Novator tarzən
ƏMƏKDAR ARTİST HƏMİD VƏKİLOVUN "SƏNƏT TABLOSU"NDAN FRAQMENTLƏR
...
QƏFİLDƏN DİL OLUB DİLLƏNƏN
SƏDƏFLİ TARIN MÜXTƏLİF RAKUSLARDAN KONTURLARI
"Həmid Vəkilov böyük interpretatordır. O, yüksək texnikaya,
geniş musiqi duyumuna malik tarzəndir. Onun
ifaçılıq aləminə, səhnə mədəniyyətinə
gətirdiyi yeniliklər maraq doğurur. Belə
ki, əksər tarzənlərdən fərqli olaraq o, həmişə
tarı ayaq üstə çalır".
Çingiz
Sadıqov
Xalq
artisti, pianoçu
Anfas.
Duyğularım "qəlbi arzularla, gözü günəşlə,
sinəsi bu günün sözüylə dolu" çinar
ömürlü şair Rəsul Rzanın "Rənglər"
silsiləsinə daxil olan, rəsmdən fəlsəfəyə
doğru poetik və dialektik bir cığır kimi səciyyələnən
şerlərinin rəng çalarlarına bənzəyir:
ağ, şirmayı, püstəyi, mavi, tünd qəhvəyi,
narıncı, kürən, qızılı, sarı, bənövşəyi,
sürməyi, çəhrayı, al qırmızı, firuzəyi,
innabı, sumağı...
İnsanı fikirləndirən, həyacanlandıran və
bilgi məcmusunu zənginləşdirən bu şeir-rənglərin
"musiqi kimi ahəngi, üvertürası" Həmid Vəkilovun
tarının səsi və virtuoz ifası ilə xəyalımda
"əlvan səhifələr açıb"
canlandırır. Çalğı nəinki bu şeir-rəngləri
mənalandırır, rövnəqləndirir, həm də
onlardakı gizli və qeyri-adi cizgiləri - "arzuları, həsrəti,
dərdləri" üzə çıxarır, psixoloji məqamları,
dərin hissləri qabardır.
Düşünürəm ki, tarın da rəssam
fırçasına bənzəri var. Birində müxtəlif
musiqi çalarları, digərində isə rənglərin
duyğulandırıcı əlvanlığı. Hər ikisi
insan əlləri ilə nəfəs alır, insan əlləri
ilə danışır, sənətin ecazkar qüvvəsini
insan əlləri ilə göstərir. Rənglərdə
musiqi, melodiyalarda
isə rəng.
Yəqin
ki, rəssamlıq sənəti haqqında gedən söhbətlərdə,
mübahisələrdə, habelə sərgi salonlarında
tez-tez işlənən belə ifadələr eşitmisiniz:
"oxuyan rənglər", "sakit rənglər",
"qışqıran rənglər", "isti rənglər". Bu deyilənlər hər
şeydən əvvəl, təsviri sənətlə musiqi sənətinin
bir-birinə nə qədər yaxın və doğma
olduğunu göstərir. Sakit və isti rənglər
tamaşaçının gözlərini oxşamaqla
yanaşı, qulaqlarında həzin və ahəngdar
melodiyalar kimi səslənir. Belə rənglər
kövrək musiqi parçası kimi əsəbləri sakitləşdirir,
insanları harasa uzaqlara, doğma və əziz,
yaxın xatirələrin qoynuna aparır. Həmidin
tarının səsi də, çalğısı da belədir. Onun mizrab
fırçası rəngləri bütün
çalarları, bütün ahəngdarlığı ilə
"səsləndirir".
Mavi...
Coşqun şövqlə çalınan "Orta mahur"un
bədii sadəliyi, ifa tərzinin aydınlığı,
ürəklə texnikanın, hisslə ustalığın
harmonik vəhdəti, musiqi cümlələrinin
dolğunluğu, xüsusilə barmaqların muğamın
"Bərdaşt" hissəsində işlətdiyi
mizrabların dinamizmi "musiqini gözlə eşitməyə"
şərait yaradır. Bəlkə də bu
ondan irəli gəlir ki, ifaçının sağ və sol əl
texnikası, çalğı üslubu saysız-hesabsız, zəngin,
gözəl və valehedici xallar toplusu ilə son dərəcə
yüksək bədii səviyyədə bir-birini
tamamlayır.
Sürməyi...
Tarzənin "Bayatı-Şiraz"dakı gəzişmələrinə,
özümlü xallarına, ən münasib, ən
müvafiq vasitə və ifadə yollarını seçib
işlətmək məharətinə, pərdələrin məlahətli
tembrinə heyran qalmamaq mümkün deyil: melodiyanın sintezi,
qırılmaz məntiqi əlaqəsi, ifada yaranan vahid ansambl
duyğusu.
Bənövşəyi...
