Azərbaycan və dünya şərqşünaslığında
parlaq imza: Aida İmanquliyeva
Görkəmli şərqşünas alim Aida
İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq
elminin əsas istiqamətlərinin müəyyən
olunması, ərəb ədəbiyyatının müxtəlif
problemləri və ayrı-ayrı mütəfəkkir ərəb
yazıçılarının
yaradıcılığının öyrənilməsində
xüsusi xidmətləri ilə seçilir.
Tarix boyu
Azərbaycanın ictimai-siyasi və mədəni sferasında
qadın ziyalılarımızın da mühüm və əhəmiyyətli
rola malik olduğu milli ənənələrimizin
davamçısı kimi Aida İmanquliyevanın fəaliyyətində
üç əsas sahəni ayırd etmək
mümkündür:
İlk növbədə, Aida xanımın Azərbaycan
şərqşünaslığı tarixində ilk qadın
alimlərdən biri, bu sahədə doktorluq dissertasiyası
müdafiə edən birinci xanım tədqiqatçı kimi
fəaliyyəti diqqəti cəlb edir. Qeyd etmək
lazımdır ki, ərəbşünas alimin
araşdırdığı problemin - ərəb mühacirət
ədəbiyyatı mövzusunun elmi tematikası zəngin və
mürəkkəb olmaqla yanaşı, yeni və tədqiq olunmamış
bir istiqamət idi.
Aida İmanquliyevanın tədqiqatlarının əsas
hissəsinin, monoqrafiya və məqalələrinin
böyük bir qisminin həsr olunduğu ərəb
mühacirət ədəbiyyatının
araşdırılmasının başlıca əhəmiyyətini
şərqşünas alim özü çox düzgün
olaraq şərh edib. Ərəbşünas tədqiqatçıya
görə, "VIII-XII əsrlərdə çiçəklənmə
mərhələsini yaşayaraq intibah dövrünün mədəni
yüksəlişinə öz əhəmiyyətli töhfəsini
verən" ərəb mədəniyyəti XIX əsrin sonu
XX əsrin əvvəllərində məhcər ədəbiyyatının
formalaşması, bu ədəbi istiqamətin yüksək fəaliyyəti
ilə bir daha xüsusi zirvə fəth etmişdir.
Müəyyən
zaman daxilində ABŞ-da fəaliyyət göstərən,
milli ədəbiyyatı, eləcə də Şərqin
çoxəsrlik inkişaf tarixinə malik ədəbi ənənələri,
dini-fəlsəfi dünyagörüşü, ictimai-siyasi
fikirlərini dünya mədəniyyətinin müxtəlif
anoloji düşüncə sferası ilə vəhdətdə
ifadə edən ərəb mütəfəkkir
yazıçılarının - Cibran Xəlil Cibran, Əmin ər-Reyhani
və Mixail Nuaymənin yaradıcılığının tədqiqi
Azərbaycan elminə bir sıra yeni keyfiyyətlər gətirib.
Ərəb mühacirət ədəbiyyatının
öyrənilməsi bədii ədəbiyyatın xüsusi
forması olan, milli ədəbiyyatın dünya mədəniyyətinə
inteqrasiyasında optimal və intensiv ədəbi şəraitin
əsas göstəricisi kimi çıxış edən
mühacirət ədəbiyyatı nəzəriyyəsinin
aydınlaşdırılmasına gətirib çıxarır. Dünya elmində
Orientalizm konsepsiyasının ən məşhur nəzəriyyəçilərindən
biri olan Edvard Said Qərb mədəniyyətini bir çox sahələrdə
sürgün edilənlərin, mühacirlərin,
qaçqınların yaradıcılıq məhsulu hesab
edir. Bu kontekstdən yanaşdıqda
ABŞ-dakı ərəb ədəbiyyatının da
sırf milli ədəbiyyatın mühacirətdəki fəaliyyət
qrupu kimi səciyyələndirmək olmaz. Ərəb ədiblərinin ingilisdilli fəaliyyəti
onların milli ədəbiyyatın sərhədlərini
aşmağa, təkcə mövzu, forma, ədəbi ənənələr
deyil, dil göstəricisi baxımından da ərəb-Amerika
yazıçıları kimi qəbul olunmalarına yol
açdı. Mixail Nuaymə Cibran Xəlil Cibranın
ingilisdilli ilk kitabı olan "The Madman" - "Dəli"
kitabını dəyərləndirərkən mühacir
yazıçının ikidilli yaradıcılıq fəaliyyətinin
məhz mədəniyyətləri qovuşdurmaq arzusundan
qaynaqlandığını ifadə edirdi: "O bilirdi ki,
ruhunda rəssam və şair əkizdir. O, amerikalılara
poeziyasını yox, rəssamlığını gətirmişdir,
dili bir qardaşlarına isə rəssamlığını
yox, poeziyasını qoymuşdur. Nə ərəblər
təsviri incəsənəti anlamadıqları
üçün onun rəssamlığından bir şey
başa düşürdülər, nə də
amerikalılar ərəb dilini bilmədikləri
üçün onun poeziyasından bir şey dərk edirdilər.
