“Cənnətdən sürgün”
təqdim edilib
Oktyabrın 5-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
zalında Türkiyədə
yaşayan yazıçı-publisist
Kəbutər Haqverdinin
“Cənnətdən sürgün”
kitabının təqdimat
mərasimi keçirilib.
Tədbirdə tanınmış ziyalılar,
yazarlar, oxucular və media nümayəndələri
iştirak ediblər.
K.Haqverdi
Türkiyədəki fəaliyyəti,
yeni kitabı haqqında geniş məlumat verib: “Ermənilərin bizə qarşı təbliğatı
nəticəsində Türkiyədə
əvvəllər bizim
haqqımızda çox
yanlış düşüncələr
formalaşmışdı. Orada yaşamağa başlayarkən
qarşıma qoyduğum
ilk məqsəd o oldu
ki, türklərin bizim haqqımızdakı
bu düşüncələrini
mütləq aradan qaldırmalıyam. Buna görə də erməni əsirliyində
olan azərbaycanlı
qadınların başına
gətirilənlər haqqında
kitab yazmaq qərarına gəldim.
“Qar qan rəngiydi o gecə” kitabımda hadisələri
şahidlərin, işgəncələrə
məruz qalanların dilindən yazmışam.
Bu gün sizə
təqdim olunan ikinci kitabımda da Qarabağ müharibəsi qurbanı
bir azərbaycanlı qadının həyatından
bəhs olunur”.
K.Haqverdi
orada rəhbəri olduğu “Araz yayınları”nın fəaliyyəti haqqında
da danışıb:
“Araz yayınları”nı
yaradarkən bir məqsədimiz də Azərbaycanda tanınmış,
istedadlı qələm
adamlarının əsərlərini
tərcümə və
nəşr etdirmək
idi. Çox qısa zamanda
biz 24 kitab nəşr
etdirib, imza günlərini keçirdik,
kitab sərgilərində
oxuculara çatdırdıq.
Bu işimizi bundan
sonra daha da inkişaf etdirmək fikrindəyik”.
Millət
vəkili Hikmət Babaoğlu xanım yazarın Türkiyədə
Azərbaycan adına
çox işlər gördüyünü, ölkəmizi
layiqincə təmsil etdiyini vurğulayıb: “Mən onun bundan
sonra da öz uğurlu fəaliyyətini davam etdirəcəyinə inanıram”.
Ədəbiyyatşünas Esmira Fuad müəllifin Qarabağ probleminə həsr olunmuş əsərlərindən söz
açıb, özünün
ölməz Məhəmmədhüseyn
Şəhriyarla bağlı
monoqrafiyasının Türkiyədə
çapının, imza
gününün keçirilməsində
bilavasitə rol oynadığını deyib:
“Kəbutər xanım
gedişi ilə Azərbaycanı öz boyunda Türkiyəyə daşıdı. Harada ölkəmizlə bağlı
qaynar nöqtə varsa, o da oradadır.
Kəbutər Haqverdi nədən
yazırsa, orada özü, qəlbi, ruhu var. Bu da onun başqa bir uğurudur. Çünki əgər sən
yazında özünü
ifadə edə bilirsənsə, onda oxucuya bir addım
da yaxınlaşırsan.
Onun yaradıcılığının əsas mövzusu Qarabağ problemi, şəhidlərimizin sərgərdan
ruhu, minlərlə məcburi köçkünün
vətən həsrətidir.
“Qar qan rəngiydi o gecə”, “Cənnətdən sürgün”
kitabları belə əsərlərdəndir. Heç şübhəsiz,
onun Türkiyədə
Qarabağla bağlı
bütün tədbirlərə
qoşulması, Xocalı
faciəmizi dünyaya
tanıtmaq cəhdləri,
Qarabağ adının
olduğu hər yerdə olması onun milli mənsubiyyətinə
sadiqliyinin, vətəninə,
millətinə sevgisinin
təzahürüdür”.
Fəridə Ləman, Firuzə
Məmmədli, Güləmail
Murad, Nüşabə
Məmmədli və başqa söz adamları müəllifin
yaradıcılığı barədə danışıb,
ona yeni uğurlar arzulayıblar.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.13.