“525-ci qəzet” məktəbi
"525" - 25
Azərbaycanda ədəbi məktəblər,
böyük ədəbiyyat yaratmış, geniş ədəbi
cəbhəsi və davamçıları olan görkəmli
yazıçıların adı ilə bağlıdır.
Nizami Gəncəvi
ədəbi məktəbi, Füzuli və Vaqif ədəbi məktəbləri,
Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə,
Səməd Vurğun və Rəsul Rza ədəbi məktəbləri
- adından göründüyü kimi, qüdrətli
yazıçı və şairlərin yaradıcılıq
nümunəsində formalaşmışdır. Ona görə də bu məktəblərin
adının qarşısında “ədəbi”
sözünün işlədilməsi mütləqdir.
Milli ədəbi təcrübədə iki möhtəşəm
mətbuat orqanı ilə əlaqədar olan məktəblər
də mövcuddur: “Molla Nəsrəddin” ədəbi məktəbi
və “Füyuzat” ədəbi məktəbi. Azərbaycan
ictimai-siyasi və ədəbi fikrinin, habelə milli mətbuatımızın
inkişafında mühüm rolu və böyük xidmətləri
olmuş bu mötəbər mətbuat orqanlarının ətrafında
tənqidi realizm və romantizm ədəbi cərəyanları
yaranıb inkişaf etmişdir.
Milli ədəbiyyatın inkişafında yeni yol
açdıqları üçün hər iki jurnalın “ədəbi
məktəb” yaratdıqları elmi cəhətdən qəbul
ediləndir.
Lakin həm “Molla Nəsrəddin”, həm də “Füyuzat”
jurnallarının fəaliyyəti təkcə yeni ədəbiyyat
yaratmaqla bitmədiyi, ictimai-siyasi fikrin və maarifçi-mədəni
mühitin geniş miqyasını da özündə əks
etdirdiyi üçün bu mətbuat orqanlarının ədəbi
məktəb olmaqla yanaşı, həm də ümumiyyətlə
məktəb səviyyəsində fəaliyyət göstərdikləri
də qeyd olunmalıdır.
Fikrimcə,
Azərbaycan mətbuatının tarixində “Molla Nəsrəddin”
və “Füyuzat”dan sonra ədəbiyyatın əsas
arsenalını əhatə etməklə yanaşı, həm
də ictimai-siyasi və maarifçi-mədəni mühitin
bütün palitrasını özündə cəmləşdirmək
baxımından “525-ci qəzet”lə müqayisə ediləcək
mətbuat orqanı göstərmək çətindir. Məhz “525-ci qəzet” özünün
çoxaspektli fəaliyyətində özünəməxsus
ədəbiyyat qəzeti və fərqli bir ictimai-siyasi qəzet
olmaqla bərabər, həm də mədəni-maarif hərəkatının
güzgüsü olan mətbuat orqanıdır. “525-ci qəzet”in əsas gücü bu mühüm
istiqamətlərin hər hansı birinə xüsusi
ağırlıq verməsində yox, onların
hamısının çox münasib harmoniyasını, vəhdətini
yaratmasındadır. Siyasətçilər
üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul
edilən “525-ci qəzet” ədəbiyyatçılardan
ötrü də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat
qəzetidir.
Beynəlxalq icmalçılar, elm adamları, müəllimlər,
mədəniyyət işçiləri, gənclər...
üçün də “525-ci qəzet” həm mükəmməl
auditoriya, həm də əhəmiyyətli xitabət
kürsüsüdür. “525-ci qəzet”çilər cəmiyyət
həyatının və mənəvi mühitin bütöv
mənzərəsini tam əhatə edən bu qəzetdə həmin
sahələrdən hər birini yüksək professional səviyyədə
böyük oxucu auditoriyasına təqdim edirlər. Bizə
görə, digər qəzetlərdən fərqli olaraq
“525-ci qəzet”in adının yazıldığı baş səhifədə
ənənəyə uyğun olaraq mötərizədə
aid mətbuat orqanının xarakterini ifadə edən təyinatların
(ictimai-siyasi, ədəbi-bədii, iqtisadi, maarifçi və
s.) yazılmaması təsadüfi olmayıb, bu çoxprofilli
qəzetin tam masştabda ölkə və dünya həyatını
əks etdirmək imkanlarını ifadə edir.
Müşahidələrimə
görə, hazırkı mərhələdə həm kəmiyyət
etibarilə, həm də sosial tərkibinin müxtəlifliyi
mənasında da geniş oxucu cəbhəsi cəlb etmək
baxımından “525-ci qəzet”lə müqayisə edilə
biləcək mətbuat orqanı göstərmək çətindir.