Deməli, əgər o, iki şeyi birləşdirmək
istəyirdisə, ingiliscə yazmalı idi. Bu, onun çoxdankı arzusu idi".
"Mən iki dünyanın vətəndaşıyam -
Kainatın vətəndaşıyam" deyən Əmin ər-Reyhani
də ikidilli yaradıcılıq prosesini ədəbi
düşüncənin qlobal həllində ən önəmli
vasitələrdən sayırdı. Əgər müasir
dövrümüzdə "ingilis dili, sanki, öz milli mənsubiyyətini
itirir, qloballaşmanın həqiqi dili, müasir
dünyanın "linqua-franca"sı" kimi dəyərləndirilirsə,
bu təlimin ədəbiyyatdakı təzahürlərini daha
öncəki dövrlərdə müşahidə edir, məhcər
ərəb yazıçılarının bədii irsində
görürük. Burada artıq Şərq
düşüncəsi Qərb dilində danışırsa,
o, milli ədəbiyyatın dünya ədəbiyyatına
birbaşa inteqrasiyası, dünyanın ədəbi-bədii
yaradıcılıq sferasında qəbul olunma faktı, ən
başlıcası isə ədəbi dəyərlərin vəhdəti,
fərqli dünyagörüşlərin sintezi kimi meydana
çıxır. Bu baxımdan da ərəbşünas
alim A.İmanquliyeva çox haqlı bir nəticəyə gəlir
ki, "ərəb məhcər ədəbiyyatının
bütün ərəb ədəbiyyatının
inkişafı tarixində kiçik epizod olmasına baxmayaraq,
"Suriya-Amerika məktəbi"nin
yazıçıları həm ərəb Şərqində,
həm də Qərbdə çox geniş şöhrət
qazanmışlar və onların
yaradıcılığını nəzərə almadan yeni
ərəb ədəbiyyatının inkişafının tam
və dolğun mənzərəsini təsəvvürə gətirmək
qeyri-mümkündür".
Aida İmanquliyevanın tədqiqatları müqayisəli
ədəbiyyatşünaslığın mühüm məsələlərinin
araşdırılması, ərəb
yazıçılarının yaradıcılıq nümunəsində
Şərq və Qərb ölkələri ədəbiyyatlarının
ortaq, uyğun və fərqli problemlərinin öyrənilməsi,
qarşılıqlı və birtərəfli təsir nəzəriyyəsinin
şərhini qarşıya qoyur. Ərəbşünas alim yazır:
"Bu yazıçıların yaradıcı fəaliyyətinin
əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının
etik və bədii dəyərini yenilik ruhunda əxz etmiş,
yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən
yaxşı milli ənənələrlə sintezdə təcəssüm
etdirmişlər". Həqiqətən də,
Ə.ər-Reyhani və C.X.Cibranın yaradıcılığında
ingilis romantikləri və Amerika transsendentalizmi, M.Nuaymənin ədəbi-fəlsəfi
irsində rus realizmi və nəzəri-estetik fikri ilə səsləşən
məqamlar dünya ədəbiyyatının böyük bir
sahəsinə kompleks şəkildə yanaşmaq, müqayisəli
araşdırmalar aparmaq zəruriyyətini doğurur. İslam və xristian dini, sufizm və Qərb fəlsəfəsi,
qədim hind mədəniyyəti və digər möhtəşəm
mənbələrdən qaynaqlanan mövzu və ideyaları
da nəzərə alsaq, ərəb
yazıçılarının yaradıcılıq
sferası və A.İmanquliyevanın tədqiqatçılıq
fəaliyyətinin sərhədlərini təsəvvür edə
bilərik.
