Anar: “Nazım Hikmət hər havada əqidəsini dəyişənlərdən deyildi...”

 

"Səhər-səhər" rubrikasında

 

 

 

İstanbul: Hər şey onunla başladı ki, müəllimlərimin, dostlarımın təşviqi ilə Nazim Hikmət üzərinə elmi iş yazmaq istədim.

 

Yay tətilində elmi işim üçün tapdığım iki-üç mövzu haqqında araşdırmalar edərkən Nazim Hikmətə dair oxumadığım kitabları, məqalələri gözdən keçirirdim. Təbii ki, Azərbaycanda Nazim Hikmətə olan sevgidən xəbərim vardı. Bəyazid Dövlət Kitabxanasında ilk oxuduğum kitab isə Aqşin Babayevin “Nazim Hikmət və Azərbaycan”ı oldu.  Daha sonra Anar müəllimin “Kərəm Kimi” adı altında toplanan məqalələrini elektron şəkildə oxudum.

 

Bakı: “525-ci qəzet”in redaksiyasında Rəşad Məcidə Nazim Hikmətlə bağlı fikirlərimdən danışdım və Aqşin Babayevdən müsahibə almaq istədiyimi, telefon nömrəsini mənə verməsini xahiş etdim. Daha sonra Pərvin xanım gəldi və söhbətimiz zamanı “Kərəm Kimi” romanından bəhs etdi. Doğrusu, bu romanı oxumamışdım və kitabı əldə etmək istəyirdim. Pərvin xanımla Yazıçılar Birliyində görüş üçün vaxt təyin etdik. Əvvəlcə düşünürdüm ki, kitabı verəcək və geri qayıdacam. O gün Anar müəllimlə görüşəcəyimi bilmirdim. Beləcə, Anar müəllim imzalı olaraq “Kərəm Kimi” və “Mübarizə bu gün də var” kitabını mənə hədiyyə etdi. Üstəlik, İlhan Bərklə olan bir xatirəsini də bölüşdü. Bilməyənlər üçün deyim ki, Anar müəllim 1993-cü ildə mənim hazırda təhsil aldığım Mimar Sinan Gözəl Sənətlər Universitetində dərs deyib. Bir az da universitetin 90-cı illərdəki durumundan, oradakı müəllimlərdən, ədəbiyyat fakültəsinin yerini dəyişməsindən danışdıq. Evə gəlir-gəlməz bütün işləri ertələyərək əvvəlcə romanı, sonra da Türk ədəbiyyatına, kültürünə dair kitaba daxil edilən esseləri, məqalələri oxumağa başladım. Kitabı oxuduqca suallar yaranırdı və bunları qeyd dəftərimə yazırdım. Öncə bu sualların cavabını tapmaq üçün roman haqqında bir esse yazmağı düşünürdüm. Düşündükcə isə daha çox suallarla qarşılaşırdım və mənə elə gəldi ki, bu sualları ən yaxşı cavablandıracaq olan müəllifin özüdür. Təsadüfdən, həmin ərəfədə Avrasya Yazarlar Birliyi Türk Dünyası Gənc Yazarların Görüşünü təşkil edirdi və mən də dəvətli olanlardan biriydim. Anar müəllimin də bu səfərdə bizimlə olacağını, gənc yazarlara ustad dərsləri verməyə, öz yazı tərcübələrini bölüşməyə getdiyini biləndə sevindim.

 

İstanbul: Səfərdə soruşmaq istədiyim sualları verə biləcəyimi düşünürdüm. Ancaq geniş söhbət üçün vaxt olmadı. Ona görə yox ki, Anar müəllim hekayə, mənsə şeir atölyesində idim. Ona görə ki, ustad yazıçıyla ünsiyyətdə olmaq istəyən təkcə mən deyildim. Ona görə ki, əvvəlcə onunla şəkil çəkdirmək istəyənlərin sırasına girmək lazım idi. Dəvətli olan digər professorlara, yazıçılara, şairlərə sayğısızlıq olmasın, ancaq bütün hər kəsin gözü Anar müəllimdə idi. Onunla ünsiyyətə can atanları, şəkil çəkdirmək istəyənləri dedim, bir də həyəcandan ona yaxınlaşa bilməyənləri, şəkil üçün icazə almağa utananları və onu Red Bredberiyə oxşadan, durmadan bunu hər kəslə paylaşan gənc qaqauz şairini də qeyd etməliyəm.

