Aida İmanquliyeva fəlsəfəsində
qadın hüquqları və gender multikulturallığı
XX əsr Azərbaycan ictimai elmində xüsusi çəkisi,
dəyərli əsərləri ilə öz yeri və rolu
olan professor Aida İmamquliyeva araşdırmalarının
vacib əhəmiyyəti vardır.
Aida İmamquliyevanın əsas tədqiqat predmeti olan ərəb
muhacir ədəbiyyatının nümayəndələri
öz fikir və yanaşmalarında bir şərqli olaraq, həm
də Qərb dünyası düşüncəsi ilə
bağlıdırlar. Aida İmanquliyeva tədqiqatlarında
milli mənəvi dəyərlər sistemi bəşəriliklə
verilərək, mədəniyyətlər və
sivilizasiyalararası problemlərin oxşar və fərqlilikləri
multikultural vəhdətdə elmi təhlilə gətirilmişdir.
Belə təhlil məhz nəzəriyyədir,
həm də bu nəzəriyyədə bir fəlsəfi sistemlilik
var. A.İmanquliyeva, öz araşdırmalarında sosio-mədənilik
ilə ədəbiyyatşunaslığın əlaqəsində
məhz Şərq və Qərb komparativistikasının fəlsəfi
nəzəriyyəsini yaradır. Bu da
müasir elmi yanaşmalarda multidissiplinar tədqiqatlardır
kimi xarakterizə olunur.
Bu baxımdan Aida İmanquliyeva fəlsəfəsində
diqqəti cəlb edən xüsusi bir məqam da nəzəri
məsələlərlə bahəm, sosio-bədii
komparativistika zəmnində Qadın Hüquqları probleminə
də nəzər yetirməsidir. Aida
İmanquliyevanın Şərq və Qərb
düşüncəsini, Dövrün və Zamanın diqtə
etdiyi həyat təcrübəsinin xüsusiyyətlərini təhlil
etməklə, apardığı müqayisələr Azərbaycanda
genderşünaslıq elminin dünya qadın tarixi kontekstində
olan tədqiqatlar üçün də vacib əhəmiyyət
göstəricisidir.
Bu
nöqteyi-nəzərdən də A. İmanquliyeva
C.Cübranın "Banlı Marta", "Hanili Varda",
"Qırılmış Qanadlar" hekayələri,
Ər-Reyhaninin "Nohur Zanbağı", "Hərəmxana
divarlarından kənarda, yaxud Cihan" povestində, "Belə
bir gündə cəhənnəm də
yaxşıdır" kimi əsərlərində qoyulan
süjetlərə əsasən qadın hüququ məsələsini
geniş təhlil etmişdir.
Qeyd etmək istərdim ki, məhz XX əsr Azərbaycan
ictimai elmində sosio-mədəni və ədəbi istiqamətdə
qadın hüquqları məsələsini yeni ərəb ədəbi
nümayəndələrinin fikirlərinə rəğmən
ilk dəfə Aida İmanquliyeva elmi təhlilə gətirmişdir. Adları
çəkilən əsərlərdə müəllifin
elmi, nəzəri tutumlu açıqlamaları, informasiya
baxımından təhlillərində yenilik, problemin
aktuallığı aspektindən isə məsələyə
fəlsəfi-ədəbi yanaşmasını
görürük. Belə bir
düşüncə meyarından qadın hüquqlarına fəlsəfi
sistemli baxış tərzi isə diqqətçəkən
elmi sanbala malikdir.
Nəzərə alaq ki, dövr o dövr idi ki, Avropa
artıq gender tədqiqatları ilə ictimai-siyasi elmdə
yeni bir istiqamət kimi modern baxış tərzində yeni
araşdırmalara rəvac vermişdi. Belə bir
zamanda Aida İmanquliyevanın XX əsrdə Qərb elmi
mühiti ilə səsləşən fikirləri müəllifin
Azərbaycan sosio-mədəni genderşunaslıq elm tarixinə
imza atan ilklərdən biri olduğu göstəricisidir.