Bütövlükdə,
görkəmli ərəbşünas alimin müqayisəli ədəbiyyatşünaslıq
sferasında tədqiq etdiyi ədəbi nümunələr
üç əsas problem ətrafında ümumiləşdirilmişdir:
Birinci, mühacir yazıçıların
yaradıcılığında Şərq və Qərb mədəniyyətinə
baxış məsələsi ərəbşünas alimin
diqqət mərkəzində olmuşdur. A.İmanquliyeva yazır:
"C.X.Cibran, Ə.ər-Reyhani və M.Nuaymə özlərinin
çoxcəhətli bədii yaradıcılıqlarında
Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini
mənimsəmiş, onların dəyərlərini ən
yaxşı milli bədii ənənələrlə üzvi
surətdə sintezləşdirmişlər".
Şərq
və Qərb ölkələri arasındakı mədəni
əlaqələrin tarixi qədər qədim olsa da, Şərq
və Qərb problemi öz konseptual həllini son əsrlərin
ədəbi-fəlsəfi və ictimai fikrində
tapmış, XIX əsrin II yarısından sonra, xüsusilə
sonlarına doğru qlobal düşüncənin aktual
mövzularından birinə çevrilmişdir. Ərəb mühacirət ədəbiyyatının
görkəmli nümayəndələri də Şərq-Qərb
probleminə bədii düşüncə və mövzu
çərçivəsində yanaşan ədiblərdən
fərqli olaraq sistemli konsepsiya irəli sürmüş,
prinsipial məqamları ortaya çıxarmışlar.
Qərb ədəbiyyatında V.Şekspir, K.Marlo, B.Conson,
C.Milton, V.Vordsvort, T.Mur, C.Q.Bayron, P.B.Şelli, V.Skot və digərləri,
ərəb ədəbiyyatında Q.Əmin, Ə.İshaq,
M.Teymur və digərlərinin Şərq və Qərb mədəniyyətlərinin
müqayisəli təqdimi ilə bağlı fikirlərindən
daha ön plana keçərək məhcər
yazıçılar problemi nəzəri təlim səviyyəsinə
yüksəltdilər. Ərəb tədqiqatçısı
Əmin Albert Reyhani mövzu ilə bağlı məhcər
yazıçılardan biri haqqında çox haqlı olaraq
yazır: "Ər-Reyhani istəyirdi ki, Şərq və Qərb
arasındakı müzakirələr siyasətdən əxlaqa,
etnik maraqlardan insan dəyərlərinə aid müzakirələrə
çevrilsin". Ə.ər-Reyhani ingilis dilində
yazdığı "The Book of Khalid" - "Xalidin
kitabı" əsərində "Şərqin ürəyi
və Qərbin ağlına sahib həqiqi xilaskarın" azadlıq və
demokratiyaya əsaslanan ərəb imperiyası
yaradacağına inanırdı.
"The
White Way and Desert" - "Ağ yol və Səhra" əsərində
Şərq və Qərbi nəzərdə tutaraq "biz
kifayət qədər dərinə və kifayət qədər
yüksəyə gedəndə
görüşürük" deyən ər-Reyhani mədəniyyətlərin
birliyini vacib amil kimi dəyərləndirirdi.
A.İmanquliyevanın tədqiqatlarında müqayisəli
ədəbiyyatşünaslığın nəzəri məsələləri
çərçivəsində araşdırılan ikinci
problem romantizmlə bağlıdır. Ərəb
yazıçılarının yaradıcılıq
metodlarından bəhs edərkən şərqşünas
alim yazır: "Suriya-Amerika məktəbi"nin təcrübəsində
Qərb və Şərq ənənələrinin sintezi
problemi, bu məktəbin nümayəndələri tərəfindən
Qərbi Avropa və Amerika romantizminin və rus tənqidi
realizminin mənimsənilməsinin özünəməxsus
xüsusiyyətləri problemi, onların əsərlərində
yaradıcı metodun təkamülü problemi meydana
çıxır".