 

Bakı: Geri qayıdarkən çox gözəl bir təsadüf oldu. Anar müəllim, mən və Pərvin xanım təyyarədə eyni sırada əyləşmişdik. Bu səfərdəki ən böyük qazanclardan biri də Pərvin xanımı yaxından tanımağım oldu. Uzun-uzun, məkandan və zamandan aslı olmadan söhbətləşdik.  İstanbulda səhər yeməyində Anarın, Elçinin, Kamal Abdullanın əsərlərindəki şəhərə yanaşmalarından, İlqar Fəhminin “Bakı tarixindən kollaj”ından, Səttar Bəhlulzadənin Bakı rəsmləri haqqında söhbətimiz, Əzim Əzimzadə estetikası haqda müzakirələrimiz  təyyarədə gecənin ən qaranlıq, sərnişinlərin əksəriyyətinin yorulub yatdığı anda biz gah akademik və ədəbi mühitimizdəki boşluqlardan danışıb təəssüflənir, gah da gələcək planlarımızdan, kitablardan danışaraq yenidən ümidlənir, yazmaq yaratmaq eşqi ilə dolub daşırdıq. Elə təyyarədə “Kərəm Kimi”dən və müsahibə almaq istəyimdən danışmağa başladıq. O da suallarımı Anar müəllimə çatdıracağını dedi və...

 

İstanbul: İndi bu sətirləri yazarkən neçə dəfə bu iki şəhər arasında dolaşdığımı, bu şəhərdən digərinə böyük şairə olan sevgimi və Anar müəllimə verəcəyim sualları öz içimdə gəzdirdiyimi düşünürəm. “Kərəm Kimi”  Nazim Hikmətin şair obrazı, həyatının bilinməyən bir çox yönləri, xüsusilə onu Azərbaycana bağlayan məqamları ən kiçik detallarına qədər usta bir nasir tərəfindən obrazlaşdırıldığını görürük. Müəllifin şairi şəxsən tanımasından, onunla birlikdə vaxt keçirməsindən irəli gələn bilgilər var ki, onları hər hansı başqa bir romanda, araşdırma kitabında tapmaq mümkün deyil. Bu müsahibənin romanı oxuyanları həyəcanladıracağına, oxumayanları isə kitabı ən qısa müddətdə əldə etməyə təşviq edəcəyinə, Nazim Hikmətə dair yeni bilgilər öyrədəcəyinə inanıram. Müsahibənin alınmasında önəmli rolu olan Pərvin xanıma, vaxt ayırıb səbrlə suallarımı cavablandırdığı üçün Anar müəllimə və bizi hər zaman yazmağa ruhlandıran “525-ci qəzet”ə Nazimin sevimli şəhərindən salamlar, sevgilər!

 

Ramil ƏHMƏD 

 

- Anar müəllim, “Kərəm Kimi” romanınızı 2000-2009-cu illərdə yazmısınız və 2014-cü ildə əlavələr etmisiniz. Demək olarmı ki, bu, üzərində ən çox işlədiyiniz əsərinizdir?

 

- Üzərində ən çox işlədiyim əsər yox, əsərlərdən biridir deyə bilərəm. Çünki məsələn indi üzərində işlədiyim “Keçən keçdi, olan oldu” anılar, düşüncələr romanını hələ XX əsrdə başlamışdım və qismət olsa,  bu il bitirmək niyyətindəyəm.

