlarını düşünərək özlərini sağlam yola salmalıdırlar. Yoxsa Almas İldırımın düşdügü vəziyyətə düşərlər. Bən bəzi gənclərdən Cavadın çap olunmamış şeirlərini çox eşitmişəm. Cavad ədəbiyyat sahəsində bəzi gəncləri-mizi zəhərləməyə müvəffəq olmuşdur. Almas İldırım Cavadın qurbanıdır. Cavad onun beynini o qədər zəhərləmişdir ki, nəticədə Almas İldırım komsomol təşkilatından da uzaqlaşdı. O, Cavadın qeyri-mətbu yazılarına nəzirələr yazdı. Almas İldırım tək degildir. Hali-hazırda cəmiyyətimizdə əza olan bir qaç gənc dəxi öylədir. Onlar şimdiyə qədər bu xəstəlikdən qurtulmamışlardır”. (“Komunist”, ¹ 258)

 

S.Rüstəm ümid ediyor ki, Azərbaycan gəncligi ayılıb Cavadları tərk edəcəklər. Fəqət bizdə “ən doğru yolu Hacı Kərim Saniyev göstərmişdir:

 

Millət sevənlərlə xalqçıların getdikcə qüvvətlənən vahid cəbhəsi qarşısında darmadağın olan “proletar cəbhəsi”ni qurtarmaq üçün Moskva istila və icraatına qarşı milli istiqlal müməssili olaraq “Müsavatı” idealizə edən gənc proletar yazıçılarını yeni başdan komunist yapmaq!..

 

Fəqət istila hökuməti bununla da çıxmazdan qurtarmıyor. Gənclər komunist yapılırsa S.Rüstəm kibi yalandan gülərək heyvərə-heyvərə hırıldayır, yapılmazsa - ya “şübhəli bir sükuta dalıyor” ya “gizli-gizli ağlayır”, yainki “qanlarının sıcaqlığını zəbt edəmiyərək” mövcud istibdada qarşı açıqdan-açığa üsyan ediyorlar...

 

Ciddən fəci bir vəziyyət!...

 

Mirzə Bala

”Odlu-Yurd”, Şubat 1930, ¹ 12

 

Kövn - mövcudiyyət

Xüsumət - ədavət, düşmənçilik

Fiə - partiya

 

NAKAMLARDAN BİRİ

 

Ağı söyləyən azərbaycanlı bir ana ağzında ən yanıqlı söz “nakam” kəlməsidir.

 

“Nakamım oğul!” Bilsəniz bu cümləyi söyləyən bir ana nələr çəkiyor, nə yanıqlı hislərlə qısılıb qovruluyor!

 

Əskişəhərdə vəfat edən Azərbaycan münəvvərlərindən Hacı Ağa Nuri bəy sözün xalq növhəsində söylənən mənasilə “nakam” degildi, o evli idi. Kəndindən sonra dağıdar bir rəfiqə tərk edərək bu dünyayı buraxmışdır.

 

Fəqət buna rəğmən Hacı Ağa “nakam”dır. Əvət, nakam! Çünki bir gənc üçün evlənmək, sevgilisinə qovuşmaq nə isə vətənsevən bir mültəci mühacir üçün hürr və müstəqil vətəninə qovuşmaq odur, bəlkə ondan daha ziyadədir. Bu etibarla ölümü ilə kədərləndigimiz Hacı Ağa “nakamdır”.

 

Vətənin xilasını görmədən aramızdan gedən arkadaş şüurlu millətçilərdən, hərarətli vətənsevərlərdən biri idi. Daha məktəb sırasında ikən Bakıda “Müsavat” firqəsinə intisab etmiş və 15 sənədən bəri Türk milliyyətçiliginə və Azərbaycan istiqlalçılığına sədaqətdən ayrılmamışdır.

 

Kəndisini tanıyanlar, vətənin pək dəyərli bir gənc qeyb etdiginə qanedirlər. Kəndisini ibtida Azərbaycan Məclisi Müəssisan intixab komisyonunda katib olaraq çalışdığı andan etibarən tanıdığım bu arkadaş kəndisinə güvənilir istiqbala malik ciddi bir gənc idi. Bilgi sahibi, xarakterə malik, məfkurəçi bir gənc!

 

Yazıq ki, nakam öldü!

 

Ey “kam” bəkləgən digər gənclər! Nakam ölənlərin intiqamı alınmalı, vətənin xilası yolunda yapılan cidal bir an üçün olsun unudulmamalıdır!

 

Nakamların məzarlarına qoyacağımız ən münasib çələnk vətən və istiqlal fikrinə göstərəcəgimiz əlaqədən başqa nə ola bilir?

