25 yaşlı
Böyüyüm! - “525”-25
"525" - 25
“525-ci qəzet”in qarşıdan gələn 25 illik
yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin
professoru Cahangir Məmmədlinin rəhbərliyilə
xüsusi nəşr layihəsi həyata keçirilir.
Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın
dəyərli qələm adamlarının fikirləri,
yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə
qəzetimizdə də dərc olunacaq.
Yer üzündə insana bəxş olunmuş
çoxlu sevinclər, səadətlər var. Neçəsini
dadmışam bu sevincin, bilmirəm. Hər halda Nazım
Hikmət demiş - xatirələrimdən şikayətçi
deyiləm. Son illərdə isə
yaşadığım duyğular, məmnunluq içərisində
ən öndə olanlardan biri də “525-ci qəzet”də
çap olunmaq səadətidir. Əslində,
çağdaş zamanın informasiya və bu xəbərləri
yayımlayan vasitələr çoxluğunda
“boğulduğumuz” bir dönəmində sözlərim bir az qəribə gələ bilər. Yəni məgər çap olunmaq elə
böyük bir işdi ki, hələ üstəlik səadət
də sayılsın? Əgər istənilən adam ağlına, ağzına, ya da əlinə
gələni sosial şəbəkədə paylaşıb
beş dəqiqədə məşhurlaşa, tanına bilirsə,
bir qəzetdə çap olunmağın hansı sehri qala bilər.
Bəli, elədir, yazının sadəcə qəzet səhifəsində
görünməyi elə böyük iş deyil daha. Amma
axı söhbət “525-ci qəzet”dən gedir! Həm də
“525-ci qəzet”də çap olunmaq və bu mətbu orqanda
işləmək ayrıca bir hadisədi axı... Bir də
“525” elə-belə kağız, söz yığını
deyil... “525” hər şeydən əvvəl peşəkar
komandadı! İşinin peşəkarı olan insanlarla isə
birgə çalışmaq həmişə zövqdü!
Bir çox həmyaşıdlarım, həmkarlarım
kimi mənim də “525”ə yolum Azərbaycan
Yazıçılar Birliyindən keçib. Azərbaycan ədəbiyyatı
ixtisası üzrə magistr pilləsinə yeni daxil
olmuşdum. Qısa müddətdə az
qala bütöv Azərbaycan ədəbiyyatını
oxumuş, imtahandan maksimum bal toplayıb ən yaxşı
ixtisasa qəbul olmuş adam kimi xeyli iddialı idim. O qədər
iddialı idim ki, “Azərbaycan” dərgisində çap olunmaq
sevdasına düşmüşdüm. Elə
bu arzum da məni Azərbaycan Yazıçılar Birliyinə
gətirmişdi. Yazımın çap
olunub-olunmayacağını bilmirdim, amma o zaman burda fəaliyyət
göstərən Gənc Ədiblər Məktəbi haqqında eşidəndə
anladım ki, bu, həyatımda yeni bir mərhələnin
başlanğıcı ola bilər. Elə də oldu! Gənclər
üzrə katib, həm də Gənc Ədiblər Məktəbinin rəhbəri Rəşad
Məcidin gənclərlə bir az tələbkar, xeyli dərəcədə
də ironiyalı, zarafatyana söhbətləri haqqında
eşitmişdim. Deyəsən, mənimlə də
ilk dialoqu bu ladda baş tutdu. Rəşad
müəllim təhsilim, maraqlarım, oxuduğum kitablar
haqqında soruşanda utancaqlıqla bir neçə
yazıçı adı çəkdim.
Qarşısına çıxan baxımlı
xanımların kitabdan yüz kilometr uzaqlığına əmin
olan Rəşad müəllim mənə çox ironiya,
zarafat, inamsızlıq qarışıq bir sual verdi: Yaaaxşşşııı?!
Doğrusu, bu cavaba bənzər sualın səbəbini
o zaman yaxşı anlamamışdım. Sonralar öyrəndim
ki, sən demə, gənc qızları öyrədib Rəşad
Məcidin yanına yollayan adamlar varmış. Hətta bu xanımlar beş-on yazıçı, əsər
adı əzbərləyib özlərini intellektual da göstərməyə
çalışırlarmış. İndiki zaman
üçün o qədər xarakterik hadisədir ki... Elə mətbuatı zəbt eləmiş
psevdointellektualların əsas şakəri bu deyilmi? Nə
isə, o vaxt bu yazılmamış qanunlardan xəbərsiz
olduğum üçün bir az
incimişdim də aldığım
“Yaaaxşşşııı”dan. Axı
alışmışdım ƏLA almağa... Əla
üçün isə çalışmaq lazım idi,
çox çalışmaq. Sözün həqiqi mənasında
gecə-gündüz işləmək, gözünü
qaldırmadan oxumaq, yoruldum deməmək, şikayət etməmək!