 

- 2014-cü ildə əsəriniz üzərində yenidən işləyərkən hansı ölçüdə dəyişikliklər etdiniz? Mən bunlardan sadəcə birini anladım. O da 2013-cü ildə vəfat edən Toğrul Nərimanbəyov haqqındakı fakt idi.

 

- Bildiyiniz kimi, bu roman  əvvəlcə kitab halında Türkiyədə, sonra Azərbaycanda nəşr olundu, Türkiyə nəşrində Türkiyə oxucularının bilmədiyi faktlara, Azərbaycan nəşrində bizim oxucular üçün yeni olan faktlara daha artıq yer ayırmışam. Yəqin ki, əsas fərq bundan ibarətdir. Daha konkret fərqləri vaxtınız, macalınız və həvəsiniz olan zaman  hər iki nəşri tutuşdurub aşkar edə bilərsiniz.

 

- Nazim Hikmətin ən çox sevilən şeirlərindən biri “Kərəm Kimi”dir. Maraqlıdır, romanınıza nə üçün bu adı seçdiniz? Bu şeirdə Nazim Hikmətin taleyinə dair nələri gördünüz?

 

- Bu şeir, məncə, Nazım taleyinin, Nazım şəxsiyyətinin ən parlaq simvoludur. O da öz əqidəsinə görə qaranlıqlara aydınlıq gətirmək amalıyla  Kərəm kimi yanıb kül oldu.

 

- Sizin “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanınızda da hər bölmənin əvvəlində Füzulidən qəzəllər var. “Kərəm Kimi”də də hər hissənin əvvəlində Nazim Hikmətdən misralar var. Şair haqqında xatirələrinizdən, yazılmış digər kitablardan istifadə etsəniz də ilk növbədə şairin şeirlərinə istinad edirsiniz.

 

- Nazımın varlığı, ömür yolu, eşqləri və həsrətləri, vətən sevdası və mübarizə əzmi haqqında bütün kitablardan, araşdırmalardan daha çox və daha təsirli onun öz şeirləri məlumat verir. Mən hər bölümə onun şeirlərindən münasib misraları seçərək mətndə bu misraların mayasını təşkil edən həyat faktlarını açmağa  çalışmışam.

 

- Hüseyin Cahitin “Ədəbiyyat Xatirələri”ni oxuyarkən II Abdülhamid dönəmindəki mətbuata qoyulan qadağalar məni təəccübləndirmişdi. Bir hərf, bir nöqtə yanlışı, burun, ulduz kimi sözlər bir çoxlarının həyatını həll edirdi. Siz də kitabınızda bu məsələlərə toxunaraq Cumhuriyyət dönəmi ilə də bağ qurmusunuz və Nazim Hikmətin Heraklitin kitabına görə 7 ay həbs olunmasının anlamsızlığını vurğulamısınız. Ümumiyyətlə, şairin həbs olunma səbəblərini necə dəyərləndirirsiniz?

 

- Öz xalqının, öz millətinin əsrlərdə iftixarı olacaq böyük  sənətkara qarşı son dərəcə ədalətsiz, haqsız, cahil və qərəzli  münasibətin nəticəsi kimi dəyərləndirirəm. Nazım kimi bir çox  başqa  sənətçilər də çağdaşları tərəfindən  yalnız məhbəslərə atılmırlar, azadlıqda yaşasalar   da, yüz cür anlaşılmazlıq, bədxahlıq, paxıllıq və böhtanlarla üzləşməli olurlar. Ancaq  dünyadan gedəndən, yəni daha heç kəsə rəqib sayılmadıqları zaman “ah, heyf ki, sağlığında qədrini bilmədik” deyə riyakar təəssüflərə məruz qalırlar.

 

- Nazim Hikmət şeirlərində hər zaman İstanbul həsrəti var. Maraqlı bir şərhiniz var ki, onun bəzi şeirlərində qadınlar və şəhərlər eyniləşib. Doğulduğu şəhərə ayaq basmayan, Moskvada dəfn olunan, İstanbul həsrətiylə yaşayan, ilk kitabını Bakıda yayımlayan şairin həyatında bu şəhərləri necə xarakterizə edərdiniz?