 

M.E.Rəsulzadə

”Odlu-Yurd”, mart 1930, ¹ 13

 

Hacı Ağa Nuri

 

Keçən ayın 11-də Əskişəhərdən çəkilən bir teleğraf həzin bir xəbər gətirdi. Teleğrafda Azərbaycan münəvvər və milliyyətpərvərlərindən Hacı Ağa Nurinin mübtəla olduğu xəstəlikdən rəhayab olmayaraq irtihal etdigi bildiriliyordu. “Azərbaycan, Azərbaycan” deyə təslimi ruh edən mərhum, Azərbaycanın nadir yetişdirdigi simalardan biri idi. 1894 sənəsində Bakıda doğulmuş, ibtidai və orta təhsilini Bakıda ikmal etmişdi. 1913 sənəsində yüksək təhsilini ikmal etmək üçün Almaniyaya getmiş, fəqət 1914-də baş verən ümumi hərb üzündən təhsilini davam edəməmiş və geri dönmüşdü. Bakıya övdətindən sonra ictimai həyata atılan Nuri bəy ötədən bəri xəfi bir təşkilat halında çalıştıqdan sonra 1917-də açıq və sərbəst bir fəaliyyətə keçən “Müsavat” firqəsinə əza qeyd edilmiş və firqə həyatında dəyərli hizmətlərdə bulunmuşdu.

 

Kəndisi pək sağlam milliyyətçi, istiqlalçı və Azərbaycançı olduğu üçün “Müsavat” firqəsinin proğramı çox xoşuna getmiş və bu fikri tərvic üçün çox propağanda yapmışdı.

 

Milli Azərbaycan Cümhuriyyəti təşəkkül etdikdən sonra yüksək təhsil görmək üçün ailəsi tərəfindən mütəəddid dəfələr Avropaya getməsi üçün təklif edilmişsə də H.A.Nuri bəy daima imtina etmiş, Müstəqil Azərbaycanın istiqlalı və milliyyətçi münəvvər gənclərə son dərəcə ehtiyac olduğunu nəzərə alaraq çox sevdigi xalqı arasında yaşamağı tərcih etmişdi.

 

Azərbaycanın süqutundan sonra, millətinin və məmləkətinin başına gələn fəlakətə təhəmmül edəməyərək təhsil bəhanəsilə Almaniyaya getmiş və Göfen (Anxalt) şəhərində 1913/14 sənəsində daxil bulunduğu mühəndis məktəbinə daxil olmuşdu.

 

1923/24 sənəsində Almaniyada təşəkkül edən “Azərbaycan istiqlal komitəsi”ndə böyük fədakarlıq və fəaliyyət göstərmişdi.

 

Böyük maddi müşkülat içərisində olmasına baxmayaraq, 1926 sənəsində yüksək təhsilini ikmal etdikdən sonra Türkiyəyə gəliyor və Kayseridə yeni təşəkkül edən Təyyarə fabrikasına mühəndis sifətilə daxil oluyor.

 

Bir müddət məzkur fabrikada çalışdıqdan sonra Əskişəhərdə Dəmir yolları fabrikasına daxil olmuş və üzərinə aldığı vəzifələri mükəmməl bir surətdə icra etmiş və son nəfəsini bu vəzifə başında vermişdir.

 

Təqib etdigi istiqlal qayəsinə qovuşmadan nakam ölən əziz məslək arkadaşımızın kədərdidə ailəsinə təziyyətlərimizi sunarız.

 

“Odlu-Yurd”, mart 1930, ¹ 13

 

Qeyd: Çox böyük və yüksək tarixi-elmi səciyyədə yazılmış bu nekroloqun müəllifi də M.Ə.Rəsulzadədir - Ş.H.

 

Rəhayab - xilas

İrtihal - vəfat

Xəfi - gizli

Mütəəddid - saysız-hesabsız, çoxlu

 

AZƏRBAYCANDA

 

Ruslaşdırma siyasəti bərdəvamı

 