Tədqiqatçı
Alim yeni ərəb mühacir ədəbi məktəbinin
müasir korifeyləri nümunəsində təhlil aparanda
yaşadığı zamanın sosiosiyasi strukturu ilə
çox yaxşı tanış idi. O,
qadın hüququ, qadın azadlığı, cəmiyyətdə
kişi-qadın münasibətləri - yəni gender faktoruna
Şərq və Qərb mətnində paralellər aparmaqla
qadını mənəvi-ideoloji buxovlardan azad edə biləcək
məqamları C.X.Cübran və Əmin-ər-Reyhani
motivasiyasında təsvir edirdi.
A.İmanquliyeva bu əsərlərdə nə
açıqlayırdı? O, bu təhlillərdə məhz
qadın düşüncəsini, qadın
azadlığını önə çəkirdi. A.İmanquliyeva göstərir ki,
"Yazıçı (C.Cubran) şərq
qadınının azadlığı mövzusuna müraciət
edir və onu sosial-ictimai səpkidə deyil, yalnız ailə
münasibətləri planında qadınların hisslərinin
və hüquqlarının müdafiəsi baxımından
şərh edir. Qadın
azadlığı probleminə bu cür yanaşma ərəb
maarifçiləri, xüsusilə millətin dirçəlişinin,
tərəqqi uğrunda mübarizənin, qadının həyat
şəraitinin dəyişdirilməsi, ailənin mütərəqqi
əsaslar üzərində qurulması ilə
başlamalıdır".
Aida
İmanquliyeva qeyd edir ki, "Banlı Marta" və
"Hanili Varda" hekayələrində C.Cübran digər ərəb
maarifçi-yazıçıları kimi ilk növbədə
məhəbbət mövsusunu önə çəkir:
"Ərəb Şərqi üçün o illərdə
qadın məsələsi Avropada olduğu kimi hələ
siyasi hüquqlara dair məsələ deyil, ailə və nigah,
qadını sevmək və xoşbəxt olmaq hüququ məsələsi
idi, ədəbiyyat göstərməli idi ki, qadın da
"sevməyi bacarır".
Aida İmanquliyeva təhlilərinin
tapıntısında nə görürük? Bu
görüntüdə Şərq qadınının
mübarizliyi təsvirində qadının nə qədər
əzilsə də, öz daxili üsyanı ilə, öz
daxili sözü ilə Qərbdə o zaman tüğyan edən
feminizm işartılarının əlaməti inikas olunur.
O, C. Cübrana istinad edərək göstərir: "Ey, bu
cinayətkar dünya arxasında gizlənən gözə
görünməz Ədalət! Sən... sən
mənim qəlbimin fəryadını, ürəyimin
harayını eşidirsən". Bu
çağırışa A.İmanquliyeva münasibət
bildirərək yazır ki: "Bu, əlbəttə ki, əxlaqsızlıq
etməyə məcbur olmuş savadsız kəndli
qadının nitqi kimi qəbul edilmir, bu sözlərdə
alçaldılmış qadına qarşı sentimental mərhəmət
hissi ilə dolu olan müəllifin özünün səsi
eşidilir".
Biz bu araşdırmamızı müasir Azərbaycanın
digər tədqiqatçı alimi akademik Nərgiz
Paşayevanın fikirləri ilə paralelləşdirək. Nərgiz Paşayeva 2011-ci il Bakı Humanitar Forumunda
çıxışında söylədiyi kimi: "Dünya
daha çox inkişaf etdikcə, hər bir fərd
özünü daha çox müstəqil şəxsiyyət
kimi dərk edir. Və bir fərdin maraqları ilə ümumi
maraqlar arasında qarşıdurma yaranır... Müasir
dövrün mürəkkəblikləri unudulmuş haqqı-ədalət
ideyaları ilə bağlıdır. Onlar
haqq-ədalətin özündən yox, onun şərhindən
asılı olmağa başladılar". Məhz bu məqamda Nərgiz Paşayeva fəlsəfi
məntiqi Aida İmanquliyeva fəlsəfi düşüncələri
ilə "ƏDALƏT" formulunda paralelləşir.
