Tanrının ömür payı
"Bu
dünyada vəfa, sədaqət, etibar, dəyanət deyilənlər
heç də nağıl, əfsanə, xülya deyil, əksinə
həqiqətdir"
Böyükxan
Bağırlı
Hər il
ad günündə onu təbrik edirdim. Bu dəfə telefon
susurdu... Nəhayət, səs gəldi. O, deyildi. Eşitdiyimə
inana bilmədim. Axı, necə ola bilər?! Bir həftə əvvəl
danışmışdıq. Adəti üzrə nikbin idi. Bəs...
Fikir-xəyal məni götürdü... Cəmi bir il əvvəl
70 yaşı tamam olmuşdu. Bu münasibətlə
yazmışdım. "525-ci qəzet"də, "Ədalət"də
dərc edilmişdi. Yazmışdım ki...
Həyatımın
unudulmaz çağlarını
- düz 20 ilini Cəlilabadda yaşayıb işləmişəm,
öz elinə, torpağına bağlı əqidəli, qətiyyətli,
sadə, zəhmətkeş insanlarla xoş münasibətdə,
ünsiyyətdə olmuşam, duz-çörək kəsmişəm.
Azərbaycanın
bu gözəl guşəsinin göz oxşayan, könül
açan mənzərələri yaddaşımda dərin iz
salıb.
İndi
ötüb keçənləri xatırlayanda
ömrümün həmin illəri gözlərim
önündə bütün aydınlığı ilə
canlanır. Sanki dünən olub, az qala yarım əsr əvvəl
yox, lap dünən "Yeni gün" qəzeti
redaksiyasında. Qapı astaca
döyülür, bir qədər arıq, ortaboylu cavan, nigaran
baxışlı oğlan astanada görünür. Ayağa
durub qarşılayıram. Salamlaşıb tanış
oluram. Masanın üstünə
qoyduğu vərəqi nəzərdən keçirirəm:
"Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin
dördüncü kurs tələbəsi Böyükxan
Bağırovu "Yeni gün" qəzeti redaksiyasına təcrübəyə..."
O,
bütün yayı redaksiyada çalışır,
görüb-götürür, yazıb-pozur, redaktə
olunmuş yazılarına dönə-dönə diqqət
yetirir, imzası qəzetin hər nömrəsində görünür: adi xəbərdən
tutmuş müsahibəyə, felyetona, oçerkə qədər
qələmini sınayır, püxtələşir.
Redaksiyanın ştatında yer olan kimi onu işə
götürürəm: həm maaş alır, həm də
qonorar-müəllif haqqı. Və yeni tədris ili
başlayanda əla xasiyyətnamə yazıb hörmətli
Şirməmməd müəllimə salam göndərirəm.
Jurnalistika fakültəsinin dekanı, professor Şirməmməd
Hüseynov tələbəsinə verilən xasiyyətnamədən
məmnun olur, kurslara nümunə göstərir.
Ali təhsilini
başa vuran Böyükxan doğma Cəlilabada
qayıdır, "Yeni gün"də işə
başlayır: bir müddət ədəbi işçi,
sonra şöbə müdiri, redaktor müavini. Və mən
raykomun ikinci katibi seçiləndə o, redaktor təyin
olunur, həmkarları Sabir Məmmədov, Dilarə Vəkilova,
Qasid Nağı oğlu, Firidun Sultanov, Solmaz Məmmədova ilə
birlikdə səylə çalışır...
lll
Filologiya elmləri doktoru, tənqidçi
Vaqif Yusiflinin təbirincə, Böyükxan
Bağırlının tərcümeyi-halı çox sadə
və yığcamdır, hətta bir-iki cümləyə də
sığışar. Ali təhsilini bitirəndən sonra
doğma Cəlilabadda rayon qəzetində
çalışır, 1981-ci ildən redaktordur.
Bütün
bunlarla yanaşı, təcrübəli tənqidçi, ədəbiyyatşünas
çox haqlı olaraq onu istedadlı bir nasir və jurnalist
kimi dəyərləndirir.
Böyükxan
ədəbi yaradıcılığa şeirlə
başlayıb. "Mənim ilk ədəbi yazım -
"Qonşular" sərlövhəli şeirim unudulmaz
şairimiz Məmməd Arazın xeyir-duasıyla 1968-ci ildə
"Ulduz" jurnalının üçüncü
sayında dərc olundu... Sonralar hekayələrim çap
edildi: "Ulduz", "Azərbaycan" jurnallarında,
"Ədəbiyyat" qəzetində".