Başlanğıcda hər şey daha asan, daha romantik
görünürdü. Tədbirlər, ədəbiyyat söhbətləri,
dost məclisləri, zarafatlar, istedadlı adamlarla bir mühitdə
olmaq, illərlə uzaqdan baxdığın, əsərləriylə
böyüdüyün yazıçılarla ünsiyyət,
onları daha yaxından tanımaq imkanı... Yəni
ilk baxışdan görünən, gözə gələn
bunlardır. Səhnə arxasında isə yuxusuz gecələr,
mənasız dedi-qodular, paxıllıq, kin və s. Mühitin
lazımsız “ünsürlərindən” uzaq durub işləmək,
sadəcə yazmaq və yazmaq isə asan deyil. Məncə,
“525-ci qəzet” məhz bunu bacara bilib. Elə
ətrafındakı adamlara da, ələxsus gənclərə
də bunu aşılaya, öyrədə bilib; uğur
qazandınsa, başın gicəllənməyəcək,
uğursuzluqla üzləşdinsə, ruhdan düşməyəcəksən.
Yola davam! Məhz “Yola davam!” fəlsəfəsi
“525-ci qəzet”i bu günümüzə, ölkənin ən
nüfuzlu mətbu orqanı səviyyəsinə gətirib
çıxarıb.
Artıq
mətbuat tariximizdə “525 məktəbi” adlandıra biləcəyimiz
bir MƏKTƏB var. Bu gün ölkədə yüzlərlə
söz, qələm adamı, özünün,
sözünün nüfuzu olan jurnalistlər, mətbuat xidməti
rəhbərləri var ki, onlar “525”in yetirmələridirlər,
ilk addımlarını burda atıblar, burda yetişib püxtələşiblər.
Əslində, indi istedadı, peşəkarlığı ilə
fərqlənən jurnalistin “525”in “məzunu” olmaması təəccübləndirər
hər kəsi... Mən də bu cür bəxtigətirmişlərdənəm!
“525-ci qəzet”də yayımlanan ilk yazım və
ümumiyyətlə bunun tarixçəsi maraqlıdır. O zaman MirŞahin Ağayevin
“Milli metr” layihəsi vardı, ilk bir neçə verilişi
getmişdi efirə. Bu veriliş haqqında
qısaca bir esse yazmışdım. Rəşad müəllim
baxıb - qoy, bunu Seyfəddin (redaktorumuz Seyfəddin
Hüseynli) redaktə eləsin, sən də fikir verərsən
gör nəyi necə dəyişib - dedi. Sonra
bir anlıq dayanıb - amma redaktələrdən incimə - əlavə
elədi. Təcrübəsiz olduğum
üçün nədən inciyə bilərəm ki,
düşündüm. Amma qəzetin şənbə
nömrəsini alanda başa düşdüm ki, bu
yazını Seyfəddin müəllim ürəklə öz
Seçilmiş əsərlərinə daxil edə bilər.
Bu hadisəni Birinci Gənc Ədiblər Məktəbinin
məzun günündə danışanda bütün gənc
həmkarlarım gülməkdən uğunub getmişdilər.
Çünki hər kəsçün bu, tanış
məsələ idi. Bəli, bax belə
yazılarımızı əvvəlcə abzas-abzas, sonra
cümlə-cümlə, zamanla da söz-söz düzəldərək
bizi jurnalist, yazıçı etdi “525-ci qəzet”.
Bir
neçə ay öncə yazıçı-publisist Novruz Nəcəfoğlunun
“Nağıl adam” povesti haqqında esse
yazmışdım. Kitabın redaktoru və
ön söz müəllifi Seyfəddin Hüseynlidir. Yazımda redaktorun da zəhmətini qeyd edib “sərt
və güzəştsiz redaktor” ifadəsini işlətmişdim.
Seyfəddin müəllim yazı qəzetdə yayımlayandan
sonra sms yazıb təşəkkür etdi, sonra zarafatla - gərək
qəddar və acımasız redaktor yazaydınız - dedi. İndi qəzetin yubileyi ərəfəsində bu
cümlələri yazdıqca düşünürəm bəlkə
əslində, elə belə də olmalıdı. Aranın qarışıb mənsəbin itdiyi bir
zamanda məhz sərt, güzəştsiz, hətta Seyfəddin
müəllim demiş - qəddar və acımasız da olmaq
lazımdı. Çünki
özünü, necəliyini, simanı ayrı cür qorumaq
mümkün də deyil. Həm də əslində,
bütün bu sərtlik adı altında ümumiləşdirdiyimiz
məsələlər sadəcə tələbkarlıqdır
və bu 25 il ərzində məhz tələbkarlığa
dözməyib “525” yolundan azan, daha doğrusu, o yolu getməyə
gücü çatmayanlar da yetərincədir.
