Bizi bizə tanıdan nəsr
Hər
yeni sanballı kitabla görüş mənim
üçün bayramdır; bu, köhnəlməyən
köhnə dostların kitabları olanda ikiqat bayrama
çevrilir...
Yazıçı Əjdər Olun “Qəzənfər
müəllimgilin Şuşaya yürüşü” adlı
yeni nəsr kitabını bu duyğularla varaqlayıram. Bəzi hekayələr ilk dəfə
rastlaşdığım adamlar kimi kəlmə kəsməyə
tələsmir, əksər hekayələrlə isə
köhnə tanışlar kimi yenidən
görüşür, salamlaşıram: “Necəsiniz,
qardaşlar, illərin sınağı nələr deyir?..”
Və “Hərbi-səhra
komandirinin meymunu” hekayəsində əl saxlayıram,
duyğularım donur, qanım göynəyir; donan
duyğularla, nagahan qan göynərtisiylə, köhnəlməyən
köhnə tanışımın göz yaşlarından
keçirəm, ruhumda bir leysan başlayır ki...
Bu hekayəni düz üç dəfə oxumuşam. Birinci dəfə
qınaq qarışıq hisslər yaşadım;
könüllü komandirin hərəkətlərində,
daxili yaşantılarında, xüsusilə, neçə
müddətdir yanında saxladığı meymuna toy etmək
məsələsində rənglərin tündləşdirildiyini
düşündüm. İkinci dəfə
hekayəni oxuduqca duyğularımda dahi Sabirin “Düzü
düz, əyrini əyri...” misrası qanad çalırdı;
realist dəsti-xəttin
çağırışlarını eşidirdim.
Üçüncü dəfə isə... aradan illər
keçsə də, o hekayəni unuda bilmirdim; elə bil nə
vaxtsa qəfil görüşüb, tanış
olub ayrılmışdıq; yarımçıq ürək
söhbətinin, sona qədər gedilməyən
yarımçıq yolun kədərli tənhalığı
kimiydi...
Əlqərəz,
neçə il sonra o unuda bilmədiyim kədərli
tənhalıq havası məcbur etdi ki, Əjdər Olun “Hərbi-səhra
komandirinin meymunu” hekayəsini yenidən oxuyum. Oxudum
və heyrətləndim. Bu, nəhəng
qara daş kimi torpağa - ürəyə pərçimlənən
QARA DƏRDİN hekayəti, vətəndaşın Vətənin
bükük dizinə baş qoyub ağlayan naçar
yazısıdır. Bu yazının
yollarında suprematist çılpaqlığa da, postmodernist
gizli ironiya seylabına da, realist qəzəb
qılınclarına da rast gələ bilərsən. Dediyim həmin qınaq da, “Düzü düz, əyrini
əyri...” fəlsəfəsi də bu yazının üst
qatı, necə deyərlər, pal-paltarı, görünən
tərəfləri ilə bağlıdır. Hekayənin
iç qatlarına, qaranlıq dərinliklərinə sadə
bir cümlənin işığı düşür: “O,
meymun deyildi, mən idim. Mən özümü
güllələdim”. Bunu hekayənin baş qəhrəmanı
- Hərbi-səhra komandiri deyir, daha doğrusu, etiraf edir və
bu sirli etiraf yollarında əsərin ideya-bədii mündəricəsi,
estetik-fəlsəfi miqyasları milli hüdudları aşaraq
bəşəri bir genişliyə çıxır,
İNSANIN TALEYİNƏ üz tutur...
