Gələcək nəsillərə
nümunə
Fizika-riyaziyyat
elmləri doktoru, professor Qoşqar Teymur oğlu Əhmədov
1917-ci il oktyabrın 25-də Gədəbəy
rayonunun Söyüdlü kəndində ziyalı ailəsində
anadan olub və böyüyüb.
Atası Əhmədov Teymur Əhməd oğlu 1888-ci
ildə, anası Əhmədova Yetər Möylə
qızı 1895-ci ildə Gədəbəy rayonunun
Söyüdlü kəndində anadan olmuşlar. Babası Əhməd kişi dövrünün üzdə olan, təhsilə
maraq göstərən adamlarından biri olub. XX
əsrin əvvəllərində Gədəbəy rayonunun
Söyüdlü kəndində ilk məktəb də elə
Əhməd kişinin sayəsində onun evində
açılıb. Teymur Əhmədov və
daha 6 uşağı ilk təhsilini bu məktəbdə
alıb. Gədəbəy rayonunun nüfuzlu din xadimi, ərəb
dilini yaxşı bilən Cabbar kişi isə
həmin məktəbdə uşaqlara yalnız dini ayinləri
deyil, həm də yazmağı və oxumağı öyrədib.
Məktəbdə Teymur ərəb dilini mükəmməl
öyrənir və sonralar rayonun Nərimankənd (Xınna) kəndində
özü məktəb açır, qısa bir zamanda kənd
adamlarının hörmət və məhəbbətini
qazanır.
Atası Əhməd kişinin ideyalarını davam
etdirən Teymur Əhmədov 1918-ci ildə öz evində həmin
dövrün tələblərinə uyğun ibtidai təhsil
verən məktəb açmışdır. 1920-ci ildə
bu məktəbin fəaliyyəti yeni hökümətin
qaydalarına uyğun olaraq rəsmiləşdirilmişdir.
İlk vaxtlar çox çətinliklə olsa
da, məktəbə 13 yeniyetmə cəlb olunur. Bu
vaxtdan etibarən Teymur kişi Mirzə
Teymur kimi tanınmağa başlayır. Oğlanları
Qəşəm və Qoşqar da bu məktəbdə
oxuyurdular.
Həmin dövrdə qızların təhsil alması
daha ciddi çətinliklərlə üzləşirdi. Mirzə Teymur məktəbə ilk qız
şagirdi kimi övladı Hürünü gətirir və
bundan sonra ona hörmət əlaməti olaraq
üç-dörd valideyn də qızlarını onun məktəbinə
qoyurlar. Teymur Əhmədov 1942-ci ilin mayında Xalq maarifi sahəsində
fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin qərarı ilə ölkəmizdə Əməkdar
Məktəb Müəllimi fəxri adına
layiq görülən ilk müəllimlərdən biri olub.
Mirzə Teymurla Yetər xanımın on övladı
olmuşdur. Bir oğlan, bir qız uşağı lap körpəykən
vəfat etmişdir. Səkkiz uşaqdan
hamısı orta məktəbi əla qiymətlərlə
bitirmişdir. Böyük oğlu Qəşəm
Bakıda İnternasional Pedaqoji Texnikumda oxuyarkən vəfat
etmiş, qızı Bəyaz isə orta məktəbi bitirdikdən
sonra təhsilini davam etdirməmişdir. Bu ailənin
altı övladı, Qoşqar, Şamil, Cəmil,
Hürü, Gülnaz və Gülarə ali
təhsil almış və elmin müxtəlif sahələrində
tanınmış alimlər olmuşlar.
Hörmətli oxucu, biz təqdim olunan yazıda bu
nümunəvi ailənin bir övladı-Qoşqar Əhmədov
haqqında ətraflı söhbət açacağıq. Ancaq yeri gəlmişkən
qeyd etmək istəyirəm ki, Teymur müəllimlə Yetər
xanımın böyüdüb başa
çatdırdığı 7 uşağın altısı
alim olub. Onlardan üçü Qoşqar, Şamil və
Cəmil müvafiq olaraq Azərbaycan Dövlət Universitetinin
riyaziyyat, kimya və fəlsəfə fakültələrində
oxuyarkən tələbələr üçün
dövrün ən yüksək təqaüdü olan Stalin təqaüdü
ilə oxuyublar. Sonralar Qoşqar, Şamil və Cəmil öz
sahələrində dünyanın tanınmış alimləri
idilər. Qoşqar və Şamil ataları
Teymurla birlikdə Böyük Vətən Müharibəsində
iştirak ediblər.
Qoşqar
Əhmədov ibtidai təhsilini Söyüdlü kəndində
almış, V-VII sinifləri isə Gədəbəy rayon natamam
orta məktəbində oxumuşdur. Gədəbəydə
oxuduğu vaxt onun yüksək riyazi qabiliyyəti olduğu məlum
olur.
Hətta bəzi müəllimlər dərsə gəlmədikdə
aşağı siniflərdə Qoşqar onları əvəz
edərmiş.
Qoşqar Əhmədov 1930-cu ildə Bakı
İnternasional Pedaqoji Texnikumuna daxil olmuşdur. 1934-cü ildə Texnikumu bitirdikdən sonra Gədəbəy
rayonunun Xar-xar kənd natamam orta məktəbinə fizika və
riyaziyyat müəllimi təyin olunmuşdur. Həmin illərdə atası Teymur Əhmədov
Xar-xar kənd məktəbinin direktoru vəzifəsində
işləyirdi.
