Pərvinin "Səhnə"
kitabının təqdimatı oldu
Dünən Gənc Tamaşaçılar
Teatrında yazıçı
Pərvinin "Səhnə"
kitabının təqdimat
mərasimi keçirilib. Kitabda Pərvinin
həm jurnalist, həm teatrşünas, həm də dramaturq kimi fəaliyyətini əks etdirən yazılar, əsərlər toplanıb.
Təqdimat mərasimində teatr xadimləri, yazıçılar,
oxucular və media nümayəndələri iştirak
ediblər. Tədbiri giriş sözü
ilə açan Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci qəzet"in baş
redaktoru Rəşad Məcid Pərvinin yaradıcılığı və
"Səhnə" kitabı
haqqında geniş məlumat verib.
Kitabda yer alan
yazıların böyük
hissəsinin "525-ci qəzet"də
çap olunduğunu xatırladan R.Məcid deyib ki, bu
kitabı həm də Mədəniyyət
və Turizm Nazirliyi ilə qəzetin ortaq nailiyyəti hesab etmək olar. Müəllifi yeni kitabı
münasibətilə təbrik
edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Pərvin
xanımın yaradıcılığı
yalnız ədəbiyyata,
teatra deyil, bütün Azərbaycan mədəniyyətinə və
incəsənətinə əvəzsiz
xidmətdir.
AYB-nin sədri, Xalq yazıçısı Anar, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov, Xalq şairi Sabir Rüstəmxanlı, dramaturq Əli Əmirli, Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi, Xalq artisti Ramiz Həsənoğlu, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədli, professor Himalay Qasımov çıxış edərək yazıçının yeni kitabı və yaradıcılığı haqqında öz fikirlərini bölüşüb, ona yeni uğurlar arzulayıblar.
Sonda müəllif hər kəsə təşəkkürünü bildirib, kitablarını qonaqlar üçün imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 10 oktyabr.- S.7.