Yazıçı,
baş qəhrəmanın - hərbi-səhra komandirinin
üç aydır ki, saxladığı, Atəş adı
verdiyi, “düşməni lərzəyə gətirən
növbəti atəşfəşanlıqdan sonra” mayor
rütbəsi ilə təltif etdiyi, paqonlarına yeni ulduzlar
taxdığı, hətta qara kostyum geyindirib məclislərinin
başında oturtduğu, nəhayət, bəy kimi bəzəndirib
gözəl, gənc bir fahişə ilə toyunu etdiyi MEYMUNU
onun özünün iç dünyasını ifadə edən
obraz kimi yarada bilib. Araq içən, anaşa aludəsi olan,
qadınların alt paltarlarını qəfildən
cırıb ehtirasla ayaqlarına, budlarına sarılan meymun dərin
psixoloji, tragik yaşantıların, özünü
özündə itirən gərgin ruhi təbəddülatların
obraz-nəticəsidir; eybəcər şəraitin,
sarsıdıcı sosial-siyasi kataklizmlərin arverçi
parnikində yaradılan, yetişdirilən və milli-bəşəri
bəlaya çevrilən MEYMUNLAŞMA; yüz illər boyu
Şərq və Qərb ədəbi təfəkküründə
və təxəyyülündə Şeytana, İblisə,
Demona, Mefistofelə... paralel olaraq, həm də şamil edilərək
yaradılan bu obraz-modeldə meymun plastikası daha çox
yerinə düşür; həmin ənənəvi, mistik
şər obrazlarla müqayisədə (bu obrazlar, adətən,
ironik münasibəti yaxına buraxmır, səma
kitablarından başlamış yer kitablarına qədər
heç bir məqamda mistik-tragik dairəni tam pozmur) meymun daha
real, daha uyğun və məqsədyönlüdür.
Şeytan,
İblis, Demon, Mefistofel... adətən, Adəmlə Həvvanın
və onların nəsillərinin, bütövlükdə
insanın ruhunu sındırmağa, satın almağa,
oğurlamaba, bu yolla onu gözdən salmağa,
alçaltmağa, onun naqisliyini, qeyri-mükəmməlliyini
sübut etməyə can atır; insanın içinin, mənəvi
obrazının, ruhunun özgələşməsi,
meymunlaşması isə tragik psixoanalitik situasiyanın daha gərgin
məqamıdır; bu obraz yazıçı Əjdər Olun
Azərbaycan nəsrinə yeni və uğurlu bir töhfəsidir.
Əminəm ki, muasir ədəbi tənqidimiz,
çağdaş ədəbiyyatşünaslığımız
“Hərbi-səhra komandirinin meymunu” hekayəsini ciddi elmi təhlillərə
cəlb edəcək, əsərin sənətkarlıq məziyyətləri,
novator ədəbi-estetik keyfiyyətləri haqqında
sanballı söz deyəcək.
Gərək
ki, Folknerin sözüdür, yadımda, təxminən, belə
qalıb: “Romanda səhv etmək olar, hekayədə isə hər
şey dəqiq olmalıdır”. Əjdər
Olun hekayələri ilk növbədə dəqiqliyi ilə
seçilir; ədəbi məntiqə, bədii fikir hərəkətinə,
əsərin sənətkarlıq xəttinə mane olacaq, xələl
gətirəcək heç nə yoxdur, sanki hər şey
riyazi dəqiqliklə ölçülüb-biçilib.
Düzünə qalsa, bu hekayələrdə
SƏNƏDİN harda bitib SƏNƏTİN harda
başlamasını, həyatın etdikləriylə sənətkarın
yaratdıqlarının sərhəddini müəyyənləşdirmək
çox çətindir. Yazıçı
bədii təfəkkür və təxəyyül
yollarında xırda detallar və bütöv panoramla - analiz
və sintezlə hərəkət edir; əlahəzrət
SÖZün diqtə və təlqinlərinə ruhən
inanır və etibar edir, beləliklə, oxucunun gözləri
qarşısında qəfildən zühur edən SAF
MƏTNLƏR yaradır. Bir qədər dərinə
getməyə çalışaq.
Adətən, birinci şəxsin dilindən
danışılan, olmuş əhvalatların bədii mənzərəsini
yaradan bu hekayələr dövrün dərdlərinə
güzgü tutur, o dərdləri ön plana gətirir, dərin
müşahidənin, intellekt və istedadın üzvi vəhdətində
sosial dərdlərin anatomiyasını təqdim edir. “Fa...” hekayəsinin
firma sahibi olan qəhrəmanı Mirzə qohumunun onun
ünvanına dediyi “Oğraş” sözünü eşidib
“Oğraş zəmanəmizdir” deyir. Yol
tıxacındakı adi və ani bir görüntü ilə
başlayan hekayə göz önündə dartılan ip kimi
gərginləşir, oxucunu yerli-yataqlı, realist təhkiyə
ilə o gərgin psixologi ovqata kökləyir, “Oğraş zəmanəmizdir”
etirafının sosial-siyasi panoram mənzərəsini
yaradır.