Həmid sanki rəssam sayağı əsrarəngiz mizrab
palitrasının əlvan çalarları sayəsində
musiqidə işlətdiyi cizgilərlə,
yaratdığı bitkin, melodik ifadələrlə -
lad-intonasiya boyalarıyla obrazın: muğamın, yaxud da
klassik əsərin məna və mətləb zənginliyinin
ahəngdarlığını, harmoniyasını yaradır,
bu zaman fikrinin pəncərəsi olan göz bəbəklərində
nələri canlandırmır?
Sumağı...
Dəfələrlə müxtəlif üslubu,
öz dəst-xətti olan tarzənlərin ifasında
"Şahnaz"ı dinləmişik. Lakin
Həmid bu muğamı tam müstəqilliklə və təkraredilməz
rəngarəngliklə dinləyiciyə çatdırır.
Onun tarının incə təranəsi qəlbi
riqqətə gətirir. Muğamın özünəməxsus
şərhində o öz "simi"ni,
öz "barmaqları"nı, öz
"mizrabı"nı məharətlə nümayiş
etdirir.
Narıncı...
Şüura, idraka, məntiqə əsaslanan
ifanın özülünü dərin ifadəlilik təşkil
etdiyi üçün çoxelementli struktura malik tutumlu və
əhatəli çalğıda məntiqi təfəkkür,
daxili ahəng, səs rəngarəngliyinin müxtəlifliyi,
zənginliyi, əsl dramatizm və parlaq obrazlı
qarşılaşdırmalar dinləyicini valeh edir.
Çəhrayı...V.Montinin
"Çardaş" əsəri, F.Mendelsonun "Skripka ilə
orkestr üçün konsert"i, P.Sarasatenin "Əndəlüs"
romansı və "Qaraçı havaları"... Bu əsərləri bütün romantik vüsəti
ilə çalmaq şərəfi hər ifaçıya nəsib
olmur. Həmidin çalğısında onun
yaradıcılıq simasının ən ümdə şərtlərini -
musiqi fakturasında psixoloji xarakteri gözəl əks etdirməsini,
emosional xüsusiyyətləri konkret və düzgün
formalarda verməsini, parlaq ifadəliliyi, mizrab
palitrasının müstəsna zənginliyini, harmonik dilin
koloritini, alətin bütün pərdələrinin ifadə
imkanlarını nümayiş etdirmək cəhdini
görürük.
İnnabı...
Bəlkə də bu virtuoz ifaçılıq məziyyətləri,
müxtəlif səs bəzəkləri, məna və fərq
incəlikləri yaratmaq ustalığı muğamın və
klassik əsərlərin məntiqinə son dərəcə
uyğun olduğu üçün Həmidi "xallar müğənnisi" də
adlandırmaq olar.
Qızılı...
Bir dəfə Qurban Primovdan soruşublar ki, onun
gözəl ifaçılıq məharətinin sirri nədədir?
Qoca tarzən özünə xas bir tərzdə sağ əlilə
əvvəlcə başını, sonra da ürəyini
göstərərək deyib: bununla bərabər bu da
olmalıdır! Bəli, Həmid əsl sənətdə
ağılla hissin vəhdətini - bu böyük həqiqəti
öz qüdrətli sənəti ilə təsdiq edib.
Firuzəyi...
Görkəmli alim Cəfər Cəfərov
yazırdı ki, klassik əsərlərin daxilində
müasirlik həmişə yaşayır. Onu əsərə biz daxil etmirik, onun öz
varlığında bu keyfiyyət var. Elə
ifaçının da məharəti ondadır ki, o,
muğamatın mayasında və canındakı müasirliyi əla
dərk və şərh etməyi bacarır. Eyni zamanda, muğamları müasirliyə yaxınlaşdıran
keyfiyyətlər zəminində axtarışlar aparır,
tapdıqlarını tamamilə bu zəminə əsaslanmaqla
cilalayıb, obrazın obyektiv inkişafını
düzgün istiqamətləndirə bilir.
Tünd qəhvəyi...
Həmid barədə oçerk
yazmağımın başlıca səbəbi də onun məhz
belə bir yüksək ifaçlıq bacarığına və
səyinə malik olması, tarın daha da təkmilləşdirilməsi
yolunda apardığı islahatlardır.
Bu söhbətə bir azdan qayıdacağam.
Hələliksə...
BAŞLANĞIC. ÖMRÜN O BAŞINDAN BİR
NEÇƏ ESKİZ. SƏNƏTDƏ
MƏTİNLƏŞMƏ VƏ SINAQ DÖVRÜ. TARIN
DİAPAZONUNUN GENİŞLƏNDİRİLMƏSİ YOLUNDA ATILAN
İLK ADDIMLAR
"O,
gözləyə bilmirdi, onun bütün varlığında
nəsə tələsirdi. Onun dühası,
tükənməz iradəsi novatorluğa,
yaradıcılığa tələsirdi".