Qoşqar
Əhmədov kənddə bir il müəllimlik
etdikdən sonra, S.M. Kirov adına Azərbaycan Dövlət
Universitetinin nəzdindəki hazırlıq kursunda oxumuşdur.
O, 1936-cı ildə Azərbaycan Dövlət Universitetinin
Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsinə
və Tibb İnstitutuna daxil olmuşdur. (O vaxt eyni zamanda iki
institutda oxumağa icazə verilirdi). Qoşqar bir il bu ali məktəblərin hər ikisində əla
qiymətlərlə oxuyub. Lakin bir ildən sonra eyni zamanda iki ali məktəbdə təhsil almaq ənənəsinə
son qoyulub. Onda Universitetin müəllimlərinin,
xüsusən Maqsud Cavadovun və Əşrəf Hüseynovun
təkidi ilə o, Azərbaycan Dövlət Universitetinin
Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat” bölməsində
təhsilini davam etdirməli olur.
Həmin
illərdə Azərbaycan dilində texniki fənlər,
xüsusilə fizika-riyaziyyat elmlərinə aid kitablar olduqca az olduğundan tələbələr çətinlik
çəkirdilər. Eyni zamanda, müxtəlif
millətlərdən olan müəllimlərin rus dilində dərs
demələri rayonlardan oxumağa gəlmiş tələbələrin
təhsil almasında problemlər yaradırdı.
Rus dilini müəyyən qədər atasından mənimsəyən
Qoşqar Əhmədov elmi biliklərə dərindən yiyələnmək
məqsədi ilə rus dilində olan kitabları tapır və
həvəslə öyrənirdi. Gərgin əməyi
hesabına o, artıq son kursda rus dilində sərbəst
danışırdı. Gənc
Qoşqarın fitri riyazi istedadı tələbəliyinin ilk
illərində müəllimlərinin diqqətini cəlb
etmişdir. O, beş il ərzində
əla qiymətlərlə oxumuş, təhsil
aldığı fakültədə tələbələr
üçün dövrün ən yüksək təqaüdü
olan İ.V. Stalin adına təqaüdə layiq
görülmüşdür. Hələ tələbəikən
elmi mövzulara üz tutması və bəzi elmi nəticələr
əldə etməsi müəllimləri tərəfindən
yüksək qiymətləndirilirdi. Bu dövrdə onun
riyazi təfəkkürünün inkişafında, riyaziyyata
sabahın alimi kimi bağlanmasında qayğıkeş müəllimləri
Zahid Xəlilov, Yaroslav Lopatinski, Əşrəf Hüseynov,
Maqsud Cavadov və başqalarının böyük təsiri
olmuşdur.
Qoşqar
Əhmədov 1941-ci ildə S.M. Kirov adına
Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini
fərqlənmə diplomu ilə bitirib riyaziyyatçı
ixtisasına yiyələnmişdir. Universiteti
bitirdikdən sonra o, fakültə rəhbərliyinin təklifinə
əsasən aspiranturada saxlanılır.
Təsadüfi deyil ki, müəllimləri Zahid Xəlilov,
Əşrəf Hüseynov və Maqsud Cavadov ona universiteti
bitirdikdən sonra elmi tədqiqatlar aparmağı tövsiyə
etmişdilər. Onlar inanırdılar ki, Qoşqarın bu
yolda biliyi, bacarığı yetərincədir və o,
artıq riyaziyyat sahəsində elmi-tədqiqat işləri
aparmağa hazırdır.
1941-ci ildə Böyük Vətən Müharibəsinin
başlanması ilə əlaqədar olaraq, 24 yaşlı gənc
Qoşqar Əhmədov Qızıl Ordu sıralarına
çağırılmışdır. Müharibənin
ilk illərində qısa müddətə yüksək
ixtisaslı zabitlər hazırlanması dövlətin əsas
strateji planı olduğundan, hərbi akademiyalara qabiliyyətli
gənclər göndərilirdi. Qoşqar Əhmədovun
riyaziyyat və fizika sahələrində biliyi və
bacarığı nəzərə alınaraq, onu həmin il Moskva şəhər Lenin ordenli Feliks
Edmundoviç Dzerjinski adına Artilleriya Akademiyasının nəzdindəki
texniklik kursuna göndərmişdilər. 1942-ci
ildə Akademiyanı əla qiymətlərlə bitirdikdən
sonra Tiflisə-Zaqafqaziya Hərbi Dairəsinə, oradan da
Bakı Qarnizonuna göndərilmişdir. Müxtəlif
hərbi hissələrdə əvvəlcə texnik, mühəndis,
1945-ci ilin sonuna qədər Bakı Qarnizonunun zenit
artilleriyası üzrə komandir müavini vəzifələrində,
baş leytenant, sonra isə kapitan rütbələrində
xidmət etmişdir. Maraqlıdır ki,
akademiyanı onunla birlikdə bitirənlərin böyük əksəriyyəti
sonradan hərbi xidmətlərini davam etdirərək general
rütbələrinə yüksəldilər. Qoşqar
Əhmədov isə hərbin generallıq rütbəsindən
çox elmin generallıq rütbəsinə
üstünlük verdi.
