"Qorxulu" tamaşanın uğurlu premyerası

 

XALQ YAZIÇISI ELÇİNİN "CƏHƏNNƏM SAKİNLƏRİ" ƏSƏRİ MİLLİ DRAM TEATRINDA MARAQLI VƏ BAXIMLI SƏHNƏ HƏLLİNİ TAPIB

 

 

"Yaşamak şakaya gelmez, büyük bir ciddiyetle yaşayacaksın"- demişdi Nazim Hikmət bir zamanlar.

 

Öncə şairin nə demək istədiyini anlamamışdım. Axı, yaşamaqla kim zarafat edir ki? Bu dünyaya gələn hər kəs, hətta ən xırda böcəklərə qədər bütün canlı varlıqlar var qüvvəsi ilə yaşamaq, yaşamaq istəmirmi?! Hətta yaşamaq uğruna güclülər zəifləri, böyüklər kiçikləri əzir, məhv edir.

 

Bir də var yaşamamaq xofu, başqa sözlə, ölüm qorxusu. Yaşından, sənətindən, dinindən, dünyagörüşündən asılı olmayaraq, bütün insanları öz ağuşuna alan ən müdhiş qorxu. Epikur deyirdi: "Ölüm gələcək deyə acı çəkmək ən böyük axmaqlıqdır. Ölüm varkən biz yoxuq. Biz var olanda isə ölüm olmur. Onunla heç vaxt qarşılaşmayacağıq". Düşünsək, məntiqlidir. Hətta bir az da cəhd edib özümüzü bu sözlərin həqiqiliyinə inandırsaq, bəlkə müəyyən mənada ölüm qorxumuza qalib də gələ bilərik. Ancaq nə yazıq ki, bu qələbə ən çoxu ölümün ilk zəif nəfəsi üzümüzü yalayana qədər çəkəcək. Onu hiss etdiyimiz andaca yenidən bütün bədənimizi, ruhumuzu bu qorxu saracaq. Ölümdən kim qorxmur ki?!

 

Bəs, maraqlıdır bu qorxu insana nələri etdirə bilər? Nə vaxtsa bu sualı öz-özümə verəndə bilmirdim, bir gün cavabını baxacağım hansısa tamaşanın qəhrəmanlarından öyrənəcəyimi. Söhbət Xalq yazıçısı Elçin Əfəndiyevin bir neçə gün öncə Akademik Milli Dram Teatrının səhnəsində premyerası keçirilən "Cəhənnəm sakinləri" pyesinin tamaşasından gedir. 145-ci teatr mövsümünün ilk premyerası olan tamaşanın quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur.

 

Çoxdanın tanışına, doğmasına çevrilən işıqlı zal ağzınacan dolu idi. Həmin gün, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev başda olmaqla, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimlərindən sıravi vətəndaşlara qədər hər kəs tamaşanı izləmək üçün Dram Teatrına gəlmişdi. Gözüm əsərin müəllifini axtarırdı. Nəhayət, Elçin müəllim də zala daxil oldu. Tamaşa öncəsi ondan fikirlərini, əsərdən gözləntilərini öyrənmək istədik.

 

Premyeradan əvvəl jurnalistlərə müsahibə verən Xalq yazıçısı Elçin dedi: "Bu gün mənim üçün çox xoş gündür. Pyeslərim nəinki Azərbaycanda, dünyanın ən böyük teatrlarında tamaşaya qoyulur. Amma səmimi şəkildə deyim ki, mənim üçün ən böyük yaradıcılıq hadisəsi - pyeslərin səhnə həyatı ilə əlaqədar deyirəm - ən böyük hadisə məhz bu teatrda olur. Bura bizim müqəddəs sənət ocaqlarımızdandır. Bu tamaşa ilk dəfə Bakıda rus dilində göstərilib.

 

Başqa teatrlarda Azərbaycan dilində təqdim olunub. Amma Akademik Milli Dram Teatrında ilk dəfə səhnəyə qoyulur. Bu, mənim Azər Paşa Nemətovla dördüncü yaradıcılıq işimdir. İlk işlərimiz 90-cı illərə təsadüf edir. Aradan 20 ilə yaxın zaman keçir. Mənim üçün çox xoşdur ki, biz yenidən yaradıcılıq işinə başlamışıq. Ümid edirəm ki, "Cəhənnəm sakinləri" tamaşaçıların xoşuna gələcək".