Tərəddüd etmədən demək
mümkündür ki, “525-ci qəzet” ümumiyyətlə Azərbaycan
cəmiyyətinin qəzetidir. Çoxaspektli
mətbuat orqanı olduğu üçün “525-ci qəzet”in
müəlliflər heyətinin tərkibi də fərqlidir.
Qəzetin səhifələrində dövlət
qurumlarının rəsmi nümayəndələri,
ictimai-siyasi xadimlər, ədəbiyyatçılar,
dilçilər, tarixçilər, filosoflar,
iqtisadçılar, sənətşünaslar, publisistlər,
müxbirlər müxtəlif janrlarda yazılarla
çıxış edirlər. “525-ci qəzet”in
redaksiya əməkdaşları bu səviyyədə və
genişlikdə müəlliflər heyəti ilə əlaqə
yaratmaq, dialoqda olmaq, yazışmaq, fikir mübadiləsi
aparmaq səviyyəsində yetişib
formalaşmışdır. “525-ci qəzet”
bu qədər çox tərkibli və geniş miqyaslı
müəlliflər heyəti ilə ardıcıl və səmərəli
işi özünün çox da böyük olmayan
yaradıcı kollektivi ilə həyata keçirir. Gündəlik çap olunduğunu və həftəlik
qalın əlavəsinin də müstəqil bir qəzet
olduğunu nəzərə alsaq, “525-ci qəzet”in redaksiya əməkdaşlarının
məsuliyyətini, zəhmətini və
profesionallığını aydın şəkildə təsəvvür
etmək olar. Geniş müəlliflər
heyətinə və böyük oxucu arsenalına malik
olması, qəzet və cəmiyyət münasibətlərini
bu qədər böyük miqyasda həyata keçirməyi
bacarması da “525-ci qəzet”in məktəb yaratmasının
göstəricilərindəndir.
“525-ci qəzet”
müasir dövrdə Azərbaycandakı mətbuat bolluğu
mühitində xüsusi bir istiqamət təşkil edən
müstəqil mətbuatın əvvəlincilərindəndir.
Buradakı “əvvəlinci” sözü qəzetin
nəşr tarixindən çox, mətbuat
dünyasındakı yerini, öndə getməsi mənasını
ifadə edir. Hazırkı mərhələdə
özünü müstəqil mətbuat orqanı elan edən
qəzet və jurnallar az olmasa da,
onların çoxusu müstəqillik mövqeyini axıradək
qoruyub saxlaya bilməmiş, cəmiyyətdə sağa və
ya sola meyilləri ilə diqqəti cəlb etmişlər.
Yaxud da həmin müstəqil görünmək istəyən
mətbuat orqanının az sonra müəyyən
qrupun, fərqli bir baxışın maraqlarına xidmət
etdiyi məlum oldu. “525-ci qəzet” isə artıq iyirmi beş ildir ki, bütün mərhələlərdə
aktual ictimai-siyasi məsələlərdən tutmuş
gündəlik informasiyalara, ədəbi-mədəni
mühitin gedişatına, qayğılarına qədər hər
gün müstəqillik, obyektivlik və müasirlik
mövqeyindən çıxış etməkdə, məsuliyyətli
və şərəfli yolunu ardıcıl olaraq davam etdirməkdədir.
Artıq 25 ildir ki, Azərbaycan oxucusu gerçək,
tərəfsiz, qərəzsiz, real, obyektiv informasiyanı və
dərin, əsaslı analitik təhlili “525-ci qəzet”dən
axtarır və bu qəzetin yazdıqlarına inanır.
Bu, “525-ci qəzet”in ən mühüm nailiyyətidir.
Müstəqil
kimi görünmək istəyən, yaxud da özünün
müstəqil mətbuat orqanı olduğunu bəyan edən
qəzetlərin əksəriyyəti “müəllifin
mövqeyi ilə qəzetin mövqeyi uyğun gəlməyə
bilər” tipli bildirişlər çap etməklə
xüsusi olaraq daha çox müstəqillik nümayiş
etdirdiklərini biruzə verməyə
çalışırlar. “525-ci qəzet” isə
heç vaxt mövqelərin üst-üstə düşməməsi
kimi gözqamaşdırıcı zahiri effekt dalınca getməmişdir.