İnsan
şəxsiyyətinə böyük önəm vermək, cəmiyyət
və təbiətə maddi və mənəvi tərəflərdən
yanaşmaq, həqiqət, xeyir və gözəlliyin vəhdəti,
klassik ədəbi irsə münasibət, vətən və
millət haqqında düşüncələr, humanizm
ideyaları, şair təxəyyülünə xüsusi yer
verilməsi, poeziya və sənət məsələləri,
təbiət və sivilizasiya və digər mövzuları ilə
ədəbiyyata yol açan romantizm mühacir ərəb
yazıçılarının
yaradıcılığında da aparıcı yer tutur. Əmin ər-Reyhani maarifçilik, Cibran Xəlil
Cibran sentimentalizm, Mixail Nuaymə realizmin xüsusiyyətlərini
müəyyən mərhələdə öz əsərlərində
ifadə etsələr də, romantizm hər üç müəllif
üçün xarakterik olmuşdur.
Ə.ər-Reyhaniyə həsr etdiyi tədqiqatlarda əsas
problemlərdən biri kimi "sənətkar Əmin ər-Reyhani
Qərb, xüsusilə də Amerika romantizmini hansı dərəcədə
qəbul edib və romantizmin ideya və konsepsiyaları onun
yaradıcılığında hansı inkişaf səviyyəsinə
çatıb" məsələsini irəli sürən
görkəmli şərqşünas, ərəb
yazıçısının
yaradıcılığını R.U.Emerson, U.Uitmen, H.Toro kimi
Amerika transsendentalizminin görkəmli nümayəndələrinin
əsərləri ilə müqayisəli tədqiqat prosesində
öyrənmişdir.
Amerika romantizminin xüsusi mərhələsi olan
transsendentalizmin idealizm və sosial fəallıq kimi iki
mühüm cəhəti Əmin ər-Reyhaninin "Xalidin
kitabı" əsəri üçün də çox səciyyəvidir. Amerika
transsendentalistləri fəlsəfi baza kimi alman idealist fəlsəfəsindən
bəhrələnmişdirlər ki, həmin fəlsəfi
sistem, eləcə də Avropa idealist düşüncəsinin
əsasında bir tərəfdən də zəngin tarixə
malik Şərq idealizmi, hind fəlsəfəsi, brahmanizm
ideyaları dayanırdı. Amerika
transsendentalizminə mənsub şairlərin mövzu
baxımından da Şərqə meyl etmələri, Şərq
ədəbiyyatına xüsusi maraq göstərmələri
Əmin ər-Reyhaninin Qərb ədəbiyyatının məhz
bu istiqamətinə meylinin əsasında dayanan
faktlardandır. Ərəb
yazıçısı inikas üsulu kimi, sözsüz ki,
Şərq ədəbiyyatında daha qədim və zəngin
ənənələri olan romantizmə Amerika
transsendentalizminin ideyaları əsasında yeni ruh və
orijinal sintez gətirmişdir. Buna görə
də "güclü dalğa çimərlik üzərində
işarə qoyur və o, sonralar okeanda əsas səviyyəyə
çevrilir. Dünyanın böyük
mütəfəkkirləri də belə edir" deyən
Xalid Əmin ər-Reyhaninin Amerika transsendentalizmi ilə səsləşən
fikirlərini göstərməklə yanaşı, milli ədəbiyyatın
ənənələrini də ehtiva edir.
A.İmanquliyeva C.X.Cibranın romantizmindən bəhs edərkən,
haqlı olaraq, "XX əsrin 10-cu illərinin sonu - 20-ci illərinin
əvvəllərində Cübranın
yaradıcılığında romantizm əsas metod kimi öz
təsdiqini tapır" - deyə qeyd etmişdir. Araşdırmalar göstərir
ki, bu dövrdə və daha sonrakı mərhələlərdə
yazılmış ingilisdilli "Dəli", "Müjdəçi",
"Peyğəmbər", və digər kitablarında
C.X.Cibranın romantik yaradıcılığı daha da zənginləşmişdir.