Çexovun Meyerhold haqqında dediklərindən.
Geniş
dinləyici kütləsinin zövqünü oxşamaq məqsədinə
xidmət edən virtuozluğun yüksək səviyyəsinə
çatmaqda heç şübhəsiz ki, Həmidin bir sənətkar
olaraq öz "sirri", məhz özünəməxsus
müəyyən çalğı metodu (bəlkə də
bu metod onun istedadı ilə birləşdiyi üçün
bir "sirr"ə çevrilib), novatorluğu var və indi
oxuyacağınız yazıda mən həmin novatorluğun
görünən əsas cizgilərini çəkməyə
çalışacağam.
Eyni
zamanda, tarzənin bu aləti kökləmə tərzini,
müxtəlif texniki çətinliklərin öhdəsindən
gəlmək üçün işlətdiyi üsulları və
tətbiq etdiyi metodikanı-yaradıcılığındakı
"rəngkarlığın" xüsusiyyətlərini
araşdırmaq üçün də səy göstərəcəyəm...
...1949-cu
ildə Bakının Binəqədi kəndində ziyalı
ailəsində (onun atası da, anası da kənd orta məktəbin
müəllimi olub) dünyaya göz açmış Həmid
8 yaşında ilk dəfə Pionerlər evində
Əlağa Mövsümovun rəhbərlik etdiyi dərnəkdə
tarı görüb.
Bu görüşün ilk təəssüratı, dərk
etdiyi ilk gözəllik, valeh olduğu ilk möcüzə,
duyduğu ilk fərəh tarda ifa edilən muğam və onun
bağışladığı sevinc olub. Həmin dəqiqədən
də bir uşaq marağı ilə, musiqi ətrindən
rayihələnmiş bir istəklə ona vurulub, böyük
həvəs göstərib.
O zaman heç
kəsin ağlına gəlməyib ki, illər, uzun-uzun illər
keçəcək və Pionerlər evindəki zil qara
saçlı balaca oğlan bu gün hamının sevimlisi Həmid
Vəkilov olacaq.
Sənət gülzarına və sabahkı qələbələrə
atılan ilk kövrək qədəmləri buradan
başlayıb. Elə o çağdan indinin bu saatına kimi tar onun
ömürlük sirdaşına, yol yoldaşına
çevrilib.
Sonra zil
qara saçları həmişə səliqə ilə
daranmış, baxışlarında qətiyyətlilik hiss
olunan balaca oğlan Uşaq Musiqi Məktəbinin tar sinfində
müəllim Azər Rzaquliyevdən tar sənətinin incəliklərini
və musiqiyə heyranlığı öyrənib. Birinci kərə tarda "Suliko"
mahnısını həvəslə çalıb.
Titrək barmaqları simlər üzərində
yaxşı gəzməsə də, balaca Həmidin
inadkarlığı, çalışqanlığı
ümidlərə işıq verib. Daha sonra...
Ümid
işığının yolu onu 1962-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə
gətirib. Burada əvvəl Rəhilə Kərimovanın,
sonra mahir tarzən Sərvər İbrahimovun və əməkdar
artist, ürək çalğıçısı Əhsən
Dadaşovun sinfində bir-birini uğurla əvəz edən tədris
illərinin şagirdi olub.
Rəhilə xanımın not, Sərvər və
Əhsən müəllimin muğam dərslərini mükəmməl
mənimsəyib, bu adamların qayğısı, zəhməti
və böyük tələbkarlığı onun gələcək
müvəffəqiyyətlərinin başlıca rəhni
olub.
Belə
istedadlı sənətkarlardan ifaçılığın
sirlərini öyrənib muğamların, xalq
mahnılarının, görkəmli bəstəkarların əsərlərinin
üzərində yorulmadan çalışdığı
zamanlarda Həmid hiss edib ki, tarın ifaçılıq
imkanları olduqca çox zəngin və sonsuzdur. Lakin instrumental ifaçılar tərəfindən
bu imkanlar axıra qədər açılmayıb və onlardan
yetərincə istifadə olunmayıb. O, tarda texniki
çatışmazlıqları görüb və
bunların aradan qaldırılması üçün
düşünüb və yollar axtarıb.
Həmid
son kursda F.Mendelsonun "Skripka ilə orkestr üçün
konsert"ini və P.Sarasatenin "Qaraçı
havaları"nı dövlət imtahanında
çalmağı qərarlaşdırsa da,
çalışma zamanı bu istəyinə nail ola bilməyib.