Nərgiz
Paşayeva Fits Cerald Skottun bir məqaləsində
yazdığı dahiyanə fikrinə müraciət edərək
göstərir: "Çoxdan anlamaq lazımdır ki, bu
dünyada hər şey ümidsizdir, ancaq onu dəyişmək
üçün qətiyyəti itirməmək
lazımdır".
Qeyd olunan qadın hüquqları, qadın
azadlığı, multikultural fərqlilik kimi fikirlərə
isə Ədalət fonunda akademik Akif Əlizadə məhz
"müasir cəmiyyətdə elmin, təhsilin rolunun zəruriliyinin
əsas olduğunu qeyd edir".
Bu
nöqteyi-nəzərdən Aida İmanquliyeva C.Cubranın
"Qırılmış qanadlar" povestini təhlil edərkən
də, gender stereotiplərini açmaqla yazır: "Hekayəçi
öz izharında, ictimai, sosial problemlərə toxunmur. Onu başlıca olaraq, mənəviyyatın, fəlsəfənin
problemləri, qəlbin və ruhun həyatı
maraqlandırır. Onun dini klerikal mövzuda və
qadının ailədə rolu mövzusunda düşüncələri
istisna təşkil edir" və fikrini də C.Cubrandan daha
bir nümunə ilə göstərir..." görənin
hissləri ilə görünənin həqiqəti
arasında gizli zərrəciklər insanın zahirini
nurlandıran müqəddəs ruhların ziyasıdır, bu,
kişi və qadın arasında tam anlaşmadır". Bax bu tam gender fəlsəfəsidir. Bu, gender multikulturallığıdır. Bu tapıntı isə Aida İmanquliyevaya məxsusdur.
A.İmanquliyeva
fəlsəfəsində "sentimentalizm metodunun həm Qərbi
Avropa, həm də rus ədəbiyyatında - S.Ricardson,
L.Stern, J.J.Russo, N.Karamzinin əsərlərində əsas səciyyəvi
xüsusiyyətlərindən biri məişətə, əşyalar
aləminə və gündəlik həyatın təfərrüatına
olan maraqdır. Məsələn, N.Karamzin
Erastın bir stəkan süd xahiş edərkən Lizanın
davranışını təsvir edir" kimi fikirləri də
məhz Qərb-Şərq multikulturallığı məişət
tərzinin müqayisəli təhlillərdir. Aida İmanquliyeva
gender rollarını xarakterizə edərək: "Səlma
obrazı ilə onun psixoloji durum və yaşantılarına
uyğun olan və əsrin yumşaq lirizmini nəzərə
çarpdıran mənzərə təsvirlərinə
yetirilən diqqət və sentimentalizm metoduna cavab verir"
deyə yazır.
Aida İmanquliyevanın
araşdırması gender stereotipləri və qadın
diskriminasiyası nöqteyi nəzərindən də Azərbaycan
genderşunaslığı üçün qiymətli bir vəsaitdir.
A.İmanquliyeva məntiqincə: "Cubran ərəb ədəbiyyatında
romantik metodun inkişafını qabaqlamaqla yanaşı, o,
daha iki mühüm mövzunu - qadın və antiklerikal
mövzunu da öz adına yazdırdı.
Qadın azadlığı mövzusu povestdə
sadəcə bir qadının şəxsi dramı çərçivəsindən
çıxaraq, özünün daha geniş şərhini
tapır... qadının taleyini sosial-hüquqi aspektdə
deyil, yalnız ailə, nigah münasibətləri
hüdudlarında təhlil edir. Yazıçı
gələcəkdə qadının cəmiyyətdə
layiqli yer tutacağına inanır".
A.İmanquliyeva göstərir ki, "Qadında gözəlliklə
təhsilin (Akif Əlizadə məntiqi), zərifliklə
xeyirxahlığın, bədənin zəifliyi ilə ruhun
gücünün, birləşdiyi gün gələcəkmi? Mən hesab edirəm ki, mənəvi
tərəqqi (Nərgiz Paşayeva deyimi) bəşəriyyətin
yoludur, onun kamilliyə yaxınlaşması ləng olsa da,
labud prosesdir".