O,
1946-cı ildə ordu sıralarından tərxis olunandan sonra
həmin il Azərbaycan Dövlət Universitetinə işə
bərpa olunaraq, “Funksiyalar nəzəriyyəsi və cəbr”
kafedrasında müəllim işləməklə
yanaşı, həmin kafedra üzrə aspiranturaya daxil olub,
müəllimi, görkəmli riyaziyyatçı, alicənab-humanist
insan, akademik Əşrəf Hüseynovun rəhbərliyi ilə
“Bəzi qeyri-xətti inteqral tənliklərin tədqiqi”
mövzusunda elmi iş götürüb tədqiqatlara
başlayır.
Qoşqar Əhmədovun elmi rəhbəri, akademik
Əşrəf Hüseynov onun qarşısında
Hammerşteyn-Nazarov tipli qeyri xətti inteqral tənliklər
sinifindən daha ümumi qeyri-xətti inteqral tənliklərin
araşdırılmasını və onların həllinin
varlığı və yeganəliyi məsələləri
ilə məşğul olmağı tövsiyə
etmişdir.
29 yaşlı Qoşqar Əhmədov, 1946-cı ilin
oktyabrında Universitetin rektoru akademik Abdulla Qarayevin əmri ilə
Fizika-riyaziyyat fakültəsinin dekan müavini vəzifəsinə
təyin edilir.
1947-ci ilin sentyabrında həmin fakültənin
dekanı vəzifəsinin icrası Qoşqar Əhmədova
tapşırılır.
O,
universitetin və Fizika-riyaziyyat fakültəsinin təşkilati
işləri ilə yanaşı, elmi-tədqiqat işləri
ilə də ciddi məşğul olurdu.
Qoşqar Əhmədovun namizədlik dissertasiyası
nüvəsi parametrdən asılı olan daha ümumi qeyri-xətti
inteqral tənliklərin həllinin varlığı və
yeganəliyi məsələsinə həsr olunmuşdur. O, cırlaşmış
nüvə üsulundan istifadə edərək, nüvəsi
parametrdən polinomial asılı olan tənliyin həllinin
varlığını və yeganəliyini isbat etmiş, həllin
parametrdən asılılığını öyrənmişdir.
1949-cu ildə aspiranturanı bitirdikdən sonra, 8 dekabr 1950-ci
ildə 33 yaşında Azərbaycan Dövlət Universitetinin
Elmi Şurasında akademik Əşrəf Hüseynovun rəhbərliyi
ilə “Bəzi qeyri-xətti inteqral tənliklərin
araşdırılması (tədqiqi)” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək Fizika-riyaziyyat
elmləri namizədi elmi dərəcəsini
almışdır.
Qoşqar Əhmədov 1951-ci ildə
çalışdığı kafedranın dosenti vəzifəsinə
seçilib.
1952-ci
ilin 15 sentyabrında Azərbaycan Dövlət Universitetinin
rektoru Cəfər Xəndan Hacıyevin əmri ilə Fizika-riyaziyyat fakültəsinin
dekanı vəzifəsinin müvəqqəti icrası
Qoşqar Əhmədova həvalə edilmişdir.
Həmin ilin sonunda təşkilatçılıq
qabiliyyətini nəzərə alaraq 35 yaşlı gənc
alimi Fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə
seçirlər.
Beləliklə o, universitetdə ilk məsul vəzifəsinin
icrasına başlayır. Həmin illərdə Qoşqar
Əhmədov Azərbaycanda ali təhsilin
inkişafı problemləri, onun ittifaqın qabaqcıl ali məktəbləri
səviyyəsinə çatdırılması, tələbələrin
elmi və ictimai işlərə cəlb olunması, fakültə
dekanlığının obyektiv, canlı fəaliyyətinin təşkil
olunmasında sözün həqiqi mənasında
bütün qüvvəsini sərf edir, yorulmaq bilmədən
çalışırdı.
O, namizədlik
dissertasiyası müdafiə etdikdən sonra bu istiqamətdə
elmi-tədqiqat işlərini uğurla davam etdirmiş, həllin
parametrdən necə asılılığının məntiqi
davamı kimi ümumiyyətlə, qeyri-xətti tənliklərin
həllərinin budaqlanması və davamı məsələləri
ilə məşğul olur. Bilavasitə
praktikadan gələn belə məsələlərin tədqiqi
ilə XIX əsrdən başlayaraq dünyanın bir çox
alimləri məşğul olmuşdular.
Qoşqar Əhmədovun bu sahədə
aldığı nəticələr həmin tədqiqatlara
müəyyən mənada yekun vurur. Dövrün
tanınmış alimləri onun elmi işini riyaziyyatda yeni
bir fundamental sahəyə giriş kimi qiymətləndirdilər.
Beləliklə o, özünü sabahın
kamil riyaziyyatçısı kimi təsdiq edir.
O,
aldığı elmi nəticələri davam etdirmək və
doktorluq dissertasiyası üzərində işləmək məqsədi
ilə Azərbaycan Dövlət Universitetinin rektoru professor Cəfər
Xəndan Hacıyevə müraciət edərək
SSRİ-nin paytaxtı Moskvaya getmək arzusunda olduğunu
bildirir. Dövrün qaydalarına əsasən
Universitetin rəhbərliyi 20 mart 1953-cü ildə SSRi Ali və
Orta İxtisas Təhsili Nazirliyinə müraciət edir.