Bəzən Rəşad müəllim - qəzetin
“podşıvka”larını qabağıma qoyub nələrdən,
necə keçirdiyimizi danışa bilərəm - deyir. Doğrusu, bəzi
faktları bilsəm də, çox da dərinliyinə getmirəm.
Çünki mənə elə gəlir ki,
“525”in tarixini danışmaq bu insanlar üçün öz
şəxsi həyatını açmaq, mübhəm sirlərini,
gizlinlərini hər kəsə nümayiş etdirmək
kimidir.
Bir
neçə il öncə filologiya
fakültəsinin birinci kurs tələbələrinə dərs
deyirdim. Dərsə həvəssiz gəldiklərini,
böyük maraq göstərmədiklərini hiss edirdim.
Amma bütün gücümü,
bacarığımı səfərbər edib necəsə təsir
etməyə, yatmış maraqlarını oyatmağa
çalışırdım. Ən
effektiv metod isə tələbələrlə səmimi
söhbətdi. Və elə səmimi
söhbətlərimizdən birində tələbələrin
universitet auditoriyalarının təmirindən şikayətini
eşidəndə güldüm, izah eləməyə
çalışdım ki, əgər arzu varsa, həvəs
varsa, böyük amal varsa, təmirin elə böyük əhəmiyyəti
yoxdur. İndiyə kimi yadımdadı, dedim - gəlin gedək,
mən sizlərə göstərim insanlar necə şəraitdə,
daha doğrusu şəraitsizlikdə nə böyük işlər
görürlər. Əlbəttə ki, “525-ci qəzet”dən
danışırdım. O zaman redaksiyamız yayda isti,
qışda buz kimi soyuq olurdu. Divarlarından su,
axırdı, Sovet dövrü təmirindən isə əsər-əlamət
qalmamışdı. Amma heç kəs
şikayət etmirdi və ən maraqlısı budur ki, hər
kəs işdən, prosesdən zövq alırdı. Elə böyük uğurun da əsas səbəbi
işinə sevgiylə yanaşan insanların birgə fəaliyyətidir.
Bizlər, çağdaş dövrün, kompyuter əsrinin uşaqları üçün keçmişdə, 20-25 il öncə qəzet buraxmağın çətinliyini təsəvvür etmək mümkünsüzdü. Əgər bir vaxt yaşlı adam kompyuterə baxıb - bu qəzet bunun harasından çıxacaq - deyə gülməli sual verirdisə, bu günün də gənci o dövrün alüminium “basmaqəlib” metodlarına heyrətlə baxar və heç nə anlamaz. Amma elə imiş. Yusif Rzayev gecələrini nəşriyyatda keçirib fəhlələrlə birgə tozun, hisin-pasın içində qəzetin buraxılmasına nəzarət edirmiş. Nədənsə məhz bu faktı bildiyim üçün özümü Yusif müəllimə borclu hiss edirəm. Elə bil utanıram onun çəkdiyi o əziyyəti, qara işləri düşünəndə. Həm də sevinirəm ki, bu cür zəhmətə qatlaşıb bu günümüzə qədər gətiriblər qəzeti. Amma iş bununla bitmir. Məhz Yusif müəllimin düzəltdiyi sözlə, məsləhətiylə, redaktəsiylə nə qədər adam söz sahibi olub. Bəzən yaddaşında qalan, sonradan redaktə edib normal dilə çevirdiyi cümlələrdən danışanda özümü gülməkdən saxlaya bilmirəm. Hətta - bu mövzuda yazı yazın - deyə dəfələrlə xahiş də etmişəm. Əlbəttə, Yusif müəllim belə yazı yazsa, hər kəs öz əyri-üyrü, sınıq-salxaq cümləsini tanıyacaq və bir az utanıb “burda mənəm...” düşüncəsində yanıldığını da başa düşəcək. Amma məgər Yusif müəllimə bu lazımdırmı? Məncə, yox! Bir neçə ay öncə Yusif müəllim saytlardan birinə müsahibəsində bir növ özündən giley edib - “Əgər bir ömrün bütöv mənzərəsi vur-tut 25-30 sözlə ifadə oluna bilirsə və o sözlər heç bu ömrün yiyəsi üçün də qeyri-adi bir şey ifadə eləmirsə, çətin ki, başqasına da cəlbedici görünsün” - demişdi. Özü söylədiyi kimi ömrünün yarısını “525-ci qəzet”ə həsr etmiş adamın bu sözləri məni xeyli hüzünləndirmişdi. Düşündüm, bəlkə bu zamanda öz yaradıcılığı, əsərləri ilə məşğul ola bilərdi. Amma sonra da fikirləşdim ki, məgər elə “525” özü və bu 25 illik sayları Yusif müəllimin əsəri, həm də bioqrafiyası deyilmi?! Ona görə məncə, gələn il 50 yaşını qeyd edəcək Yusif Rzayev əslində, 50+25 illik yubileyini keçirməlidir.