 

Tamaşa öncəsi həyəcanlı və səs-küylü zal insana qəribə hisslər yaşadırdı. Qulaqlarıma dolan uğultunu qovmağa çalışırmış kimi əlimi yelləyəndə gözüm əlimdə bərk-bərk tutduğum biletin üstündəki yazıya sataşır: "Cəhənnəm sakinləri"... Bir anlıq biletin tamaşaya deyil, cəhənnəmin özünə olduğunu düşünüb, ağlıma gələn fikirdən özüm də diksinirəm.

 

Üçüncü zəngdən sonra, nəhayət, işıqlar sönür və bizim teatr yolçuluğumuz başlayır.

 

Bizləri anbaan cəhənnəmin ən vahiməli qatlarına "aparan" əsərin ideyasını tək sözlə belə ifadə etmək olar: QORXU!

 

Tamaşa insanların gülüş, sevinc səsləriylə başlayır. Pərdə açılanda qarşımızda cürbəcür təamlarla bəzədilmiş böyük bir masa, onun da arxasında əllərində kabab şişləri, içki şüşələri olan adamlar görürük. Onların söhbətindən anlayırıq ki, Yeni il bayramını qeyd edirlər. Bəs, görəsən, hansı ili yola salıb, neçəncini qarşılayırlar? Elə əsas məsələ də bundadır. Bir azdan səhnəyə çıxan Xalq artisti Məleykə Əsədovanın canlandırdığı xanımın dilindən öyrənirik ki, insanları bu qədər sevindirən hadisə özüylə repressiya adlı dərd-bəla, milli fəlakət, faciə gətirən 1937-ci ilin bitməsidir. Deməli, əsər 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir.

 

Bir-birinə qonşu olan dörd ailə sevincək yeni ilin gəlməyini gözləyirlər. Təzə ildən qabaq qapılarını döyən isə cəlladları olur. Bir il boyunca bütün ölkədə daşı daş üstündə qoymayan repressiya qasırğası ilin son günündəcə özünü bu qapılardan içəri salmağı bacarır. Gecənin bir yarısında qorxunc maşın səsi gülüş səslərini iti bıçaq kimi kəsir. Növbəylə üç qonşu ailənin başçıları hökumət nümayəndələri tərəfindən "Xalq düşməni" adıyla həbs olunur. Elə bütün məsələlər də bundan sonra başlayır.

 

Sona yalnız bir ailə qalır. Elə ilk dəqiqələrdən ailənin başçısı, yəni ər gözümüzə çox narahat dəyir. Sanki bildiyi, ya da gizlətdiyi nəsə var. Qadın isə qorxu, təlaş içərisində ilin nəhayət bitməsini, bu fəlakətlərin sona çatmasını arzulayır. Birdən heç gözləmədikləri anda evlərində çağırılmamış qonaq peyda olur. Ər-arvada görə Şeytanın özü olan bu qonaq yavaş-yavaş bütün gizlinləri açıb tökür.

 

Əsərin gedişatında insanlara qarşı həyata keçirilən sərt təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

 

Sən demə, bu ər-arvad uzun müddətdir ətraflarındakı çox insanın nahaq həbs olunmasında, güllələnməsində günahkar imiş. Ər, Stalinə sadiqliyini sübut etmək üçün yazdığı məktubda heç olmayan mövzularda insanlara böhtan atıb, onları şərləyib, lazım olanda lap üzlərinə də dururmuş. Qadın isə ona verilən göstərişlərlə neçə ziyalı, cəmiyyət arasında sayılıb-seçilən xanımın həbsində yalan ifadələr veribmiş.

 

Qonağın söylədiyi həqiqətlər bir gün bundan öncəyə qədər bir-birini sevən, bir-birinə sığınan, xoşbəxt həyat sürən, bir-birinə ən doğma insanları iki yad insana, hətta dəqiqələr keçdikcə düşmənə çevirir. Onlar öz həyatları üçün qorxduqlarından etdikləri əməllərə görə bir-birini günahlandırmağa başlayırlar.

 

Gözümüzün qabağındaca bircə anda məhv olan o sevgi, nədənsə, məni diksindirmir.dostlarına, iş yoldaşlarına şər atan kişiyə acığım tutur, nə də bir süfrə arxasında oturduğu, çörək kəsdiyi xanımların üzünə duran qadına. Çünki zehnimin ta dərinliyində onları anlamaq gücü tapa bilirəm. Bir anlıq 2017-ci ili, teatr salonunu tərk edib 1937-ci ilə, o qadınla kişinin evinə qədər gedib çıxıram. Və görürəm ki, 80 illik məsafədən onları anlamaq qeyri-mümkün imiş. Onlara haqq qazandırmaq deyil, onları sadəcə anlamaq lazımdır. Bunun üçün isə 80 illik yolu geri qayıtmaq...