SSRİ
Ali və Orta İxtisas Təhsili Naziri V. P. Yelyutinin 06 avqust
1955-ci il tarixli razılıq əmrindən
sonra o, həmin dövrdə universitetin rektoru vəzifəsində
işləyən akademik Yusif Məmmədəliyevin
1955-cı il 25 avqust tarixl əmri ilə 01 sentyabr 1955-ci illdən
doktorluq dissertasiyası üzərində işləmək məqsədi
ilə, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin
Mexanika-riyaziyyat fakültəsinin doktoranturasına ezam
olunmuşdur.
Doktoranturada oxuduğu illərdə o, öz tədqiqatçılıq
bacarığı və yüksək insani keyfiyyətləri
ilə Moskva mühitində, riyaziyyatçı alimlər və
Moskva Dövlət Universitetinin rəhbərliyi arasında
böyük nüfuz sahibi idi.
O, 1959-cu
ildə SSRİ Ali Təhsil Nazirliyinin əmri ilə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin
Diferensial və inteqral tənliklər kafedrasının
müdiri vəzifəsinə təsdiq edilmişdir
Beş il
ərzində dövrünün tanınmış alimləri-professorlar
Lazar Aronoviç Lyusternik və Viktor Vladimiroviç
Nemıtskinin elmi məsləhətçiliyi ilə qeyri-xətti
inteqral və operatorlu tənliklərin həllərinin
budaqlanma məsələləri, bu tip tənliklərin həllərinin
varlığı və yeganəliyi haqqında elmi tədqiqat
işləri apararaq ciddi nəticələr
almışdır.
Yuxarıda
qeyd olunan elmi tədqiqat işlərinin nəticəsi olaraq,
o, 1960-cı ildə 43 yaşında Azərbaycan Dövlət
Universitetinin Elmi Şurasında fizika-riyaziyyat elmləri
doktoru, professor Lazar Lyusternik və fizika-riyaziyyat elmləri
doktoru, professor Viktor Nemıtskinin məsləhətçiliyi
ilə “Banax fəzasında diferensial tənliklərin nəzəriyyəsinə
dair” (“Operator və operatorlu diferensial tənliklərin analitik
nəzəriyyəsinə dair”) mövzusunda doktorluq
dissertasiyasını böyük müvəffəqiyyətlə
müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi
dərəcəsini almışdır.
Qoşqar Əhmədov riyaziyyat sahəsində elmlər
doktoru olmuş altıncı azərbaycanlıdır.
Xüsusi qeyd etmək lazımdır ki, Qoşqar Əhmədov
Bakı şəhərində riyaziyyat sahəsində
doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlıdır.
1960-cı ildə doktorluq dissertasiyası müdafiə
etdikdən sonra, ona Moskvada qalıb işləmək təklif
olunmuşdu. Təkliflər
Qazaxıstandan, Orta Asiya Respublikalarından və
Şimali Qafqaz ölkələrindən də var idi. Lakin
öz doğma el obasına, vətəninə ürəkdən
bağlı olan Qoşqar Əhmədov doğma Bakı
Dövlət Universitetində işləməyə
üstünlük verib, rəhbərlik etdiyi “Diferensial və
inteqral tənliklər” kafedrasında fəaliyyətini davam
etdirir. O, 1961-ci ildə “Diferensial və inteqral tənliklər”
kafedrası üzrə professor elmi adına
layiq görülmüşdür.
Qoşqar Əhmədov Azərbaycan Dövlət
Universitetində çalışdığı illərdə
yalnız Fizika-riyaziyyat və Mexanika-riyaziyyat fakültələrinin
həyatında deyil, bütövlükdə Universitetin
ictima-siyasi işlərində yaxından iştirak
etmişdir.
1963-1964-cü illərdə akademik Şəfayət
Mehdiyevin rektorluğu dövründə ölkə rəhbərliyi
tərəfindən ona böyük etimad göstərilmiş,
Universitet Partiya Komitəsinin katibi vəzifəsində işləmişdir.
Doktorluq dissertasiyası müdafiə etdikdən sonra o,
qeyri-xətti diferensial, inteqral və inteqro-diferensial tənliklərlə
əlaqədar elmi-tədqiqat işlərini uğurla davam
etdirmiş və nəticədə 1963-1964-cü illərdə
üç nəfər tələbəsi müvəffəqiyyətlə
namizədlik dissertasiyası müdafiə edib.
Artıq
qeyd etdiyimiz kimi Qoşqar Əhmədov 1955-ci ildə Moskva
Dövlət Universitetinin doktoranturasına qəbul olur, elmi tədqiqat
işlərini davam etdirmək məqsədi ilə bir
neçə il Moskvada yaşayır. Məhz
həmin illərdə böyük rus alimi, akademik Lev
Semyonoviç Pontryaginin rəhbərliyi ilə bir qrup alim,
klassik variyasiya hesabının köməyi ilə həll
oluna bilməyən və geniş tətbiqi əhəmiyyəti
olan məsələlərin həlli ilə məşğul
olmağa başlamışdılar. Aparılan
ciddi elmi araşdırmalar nəticəsində sonralar
bütün dünyada qəbul olunan və “Pontryaginin maksimum
prinsipi” adı ilə məşhur olan yeni bir nəzəriyyə
yaradıldı.