Yazımın bu yerində uzun illər qəzetimizdə çalışan Yaşar Əliyevin də zəhmətini xüsusi vurğulamaq istəyirəm. Xatırlayıram ki, hələ qəzetlə sıx əməkdaşlığımdan öncə, Gənc Ədiblər Məktəbində ustad dərsindən tanıdım Yaşar müəllimi. Elə ordaca gənclərə yazı texnikasıyla bağlı verdiyi məsləhətləri heç unutmuram. Sonralar da, ələxsus tərcümələr edəndə Yaşar müəllimin dillə, yazıyla bağlı fikirlərindən faydalanmışam.
Bəzən komanda oyunlarında uğur qazana bilməməyimizi millətin xarakteri ilə bağlayırlar. Yəni komanda ola, bir-birimizi tamamlaya bilmirik guya. Yazımın əvvəlində “525-ci qəzet”də çap olunmaq səadətindən söz açdım. Bu səadəti ən çox beşinci günlər, qəzetin şənbə nömrəsi çapa hazırlananda hiss edirəm. Məhz kollektivin birliyini, bir-birini necə tamamlamasını da onda görürəm. Rəşad Məcidin qısa, konkret, uzunçuluqdan uzaq, hədəfə dəyən tapşırıqları, Yusif Rzayevin, Seyfəddin Hüseynlinin, Aydın Bağırovun səhifələri diqqətlə oxuyub qeydlərini etməsi, jurnalistlərlə, müəlliflərlə işləməsi, İskəndər Həsənovun bir az yorğun, amma həm də çox ciddi şəkildə yazıları səhifələrə yerləşdirib dizaynla məşğul olması, Cəmilənin axşama kimi bütün səhifələri bircə-bircə oxuyub korrektə etməsi. Hələ hamımızın əzizi, sürücümüz Zahir müəllimin otaqdan-otağa keçib uşaqlarla şirin zarafatlaşması, mehriban söhbətləri. Bir sözlə, burda insan özünü ailə üzvlərinin içərisində hiss edir və sanki hər kəsin enerjisi bir-birinə qarışıb ayrı bir ab-hava yaradır redaksiyada. Qazanan isə əlbəttə qəzet olur! Səhifələrində bu enerjini, ruhu, həvəsi, xoş ovqatı əks etdirən qəzet!
“525-ci qəzet”lə bağlı olan insanların, xüsusən də Rəşad Məcidin bu illər ərzində ən çox qarşılaşdığı sualdı - nə deməkdi 525? Dəfələrlə tədbirlərdə, səfərlərdə bu sualın Rəşad müəllimə ünvanlandığını görmüşəm, o isə artıq əzbər bildiyimiz cavabı verir hamıya: “Azərbaycan müstəqillik qazanandan sonra çoxlu qəzetlər təsis olunurdu, biz də qəzet buraxmaq üçün qeydiyyatdan keçəndə məlum oldu ki, bütün gözəl adlar artıq istifadə olunub, ona görə qəzetin qeydiyyat nömrəsini ad kimi seçdik”. Bəli, bütün gözəl adlar qoyulubmuş o zaman... 524 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçibmiş. Amma illəri adlayan, sıradan bir adını gözəlləşdirən, həm də birinci olmağı bacaran “525-ci qəzet” oldu!
Zaman keçdikcə, insan yaşa dolduqca minnətdarlıq
leksikonu tükənir, zəifləyir elə bil. Bəlkə
ona görə ki, sadəcə “çox sağ ol”, “minnətdaram”,
“təşəkkür edirəm” deməyi hisslərinin ifadəsi
kimi zəif görürsən. Mənim də illərdir ki,
çalışdığım qəzetə aid
duyğularım bu cürdür. Sadə bir minnətdarlıq
adi görünür mənə. Çünki illərdir ədəbi
mühitdə tanınmağım, yazılarımın əks-səda
doğurması, “Pərvinin həmsöhbəti”, “Dahilərin
qadınları”, “Yüz gözəl sevgi şeiri” layihələrim,
bu layihələrə sığmayan neçə-neçə
yazımın işıq üzü görməsi məhz
bu qəzetlə bağlıdır. Ona görə elə indi
də təşəkkür etmək azdır. Sadəcə
etiraf edə bilərəm ki, 25 yaşlı
böyüyümün, ondakı
səhifəmin qədrini bilirəm... Yubiley münasibətiylə
isə əziz həmkarlarımı təbrik edir, rəqəmlərimizi sonsuza qədər
artırmaq ümidi ilə hamıya uğurlar diləyirəm.
PƏRVİN
525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.14.