Novator tarzən
ƏMƏKDAR ARTİST HƏMİD VƏKİLOVUN "SƏNƏT TABLOSU"NDAN FRAQMENTLƏR
(Əvvəli
ötən sayımızda)
KONSERVATORİYADA TƏHSİL İLLƏRİ. ÜMUMİTTİFAQ
MÜSABİQƏSİNİN QALİBİ. TARDA
İSLAHATLAR.
1967-ci ildə
qəbul imtahanlarını "əla" qiymətlərlə
verib Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi
Akademiyası) tələbələri sırasına
qoşulub.
Həmidin çalğısı, biliyi, istedadı bu
müqəddəs musiqi ocağında daha da canlanıb,
püxtələşib. Tələbkar sənət müəllimləri
Sərvər İbrahimovdan və Əhsən Dadaşovdan
aldığı mükəmməl dərslər onun
istedadını, geniş yaradıcılıq
imkanlarını vahid məqsədə doğru istiqamətləndirib.
Xasiyyətində başlıca keyfiyyət olan
çalışqanlıq professional ifaçılıq sənətinin
sirlərini qavramaqda ona yaxın köməkçi olub. Kursdan kursa
keçdikcə bir sənətkar kimi püxtələşib,
onun ifaçılıq üslubu formalaşıb.
Konservatoriyadakı təhsil illərində yüksək
ifaçılıq sənətkarlığı tələb
edən klassik muğamları, eləcə də konsert
janrında yazılmış bir sıra böyük həcmli
mürəkkəb əsərləri, rus və Qərb bəstəkarlarının
tar üçün köçürülmüş
müvafiq pyeslərini qüsursuz çalmaq
bacarığı və məharəti ilə fərqlənib.
Həmin
ifalar zamanı qarşıya çıxan passajların və
mürəkkəb xalların (mizrabların) lazımi səviyyədə
icrası musiqi ictimaiyyəti tərəfindən tar
ifaçılıq tarixində yeni addım kimi yüksək
dəyərləndirilib. Yuxusuz gecələr,
yorulmaz novator axtarışları, böyük
inadcıllıqla çalışmaq ona sənət aləmində
"öz sözü"nü deməyə əsas verib.
Xalq
artisti, professor Səid Rüstəmovun dəvəti
ilə gənc tarzən hələ tələbə ikən
Azərbaycan Televiziyası və Radiosunun xalq
çalğı alətləri orkestrinə qəbul olunub. Bir müddət orkestrdə çalışıb.
Beş il
sonra Konservatoriyanı 3 ixtisas üzrə (Azərbaycan xalq
çalğı alətləri orkestrinin dirijoru, solist konsert ifaçısı
və müəllim) "əla" qiymətlərlə
bitirən Həmid əvvəl Uşaq Musiqi Məktəbində,
daha sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
tardan (ixtisas və muğam sinifləri üzrə) dərs
deyib. Müəllimliklə yanaşı, ifaçılıq
fəaliyyətini, tar üzərində axtarışlarını
davam etdirərək bir sıra yeniliklər həyata
keçirib. Tar üçün əsərlər işləyib.
Azərbaycan Musiqi-Estrada Birliyi xalq
çalğı alətləri orkestrinin bədii rəhbəri
və baş dirijoru olarkən 1978-ci ildə ixtisas fənnindən
dərs demək üçün Konservatoriyaya tar müəllimi
vəzifəsinə təyin olunub.
Estrada
artistlərinin 1979-cu ildə Leninqradda (indiki Sankt-Peterburq)
keçirilmiş altıncı Ümumittifaq müsabiqəsində
minədək gənc ifaçının arasında tarzən
Həmid Vəkilov da müvəffəqiyyətlə
yarışıb, dinləyicilərin bədii-estetik tələbini
ödəyən musiqi nömrələri çalaraq
tamaşaçıları heyran edib, onlara əsl sənət
möcüzəsi yaşadıb.