Biz bu "qadının cəmiyyətdə layiqli yer
tutacağına" fikrini günümüzün
aktuallığında "Gender bərabərliyi"
adandırırıq. Bu məhz A.İmanquliyeva fəlsəfi
gender düşüncəsidir.
A.İmanquliyeva bütün cəmiyyətlər
üçün aktual bir sosial problem olan nigah məsələsinə
də münasibət bildirir. O qeyd edir ki, C.Cübran nigah probleminə
toxunaraq, yazır: "Bizim zəmanəmizdə nigah gənc
insanlarla qızların ataları arasında gülüş və
göz yaşı doğuran sövdələşmədir. Birincilər bir qayda olaraq udur, ikincilər həmişə
itirirlər. Qızlarını
satılıq mal kimi əldən-ələ ötürürlər".
Bu məsələlər bu günün
prizmasından "Erkən nigah" adlanır. SİZ,
Aida Xanım, qadın hüququ, qadın azadlığı,
erkən nigah, multikulturallıq, gender münasibətləri
kimi XXI əsrin aktual mövzularını necə dəqiqlik,
necə sistemli təhlilə gətirmisiniz və burada da bir təhqiqatçı
kimi Sizin fəlsəfi düşüncələrinizlə
dünəndən bu günümüzə gələn elmi
yola bir daha nəzər salaq... Aida İmanquliyevaya görə
"Cubran məzlum qadını məzlum millətə, onun əzabı,
hüquqsuzluğu və
rüsvayçılığını millətin əzabı,
hüquqsuzluğu və rüsvayçılığı ilə
bərabər tutur: "Məgər bu qadın bu məzlum
milləti təcəssüm etdirmirmi? Məgər ruhunun
çırpıntıları və cisminin əzabları ilə
üzülmüş qadın öz ağaları və din
xadimləri tərəfindən əldən
salınmış bir millətə bənzəmirmi?" Məhz
bu fikirlər gender multikulturallığını əks
etdirir?
"Qırılmış
qanadlar" adlı C.Cubranın povestini təhlil edən
A.İmanquliyevaya görə "Şərq qadının
asılı vəziyyətinin pislənməsi, klerikalizmin, zadəgan
nümayəndələrinin pozğun həyat tərzinin
ifşa edilməsi və əsərdə toxunulan digər
aktual problemlər həm obyektiv olaraq əsərə müəyyən
dərəcədə sosial kəskinlik verir, həm də
yazıçının müasir həyatla əlaqəsini
aşkara çıxarır". Beləliklə,
A.İmanquliyeva fəlsəfəsi C.Cübranın əsərləri
nəticəsində onun maarifçi humanizm və sentimentalizm
motivlərini birləşdirdiyini göstərir.
Aida İmanquliyeva ƏR-Reyhaninin də
yaradıcılığında pozitiv ideyaları izləyərək,
öz dərin mülahizələri ilə
"maarifçiliyin ən başlıca mövzularından
birinin - Şərq qadınının əsrlər boyu məruz
qaldığı əsarətdən azad edilməsi movzusuna
da" toxunmuşdur. Aida İmanquliyeva qeyd edir ki; ƏR-Reyhani
qadın azadlığı mövzusuna "Nohur
zanbağı" povestində ilk müraciət etmişdir.
ƏR-Reyhaninin "Hərəmxana
divarlarından kənarda, yaxud Cihan" povestində
"başlıca ideya qadının onu şəxsiyyət
kimi alçaldan, fəaliyyətini tapdalayan zehniyyət və
mövhümatın hakimiyyətindən azad olması
uğrunda mübarizəsidir". Söyləyən Aida
İmanquliyeva Azərbaycan ictimai elmində qadın
hüquqları üzrə yazan ilklər sırasında ilkdir
fikirlərinə müraciət edək: A.İmanquliyeva:
"Cihan ətrafındakı bütün insanların
fövqunə yüksələn, güclü hiss və
ehtirasa malik, tənha, hamıdan uzaqlaşmış, borc və
məhəbbət, qisas və vətənpərvərlik hissləri
arasındakı daxili ziddiyyətlər içində əzab
çəkən müstəsna qadın surətidir.