Əksinə, “525-ci qəzet” özünün
müstəqil və obyektiv mövqeyini meydana qoymaqla və
bütün hallarda bu ideala sədaqətini qoruyub möhkəmləndirməklə
cəmiyyətdə daim inkişafda olan sabit mövqeli mətbuat
orqanı olmaq imici qazanmışdır. Hazırda
“525-ci qəzet” Azərbaycanda müstəqil dövlətçiliyin
böyük ideallarına yüksək səviyyədə
cavab verən, uğurla xidmət edən aydın mövqeyə
malik müasir tipli mətbuat orqanıdır. Ən mübahisəli məsələləri təqdim
etməkdə “525-ci qəzet” cəmiyyətin ortaq mövqeyini
tapa bilir. Və “525-ci qəzet” öz ətrafında
da ölkəmizin gerçəkliyini obyektiv şəkildə,
real olaraq bəzək-düzəksiz əks etdirə biləcək
sadiq əməkdaşlar və müəlliflər heyəti
formalaşdıra bilmişdir. Bu mənada, heç
şübhəsiz ki, “525-ci qəzet”in rəsmi əməkdaşlarının,
işçilərinin sayı qəzetin adı ilə
müqayisədə qat-qat az olsa da, iyirmi
beş il ərzində bu mətbuat orqanı ilə əməkdaşlıq
edən kənar müəlliflərin kəmiyyət göstəricisi
beş yüz iyirmi beşdən çoxdur. Azərbaycanda
müstəqil jurnalistikanın əsl nümunəsini göstərən
“525-ci qəzet” dövlət müstəqilliyi amalına sədaqətlə
xidmət etməyi şərəf işi sayan müəlliflərin
doğma qəzetidir. Bu, ölkəmizin
ictimai-siyasi mühitinin, iqtisadi gedişatının və ədəbi-mədəni
inkişafının ritmlərini bütün
reallıqları, geniş palitrası ilə birlikdə əks
etdirən çoxcəhətli və əhəmiyyətli mətbuat
orqanıdır. Beləliklə, müstəqil
dövlətçilik ideallarına sədaqət və
obyektivlik “525-ci qəzet”in ölkə və xalq
qarşısında, milli mətbuat andı
qarşısında böyük xidmətidir.
“525-ci qəzet” Azərbaycan mətbuatının
çoxüslublu qəzetidir. Bu qəzet müstəqil
yaradıcı düşüncənin sərbəst ifadəsinə
geniş meydan açır. Bu qəzetdə
siyasi, elmi və bədii publisistikanın bütün
janrlarında və üslublarında səviyyəli
yazılar oxumaq mümkündür. Hətta
mən deyərdim ki, müasir jurnalistikada bir çox mətbu
formalar “525-ci qəzet” vasitəsilə möhkəmlənib mətbuatımız
üçün vətəndaşlıq hüququ
qazanmışdır. Bədii əsər
nümunəsi kimi yazılan esselərdən fərqli olaraq,
publisist esse “525-ci qəzet”in daimi janrlarından biri kimi diqqəti
cəlb edir. Açıq məktub, hətta
sadəcə məktublar, xatirələr, düşüncələr,
səfərlər, mövqe, baxış “525-ci qəzet”in
yaşatdığı, qoruyub saxladığı, inkişaf
etdirdiyi formalardır. Qəzetin rəsmi üslubda
yazılmış məqalələri
ilə yanaşı, bədii-publisistik, siyasi-analitik, yaxud sadəcə
analitik, hətta sırf fəlsəfi üslubda olan
yazılarının da hər birinin geniş oxucu
auditoriyası vardır. Çoxüslubluluğa,
yəni jurnalistikada sənətkarlığa geniş meydan
açmaq baxımından mətbuat orqanı olaraq “525-ci qəzet”in
çoxillik fəaliyyətini 525 balla qiymətləndirmək
olar. İctimai-siyasi, publisist, analitik, elmi-ədəbi qəzet
kimi çıxan “525-ci qəzet” bu istiqamətlərin hər
birində oxunaqlı, maraqlı, təsirli, fərqli, obyektiv, cəlbedici yazılar dərc
etməklə bütün hallarda professional olduğunu
nümayiş etdirir. Ümumiyyətlə,
“525-ci qəzet” - professionalların qəzetidir. “525-ci qəzet” - cəmiyyət həyatının
bütün istiqamətləri üzrə həm də hər
gün yüksək professional səviyyədə
çıxa bilən mətbuat orqanıdır. Bundan
başqa, “525-ci qəzet” - mətbuatda profesionalların yeni nəsli üçün məktəbdir. Bu məktəbdə yeni professional “525-ci qəzet”çilər
və ümumiyyətlə, yaradıcı ziyalıların
yeni nəsli yetişib formalaşmaqda davam edir. Ölkəmizdə professional jurnalistika ilə bir
sırada yüksək səriştəli siyasi
icmalçıların, ədəbiyyatşünasların, sənətşünasların,
yazıçı və şairlərin, fotomüxbirlərin...