Dahi alman filosofu Nitsşenin məşhur sözü düşür yadıma: “Səhra böyüyür”. Bu iki sözdə dünyanın, insanın gələcəyindən nigarançılıq əbədiləşib. Əjdər Olun hekayələrində həmin bəşəri nigarançılığın küləkləri əsir, kədəri körüklənir. Ruhu üşüdən o nigaran küləklər, o körüklənən kədər süni pafosla, şüarçılıqla, dünyanı, insanlığı xilas iddialarıyla gözə soxulmur, reklam edilmir; hətta hiss edirsən ki, müəllif qara dərdi gizlətməyə, işıqları daha çox yandırmağa çalışır; əsas sözü hekayələrin alt qatı, ruhi, psixoloji mənzərəsi deyir. Dönə-dönə dayanırsan, cümlələri, abzasları təzədən oxuyursan, SÖZün plastikasına, fikir yükünə, yüksək ifadəlilik əmsalına şirin bir təbəssümlə könül açırsan:
“O, özünü şax tutmaq istəsə də, bacarmırdı, bədəni arıqlıqdan qat kəsmişdi” (“Eynək”);
“Bu məqamda Qəzənfər müəllimin ağzından paravozu “oğraş!” olmaqla bir qatar söyüş çıxdı” (“Qəzənfər müəllimgilin Şuşaya yürüşü”);
“O, ölməkdən qorxmurdu, ölməməkdən qorxurdu. Təsəlli tapırdı ki, nə yaxşı İsgəndər Zülqərneyn zülmətdə dirilik suyunu tapmayıb, yoxsa əbədi bədbəxt olardı...” (“Yazıçı Namiq Abdullayevin axırı”).
Ədəbi dilə qeyri-adi bir cazibə, şövq gətirən belə tutarlı, enerjili, bədii qövsi-qüzehlə dolu cümlələrə Əjdər Ol nəsrində hər addımda rast gəlinir. Mən həmişə onun hekayələrində dilə ciddi, yaradıcı və doğma övlad kimi sədaqətli münasibətin şahidi olmuşam. Bu məqamda xüsusi vurğulamaq istəyirəm ki, ədəbi ciddilik təkcə onun nəsrində yox, poeziyasında, publisistikasında, dramaturgiyasında, hətta yaşam tərzində, ziyalılığında da ən üstün məziyyətlərdən, keyfiyyət göstəricilərindən biridir. O, ciddi yazıçı, şair, publisist, dramaturq, ziyalı və şəxsiyyətdir; bütün vasitələrlə xalqına kömək etmək istəyən, millətinin yanında olmağa can atan, bütün mənəvi dünyası, yaradıcı enerjisiylə Azərbaycan istiqlalına və istiqbalına qovuşan və qoşulan örnək sənətkardır.
Bu sözləri yaza-yaza neçə il əvvəlin yollarından “Gülüstan” adlı ədəbi-publisistik bir televerilişin pıçıltısını eşidirəm, - məni unutma, məni də yada sal, - deyir. Həmin verilişin ideya müəllifi də, aparıcısı da Əjdər Ol idi. Müstəqillik dövrünün ilk vaxtlarında Əjdər Ol “Gülüstan” teleproqramıyla ciddi bir maarifçilik, milli ədəbi-mədəni səfərbərlik missiyasını həyata keçirir, sözün zamanında ZAMANIN SÖZÜNÜ DEYİRDİ. İllər uzunu davam edən “Gülüstan”ıyla Əjdər Ol Azərbaycan Televiziyası tarixinə ciddi bir səhifə yazdı, əsl şair-publisist hünəri, sənətkar fədakarlığı nümunəsi göstərdi...
lll
Əjdər Ol realist yazıçıdır; hətta onun əksər hekayələri, artıq dediyim kimi, birinci şəxsin dilindən, olmuş əhvalatlarsayağı danışılır; əsası odur ki, bu hekayələr real hadisələrin sənədli-publisistik təqdimi, fotokopiyası deyil, sənətkar dünyasında süzgəcdən keçən məhz bədii-estetik əks-sədasıdır, ədəbi qələmlə yaşanan və yaranan nəsr mənzərələridir. Əjdər Olun nəsr əsərlərinin hər cümləsindən, hər abzasından həyatın səsləri gəlir, lakin bu hekayələrin bütün ruhunda sənətin və sənətkarlığın enməz ucalığı hökmfərmadır.