“Komunist” qəzetəsindən öyrəndigimizə görə Azərbaycan əmələ və köylü müfəttişligi tərəfindən Azərbaycan Sovet müəssisələrində təhqiqat yapılmışdır. Təhqiqatdan məqsəd müəssisələrin əhaliyə nə dərəcə yaxınlaşdığını və əqəliyyətdə bulunan millətlərin müəssisələrdə nasıl idarə edildiklərini öyrənməkmiş. Təhqiqat nəticələrindən anlaşıldığına nəzərən əqəliyyətdə qalan millətlərin müəssisələrdəki vəziyyəti yerli türk əhalisindən qat-qat iyi imiş. Məsəla, Bakıda yaşayan rusların miqdarı 35, türklərin 27,2, ermənilərin 16 və sair millətlərin nisbəti 22 olduğu halda müəssisələrdə çalışan rusların nisbəti 49, türklərin 21, ermənilərin 16 və sairlərin 14-dür. Görülüyor ki, Bakı müəssisələri tamamilə rus və digər millətlərin əlində bulunuyor. Bundan başqa Azərbaycan qəzalarında türklər 90 nisbəti təşkil etdikləri halda məsul və mühüm mövqelərdə yalnız 43,5 türk vardır. Təhqiqatdan anlaşıldığına görə ziraət komisarlığı, səhiyyə və daxiliyyə komisarlığı hənuz milliləşdirilməmiş və bütün işlər rusca getməkdə imiş. Köylülərlə əlaqəsi bulunan müəssisə və kooperatiflərin türk əhaliyə verdikləri anket və dəftərlərdə bir kəlmə olsun türkcə bir şey yoxmuş.

 

Məzkur təhqiqat heyəti raporuna nəzərən Bakı firqə konqresinin qərarlarına baxmayaraq, Azərneft, Kaspar və Bakı Sovet müəssisələri də ki Moskva tərəfindən idarə ediliyor. Türklər son dərəcə azmış. Azneft müəssisəsində 6,3 nisbətdən daha az türk məmur vardır. Maliyyə və inzibat işlərində bir kişi də olsun türk mövcud degildir. Bütün bu nöqsanların təlafisi üçün heyət müəyyən tədbirlər ittixaz etmişdir. Fəqət əsasən məhəlli komunistlər Moskva əleyhində bir hərəkət yapacaq iqtidarda olmadıqlarından bu kibi nöqsanların degil təlafisini bəlkə daha da artacağını təsəvvür etmək daha doğru olur.

 

“Müzür” ünsürlər fəaliyyətdə

 

Gəncədən “Zarya Vostoka” qəzetəsinə bildirildiginə nəzərən Gəncə mənsucat (toxucu) fabrikasında çalışan əmələlər sistematik bir surətdə makinaları pozmaq surətilə böyük zərərlər iras etməkdədirlər. Təsbit edilən bir fakda görə məzkur fabrikada “müzür” ünsürlər tərəfindən böyük bir makina və 6 toxuyucu makinası pozulmuşdur. Qeyri məmnun və səhlənkarlıq yapan əmələlər tərəfindən yapılan bu kabil təxribat fabrika heyətini qəti tədbirlər almağa sövq etmiş və nəticədə bir çox əmələ ixrac edilərək bir qaçı da tövqif edilmişdir. Qəzetənin yazdığına görə bu qəbil təxribat digər bir qaç fabrikada dəxi yapılmış və hala da yapılmaqdadır.

 

Mərkəzləşdirmə siyasəti

 

“Zarya Vostoka” qəzetəsinin (¹ 298) yazdığına görə, hal-hazırda az çox müstəqil tresto halında olan Azneft, Grozneft, Embaneft kibi petrol müəssisələri yeni təşkilat mövcibincə bundan sonra mütəmərkəz bir vəziyyətə soxularaq “İttihadi-neft” baş müəssisəsinə daxil bulunacaq və ona tabe olacaqdır. Bundan sonra Azərneftin texniki ehtiyacını mərkəzi “İttihadi-neft” müəssisəsi təmin edə-cəkdir. Qəzetə bu yeni təmərküz siyasətini ayrı-ayrı trestlər üçün bir qolaylıq kibi görüyorsa da, fəqət digər idari işlərdə də yapıldığı kibi bunun dəxi ötədən bəri tətbiq edilmək istənən təmərküz siyasətindən nim müstəqil haqları ilğa etməkdən başqa bir şey olmadığı aşikardır.

 

Qara saqqal kanalı

 

Bir qaç sənədən bəri inşasına başlanıb hələ bitməyən Qara saqqal kanalı ətrafında son zamanlarda Bakı və Tiflis qəzetələrində böyük gurultular qopmuşdur. Qara saqqal kanalının son dərəcə bərbad inşa edildigini və yüz minlərcə para sərf edildikdən sonra heç bir nəticə əldə edilmədigini iddia edən bəzi şəxslərin qopardığı bu gurultu nəticəsində Azərbaycan su müəssisəsi inşaat mahalına getmiş və təhqiqatda bulunmuşdur. Təhqiqat komisyonu bu şəxslərə haqq vermiş və kanalın istifadə edilmiyəcək bir tərzdə yapıldığı fikrinə gəlmişdir. Komisyonun bəyanatına nəzərən 1.500 hektar əraziyi sulaması icab edən bu kanal, yalnız 300 hektar zor-güc sulaya biləcəkdir. Komisyon kanalın əhəmiyyətini nəzərə alaraq tamamilə başqa şəkildə inşa edilməsi və bu iş üçün də idarə və texniki qüvvələrin  dəgişilməsi fikrini iləri sürmüşdür. Təhsisat işlərini tədqiq edən komisyon yekunu yüz minlərə baliğ olan böyük ixtilaslara şahid olmuşdur. Bunun üzərinə komisyonun əmrilə məsul məmurlardan və mühəndislərdən bir qaçı tövqif edilmişdir.