Təxminən eyni vaxtda Amerika alimi Riçard Bellman və
onun rəhbərliyi ilə işləyən qrupun tədqiqatları
nəticəsində “Dinamik proqramlaşdırma” nəzəriyyəsi
yaradılır.
Elə həmin illərdə belə bir məsələ
də ortaya çıxdı ki, fiziki, mexaniki və digər
proseslərin ciddi tədqiqi tələb edir ki, dinamik sistemlərin
sürətlərinin yalnız onların indiki vəziyyətlərindən
deyil, həmçinin onların əvvəlki vəziyyətlərindən
də asılı olduğu nəzərə alınmalı və
qəbul edilməlidir. Başqa sözlə meyl edən arqumentli
tənliklərin öyrənilməsi problemi qarşıya
çıxdı.
Aydındır
ki, daimi yeniliklər axtarışında olan, Moskva riyaziyyat
mühitində formalaşmış 45 yaşlı elmlər
doktoru Qoşqar Əhmədovun riyaziyyat sahəsində baş
vermiş bu yeniliklərdən xəbəri var idi və o, bu
istiqamətdə elmi-tədqiqat işlərinə girişməyə
fürsət axtarırdı. Bakıya
qayıtdıqdan sonra Qoşqar Əhmədov bir qrup
istedadlı gəncləri öz ətrafına toplayıb, rəhbərlik
etdiyi “Diferensial və inteqral tənliklər”
kafedrasının elmi seminarını yuxarıda adı
çəkilən istiqamətə yönəltmək məqsədi
ilə hazırlamağa başlayır. Müvafiq
ədəbiyyatların əldə olunmasına və
araşdırılmasına müəyyən qədər vaxt
gedir.
Beləliklə, 1965-ci ilin iyun ayından professor
Qoşqar Əhmədovun rəhbərliyi ilə Diferensial və
inteqral tənliklər kafedrasının yeni istiqamətdə
elmi seminarı işə başladı. Seminarda müzakirə olunan
problemlər sırasına “Dinamik proqramlaşdırma”,
“Optimal idarəetmə nəzəriyyəsi”, “Gecikən
arqumentli diferensial tənliklər”, “Kvazi xəttiləşdirmə
metodu və çoxnöqtəli sərhəd məsələlərinin
h?lli”, “İnteqral bərabərsizliklər və onların tətbiqləri”
daxil idi.
Seminar hər
həftənin beş günü, hər
gün iki saat olmaqla öz işini davam etdirirdi. Seminarda ilk iki məruzəni Qoşqar müəllimin
özü etdi. Seminarda əsas çətinlik
ondan ibarət idi ki, yuxarıda adı çəkilən, yeni
nəzəriyyələrə həsr olunmuş, ingilis dilindən
tərcümə olunmuş kitablardakı riyazi təklif və
teoremlər ya isbatsız, ya da çox qısa isbatla
verilmişdi. Bundan əlavə, hər
bölmənin sonunda kifayət qədər çətin olan
məsələlər qoyulurdu. Bu tipli məsələlərin
hər birinin həlli ciddi araşdırmalar tələb
edirdi.
Qoşqar müəllim özünə məxsus
inadkarlıq və səbrlə o isbatları bərpa etməyi
və həmin məsələləri həll etməyi tələb
edirdi. Bu
isbatların bərpa olunmasında və məsələlərin
həll olunmasında, o zaman gənc elmlər namizədi olan Kazım Həsənovun
xüsusi rolunu qeyd etmək yerinə düşərdi.
Qoşqar müəllimin rəhbərliyi ilə
1965-1966-cı illərdə davam edən elmi seminarın bir
illik dövrünü cəsarətlə Azərbaycanda optimal
idarəetmə məktəbinin yaranması dövrü, onu isə
həmin məktəbin banisi adlandırmaq olar. Qoşqar
Əhmədovun bu xidmətini hər hansı bir zirvəyə
qalxmağa çalışan və ardınca böyük bir
dəstəni aparan alpinistin xidməti ilə müqayisə
etmək olar. Onun necə cəsarətli, ali,
uca bir məqsəd uğrunda inadla irəli gedən
genişürəkli və insanpərvər olduğunu, zirvəyə
çatanların çoxu ancaq dönüb geriyə
baxdıqda dərk edirlər.
Bütün
bunlar tezliklə öz bəhrəsini verdi.
Professor Qoşqar Əhmədovun rəhbərliyi
ilə yuxarıda adları çəkilən problemlərin hər
biri üzrə yeni elmi nəticələr alındı.
Həmin nəticələr dövrün
nüfuzlu jurnallarında çap olunmağa başladı.
Kafedranın seminarlarında Diferensial və inteqral tənliklər
kafedrasının müəllimləri və aspirantları
iştirak edirdilər. Hər seminarın sonunda növbəti
seminarda kimin məruzə edəcəyi dəqiqləşdirilirdi
və gələcək seminarlarda məruzəçilərin
çıxışları haqqında tapşırıqlar
verilirdi. Sonrakı illərdə seminarın işində
o dövrdə Qoşqar müəllimin kafedrasında
çalışan gənc elmlər namizədi Məmməd
Yaqubov və aspirant
Ələddin Şəmilov daha fəal idilər.