yetişib formalaşmasında “525-ci qəzet”in böyük
xidmətləri vardır. “525-ci qəzet”də
yaradıcılıq təcrübəsi qazanmış yeni
jurnalistlər nəsli ümumiyyətlə Azərbaycan mətbuat
aləmi səviyyəsində qəbul olunur. Bu mənada yeni qəzetçilər nəsli yetirməsi
“525-ci qəzet”in məktəb olmasını göstərən
arqumentlərdəndir.
Nəhayət, “525-ci qəzet”in geniş və həcmli
həftəlik əlavəsi barədə də bir neçə
kəlmə söz demək istəyirəm. Bu, Azərbaycan
siyasi və maarifçi publisistikasının, elitar ziyalı
düşüncəsinin və müxtəlif elmi-ədəbi
baxışlarının məcmusundan ibarət olan nadir qəzet
nümunəsidir. Əslində, diqqət
edilsə, “525-ci qəzet”in hər həftədə bir dəfə
çıxan iri həcmli əlavəsi bu qəzetdə həftə
ərzində öz əksini tapmış proseslərin
ümumiləşdirilmiş məntiqi yekunudur. Ancaq “525-ci qəzet”in həftəlik əlavəsində
hər dəfə orijinal, yeni, cəlbedici və oxunaqlı
materialları təqdim etməyə üstünlük verilir.
Buna görə də “525-ci qəzet”in həftəlik
əlavəsi qəzet içində qəzet olsa da, yeni bir qəzet
təəssüratı yaradır. “525-ci qəzet”in
hər həftəlik əlavəsi Azərbaycan mətbuatının
ədəbi-publisist romanıdır. “525-ci
qəzet”in illik həftəlikləri müasir Azərbaycanın
yaradıcı qüvvələrinin çoxcildlik
külliyyatıdır. Bundan başqa, həftədə
cəmisi bir dəfə çıxan qəzetlərin
heç də hamısı “525-ci qəzet”in həftəliyi qədər
cəlbedici və oxunaqlı görünə bilmir. “525-ci qəzet”in həftəlik əlavəsi sonuncu
sətrinə qədər oxunur. Artıq
ziyalı cəmiyyətimiz “525-ci qəzet”in həftəlik
qalın sayını intizarla gözləyir. “525-ci qəzet”in həftəlik əlavəsi həftənin
yox, müasir zamanın və gələcəyin
sözünü deyir, çağırışlarını
səsləndirir. Ona görə də ”525-ci
qəzet” həftəlik mətbuat orqanına da, qəzet
içində qəzetçiliyə də qiymətli bir
örnəkdir. Beləliklə, Azərbaycan mətbuatı
tarixində böyük məktəb yaratmış məşhur
“Molla Nəsrəddin” jurnalından və “Füyuzat” məcmuəsindən
sonra “525-ci qəzet” də xüsusi jurnalistika məktəbi səviyyəsinə
çata bilmişdir.
Ümumiyyətlə, ədəbi məktəb, yaxud məktəb
anlayışında şəxsiyyət amili əsas faktordur. Ədəbi məktəblər
bir qayda olaraq böyük yaradıcı şəxsiyyətlərin
adları ilə tanınırlar. Mətbuat
orqanları əsasında formalaşan məktəblər
üçün də qəzetin və ya jurnalın
yaradıcısının dünyabaxışı, əhatə
dairəsi, mövqeyi və yaradıcılıq potensialı zəruri
şərtdir. Böyük demokrat Cəlil
Məmmədquluzadə sadəcə “Molla Nəsrəddin”
jurnalının baş redaktoru olmayıb, bu məktəbin
“Əziz və qiymətdar qələm dostlarının
ağsaqqal yoldaşı” idi. Görkəmli
ədib və mütəfəkkir Əlibəy Hüseynzadə
də “Füyuzat” jurnalının baş redaktoru olmaqla
qalmayıb, geniş mənada
füyuzatçılığın lideri idi. O, “türk
dünyasında geniş üfüqlər açan” mütəfəkkir
sima hesab edilmişdir. Əlbəttə, biz
heç də “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidi
Azərbaycan ədəbiyyatı və mətbuatının
böyük yaradıcıları olan ustad sənətkarlarla
müqayisə etmək fikrində deyilik. Digər
mətbuat orqanlarından da qəzetin və ya jurnalın taleyində
birinci şəxslərin roluna aid onlarca misallar gətirmək
mümkündür. Hətta çoxillik nəşri
dövründə bir neçə redaktorun rəhbərliyi ilə
çıxmış mətbuat orqanlarının fəaliyyətilə
əlaqədar olaraq “filankəs mərhələsinin”
xüsusi qeyd olunmasına dair də kifayət qədər
faktlar məlumdur. Bu mənada, “525-ci qəzet”in Baş
redaktoru Rəşad Məcidin də dünyabaxışı,
təşkilatçılıq qabiliyyəti, istedadı, təşəbbüsləri,
səriştəsi “525-ci qəzet”in Azərbaycan cəmiyyəti
qarşısındakı alnıaçıq hesabatında
xüsusi çəkiyə malikdir.