C.X.Cibranın yaradıcılığına öz təsirini
göstərən Qərb şairləri arasında XIX əsr
ingilis şairi V.Bleyk, "Göl məktəbi" nümayəndələri
- S.T.Kolric, V.Vordsvort və Amerika transsendentalistləri daha
çox diqqəti cəlb edir. "Sizin
ideyalarınız İudaizm, Brahmanizm, Buddizm, Xristianlıq və
İslamı müdafiə edir. Mənim fikrimdə yalnız
bir yeganə universal din var" deyən Cibranın fikirlərindən
də göründüyü kimi, Qərbin ədəbi-fəlsəfi
ideyaları Şərqin sufi
dünyagörüşü zəmnində ifadə
olunmuşdur.
Müqayisəli ədəbiyyatşünaslığın
nəzəri problemləri sistemində A.İmanquliyevanın tədqiqatlarında
araşdırılan üçüncü məsələ
realizm ilə bağlıdır. Ərəbşünas alim M.Nuayməni
ərəb ədəbiyyatı tarixində realist hekayənin
məşhur nümayəndələrindən biri kimi dəyərləndirərək
yazır: "M.Nuaymənin hekayələrinin əsas məziyyəti
də onların, məhz, real həyatı əks etdirməsidir".
Bütövlükdə, XIX əsrin ortalarından etibarən
inkişaf edən yeni ərəb ədəbiyyatında realist
istiqamətin inkişafı hekayə və novella
janrlarının yeni yaradıcılıq metodunun keyfiyyətləri
çərçivəsində formalaşması
üçün də zəmin yaratmışdır. Şərq ədəbiyyatında
XIX əsr və XX əsrin əvvəllərində realizmin
formalaşması prosesi başa çatmışdır.
Mühacirət ədəbiyyatı ərəb
bədii yaradıcılığında realizmin
inkişafında əhəmiyyətli rol oynamışdır.
İlk realistlərdən biri kimi qiymətləndirilən
M.Nuaymə bu sahədə realist rus yazıçısı
A.P.Çexov, maarifçi-realist İ.S.Turgenev və mütəfəkkir
ədib L.N.Tolstoyun yaradıcılıq keyfiyyətlərindən
də orijinal şəkildə bəhrələnmişdir.
M.Nuaymənin L.N.Tolstoy ideyaları ilə səsləşən
"Mirdadın kitabı", "Ərqəşin xatirələri",
"Sonuncu gün" kimi əsərlərinin romantizmlə
daha çox bağlı olduğunu qeyd etməklə, hekayə
və novellalarında A.P.Çexov ənənələri,
"Atalar və oğullar" pyesində isə
İ.S.Turgenevin görüşləri ilə səsləşən
realist xüsusiyyətlərin üstünlük təşkil
etdiyini söyləmək lazımdır. Bununla
belə, M.Nuaymənin kiçik nəsr janrlarında
yazdığı əsərlərdə milli ədəbiyyatın
ənənələri başlıca yer tuturdu. Görkəmli
tədqiqatçı A.İmanquliyeva da həmin məqamlara
xüsusi önəm verir, yazıçını "orijinal
və özünəməxsus sənətkar" kimi səciyyələndirirdi:
"Nuaymənin bütün hekayələri ərəb
gerçəkliyinin səciyyəvi xüsusiyyətlərini əks
etdirir. Onun novellaları yalnız süjet və
məzmununa görə deyil, həm də öz ruhuna görə
millidir".
A.İmanquliyevanın araşdırmalarında ön
planda olan mühüm məsələlərdən biri tədqiq
etdiyi yazıçıların
yaradıcılığında qadın mövzusuna xüsusi
həssaslıqla yanaşması ilə bağlıdır. Görkəmli şərqşünas
tədqiqatçının
yaradıcılığını tədqiq etdiyi C.X.Cibran,
Ə.ər-Reyhani, M.Nuaymənin əsərlərində Şərq
qadınının cəmiyyətdəki rolu, islam
dini və qadın kimi çox mühüm problemlər öz
əksini tapmışdır.