Cihanın bütün davranışlarının əsas fəaliyyət
motivi - azadlığa can atmadır. Bu fəlsəfədə
Qadın, gender rolları, əri digər millətdən
(alman) olan Cihanın xarakterinin təsvirində dünyanın
bu gün aktual məsələsi olan multikulturallıq faktoru
durur. A.İmanquliyeva göstərir: "Cihanda hər
şey qeyri-adi gözəllik, yüksək əsl nəcabət,
cəmiyyətdə tam müstəqil mövqe (Bu, gender bərabərliyi
anlamıdır - R.M) zənginlik, çox yaxşı təhsil,
təbiətin bənzərsizliyi, böyük iradə
qüvvəsi, qətiyyət və cəsarət onu qalan
insanlardan kəskin şəkildə fərqləndirir". Bu fəlsəfədə XX əsr fransız filosof və
ilk genderşunaslardan olan Simona de Bovuarın "Mən
qadınam" bəyanatı ilə öz mənsubiyyətinə
böyük hörməti yada düşür.
A.İmanquliyeva
vurğulayır ki: "ƏR-Reyhaninin povestinin qadın qəhrəmanı
qadın azadlığı uğrunda mübarizə aparır,
"ictimai" fəaliyyətlə məşğul olur, məqalələr
yazır, jurnalarda dərc olunur, Nitşeni tərcümə
edir - lakin bütün bunlar onun həyatına, əhatəsinə,
insani əlaqələrinə təsir göstərmir - o, həmişə
tənhadır". "Yazıçı
Valenşteyni (Cihanın əri - R.M) təsadüfən
Nitşe fəlsəfəsinin davamçısı kimi təqdim
etmir, belə ki, o dövrdə Şərqdə Nitşenin nəzəriyyəsi
geniş şöhrət qazanmışdı. Ərəb ziyalılarının bir çox
nümayəndələri belə hesab edirdi ki, vətənin
başına gələn bütün bəlalar, xalqın
kifayət qədər fəallığa malik olmamasından irəli
gəlir". Aida İmanquliyeva
ictimai-siyasi görüşləri XX əsrdən sanki
hazırkı ərəb dünyasına yönələn bir
baxışdır. Məhz belə fikirlər
uzaqgörən Alim təfəkkürü, qadın məsələsindən
yazan bir Alim Qadının cəmiyyətə, Qərb
dünyası prizmasında Şərqə söykənən
fəlsəfəsidir. Bu fikirlər bir Alim
düşüncəsi ilə bahəm çoxmədəniyyətlilik-multikulturallıq
təsvirində həm də Gender meyarıdır.
Digər məqamlara diqqət edəndə
görürük ki, Aida İmanquliyeva tədqiqatında
qadın məsələsi ilə əlaqəli nəinki
qadın fərdiyyəti, azadlığı, hüququ, həmçinin
gender stereotipleri nöqteyi nəzərindən də
münasibətlər, açıqlamalar yetərincədir. A. İmanquliyeva yazır:
"Çadra örtməyə borclu olan müsəlman
qadının Avropada "fransız dayənin əllərində"
böyüməsini, Avropa dillərinə və xüsusilə,
Nitse fəlsəfəsi ilə tanışlığın da
daxil olduğu, yaxşı təhsilə yiyələnməsini
də mühüm obyektiv "şərt" hesab etmək
olar. Belə bir müstəsna şəxsiyyət
"sərt adət və ənənələr"
içində yanaşmağa məcburdur. Onun təbiətinin ikiləşməsi buradan-vətənə
məhəbbətdən və onun geriliyinə, cəhalətinə
qarşı etirazdan irəli gəlir". Bu fikirlər də A.İmanquliyeva fəlsəfi
baxışlarıdır.