İyirmi beş il ərzində mətbuat dünyasındakı ardıcıl və məsuliyyətli fəaliyyəti göstərdi ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müstəqillik dövrü Azərbaycan mətbuatında yeni və fərqli simadır. Cəmisi bir neçə şeir və nəsr kitabı ilə o, ədəbiyyatda az yazıb dərin iz salmağın nümunəsini göstərmişdir. Azərbaycan ədəbi-ictimai fikrində Rəşad Məcid müasir jurnalistikanın, təzə şeirin, yeni nəsrin və ümumiyyətlə yeni yaradıcı nəslin istedadlı nümayəndəsi kimi qəbul olunur. Sərrast və səviyyəli yazıları və bədii əsərləri ilə cəmiyyətdə və ədəbiyyatda mükəmməl söz deməyi bacarmış Rəşad Məcidin özünün Baş redaktoru olduğu qəzetdə ara-sıra çap olunan yazıları kəmiyyətcə az olan, lakin bədii-publisist sözün keyfiyyəti etibarilə “525-ci qəzet” səviyyəsində, hətta ondan da yuxarıda dayana bilən ciddi publisistika örnəkləridir. Bütün yönləri ilə yaradıcı olan şair-yazıçı-publisist Rəşad Məcid “525-ci qəzet”çilərin cavan ağsaqqalıdır. Müdriklik, sabit mövqe, bütövlük, zəhmət, təmkin, istedad, məsuliyyət və təşkilatçılıq qabiliyyəti Rəşad Məcidin obrazını müəyyən edir. Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi mövqe üzvi vəhdətdədir. Azərbaycan cəmiyyəti Rəşad Məcidi müstəqillik dövrü Azərbaycan ziyalılığının kamil bir nümayəndəsi kimi qəbul edir. Rəşad Məcidin “525-ci qəzet”dəki və Yazıçılar Birliyinin katibi kimi fəaliyyəti biri - digərini tamamlayır. Azərbaycan cəmiyyətinin geniş miqyasını əhatə edən, çoxcəhətli vəzifələri özündə cəmləşdirən “525-ci qəzet” həm də Yazıçılar Birliyinin ədəbi mətbuatının da fərqli funksiyasını həyata keçirir. Müasir dövrün yazıçı və şairləri “525-ci qəzet”in “qabaq sıralarında” təmsil olunurlar.
Bütövlükdə “525-ci qəzet” Rəşad Məcidin və məsləkdaşlarının Azərbaycan oxucusuna, ədəbiyyatına, inkişafa, ictimai-mədəni mühitə sözüdür. Bu, canlı, təsirli, obyektiv mətbu sözə örnəkdir. “525-ci qəzet” cəmiyyətdə də, ədəbiyyatda da sabit, müstəqil, təmkinli və obyektiv mövqedə dayanmaqda davam edən Rəşad Məcidin və müasirlərinin özüdür. “525-ci qəzet” Rəşad Məcidin həyat hekayəsi, müstəqil Azərbaycan mətbuatının epopeyasıdır.
Müstəqillik dövrü Azərbaycan mətbuatının “525-ci qəzet” mərhələsi mövcuddur. “525-ci qəzet”in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir.
“525-ci qəzet” - müasir dövrün qəzetçilik
məktəbidir. “525-ci
qəzet” universal mətbuat formatının universitetidir.
“525-ci qəzet”in - gündəlik hər sayı müasir
jurnalistikanın dərsləridir.
“525-ci qəzet”in
yolu - müstəqillik və azərbaycançılıq
yoludur və daim sabaha doğrudur...
Uğurlar!
2 oktyabr, 2017-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin
Elm və Təhsil Komitəsinin sədri, akademik
525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.15.