XIX əsrin sonları, XX əsrin əvvəllərində
ərəb ədəbiyyatında çox işlənən
mövzulardan biri də qadın mövzusu idi. Mövzunun
sözügedən mərhələdə xüsusi
aktuallıq kəsb etməsinə İslam modernizmi hərəkatı
da çox böyük təsir göstərmişdir.
Ərəb ölkələrində qadınların əsarəti
və hüquqsuzluğu islam dininin
insanların bərabərliyi ideyasına zidd idi. İslam modernizminin güclü təkan verdiyi
maarifçi ədəbiyyat da islamın mütərəqqi
ideyaları vasitəsilə həmin mövqeyi əsaslandırmağa
çalışırdı. Müsəlman
cəmiyyətində qadınların sosial və mənəvi
əsarəti tendensiyasına, qadın problemlərini dinlə
bağlamaq cəhdlərinə ən tutarlı cavab elə
müqəddəs "Quran"ın qadına münasibətinin
şərhində öz əksini tapırdı. Müsəlman
cəmiyyətində qadının statusu məsələsindən
ilk dəfə bəhs edən Butrus əl-Bustaninin "Talim əl-Nisa"
- "Qadınların təlimi" (1849) əsərindən
sonra əl-Kəvakibi, Q.Əmin kimi maarifçi ziyalılar da
qadın probleminə geniş yer ayırmışlar.
Qadın mövzusu mühacir yazıçılar
üçün də çox xarakterik idi. Onlar millətin
inkişafında qadınların emansipasiyası problemini həlledici
amillərdən hesab edirdilər. C.X.Cibranın hələ
12 yaşı olarkən anası ilə etdiyi kiçik
söhbət qadınların Şərq
dünyasındakı vəziyyətini əks etdirir,
onların maariflənmək arzularını ifadə edirdi:
"Anam
dedi: "Əgər sən dünyaya gəlməsəydin, mələk
olardın".
Mən
cavab verdim: "Mən hələ də mələyəm!"
O, güldü və soruşdu: "Bəs sənin qanadların hanı?"
Mən onun əllərini çiynimə qoyub dedim: "Mənim qanadlarım bunlardır".
O, cavab verdi: "Lakin onlar qırıqdır".
"Qırılmış
qanadlar" ifadəsini Cibran 17 il sonra
yazdığı, qadınların ailə və cəmiyyətdəki
roluna, sevgi və nigah məsələlərinə həsr
etdiyi povestinə vermişdir. Əsəri
geniş şəkildə araşdıran A.İmanquliyeva
povestdə qadın azadlığı mövzusunun sadəcə
bir qadının şəxsi dramı çərçivəsindən
çıxaraq, özünün daha geniş şərhini
tapdığını qeyd etmişdir.
Əsərin
qəhrəmanı Səlmanın dilindən "mən kənizəm,
atamın var-dövləti məni bazara gətirdi və mən
bir kişiyə satıldım" deyən Cibran "Hanili
Varda", "Gəlin yatağı", "Banlı
Marta" və digər hekayələrində də qadın
problemini əks etdirmişdir ki, bütün bunlar ərəbşünas
alimin tədqiqatlarında geniş şəkildə öz əksini
tapmışdır.
A.İmanquliyevanın Azərbaycanın ictimai-mədəni
həyatında reallaşdırdığı elmi-təşkilati
fəaliyyəti də böyük əhəmiyyətə
malik olmuşdur. Bir tərəfdən ərəbşünas
alim Moskva, Sank-Peterburq, Kiyev, Poltava, Hamburq, Halle kimi
dünyanın müxtəlif şəhərlərində
keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan elmini
təmsil etmişdir. Digər tərəfdən
isə A.İmanquliyeva AEA-nın Şərqşünaslıq
İnstitutunda şöbə müdiri, direktor müavini və
direktor kimi mühüm təşkilati işləri
reallaşdırmışdır.
Bütün bunlar görkəmli
şərqşünas alim Aida İmanquliyevanın Azərbaycan
ərəbşünaslığının inkişafındakı
mühüm rolunu göstərir, cəmiyyətimizin elmi
mühiti və mədəni həyatındakı yüksək
fəaliyyətindən xəbər verir.
Bəsirə
ƏZİZƏLİYEVA
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2017.- 10 oktyabr.- S.4.