 

Pambıq hazırlığı təhlükə qarşısında

 

Bakı qəzetələrindən öyrəndigimizə görə Azərbaycan Komisarlar Şurasında bir ictima vüqu bulmuş və bu ictimada pambıq hazırlığı və pambıq təmizləyən fabrikaların məsələsi müzakirə edilmişdir. Müzakirələrdən anlaşıldığına nəzərən bu sənəki pambıq hazırlığı planının yalnız 46,3 nisbəti ikmal edilmiş, yəni 67.000 ton əvəzinə 30.000 ton toplana bilmişdir. Pambıq hazırlığı işlərinin təhlükə qarşısında olduğunu qeyd edən ictima hər hankı bir böhran qarşısında qalmamaq üçün köylülərin daha fəzlə sıxışdırılmasına və pambığın zorla köylülərdən alınmasına qərar vermişdir.

 

26-ların məzarçısı

 

Bir müddət əvvəl Rusiya fabrikalarının birində əmələlər arasında təmizlik yapıldığı zaman Luxmanov nam birinin vaxtilə qətl edilmiş 26 Bakı komisarlarının məzarçısı olduğu anlaşılmış və dərhal tövqif edilmişdir. Bu işlə əlaqədar daha bir çox şeylərin və daha bir çox kişinin meydana çıxacağı ümidilə Azərbay-can ədliyyə komisarı bu işin Bakıda röyət edilməsini Moskvadan rica etmişdir. Bakı komunistləri, o cümlədən, müddəiyi-ümumi (prokuror) Xudadatov məzkur mühakimədə fövqəladə mühüm məsələlərin meydana çıxacağını zənn etməkdədirlər.

 

Köylü müqaviməti

 

Quba qəzasından “Komunist” qəzetəsinə bildirildiginə görə qəzanın bir çox köylərində kolxozlara daxil olmaq istəməyən köylülər şiddətli fəaliyyətə keçmişlər və aktiv müqavimətə başlamışlardır. Köylülər qrup halında böyüklərinin başına toplanaraq kollektiv surətdə hökumət məmurlarına, komunistlərə qarşı təərrüzdə bulunmaqdadırlar. Bir ay zərfində bir qaç komunist döyülmüş və bir qaçı da öldürülmüşdür.

 

Müxbirin bildirdiginə nəzərən qətl felini yapanlar sərbəst gəzməkdə və hökumət tərəfindən məsuliyyətə cəlb edilməmişlərdir. Çünki məsul mövqelərdə bulunan adamlar dəxi köylü müxalif qrupuna daxil bulunuyor və əksəriyyətlə bu işi müxtəlif vasitələrlə kəndiləri yapdırıyorlar.

 

Maarif şöbələri nasıl çalışıyor?

 

Azərbaycan Maarif komisarlığının “Komunist” qəzetəsində dərc edilmiş (¹ 296) materyallarından anlaşıldığına görə Gəncə maarif şöbəsində bir çox yolsuzluqlar və ixtilaslar yapılmışdır. Maarif şöbəsi tədris sənəsinə hazırlanmadığı kibi məktəblərdə olub bitən işlərə, müəllimlərin təyini məsələsinə qətiyyən əhəmiyət verilməmişdir. Bir çox köylərdə müəllimsizlik və idarəsizlik üzündən məktəblər qapanmış və tədris sənəsi müddətincə bir dəfə də olsun məktəblər maarif müfəttişləri tərəfindən təftiş edilməmişdir. Maarif şöbəsi məmurları arasında bir çox ixtilas və israf dəxi yapılmış və məktəb inşaatına təxsis edilmiş paralar digər məchul bir taqım şeylərə sərf edilmişdir.

 

“Odlu-Yurd”, mart 1930, ¹ 13

 

Bərdəvam - davamlı, daimi

Mənsuc - toxucu

İras - törətmə

İxtilas - mənimsəmə, oğurlama

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.20-21.