 

- Doğulduğu şəhərə - Selanikə - bir daha dönmək istəmədi, həyatının, eşqinin, şeirinin şəhəri İstanbula isə dönə bilmədi. Gəncliyinin işıqlı, romantik  xatirələrində yaşatdığı  Moskva 50-ci illərdə artıq  onun gəncliyinin şəhəri deyildi, kökündən dəyişib başqalaşmış, yabançılaşmış, eybəcərləşmiş yad  şəhər idi. Bakıdan isə bir az da olsa Türkiyənin, İstanbulun, İzmirin qoxusunu alırdı.

 

- Nazim Hikmətin SSRİ-də böyük imkanlar içində yaşadığı düşünülüb hər zaman. Siz faktlarla bunun yanlış olduğunu, onun tez-tez dostlarından borc aldığını yazırsınız. Nazim Hikmətin gəlir qaynağı sadəcə əsərlərindən aldığı qonorarlar idimi?

 

- Əlbəttə, Nazım SSRİ-də ehtiyac içində yaşayırdı demək yanlış olar. Kitabları nəşr olunur, pyesləri səhnələrdə oynanılırdı. Şəhər və bağ evi, şəxsi maşını vardı, amma maddi cəhətdən təminatı  orta səviyyəli bir sovet yazıçısının  dolanışığından üstün deyildi. Əsərlərinin gəlirindən başqa  əlavə gəliri haqqında  məlumatım yoxdur və məncə, belə bir gəliri də olmayıb heç vaxt.

 

- Nazimdən törədilən bir çox qətllər gizlənib, bəzi deyilənlərə də şair inanmayıb. Altını çizdiyiniz digər bir ifadə “röyalar ölkəsi”dir. Ancaq bu ölkə o, həbsdəykən buna biganə qalıb, gəmiyə almaları üçün iki saat qayıqda gözlədilib, hər hərəkəti izlənib. Kitabınızda Nazimin şeirlərinin senzuradan keçmədiyini oxuyanda təəccübləndim. Bu, bir çox məsələləri açığa çıxaran məqamdır. Kommunizmə bütün qəlbiylə inanan, dönəmin ən çox sevilən şairinə qarşı nə üçün belə rəftar edirdilər?

 

- İlk gənclik illərindən Kommunizm ideyalarına sidq-ürəkdən bağlanmaq hələ sovet rejiminin bütün qəbahətlərini qəbul etmək, onlarla barışmaq ya onlara göz yummaq  deyil. Nazım Türkiyədə olduğu kimi,  Moskvada da istədiyini yazırdı və vətənində də, pənah gətirdiyi ölkədə də müxtəlif cür təqiblərlə, təzyiqlərlə qarşılaşırdı.

 

- “Mübarizə bu gün də var” əsərinizdə Nazim Hikmətin Rəsul Rzaya “Kardeşim, buranın hüriyyətindənsə Türkiyənin məhbəsində yenə 15 il yatmağa hazıram” dediyini xatırlayırsınız. Ömrünün sonlarına doğru Nazim Hikmətin kommunizmə, SSRİ-yə münasibəti necə idi?

 

- Əgər gənclik illərində  inandığı və bu inamına görə illərlə ömrünü  məhbəslərdə çürütdüyü ideya Kommunizm ideyasıydısa, Nazım  böyük insan və bütöv şəxsiyyət kimi, hər havada əqidəsin dəyişənlərdən deyildi, gənclik ideallarına da xəyanət edə bilməzdi. Amma əgər Türkiyə məhbəslərində Kommunizm ideyası və SSRİ siyasəti onun üçün eynilik təşkil edirdisə, Sovet İttifaqına gəldikdən az sonra bu iki məvhumun nəinki fərqli, hətta bir-birinə tam zidd olduğunu dərk etdi və  Kommunizm xülyasına  ümidini qorumağa çalışsa da, “röyalar ölkəsinin” yalan olduğunun böyük peşmançılığını şəxsi faciəsi kimi yaşadı.