Tarzənin
kamil not savadı, ağlın və hissin vəhdətinə əsaslanan
çalğısı müsabiqənin münsiflər heyətinin
üzvü, məşhur rus bəstəkarı Mark Fradkini
aşağıdakı sözləri deməyə "məcbur
edib": "Biz çox şadıq ki, Azərbaycan
müsabiqədə bir nəfərlə təmsil olunsa da, əsl
mahir ifaçı göndəribdir".
Həmid müsabiqədə klassik muğam
ifaçılığı təcrübəsinə dərindən
yiyələndiyi, xalqımızın muğamdakı bədii
duyum xüsusiyyətlərini yeni orijinal boyalarla dinləyicilərə
aşıladığı üçün xüsusi fərqlənib
və yarışmanın birincisi olub. O, "Mahur hindi"
muğamının ifası ilə dinləyicilərin diqqətini
özünə çəkib. D.Şostakoviçin
"Romans"ını, A.Zeynallının
"Muğamsayağı"nı, "Korobeyniki" rus xalq
mahnısı əsasında variasiyaları səsləndirməklə
bir tərəfdən özünün bədii maraq dairəsinin
genişliyini, məharətini və
hazırlığını, digər tərəfdən isə
tarın imkanlarını, onun ahəngindəki əsas keyfiyyəti
- ifadəliliyi nümayiş etdirib.
Sonrakı
turlarda tarzən "Çahargah" və "Orta mahur"
muğamlarını, Q. Qarayevin "İldırımlı
yollarla" baletindən "Ehtiraslı rəqs"i və C.
Cahangirovun "Rondo"sunu ifa edib və yüksək sənətkarlıq
keyfiyyətləri ilə hamıda dərin maraq doğurub. Onun ifasında hər əsər, o cümlədən,
muğamlar vahid məzmun əsasında səslənib, dinləyiciləri
məftun edib. Nəticədə münsiflər heyətinin
sədri, SSRİ xalq artisti Arkadi Raykin Həmidin adını
laureatlar sırasında birinci çəkib, Azərbaycan
tarı müsabiqədə qalib gəlib!
Bax, bu yerdə siz onun insan düşüncəsinin
fövqündə olan mükəmməl sənətini və
çalğısını daha da geniş təsvir edəcəyimi
düşünürsünüzsə, məndən həddən
artıq çox şey gözləyirsiniz.
Uğurlu (olduqca uğurlu!) müsabiqədə Həmidin
çalğısı o dərəcədə orjinal və bənzərsiz
olub ki, bu yazıda bunun təhlilini vermək və
bağışladığı təəssüratlardan (bunu
həmin illərin müxtəlif qəzet materialları da təsdiq
edir) danışmaq mümkün deyil.
Leninqradda qazandığı yüksək sənət
nailiyyətindən sonra Həmid tarı təkmilləşdirməyin
labüd olduğunu dərk edib, bu alətdə islahatlar
aparmağın zamanı çatdığını qətiləşdirib
və müəllimlərindən mənimsədiyi təcrübəyə
arxalanıb axtarışlarını cəsarətlə davam
etdirmək üçün həvəslə bu işə
girişib.
Sual verə bilərsiniz ki, tardakı
çatışmazlıqlar nədən ibarət olub axı?
Sualınıza
cavab verməyin bu məqamında Həmid Vəkilovun
özü söhbətimə qoşulur:
- Azərbaycan
tarının inkişafı əsasən ustad tarzən Mirzə
Sadıq Əsədoğlunun və dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Tarixən çox gözəl tarzənlərimiz
olub və şükür ki, bu gün də var. Ancaq onlar
tarda texniki imkanlar sahəsində yeniliklər etməyiblər.
Nə üçün? Çünki
buna ehtiyac duymayıblar. Niyə ehtiyac
duymayıblar? Ona görə ki, onlar ya sələflərinin
çaldıqlarını (muğamlar, rənglər, diringilər
və s.), ya da tar üçün xüsusi
yazılmış əsərləri çalıblar.
Yaxud da tarın mövcud imkanlarına əsaslanaraq Azərbaycan
və xarici ölkə bəstəkarlarının əs ərlərini
tara uyğunlaşdırıblar.