Seminarın
başlanmasından iki-üç il
keçdikdən sonra Qoşqar Əhmədovun rəhbərliyi
ilə daha üç nəfər namizədlik
dissertasiyası müdafiə etdi.
Artıq 1970-ci illərin əvvəllərində
professor Qoşqar Əhmədovun rəhbərliyi ilə
Bakıda yaranmış “Optimal idarəetmə nəzəriyyəsi”
məktəbi keçmiş sovetlər ittifaqında
tanınmağa başlayırdı. 1971-ci ildə o, ölkədə
elmin bu sahəsi ilə məşğul olan
tanınmış alimlərlə elmi əlaqələr qurur
və onların dəstəyi ilə Bakı şəhərində
“Optimal idarəetmə sahəsində” SSRİ məkanında
ilk dəfə olaraq Ümumittifaq konfransı keçirməyi
qərara alır. Qoşqar müəllimin təşkilatçılığı
və onun rəhbərliyi ilə 1972-ci ilin oktyabrında
Bakıda “Optimal idarəetmə nəzəriyyəsi” üzrə
ilk ümumittifaq konfransı keçirilir.
Konfransda Qoşqar müəllimin icmal məruzəsindən,
Azərbaycan alimlərinin çıxışlarından və
onların xaricdən gəlmiş qonaqlarla apardıqları
söhbətlərdən sonra konfrans
iştirakçıları yekdilliklə bildirdilər ki, Azərbaycanda
“Optimal idarəetmənin riyazi nəzəriyyəsi” sahəsində
bir mərkəz yaranıb. Əlbəttə, belə
bir konfransın ilk dəfə Azərbaycanda keçirilməsi
sadə bir məsələ deyildi. Lakin Qoşqar müəllimin
təşkilatçılığı və onun rəhbərliyi
ilə elmin bu sahəsində əldə olunmuş nəticələr
imkan verdi ki, 1972-ci ilin oktyabrında
Bakıda “Optimal idarəetmə nəzəriyyəsi” üzrə
ilk konfrans keçirildi.
Konfransda keçmiş SSRİ-nin müxtəlif şəhərlərindən
tanınmış alimlər iştirak edirdilər. Onların arasında
dövrün tanınmış alimləri Moskvadan professorlar
Vladimir Qriqoryeviç Boltyanski, Fyodr Pavloviç Vasilyev,
Ukraynadan professorlar Aleksandr İvanoviç Yeqorov, Vladimir Larin,
Belorusdan Faina Mixaylovna Kirillovanın olması xüsusi maraq
doğururdu.
... Düşünürəm ki, bu konfransın
Bakıda keçirilməsi və uğurla başa
çatmasında professor Qoşqar Əhmədovun bir alim və
elm təşkilatçısı kimi müstəsna rolu
olmuşdur və bu ölkəmizdə riyaziyyat elminin inkişafı
tarixində böyük bir hadisə kimi yadda
qalmışdır.
O,
xeyirxahlığı, gənclərə münasibəti,
imkansız ailələrdən olanlara xüsusi diqqəti və
qayğısı ilə hər kəsə nümunə olan
bir insan idi.
Ona görə də təkcə universitetdə deyil, Azərbaycanda
və keçmiş SSRİ miqyasında o, böyük
nüfuz sahibi idi.
O,
bütün varlığı ilə elmə bağlı idi,
riyaziyyat onun üçün həyatın özü idi. Müsahibələrinin birində qeyd etmişdi ki, əgər
təzədən yeniyetmə olsaydım, heç şübhəsiz
yenə riyaziyyatın ardınca gedərdim. Qoşqar Əhmədov riyaziyyat üçün
dünyaya gəlmişdi. Azərbaycanda
riyaziyyatın fundamental elm kimi inkişaf etməsində
misilsiz işlər görən alim, özündən əvvəlkilərin
və çağdaşlarının da uğurlarına qəlbən
sevinirdi. O, hər bir alimin uğurunu alimin şöhrəti
ilə bərabər Azərbaycanın uğuru hesab edirdi. Azərbaycanda riyaziyyatın təməlini qoymuş
alimlərin estafetini layiqli yetirmələrin aparmasını
alim hünəri, vətəndaş ləyaqəti hesab edirdi.
Unudulanları da, vaxtında qiymət verilənləri
də təbliğ etməkdən yorulmurdu. Azərbaycan riyaziyyatını keçmiş ittifaq
miqyasında tanıdanların xidmətlərinin
unudulmaması üçün təşəbbüslər
göstərirdi. O, qətiyyətlə deyirdi ki,
Mikayıl Xıdırzadə və Qara Bəhram kimi
istedadlı riyaziyyatçılar Azərbaycan
riyaziyyatının fəxridirlər. Qoşqar müəllim
eləcə də digər müəllimləri, müasirləri
Məmməd bəy Əfəndiyev, Zahid Xəlilov,
Əşrəf Hüseynov, İbrahim İbrahimov, Maqsud
Cavadov, Məcid Rəsulov, Yusif Əmənzadə, Əmir Həbibzadə
və növbəti riyaziyyatçılar nəslinin
istedadlı nümayəndələri Fərəməz
Maqsudov, Yəhya Məmmədov, Arif Babayev, Mayıs Cavadov,
Mirabbas Qasımov, Sasun Yaqubov, Rəşid Məmmədov,
Əli Novruzov və başqalarının müvəffəqiyyətlərinə
özününkü qədər sevinərdi.
