Ömər Qoçulunun yeni kitabı - "Daşa dönmüş musiqi"

 

 

"Azərkitab" Kitab Təbliğatı Mərkəzində Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar memar Ömər Qoçulunun "Daşa dönmüş musiqi" kitabının təqdimatı olub.

 

10 il Bakının baş memarı olmuş, paytaxtda aparılan yenidənqurma şəhərsalma işlərinə rəhbərlik etmiş Ömər Qoçulu 50-yə qədər sənaye, nəqliyyat, yaşayış kompleksinin, inzibati, ictimai obyektlərin, mədəniyyət, istirahət, sağlamlıq, idman, ticarət mərkəzlərinin layihələrinin müəllifidir.

 

Təqdimatda çıxış edən Ömər Qoçulu ömrünü sevimli sənətinə həsr etdiyinə görə peşman olmadığını,  işindən, sənətindən həzz aldığını bildirib.

 

Pedaqoq olaraq fəaliyyət göstərən, yaradıcılıq işləri ilə paralel şəkildə İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsində müasir memarlıq fənnindən dərs deyən Ömər Qoçulu bədii yaradıcılıqla da məşğuldur.

Onun "Nənəmin nağılı", "Gözdən Sözə", "Daşa dönmüş musiqi", "Sazım, Sözüm Özüm" kimi kitabları işıq üzü görüb.

 

Şeirlərinə bəstəkarlardan Elza İbrahimova, Cavanşir Quliyev başqaları nəğmələr bəstələyiblər. Xalq artisti Flora Kərimova bu silsilədən olan "Bil ki, mənəm", "20 Yanvar şəhidləri", "Alın məni bu sevdanın əlindən" başqa nəğmələrin ilk ifaçısıdır.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2017.- 10 oktyabr.- S.7.