 

- Nazim Hikmət haqqında dəyərli bir çox tədqiqatlar və xatirə kitabları yazılıb. Ancaq bəzən də bu kitablarda təhrif olunmuş faktlar da var. Məsələn, Nazimə böyük sevgisi olan Zəkəriyə Sərtəlin Nazimin Moskvaya gəlir- gəlməz rusca şeirlərinin tərcüməsi haqqında sərt danışması, sürücüsünün şairi öldürmə planı və sair məsələlərlə bağlı fikirləri... Anar müəllim, xatirə kitablarında bəzi xətaları görməkdə ən əsas olan nədir? Nazimlə bağlı qarşılaşdığınız başqa belə faktlar varmı?

 

- Sertellər ailəsi Nazımı ürəkdən sevən insanlar və onun ən yaxın, ən etibarlı  dostlarından idilər. Amma Zekeriyyə bəyin kitabında Nazımın sovet həyatıyla bağlı və Azərbaycana aid bir çox faktları şərh etməsində xeyli yanlışlıqlar var və mən  romanımda bunları yerigəldikcə göstərmişəm.

 

- Nazimin Türkiyədən necə çıxdığı da hər zaman maraq doğuran hadisədi. Uzun illər sonra məlum oldu ki, onun qaçmasında Rəfiq Elduranın köməyi olub. Kitabda bununla bağlı bir çox hekayələrin nəql olunduğunu, bəzilərinin gerçəkliyinə şübhə etdiyiniz məqamlar var. Siz Rəfiq bəylə şəxsən görüşmüsünüz. O, bu görüşdə bu barədə sizə nəsə deyibmi?

 

- Rəfiq Erduranla bircə dəfə və təxminən saat yarım ərzində görüşüb söhbət etdik. Bildiklərim və oxuduqalarımdan əlavə mənə heç bir yeni fakt demədi.

 

- “Romantik Komunist” kitabının ön sözündə Yevtuşenko da Nazimin sürücüylə bağlı əhvalatını nəql edir. Əslində, bu, bir az da Nazimin həyatını mifləşdirməkdən iləri gəlir. Məsələn, 70-ci illərdə Əziz Nesin onun haqqında qəzetdə silsilə yazılara başlayanda sadəcə sağ kəsim deyil, solçular da irad bildiriblər. Çünki onların əfsanələşdirdiyi Nazimlə onun real yaşantılarını qəbul etmək istəmirdilər. Məsələn, Nazimin aclıq aksiyasının başlatmasındakı səbəb siyasi yox, Münəvvərin ərindən boşana bilməməsi olduğu faktı heç cür qəbul etmək istəmirlər. Siz “Gecə Düşüncələri”ndə yazırsınız ki, “bəzən sənətkarın faciəvi taleyi onun irsinin həqiqi qiymətini verməkdə meyara çevirilir”. Bu fikiri Nazim Hikmətə aid etmək olarmı?

 

- Müəyyən şərtiliklə Nazıma də aid etmək olar. Ümumiyyətlə, qeyri-adi şəxsiyyətlərin ömürləri elə sağlıqlarında cürbəcür miflərlə  süslənir. Bəzən bu miflər onları daha da ucaltmağa, bütleşdirməyə, müqəddisləşdirməyə yönəlir, bəzən də miflər kimisə aşağılamaq, barəsində yalanlar uydurmaqla onları adiləşdirmək, balacalaşdırmaq məqsədi güdür. Kiçiklərə  elə gəlir ki böyükləri  kiçiltməklə özlərini onlarla bərabər səviyyəyə çatdıra bilərlər.

 

- Əziz Nesinlə uzun müddət dostluq etmisiniz, sizə Nazimlə bağlı nələr danışıb?