Qoşqar Əhmədov təbiət aşiqi idi. Onun Sovetlər
İttifaqının və dünyanın ən məşhur
istirahət mərkəzlərinə, gəzməli görməli
yerlərinə getmək imkanı olsa da, Gədəbəyin
dağlarına, çaylarına çıxmağı, buz
bulaqlarına getməyə üstünlük verərdi.
Söhbətlərində deyərdi ki, mənim
üçün ən səfalı yer Gədəbəydir.
Burada qayalardan süzülüb gələn saf
su, dağ havası insanı paklığa
çağırır, onu kamilləşdirir.
Qoşqar müəllim hər gəlişində rayonun
təhsil problemləri ilə maraqlanır, dərs vəsaitlərindən
tutmuş, məktəb binalarınadək hər şeyə
baxır, mövcud problemləri həll etmək
üçün əlaqədar təşkilatlara müraciət
edirdi. Kəndə su da Qoşqar müəllimin təşəbbüsü
və bilavasitə iştirakı ilə çəkilmişdi.
Qoşqar müəllim Bakıda və Azərbaycandan kənarda
50-ə yaxın dissertasiya işinə opponentlik etmişdir. O, ölkə xaricində
olarkən həmişə öz həmvətənlərini
axtarır, onların problemləri ilə yaxından tanış olur və imkanları daxilində
kömək etməyə çalışırdı.
Qoşqar
müəllim insanlarla ünsiyyətdə olmaqdan, onların
xeyrində və şərində yaxından iştirak etməkdən, arxasızlara
arxa durmaqdan zövq alan böyük bir şəxsiyyət idi.
Ona görə də onun ətrafında
riyaziyyatçılarla yanaşı, müxtəlif peşə
sahiblərini də görmək olardı.
Qoşqar müəllimin rəhbərliyi ilə
dissertasiya müdafiə edərək alimlik dərəcəsi
almış şəxslər öz fəaliyyətlərini
Xabarovsk, Maxaçqala, Çerkassi, Leninabad (indiki Aşqabad),
Daşkənd, Frunze (indiki Bişkek), Alma-ata şəhərlərində
uğurla davam etdirmişlər.
1965-1967-ci illərdə professor Qoşqar Əhmədovun
rəhbərliyi ilə Orta Asiya və Qazaxıstan
respublikalarından altı nəfər müvəffəqiyyətlə
namizədlik dissertasiyası müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcələri
adı almışlar.
Səmərqənd riyaziyyatçılarına məlum
idi ki, Azərbaycanda xətti və qeyri-xətti inteqral tənliklər
nəzəriyyəsinin tədqiqi ilə məşğul olan
alimlər vardır. Bu istiqamətdə alınan mühüm
nəticələr Qoşqar Əhmədova məxsus idi.
O, analitik üsullardan istifadə edərək bu istiqamətin
bir sıra mühüm məsələlərini həll
etmişdir. Əhmədovun kvazi-xətti
operatorlu diferensial tənliklər üçün Koşi məsələsinin
həllində tədbiq etdiyi metod inteqro-diferensial tənliklər
üçün qoyulan qarışıq məsələlərin
ümumi sinifləri üçün də tətbiq olunurdu.
1968-ci ilin martında Azərbaycan Dövlət
Universitetinin rektoru Mehdi Əliyevin əmri ilə Qoşqar
Əhmədov İctimai Əsaslarla Hesablama mərkəzinin
idarəetmə proseslərinin Riyazi nəzəriyyəsi
şöbəsinə müdir vəzifəsinə təyin
edilmişdir.
O, Səmərqənd Universitetinin məzunları arasından
səkkiz nəfər elmlər namizədi
hazırlamışdır. Sonralar onlardan
üç nəfəri Səmərqəndin müxtəlif
institutlarında kafedra müdiri vəzifəsinində işləyirdilər.
Həmin səkkiz nəfərdən
altısı namizədlik dissertasiyasını Səmərqənddə
müdafiə etmişdir.
1967-1969-cu illərdə Qoşqar Əhmədovun rəhbərliyi
ilə daha dörd nəfər namizədlik dissertasiyası
müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi
elmi dərəcəsini almışdır.
Professor Qoşqar Əhmədovun anadan olmasının 50
illiyi yüksək səviyyədə keçirilmiş,
yubiley tədbirində keçmiş SSRİ-nin hər yerindən
tanınmış riyaziyyatçı alimlər iştirak
etmişlər.
Qoşqar
Əhmədov Azərbaycan Dövlət Universitetində tam
ştatda işləməklə yanaşı, ayrı-ayrı
vaxtlarda və illərdə Həsən bəy Zərdabi
adına Kirovabad Pedaqoji (Gəncə Dövlət Universiteti),
V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji (Azərbaycan
Dövlət Pedaqoji Universiteti), Xalq Təsərrüfatı
(Azərbaycan Dövlət İqtisad Universiteti)
İnstitutlarında və müxtəlif illərdə Səmərqənd
Dövlət Universitetində riyaziyyatın müxtəlif sahələrinə
aid mühazirələr oxumuş, həmin müəssisələrdə
tədris prosesinin keyfiyyətinin yüksəlməsinə, riyaziyyatçı kadrlarla təmin
olunmasında və elmin inkişafına dəyərli töhfələr
vermişdir. Qoşqar Əhmədov Moskva “Riyaziyyat” cəmiyyətinin,
SSRİ Ali Təhsil Nazirliyi nəzdində Metodik
Şuranın, Azərbaycan Dövlət Universitetinin
böyük Elmi Şurasının, Mexanika-riyaziyyat fakültəsinin,
Azərbaycan EA-nın, “Riyaziyyat və Mexanika” bölməsi
üzrə çıxan “Elmi əsərlər”
jurnalının redaksiya heyətinin, V.İ. Lenin adına Azərbaycan
Pedaqoji İnstitutunun və Azərbaycan Dövlət
Universitetinin Hesablama Mərkəzinin Elmi Şuralarının
üzvü olmuşdur.