Çalışma əsnasında görüb
ki, "Qaraçı havaları" əsərindəki
3-4-cü oktavalıq pasajları orijinalda olduğu kimi tarda
çalmaq mümkün deyil. Tarın səs hüdudu
(diapazon) 2,5 oktava olduğuna görə
passajları 2-3 yerə bölüb çalmağın mənası
da yox idi. Bu halda əsərin
orijinallığı, virtuozluğu, yəni bədii-estetik dəyərləri
itmiş olurdu.
Həmid vəziyyətdən çıxış yolunu
ilk olaraq tarın ən qalın simi olan "bəm sim"in
istifadəsindən başlayıb. Həmin sim tarda
yalnız muğamın ifası zamanı əsas tonu daha
dolğunlaşdırmaq üçün musiqi cümləsinin
sonunda sanki bir nöqtə vəzifəsini görürdü.
Not çalğısında isə həmin simdən istifadə
olunmurdu.
Təsadüfi
deyil ki, tar haqqında yazan musiqişünaslar da tarın
diapazonundan bəhs edərkən onun kiçik oktavanın
"do" səsindən 2-ci oktavanın "lya" səsinə
qədər, yəni 2,5 oktavaya qədər malik olduğunu
qeyd edirlər. "Bəm sim" isə
tarın qolundan aralı keçirdi və digər fəal simlərdən
fərqli olaraq onda barmaq qoyub çalmaq mümkün deyildi.
Həmid həmin "bəm sim"in istinad etdiyi
kiçik xərəyin çıxıntısını
(tarzənlər buna "quş" və ya "xoruz"
deyirlər) ləğv edib. Bununla da "bəm
sim"i digər simlərin səviyyəsinə endirərək
onu fəal simə çevirib. Eyni zamanda, tarın qolunun
eni 7 sim üçün bir az yetərsiz
olduğuna görə onu 2-3 mm genişləndirib və istədiyi
nəticəni alıb. Beləliklə, tarın diapazonu
aşağı registrə doğru xromatik olaraq xalis kvarta həcmində,
yəni 8 tar pərdəsi qədər artıb və 2,5 oktavadan tam 3 oktavaya yüksəlib.
Lakin klassik musiqi xəzinəsindən daha səmərəli
istifadə etmək üçün 3 oktavalıq diapazon da Həmidə
yetərli olmayıb. "Skripka ilə orkestr üçün konsert"in və
"Qaraçı havaları"nın
yuxarı notlarının (zil yerlərinin) tarda ifası
zamanı diapazon yetərsizliyi yenə də onun
qarşısına çıxıb. Bu dəfə o,
tarın qolunun sonluğunu bir az uzadıb.
Tarın diapazonu 3,5 oktavaya çatıb.
Həmid 3-cü oktavanın "do", "re", "mi" və sair notlarını çalsa da, ancaq bu səslərin keyfiyyəti onu lazımınca qane etməyib. Çünki uzadılmış kiçik sonluq 3-cü oktavanın "do" səsindən sonra bitdiyinə görə tarzən "re", "mi" və s. bu kimi zil notları kiçik çanağın üz pərdəsi üzərində çalmaq məcburiyyətində qalıb. Bu səbəbdən də həmin səslər qüvvətli və dolğun alınmayıb.
Bu çatışmazlığı da gənc tarzən müvəffəqiyyətlə həll edib. Bunun üçün kiçik çanağın yüksəkliyini 1 sm-ə qədər endirib, qol sonluğunu kiçik çanağın üzərindən 2-3 mm-lik məsafə ilə böyük çanağa qədər uzadıb. Rekonstruksiya nəticəsində tarın diapazonu 2,5 oktavadan 4 oktavaya qədər artıb.
Bu yeniliklər Həmidə 1967-ci ilin dövlət buraxılış imtahanlarında "Skripka ilə orkestr üçün konsert"i və "Qaraçı havaları"nı orijinaldakı kimi eynilə çalmağa imkan yaradıb. Bu uğurdan sonra əmin olub ki, tar texnikasında yeni effektlərdən istifadə etmək mümkündür.
Həmin il o, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələri ilə birlikdə neçə-neçə konsert səfərlərinə gedib, yuxarıda bəhs olunan musiqi proqramı və tarın diapazonu ilə bağlı həyata keçirdiyi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirib.
Həmid neçə-neçə sənət sınağından çıxıb, səhnəyə, ifaçılıq dünyasına təsadüfən gəlmədiyini tələbkar tamaşaçılar, mütəxəssislər qarşısında sübuta yetirib. Bu çıxışlardakı incəlik, coşqun daxili ehtiras və gözəl ifaçılıq texnikası göstərib ki, o, seçdiyi sənətə ürəklə yanaşır, təcrübəli müəllimlərinin etimadını doğrultmaq üçün səy göstərir.
(Ardı var)
Rafiq HACIYEV
Yazıçı-publisist, Cəfər
Cabbarlı Mükafatı laureatı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü
525-ci qəzet.- 2017.- 10 oktyabr.- S. 6.