Yeri gəlmişkən,
deyim ki, mən Bakıya qayıdandan sonra yuxarıda adları
çəkilən həmin ədəbi nəşrlərdə,
həmçinin "Yada düşdü" jurnalında ,
"525-ci qəzet"də , "Ədalət"də
vaxtaşırı yazılarım dərc olunur. Və bu, qələminə dinclik
verməyən, eyni zamanda, mütaliəsindən qalmayan
Böyükxanın diqqətindən yayınmır.
Vaxtaşırı zəngləşirik, hal-əhval tutub,
fikirlərimizi bölüşürük.
Zaman
keçdikcə püxtələşən, dəyərli
povest və hekayələri ilə oxucuların rəğbətini
qazanan qələm dostumun yaradıcılıq uğurları
məni ürəkdən sevindirir.
O, son illərdə
mətbuatda dərc olunan "Zəhərlənmiş
tale" povestində, "Döyüşçülər
daş karxanasında", "Tələ",
"Çovğun", "Cəhənnəmi görənlər",
"Sərnişinlər", "Göyərçinlər
uçub getdi", "Aynalı gölün
payızı", "Ağ yaylıqlar", "Xoş xəbər"
hekayələrində həyat
həqiqətini, gerçəkliyi yüksək bədii səviyyədə,
olduqca inandırıcı şəkildə qələmə
alıb. Kənd həyatını, orada yaşayan
insanların psixologiyasını təbii boyalarla təsvir
edib, bitkin obrazlar yaradıb. Dili səlis, axıcı,
koloritlidir. Eyni zamanda, kənd həyatında gen-bol işlənən
ifadələr, zəhmətə, torpağa bağlı
insanların ruhu, ürək çırpıntısı oxucunu
duyğulandırır.
Bütün
bunlar Böyükxanın yaradıcılığında fərqli
və üstün xüsusiyyətlərdir. Təsadüfi
deyil ki, V.Yusifli yazır: "Böyükxan Muğan gecələrini,
onun özünəməxsus cazibəsini, təbiətin,
torpağın şeiriyyətini nəsrə gətirir".
Böyükxan
Bağırlının yaradıcılığına yetərincə
bələd olan, təhlil və təqdir edən görkəmli ədəbiyyatşünas alim, tənqidçi
Vaqif Yusifli yazıçının müşahidə qabiliyyətini,
hadisələrə yanaşma üsulunu, kənd həyatını,
məişətini, etnoqrafiyasını, folklorunu yaxşı
bildiyini, bacarıqla qələmə aldığını
xüsusi vurğulayır. Buna nümunə olaraq müəllifin
"Göyərçinlər uçub getdi" hekayəsini
("Yada düşdü" jurnalı, 2012, ¹2) oxucunun diqqətinə
çatdırır. Bu hekayədə yazıçı kənd
müəllimlərinin gün-güzəranını,
onların ehtiyac içində yaşamasını, mənəvi
böhranla üzləşməsini əks etdirir.
Böyükxan
Qarabağ mövzusunu "Döyüşçülər
daş karxanasında" ("Ulduz" jurnalı, 2011, ¹8)
hekayəsində özünəməxsus, bənzərsiz
şəkildə qələmə alıb. Müəllif yayın oğlan
çağında, günəşin göydən od ələdiyi
bir vaxtda, toz-torpaq, daş-kəsək içində
çalışan insanların ailələrini dolandırmaq
üçün ən ağır işə
qatlaşdıqlarını real boyalarla, çox təsirli
detallarla təsvir edir.
Daş
karxanasında işləyən iki keçmiş
döyüşçü - Sübhan və Qara Hüseyn
ötən günləri yada salıb dərdləşirlər.
Sübhan deyir: "Beş-altı nəfər
döyüş görməmiş ağciyər ana
uşaqlarıyla mən neyləyə bilərdim?