1970-ci il iyunun 4-də Qoşqar Əhmədov ikinci dəfə
Mexanik-riyaziyyat fakültəsinin dekanı vəzifəsinə
seçilmişdir.
O, 1958-ci
ildən ömrünün sonuna qədər Azərbaycan
Dövlət Universitetinin “Diferensial və inteqral tənliklər”
kafedrasının müdiri və professoru olmuşdur.
Qoşqar
müəllim iki il Mexanika-riyaziyyat
fakültəsinin dekanı vəzifəsində işlədikdən
sonra öz ərizəsinə əsasən həmin vəzifədən
azad olunmuşdur. Riyaziyyat elminin daha da inkişaf etdirilməsi
məqsədi ilə Qoşqar Əhmədov 1969-cu ildə Tətbiqi
riyaziyyat fakültəsinin yaradılması haqqında Azərbaycan
Dövlət Universitetinə gəlmiş, həmin dövrdə
Azərbaycana rəhbərlik edən ulu öndər Heydər
Əliyevə müraciət etmişdir. Bu
müraciətdən sonra Heydər Əliyevin
tapşırığı və köməkliyi ilə
Mexanika-riyaziyyat fakültəsinin bazası əsasında Tətbiqi
Riyaziyyat fakültəsi yaradılmışdır. Sonralar bu fakültənin adı dəyişdirilərək
“Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə
çevrilmişdir.
Diferensial və inteqral tənliklər sahəsində
böyük mütəxəssis kimi tanınmış
Qoşqar Əhmədov 70-dən çox elmi əsərin
müəllifi olmuşdur.
Qoşqar Əhmədovun elmi və pedaqoji kadrların
hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun rəhbərliyi
ilə 60-dan çox elmlər namizədi
hazırlanmışdı. O, 80-dən yuxarı namizədlik
və doktorluq dissertasiyaların müdafiəsində rəsmi
opponent kimi çıxış etmiş, doktorluq
dissertasiyası üzərində işləyən bir
çox riyaziyyatçıların elmi məsləhətçisi
olmuşdur.
Qoşqar Əhmədovun xidmətləri bir sıra hökümət mükafatlarına layiq görülmüşdür. Böyük Vətən müharibəsinin iştirakçısı kimi 1945-ci ildə “Qafqazın müdafiəsi” və “Almaniya üzərində qələbə” medalları, yüksək səviyyəli gənc riyaziyyatçı-mütəxəssislərin hazırlanmasında uzun müddətli və qüsursuz əməyinə görə “Şanlı Əmək” medalı ilə təltif edilmişdir. O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibəti ilə xatirə medalı ilə təltif edilmiş və həmən il Azərbaycan SSR-nin EA-nın müxbir üzvü seçilmişdir.
Qoşqar Əhmədov təkrarsız insani kefiyyətlərə malik olan böyük şəxsiyyət idi, xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, müstəsna qayğıkeşlik və nikbinlik onu ətrafındakılarla doğmalaşdıran ən mühüm kefiyyətlərdən idi. O, bir şəxsiyyət kimi çox keşməkeşli həyat yaşadığından tələbələrinə müstəsna dərəcədə dərin inam bəsləyirdi ki, bu da elmi problemlərin həllində onlara qarşıya çıxan çətinlikləri müvəffəqiyyətlə aradan qaldırmaqda böyük psixoloji yardım göstərirdi.
Qoşqar Əhmədov 1975-ci il fevralın 10 dünyasını dəyişib. Dəfn mərasimi onun daimi iş yeri olan Azərbaycan Dövlət Universitetində həyata keçirilirdi. Minlərlə insan öz qəlbinin hökmü ilə onun dəfn mərasimində iştirak edirdi. Onların arasında müxtəlif peşə və sənət sahibləri, kəndlilər və fəhlələr, elm və mədəniyyət xadimləri, dövlət adamları, Orta Asiyadan, Şimali Qafqazdan və keçmiş SSRİ-nin bir çox şəhərlərindən gələnlər var idi. İnsan axınının əvvəli-axırı görünmürdü. Cənazəni Universitetin binasından fəxri xiyabana qədər maşına qoymadılar. Adamlar bir-birini əvəz edir, onun cənazəsini çiyinlərində daşımağı özlərinə borc bilir və bu yolla Qoşqar müəllimə olan hörmət və məhəbbətlərini onun ruhuna qaytarmaq istəyirdilər.
Mərasimdə iştirak edən yaşlı insanlar Qoşqar müəllimin dəfn mərasimini Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəyovun, Səməd Vurğunun və Əliağa Vahidin dəfn mərasimi ilə müqayisə edirdilər.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.16-17.