 

- Dəqiqləşdirirəm. Əziz Nesinlə tanış idik, Moskvada, Bakıda, İstanbulda, Qahirədə  görüşmüşdük, amma  buna “dostluq edirdik” demək olmaz, belə bir iddiam da yoxdur. Hər tanış olduğun, söhbət etdiyin məşhur adamı “dostumdur” adlandırmaq mənə yaraşmaz. Əziz Nesinlə təbii ki Nazımdan da danışırdıq, amma mənim Nazım haqqında bildiklərimə bu  söhbətlərin bir şey əlavə etdiyini deyə bilmərəm.

 

- Nazimin haqqında bütün siyasi fikirlərdən əlavə ən çox qınaq olduğu məsələlərdən biri eşqdir. Sizin onun qadınları haqqında  yanaşmanız çox orijinaldı. Nə üçün onu “Əbədi Məcnun” olaraq dəyərləndirirsiniz?

 

- Çünki doğrudan da əbədi Məcnun idi. Sevginin bayağılaşdırıldığı bir zamanın əsl romantik eşq cəngavəri idi Nazım.  “Məcnundan fizun aşiqlik istedadı” olmasaydı, ölməz eşq şeirlərini  yarada bilməzdi yəqin.

 

- Adı Nazimlə paralel çəkilən digər şair Nəcib Fazıldır. Nəcib Fazılı dilimizə ilk dəfə Rəsul Rza tərcümə edib. Maraqldır, Rəsul Rza ilə Nazim Hikmətin Nəcib Fazıl haqqında söhbətinə şahid olmusunuzmu?

 

- Qəribədir ki,  mənim   şahidi olduğum   söhbətlərində Nazım  bir dəfə belə olsun  Nəcib Fazilin adını çəkməyib. Ümumiyyətlə, böyük şairi ilk dəfə dilimizə çevirən Rəsul Rzanın da   Nəzib Fazil haqqında əsaslı bilgiləri yox idi. Çünki o dövrdə sovet türkoloqları və naşirləri  Türkiyənin yalnız sol əqidəli   şair və nasirlərini  çevirir, təbliğ edirdilər. Amma atamın  dilimizə uyğunlaşdırdığı   tək bir “Otel odaları” şeiri mənə o qədər təsir etmişdi ki, çox illər sonra “Otel otağı” povestimdə bu təsir üzə çıxdı..

 

- Anar müəllim, bir çox şairlər romanlar  yazsalar da, onları həmişə şair kimi xatırlayırıq. Nazim Hikmətin romanlarını ustad bir romançı olaraq necə dəyərləndirirsiniz?

 

- Nazım, əlbəttə,  ilk növbədə çox böyük şairdir, yəni yaradıcılığını faizlərlə ölçsək, səksən faizi şeir, on beş faizi səhnə və sinema əsərləri,  yalnız beş faizi nəsrdir. Ən məşhur “Romantiklər” romanıdır ki, məncə, sıradan bir nəsr örnəyidir, şeirləriylə heç müqayisə oluna bilməz.

 

- Kitabınızın üz qabığı üçün Toğrul Nərimanbəyovun rəsmini seçmisiniz. Romanda şairin rəssamlara olan münasibətindən bəhs edirsiniz. Nazimin anası Cəlilə xanım da rəssam idi. Nazim də rəsmlər çəkirdi və İbrahim Balabanı da bir rəssam kimi məhz o yetişdirmişdi. Maraqlıdır, Nazim Hikmətin  tablolarından ibarət bir sərgi açılıbmı?

 

- Bir dəfə İstanbulda  Nazıma aid bir sərgidə oldum, Onun həbsxanada yaratdığı əl işləri - mücrilər, dəsmallar və bir neçə rəsm əsər nümayiş olunurdu bu sərgidə.

 

- Sizdə Nazimin çəkdiyi bir rəsm varmı?