Onun nəsr nümunələri sadəlikdəki mürəkkəblikləri, adilikdə gizlənən qeyri-adilikləri kəşf və təqdim edir. Adi, sadə, real hadisənin kosmetik bər-bəzəksiz təhkiyəsi ilə başlayan əsərdə qəfildən bir işıq peyda olur; o işıq oxucunu bədii məntiqin üfüqlərinə çəkib aparır və oxucu ilğım kimi görünüb itən o cazibəli, təhtəlşüur üfüqlərə doğru getdikcə sənət şövqü ilə yüklənir, necə deyərlər, ədəbiyyat xəstəliyinə tutulur. Nisbətən sadə strukturu olan, bütün yolları görünən “Qatillə görüş” hekayəsini oxuduqca soyuqqanlı olmağa, o işığın diqtə və təlqinlərinə baş qoşmamağa çalışırdım; lirik duyğularla başlayıb tragik sonluqla bitən hekayənin bir neçə cümləlik son abzasında o işığın ədəbi qələbəsini etiraf etməyə məcbur oldum...
Əjdər Ol hekayələrinin bir xarakterik xüsusiyyəti də bədii təfərrüatlardan, lirik ricətlərdən, uzun-uzadı təsvirlərdən, yersiz söz oyunlarından qaçılması, ədəbi hadisənin özünə, öz təbii axarına bütünlüklə meydan verilməsidir. Bəlkə də buna görədir ki, onun hekayələri ədəbi məntiqin və təqdimatın nəbizini tutan CANLI, DİRİ DİALOQLARLA zəngindir. Dialoq bədii ruhun, psixoloji hal və hadisənin birbaşa təqdimidir. Hətta deyərdim ki, mətn içində dialoqlar canlı teleyayım, birbaşa qoşulma kimidir, sanki redaktəsiz-filansız...
“Qəzənfər müəllimgilin Şuşaya yürüşü” kitabını oxuduqca bir sıra hekayələrin az qala bədii-qısametrajlı film ssenariləri olduğuna heyrətləndim. Belə deyirlər ki, ssenari müəllifin rejissora məktubudur. Və Əjdər Olun hekayələri müəllifin oxuculara, millətə, bütövlükdə insanlığa açıq məktubları kimi birnəfəsə oxunur. Açıq məktublar təkcə göndərən tərəfin yox, həm də göndərilən tərəfin birgə hərəkətləri, münasibətləri haqqında olur. Oxucu o “açıq məktublarda” - ciddi nəsr nümunələrində özünü, öz duyğu və düşüncələrini, sevinc və əzablarını, qaranlıq və işıqlarını... tapır, bəzən yaz çiçəyi kimi ruhu gülür, bəzən payız yarpağı kimi qəlbi kövrəlir, qəfildən öz pıçıltılarına diksinir: Bu, odur, mənim istədiyim, gözlədiyim SÖZün özüdür...
İlk baxışda belə düşünürsən ki, Ə.Olun hekayələri təhlilə çətin gəlir; sanki müəllif hər şeyi deyib, təhlil, bədii düşüncə və dərk üçün heç nə qalmayıb; lakin bu, məhz ilk baxışda belə görünür, əslində, Ə.Olun nəsr texnologiyası oxucunu daha ciddi, daha mükəmməl mənəvi yaşantılara hazırlayır, oxucu qəlbinin qaranlıqlarında həyat eşqi çıraqları yandıraraq, ədəbiyyatın əbədi missiyasını həyata keçirir. Bu, eynən Füzuli qəzəllərində, Mirzə Cəlil hekayələrində, Sabir satiralarında yandırılan həmin çıraqlardır...