Döyüş sursatı deyirsən, bəxtəvərlikdən
danışırsan, sursat hardaydı? O döyüşdə
mən yüngül yaralandım. Amma deyirsən gərək
öləydim, hə? Nəyə görə?! Ona görə
ki, naçalniklərimiz gündən-günə
yağlanıb bahalı maşınlarda gəzsinlər? Biz
burada toz-torpaq içində bir qarnı ac, bir qarnı tox vərəmə
tutulaq, onlarsa naz balışlı, pərqu
yorğan-döşəkli yataqda məşuqələriylə
mazaqlaşsınlar, kef eləsinlər, hə?! Vətəni
qorumaq elə kasıb-kusubun püşkünə
düşüb? Topdağıtmaz villaları buludlarla
oynaşanların balaları bəyəm yuxarı dəyirmandan
gəliblər? Niyə onlar ordu sıralarında gözə dəymirlər?
Ərə gedəndə böyük bacı, iş-güc gələndə
kiçik bacı?!"
Sübhanın müharibə ilə bağlı fikirləri Qara Hüseynin xoşuna gəlmir. Onun fikrincə, müharibədə belə neqativ hallar olsa da, torpaqlar əldən getsə də, nə qədər igidimiz həlak olsa da, inamı itirmək olmaz. Deyir ki: "Sənin sözlərindən fərarilik iyi gəlir. Vətən, torpaq müdafiəsi anlayışı sənin çərçi sövdəgər arşınınla ölçülə bilməz. Müharibə hələ qurtarmayıb, uduzmaq barədə söhbət ola bilməz. Biz müvəqqəti olaraq geri çəkilmişik".
HAŞİYƏ: Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması, düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə dövlət başçısının sərəncamı ilə hərbçilərimizin xüsusi fərqlənən bir qrupu yüksək fəxri ada layiq görüldü, orden və medallarla təltif olundu.
Düşmənin müasir hərbi istehkamlarla möhkəmləndirdiyi, alınmaz qala hesab etdiyi strateji yüksəklikləri və ətraf əraziləri döyüşçülərimiz azad edərək Azərbaycan bayrağını qaldırıblar. İşğalçıların xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Həmçinin, düşmənin qoyub qaçdığı ağır silahlar, hərbi texnika və qurulu istehkamlar ələ keçirilib.
Mən "Döyüşçülər daş karxanasında" hekayəsindən danışarkən ona görə haşiyə çıxdım ki, "müharibə hələ qurtarmayıb, uduzmaq barədə söhbət ola bilməz" deyən Qara Hüseynin (və müəllifin!) nə qədər haqlı olduğunu əyani dəlil kimi göstərim. Və onu da vurğulamaq istəyirəm ki, döyüşlər gedən günlərdə bütün Azərbaycan xalqı yumruq kimi birləşdi, Ali Baş Komandanla, rəşadətli Ordumuzla həmrəy oldu, övladları qəhrəmancasına şəhid olan ata-analar "Vətən sağ olsun" dedilər. "Dörd günlük müharibə" müasir Azərbaycan Ordusunun gücünü, yenilməzliyini yalnız erməni işğalçılarına və onların havadarlarına deyil, eyni zamanda beynəlxalq aləmə, dünyaya əyani olaraq göstərdi.
"Döyüşçülər daş karxanasında" hekayəsi nikbin sonluqla bitir. Fərqli düşünən keçmiş döyüşçülərin fikirlərinin müxtəlifliyinə baxmayaraq, onları birləşdirən, duyğularını bir araya gətirən məqamlar da var. Sübhanın qardaşı Şükran da döyüşlərdə həlak olub və o, son anında ana əmanəti medalyonu Qara Hüseynə verir ki, bunu qoru. Qara Hüseyn də əmanəti Sübhana verir. "Üstündə anasının əllərinin izi qalan bu əntiq medalyonu gözünə sürtəndə, dodağında gəzdirəndə burnuna dəm-dəstgahla keçirilən həmin günlərin ab-havası gəldi. O bəxtəvər anların hənirtisini hiss etdi. Göllənmiş gözlərini dolandırıb medalyona baxdı".
Sübhanın
həyata, insanlara inamı, etibarı itib. Müharibədə
gördükləri onu sarsıdıb. Amma Qara Hüseynin bu hərəkəti
onun qəlbinin dərinliklərində xoş bir duyğu oyadır. "Bu
duyğu onu həyata tamam yeni bir gözlə baxmağa
çağırırdı və ona anladırdı ki, bu
dünyada vəfa, sədaqət,
etibar, dəyanət deyilənlər heç də
nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir.