 

- Yox, təəssüf ki, yoxdur, amma bir neçə məktubu və əl yazması vardı ki, onları da İstanbuldakı Nazım Hikmət fonduna hədiyyə etdim.

 

- Onun ən yaxın rəssam dostları arasında Abidin Dino, Avni Ərbaş, İbrahim Balaban da var. Onlara həsr etdiyi şeirlər var.  Sizcə, Anar müəllim şəxsi münasibətlərdən başqa, estetika, ideya olaraq Nazim Hikmət şeirinə yaxın rəsmlər çəkən rəssamlar kimlərdi?

 

- Nazımın özünün bəyəndiyi və dostluq etdiyi türk rəssamları elə sizin  adlarını çəkdiyiniz üç rəssamdır. Şairin Toğrulun  çəkdiyi şəklinin üstündə  Nazım öz əliylə “Aşk olsun!”  sözlərini yazıb. O da maraqlıdır ki Nazımın ilk portretlərindən birini hələ iyirminci illərdə Əzim Əzimzadə yaradıb.

 

- Nazim, eyni zamanda, kinonu sevirmiş. Veraya eşqini məhz Marsel Karnenin filminə baxdıqdan sonra elan edib. Siz onunla Çarli Çaplinin “Modern Zamanlar” filmini izləyən biri kimi, Nazimin kinoya, sevdiyi rejissorlara dair fikirləriniz bilmək istərdim.

 

- Kino bərədə söhbətlərinin şahidi olmamışam, ancaq şeirlərindən birində heç kəsə hətta Şarloya (yəni Çarli Çaplinə) da həsəd çəkmədiyini yazır. İyirminci illərdə onunla Nikolay Ekk adlı rus rejissoru əməkdaşlıq edib, bizim kinorejissorlarımızdan Əjdər İbrahimov və başqaları  onun ssenariləri əsasında filmlər çəkiblər.

 

- Sərtəllərlə yaxın münasibətiniz olub. Sizi ilk dəfə Səlim Turanla tanış edəndə məhz Zəkəriyyə Sərtəldir. Keçən ay İstanbulda Səlim Turanın sərgisinə getdim və çox heyrətləndim. Səlim Turan Tanpınar, Can Yücəl kimi bir çox şair yazıçılarla əlaqaləri olan birisi idi. Yanılmıramsa, Nazimlə də görüşüb. Bu görüş barədə söhbətiniz olubmu?

 

- Səlimin özünün söylədiyini xatırlayıram, Nazımla Parisdə görüşüb, mən də Səlim Turanla ilk dəfə Parisdə dediyiniz kimi, Zəkəriyyə Sərtəlin vasitəsiylə tanış olmuşam. Sonralar mənim bir hekayəm əsasında “Telefon” adlı  şəkil çəkib mənə göndərmişdi. İkinci dəfə İstanbulda, rəssamın emalatxanasında görüşdük. O görüşü Türkiyədə işləyən rejissor və operator Zaur  Məhərrəmov lentə alıbsa da, hələ ki bu nadir kadrları görmək mənə müəssər olmayıb. Elə həmin axşam Səlim Turanla bərabər Qaraca teatrında Ataol Bəhramoğlunun  Mutlu ol Nazım!” tamaşasına baxdıq. Təbii ki, Nazıma böyük sayğısı vardı Səlimin. Üçüncü dəfə  Səlimlə  “təmasım” nə yazıq ki, onun dəfnində oldu, Atatürk kültür Mərkəzində dəfn mərasimində mən də çıxış etdim, heç bir vaxt ata-baba  vətənində olmamış bir eloğlumuzun ailəsinə, dostlarına, yaxınlarına Azərbaycan adından  başsağlığı verdim.

 

- Türkiyədə Nazim Hikmətə münasibət birmənalı deyil. Siz mənim hazırda təhsil aldığım Mimar Sinan Gözəl Sanatlar Universitetində 1993-cü ildə iki semestr dərs demisiniz. Həmin dövrdə Nazimə olan münasibət az da olsa yumşamışdımı? Akademik çevrənin Nazimə olan münasibəti necə idi?