O, Azərbaycan nəsr təfəkkürünü davam və inkişaf etdirir; bütünlüklə Azərbaycan həyatının bədii əksi, inikas mənzərələri kimi baxılan əsərlərində ənənə ilə novatorluğun üzvi vəhdətdə olduğunu müşahidə etmək mümkündür. Söhbət hansısa klassik örnəkdən formal qidalanmaqdan getmir; milli ədəbi ruha, yola sayğı və sədaqət Əjdər Ol hekayələrinin mayasında, canında, cövhərindədir. “Eynək” adlı portret hekayənin ilk cümlələrindəki nəsr havası, istər-istəməz Mirzə Cəlilin Xudayar bəyi klassik təsvirini yada salır: “Bir eynək təsəvvür edin. Qara sağanaqlı, iri, yuxarısı düzbucaqlı, aşağısı girdə, qalın optik şüşəli bir eynək. Qoşa lupaya bənzər şüşələrin arxasından iki diri göz baxır. Bu eynək lopa bığlı, qalın qaşlı, ovurdları batmış, ağzında beş-üç çürük dişi qaldığı üçün çənəsi burnuna yapışmış, bəstəboylu qaraçıya bənzər adamın sifətinin bürüşmüş tüklü qulaqlarına taxılıb. Adamın nəinki gözlərini, hətta az qala, bütün sifətini örtən eynək onun üzündəki gözlərdən də, qaşlardan da, burundan da, ağızdan da, qulaqlardan da az-küc baxımlıdır”.
Bu, cümlə, abzas strukturunun sadəcə leksik-semantik, necə deyərlər, texnoloji bənzəyişi deyil, daha çox və daha əhəmiyyətli dərəcədə milli-ədəbi nəsr duyğusunun mental qan qohumluğu, genetik varisliyi, etnokulturoloji bədii şüur hərəkətinin davam və inkişafıdır. Bu baxımdan, 80-ci illər ədəbi nəslinin nümayəndəsi olan Əjdər Ol öz nəsildaş həmkarları arasında, deyərdim ki, ən milli sənətkarlardandır. Onun Çəkməçi Qadir, Eynək, Şər Nizi, Börüsoy, Səhra komandiri, Qəzənfər müəllim, Bəydəmir... kimi obrazlarını - bütöv qalereya təşkil edən bu orijinal, mükəmməl ədəbi qəhrəmanları birləşdirən ən xarakterik, ən mühüm amil onların hamısının sinəsində bütün neqativ və pozitiv cəhətləri - İŞIQ və QARANLIĞI ilə azərbaycanlı qəlbinin döyünməsidir. Yəqin əsasən buna görədir ki, həmin obraz - qəhrəmanlar, məhz neqativlik-pozitivlik miqyaslarından, mənfilik-müsbətlik dərəcələrindən asılı olmadan oxucu tərəfindən maraqla, qəribə bir doğmalıqla, hətta nostalji ovqatla qarşılanır. Gənc müəllimin iddialı, qəşəng tələbə qıza - Rənaya doğulmamış ölən sevgisinə (“Qatillə görüş”) təəssüflənirik, istedadlı qızına beş yüz dollara kamança ala bilmək üçün kasıb çəkməçi Qadirin varlı alverçi-biznesmen qarşısında alçalaraq yüksəlməsinə, mənəvi qələbəsinə (“Usta Yusifin kamançası”) sevinirik, müqəddəs idealların MEYMUNLAŞMA MÜHİTİNDƏKİ sarsıdıcı tragediyasından (“Hərbi-səhra komandirinin meymunu”) dəhşətə gəlirik, türkün totemi, mifoloji əcdadı boz qurdun nəhəng plakat-portreti ilə bağlı tragikomik hadisəyə (“Börüsoy”) gözlərimizdə yaş düyünlənir, Qəzənfər müəllimin romantik-tragik yaşantılarına, çarəsiz, çıxılmaz durumuna (“Qəzənfər müəllimgilin Şuşaya yürüşü”) ağrı qardaşı, tale dərdkeşi oluruq... Və bu hekayələr beləcə BİZİ BİZƏ TANIDIR, bizi bizdən utandırır, bizi BİZ olmağa çağırır. Bu, son vaxtların bizim milli ədəbiyyat məmləkətində ən çox və ən ucadan eşidilən çağırışlardandır. Təxminən, yüz il əvvəl M.C.Məmmədquluzadə və Ə.Haqverdiyevin hələ də milli ədəbi zirvə olan nəsr çağırışları yada düşür. Ağrılı bir duyğu onu da diqtə edir ki, ədəbiyyatımız insanlarımızı həmişə çağırıb və insanlarımız ədəbiyyatımızı sanki heç vaxt eşitməyib...
Sadıq
ELCANLI
525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.12-13.