İndicə ona ömrünün analı,
qardaşlı-bacılı bəxtəvər anlarını
balaca bir əşya ilə geri qaytaran Milli Ordunun bu xəstə,
nasaz veteranı bəlkə elə bu həqiqəti demək,
hiss etdirmək üçün yanına gəlibmiş və
bu gəlişin özu də, elə Allah
vadarıymış".
lll
Olub-keçənləri xatırlayanda həyatımın unudulmaz çağları gözlərim önündə canlanır. Sanki dünən olub, az qala yarım əsr əvvəl yox, lap dünən... "Yeni gün" qəzeti redaksiyasına təcrübəyə gələn universitet tələbəsi, cavan oğlan... Heyrətlənirəm illərin quş təki uçmağına, onun 70-ə çatmağına. Maşallah olsun, gümrah qalıb Böyükxan Bağırlı. İndi Əməkdar jurnalist, tanınmış yazıçı. Boya-başa çatan ağıllı-kamallı övladlar, sevimli nəvələr əhatəsində bəxtiyar ata... baba... Və qələmini əlində möhkəm tutan Söz sahibi!
Mən də olub-keçənləri qələmə almağı özümə borc bilirəm, möhkəm cansağlığı, yeni uğurlar arzusuyla onu təbrik edirəm...
... Bəs
indi, cəmi bir il sonra ad günündə... Telefonum zəng
çalır. Lerikdən həmkarım, Əməkdar
jurnalist Həmzə Vəliməmmədovun həyəcandan
titrəyən, çaşqın səsini eşidirəm,
sualına cavab tapa bilmirəm... Həmzə deyir ki, keçən
ay Cəlilabadda olub, Böyükxan yeni çapdan
çıxan kitabını ona verib. Kitabda qələm
dostumuzun son illər yazdığı povest və hekayələri
yer alıb. Böyükxanın Qarabağ mövzusunda
yazdığı "Döyüşçülər
daş karxanasında" hekayəsi Həmzəni çox təsirləndirib.
Xüsusilə, müəllifin əsərin qəhrəmanının
diliylə dediyi sözlər: "Bu dünyada vəfa, sədaqət,
etibar, dəyanət deyilənlər heç də
nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir".
İnsanı
dərindən-dərinə düşündürən bu
sözləri istedadlı yazıçı-jurnalist
Böyükxan Bağırlının həyat və fəaliyyətinin
epiqrafı, yaradıcılığının devizi hesab etmək
olar. O, inamla yaşayıb müşahidə etdiklərini,
ürəyində yığılıb qalan, qəlbini rahat
buraxmayan, zaman-məkan hüduduna sığmayan olayları,
gerçəkliyi, həqiqəti, həmişə vacib, aktual
saydığı mövzuları qələmə alıb. Elə
buna görə də oxucu qıtlığına rəğmən
povest və hekayələri diqqət çəkib, əldən-ələ
gəzib, maraqla qarşılanıb, müəllifinə rəğbət
qazandırıb. Böyükxan Bağırlının
yaradıcılığı üçün xarakterik olan bu
cəhəti ədəbi tənqid xüsusilə qeyd edib.
lll
Qırx
gün sonra qələm dostlarımla Cəlilabada - Allar kəndinə
getdik. Matəm mərasiminə ətraf rayonlardan da gəlmişdilər.
Mərhumun ruhuna dualar oxundu, qələm dostları xatirələrini
danışdılar. Mən dedim ki, insan yaşa dolanda
dönüb geriyə boylanır. Olub-keçənləri xəyalında
canlandıra-canlandıra elə bil özünə hesabat
verir: "Tanrının verdiyi ömür payını necə
yaşamışam? İlləri küləyə verməmişəm
ki? Məndən sonra bu dünyada hansı sözüm,
hansı izim qalacaq?"
Mən qətiyyətlə
deyirəm ki, yaradıcılığının qaynar
çağında həyatdan köçən istedadlı qələm
dostumuz ömru boyu ləyaqətlə
yaşayıb-yaradıb, ürəklərə yol tapan
sözləri, əsərləri bu dünyada onu mənən
yaşadacaq. Bu, bizə, onun ailəsinə, övladlarına,
çoxsaylı oxucularına ən böyük təsəllidir.
Ruhu şad olsun!..
Bəşirli Əlövsət
525-ci qəzet.- 2017.- 10 oktyabr.- S.8.