 

Ərlə arvad özlərini təmizə çıxarmaqdan ötrü tez-tez bu işləri biri digərini qorumaq üçün etdiklərini deyirlər. Ancaq əslində, qarşısındakını deyil, özünü qorumaqdır məqsəd. Axı, kim yaşamaq istəmir ki? Kim ölümdən qorxmur?

 

Onların vicdan əzabı çəkdiyi isə hər hallarından bəllidir. Dramaturq incə detallarla, lazımi yerdə, lazımi toxunuşlarla bu gerçəyi bizə göstərə bilir. Məsələn, Qəribzadənin arvadının üzünə duran qadın ərinin "o, səni tanıdı?" - sualına cavab olaraq deyir:

 

 

- Üz-gözü o halda idi ki, heç başını da qaldırmadı. Heç bilmədim, üzünə duranın mən olduğumu bildi, ya yox. O gündən sonra gecələr yata bilmirəm, Allaha dua edirəm ki, kaş o məni tanımayaydı.

 

Və ya ər tez-tez təkrar edir:

 

- İndi mən ancaq özümü, öz ailəmi düşünmək, bizi xilas etmək məcburiyyətindəyəm.

 

Qonağın dediyi sözlər isə sanki bütün həqiqətlərə gün işığı tutur. O deyir ki, indi elə bir zəmanədir ki, qurbanla cəlladı ayırd etmək mümkün deyil. Bir müddət öncə onların üzlərinə durduğu və buna görə güllələnən Qəribzadə indi qurbandır. Ancaq o, 1931-ci ildə Azərbaycan SSR-in baş prokuroru işlədiyi doqquz ay ərzində 34 nəfərin güllələnməsi haqqında sənəd imzalayıb. Deməli, Qəribzadə həm də cəlladdır. Bəs onda günahkar kimdir? Günahkar rejim, cəmiyyət, həyat, dünya və insanın içərisindəki yaşamaq yanğısı, ölüm qorxusudur...

 

Tamaşa həmçinin, zəngin və maraqlı səhnə dekorasiyası, məharətli aktyor çıxışı ilə də yadda qalır. Bütün tamaşa boyunca hadisələr bir evdə baş versə də, detallardan istifadə, aktyorların çevikliyi insanı yorulmağa qoymur.

 

Yeni səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Qonaq), Əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

 

Qadının özü və əri üçün qorxusu, çırpınışı, lazım olan məqamda Şeytan dedikləri qonağı öldürməyə cəhd etməsi, hətta tikə-tikə doğramaq üçün baltanı əlinə alması Məleykə Əsədovanın ifasında daha da inandırıcı təsir bağışlayır. Tamaşaçı onun qorxusuna qorxur, onun qəddarlığına təəccüblənir, bəzi hallarda isə onun çıxılmazlığına gülür.

 

Nurəddin Mehdixanlı isə qonağın əsl Şeytani obrazını gözümüzün önündəcə canlandırır, tamaşaçını gah güldürür, gah qorxudur, ancaq bütün hallarda düşündürməyi bacarır.

 

Ərlə arvad qonağı şeytan adlandırsalar da, əslində, onların ölüm qorxusu getdikcə daha da vəhşiləşmələrinə, şeytandan betər qəddarlaşmalarına səbəb olur. Belə ki, onlar üzlərinə deyilən həqiqəti eşitməmək, ya da ört-basdır etmək üçün qonağı öldürmək, hətta qadının təkidi ilə tikə-tikə doğramaq da istəyirlər. Ancaq təbii ki, bu istəkləri baş tutmur.

 

Nə yazıq ki, qəhrəmanların qorxduğu hadisə başlarına gəlir. Öldürdüklərini zənn etdikləri qonaq bir andaca qeyb olandan sonra o vahiməli maşın səsi son dəfə onların qapısının ağzında eşidilir. Bir neçə dəqiqə öncə onların bütün əməllərini üzlərinə deyən o qəribə məxluq bu dəfə polis cildində qapıda peyda olur. Səbəb isə aydındır, əri "xalq düşməni" adıyla həbs etmək. Fikrimcə, iki saatlıq tamaşanın bütün mahiyyəti lap sonda, qadının fəryadında açılır. Əri üçün çırpınan, onu həbs etməmələri üçün yalvaran qadına polis "darıxma, bir azdan sənin də arxanca gələcəklər" - deyəndə, sevgili əri qadının yadından çıxır və ağlayıb fəryad qoparır: "Mən yaşamaq istəyirəm!!!"

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 10 oktyabr.- S.7.