A.A.Dolinina hesab edir ki, müəllif təsadüfən
bütün şərq qadınları arasında məhz
türk qadınını qadın hüquqlarının
müdafiəçisi kimi təqdim etməyib. Bu həm də
real gerçəkliyə cavab verir, belə ki, o zaman başqa
müsəlman ölkələrin qadınları ilə
müqayisədə türk qadınları daha əlverişli
şəraitdə yaşayırdılar". Məhz öz təhlilində A.Dolininadan misal çəkən
A. İmanquliyeva azadlıq anlayışının da
açmasını verir. O yazır ki, "Azadlıq
anlayışı azad şəxsiyyət və müstəmləkə
zülmündən azad olma ideyasını özündə
birləşdirir".
A.İmanquliyeva yaradıcılığını izləyərkən çoxçalarlı gender fəlsəfi məfhumları içrə çoxsaylı multikulturalizm terminlərinə, yeni ifadə tərzinə, qadın hüquqları kontekstində yeni anlayış açımlarına da rast gəlinir. Belə ki, misal üçün "Cihanın kişi və qadın arasındakı qarşılıqlı münasibətləri" və yaxud "Şərq qadının zəkasının və qəlbinin oyandığı günə, onun qəlbini, dirçəlməkdə olan bütün millətin qəlbini öz nuru ilə dolduran şəfəqə eşq olsun" (nümunələrini göstərə bilərik). Bu nöqtədə böyük Hüseyn Cavid fəlsəfəsi də yada düşür. H. Cavid "Uçurum" əsərində Şərq-Qərb münasibətlərinə toxunaraq yazmışdır: "Avropada işıq da var, zülmət də". Bu paralellərdə isə A.İmanquliyeva təhlillərində olan işıq və Şərq Qadınının bugünkü yolu vardır.
Məhz A.İmanquliyeva fəlsəfəsində insanlığa, xüsusən də qadınlığa münasibət, qadın hüquqları mətnində etik normalar vardır. Öz dövrünün ictimai tərzini yaxşı bilən bir tədqiqatçı Alim kimi təhlilində isə müqəddəs Kitabımız Qurani Kərimdən olan bir nümunə ilə fikrimizi əsaslandıraq: "Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da (kişilər) üzərində hüquqları vardır".
Qeyd edək ki, bir məqalə ilə Böyük Qadın Alim, filosof-filoloq, dərin məntiqli tədqiqatçı Aida İmanquliyeva araşdırmaları Okeanından yalnız bir damla göstərə bildik. Əsrlərlə A.İmanquliyevanın qadın hüquqları ilə bağlı araşdırması Ulu Şərq kontekstindən Modern Qərbə bir Körpü olacaqdır. Aida xanımın irəli sürdüyü ümumi müddəalar, orijinal düşüncə tərzi, Alimin romantizmlə vəhdətdə fəlsəfi mətnli baxışlarıdır, yazdığı və izlədiyi mənəvi meyarlar, prinsiplər milli sosio-ədəbi prosesin də bu kimi elmi-metodoloji kontekstdə bugünkü, hətta gələcək tədqiqatlar üçün belə geniş fəlsəfi məna daşıyır və sistemli təhlil imkanı yaradır. A.İmanquliyevanın müqayisəli araşdırmaları və onların sosio-fəlsəfi, ictimai-ədəbi dəyəri Azərbaycan romantizminin dünya romantizmi vəhdətində oxşarlılıqlar və fərqliliklər zəminində də bir baza məktəbidir. Məhz bu kontekstdə fikrimizi ölkənin Birinci Xanımı Mehriban Əliyevanın söylədiyi fikirlə yekunlaşdıraq: "Bütün tədqiqatçılar hesab edirlər ki, sivilizasiyanın inkişaf dövründən başlayaraq qadınlar demək olar ki, bütün cəmiyyətlərdə dini mənsubiyyətdən və ya siyasi quruluşdan asılı olmayaraq, kişilərdən asılı vəziyyətdə olublar. Hazırda dünya öz inkişafını elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi-ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin,yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asılıdır".
Rəna MİRZƏZADƏ
Fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri
525-ci qəzet.- 2017.- 10 oktyabr.- S.4.