 

- Bilirsiz, hər bir böyük sənətkara münasibət iki zaman müstəvisində cərəyan edir - biri yaşadıqları zaman müstəvisində, biri də əbədiyyət müstəvisində. Yəqin ki Füzulinin dövründə də onu sevməyən, ona ağız büzən  həmkarları olub, yoxsa böyük şair “həsuddan” şikayətlənməzdi ki. Amma indi bu həsəd çəkənlərin, paxılların adlarını kim bilir, ümumiyyətlə onlardan nə iz qalıb dünyada? Eləcə də Nazım, sağlığında Nazımın əlinə su tökməyə layiq olmayanlar onun ünvanına hansı föhş və böhtanları  yağdırmayıblar ki... Amma ədəbiyyat tarixində, milyonlarla oxucunun yaddaşında kim,       necə qalıb? Nazımın ölməz poeziyasımı, ona təpik atanların cızmaqaralaramı? Cavab aydındı...

 

- Bütün bu məsələlərə kitaba daxil etdiyiniz “Nazımı öyənlər və söyənlər” essenizdə aydınlıq gətirirsiniz. Öyənlərin də, söyənlərin də yerini dəqiq müəyyənləşdirirsiniz. Müqayisə bəlkə də yersizdir, amma sizə də çox hücumlar olur. Ədəbiyyat adamlarının tənələri bir yana dursun, ədəbiyyatdan çox uzaq adamlar da bəzən sizin haqqınızda  sərt sözlər deyirlər. Elə son aylarda siyasətçi Sərdar Cəlaloğlunun, yaxud vəkil Aslan İsmayılovun sizin barənizdə dedikləri tikanlı sözləri xatırlayıram, bunlara necə münasibət bəsləyirsiniz?

 

- Necə münasibət bəsləməliyəm ki... Hörmətli Sərdar Cəlaloğlu daha əvvəl Albert Eynşteyni ifşa etmişdi və özünün böyük elmi kəşfiylə dünyanı sarsıdacağını bəyan etmişdi. O günü səbrsizliklə gözləyirik. Yeri gəlmişkən, elə bugünlərdə kitabxanamı səliqəyə salanda təsadüfən iki kitaba gözüm sataşdı. Biri hörmətli Sərdar Cəlaloğlunun “Mahiyyət” adlı kitabı idi. Kitabı mənə bu sözlərlə bağışlamışdı: “Hörmətli Anar bəyə! Ədəbiyyatımız naminə göstərdiyi qeyrətlərə  minnətdarlıqla, Sərdar Cəlaloğlu 03. XII. 96”.

 

Vəkil Aslan İsmayılovla da həmişə normal münasibətlərimiz olub. Əsl səbəbini izah edə bilmədiyim qəfil həmləsi mənimçün gözlənilməz idi. Aslan İsmayılovun “Sumqayıt” kitabını yüksək dəyərləndirirəm. Həmin kitabı  mənə bu sözlərlə bağışlamışdı:  “Azərbaycan xalqının Böyük ziyalısı, təqiblərə baxmayaraq,  mövqeyindən dönməyən, şəxsiyyətinə hörmət bəslədiyim Anar Rzayevə dərin hörmət və ehtiramla. Vəkil Aslan İsmayılov, 25. 05. 2010”.

 

Allah “Mürafiə vəkillərinin hekayəti” pyesinin müəllifi Mirzə Fətəliyə rəhmət eləsin!

 

- Anar müəllim, vaxt ayırıb suallarımı cavablandırdığınız üçün təşəkkür edirəm.

 

- Mən də sizə təşəkkür edir, işlərinizdə uğurlar diləyirəm.

 

Ramil ƏHMƏD

 

 

525-ci qəzet.- 2017.- 7 oktyabr.- S.10-11.