Mən yuxarıda "mövcud" sözünü təsadüfən
vurğulamadım. Tar üçün köçürmələri həyata
keçirən musiqiçilər və yaxud da bəstəkarlar
əsərləri tara uyğunlaşdırıblar.
Amma tarı əsərin orijinalına, bədii-estetik
gözəlliyinə və fəlsəfi mənasına
uyğun olaraq dəyişməyə (kiçicik olsa da belə)
cəhd göstərməyiblər. Maraqlıdır,
bəs görəsən, başqa sənətkarlar tərəfindən
tarda dəyişikliklər etmək təşəbbüsü
olubmu? Əlbəttə, müxtəlif
dövrlərdə bəzi sənətkarlar tarda dəyişikliklər
etsələr də, bu reformalar ifaçılıq həyatında
kütləvi hal ala bilməyib. Ona görə
ki, bu çalışmalar müəyyən bir klassik musiqinin
bədii-estetik və fəlsəfi dəyərinin tam
dolğunluğu ilə tarda ifa edilməsi arzusuna əsaslanmayıb.
Bu baxımdan həmin çalışmaları bir laboratoriya
təcrübəsinə bənzətmək olar...
...Alətin
diapazonunu genişləndirdikdən sonra bu istiqamətdə Həmid
ilk olaraq, tarın kəllə hissəsini təkmilləşdirməkdən
başlayıb.
PROFİL. TARIN İNKİŞAFI İSTİQAMƏTİNDƏ
GÖRÜLMÜŞ İŞLƏRİN ƏSAS
CƏHƏTLƏRİNİ ƏKS ETDİRƏN
ESKİZLƏR
"Həmid yüksək texnikaya malik olan bir nömrəli
tarzəndir. İfaçılıq aləmində belə sənətkarları
barmaqla saymaq olar. Onun əldə etdiyi səslənmələr,
ürəyəyatan xalları, xırdalıqları elə
ilk andan seçilir. Tarın gələcəyi
üçün Həmid çox işlər görüb.
Mən, şəxsən bunu
alqışlayıram".
Əliağa Quliyev, Əməkdar artist, tarzən.
...Tarın
köklənməsində (simlərin tənzimlənməsində)
9 aşıq və 11 sim önəmli rol oynayır. Tənzimlənmə
zamanı bu aşıqların və metal simlərin əl
üsulu ilə təxmini, gözəyarı köklənməsi
kimi həssas bir işin yerinə yetirilməsi tələb
olunur.
11 simin 11 aşıqla deyil, 9 aşıqla tənzimlənməsi
bəlkə də dünyada bənzəri olmayan bir haldır. Tarın kəllə
qismi simlərin ahəndar köklənməsində önəmli
əhəmiyyət kəsb edir. Tar kamanla çalınan
(yaylı) alətlərdən fərqli olaraq mizrabla
çalındığı üçün ifa zamanı simlərə
böyük yük düşür. Məsələn,
yarım not uzunluğunda bir səsi kamanla çalarkən
kamanın simə təması nəticəsində sim bircə
dəfə kiçik zərbə alır. Ancaq həmin
yarım notu tarda, balalaykada, mandolina və s. mizrablı alətlərdə
tremola şəklində çaldıqda sim ən azı 32
mizrab zərbəsinə məruz qalır. Bu
halda tarın kəllə qisminin nə dərəcədə
etibarlı olduğuna nəzər salaq.
Tarın aşıqları və onlar üçün kəllədə
açılan oyuqlar xüsusi dəqiq alətlərlə
deyil, əl üsulu ilə gözəyarı və təxmini
hazırlanır. Aşıq qutusu ayrı-ayrı hissələrdən
ibarətdir. Bu hissələri bütöv
bir hala gətirib simmetrik vəziyyətdə tarın qolu ilə
həssaslıqla birləşdirmək çox çətin
işdir. Bundan başqa, tardakı zəng
simlərin hər bir cütü bir aşıqla tənzimlənir.
Belə vəziyyətdə zəng simlər bir
müddət çalındıqdan sonra üst simə mizrabla
vurulduğundan üst sim boşalıb bəmləşir, alt
sim isə gərilərək zilləşir. Nəticədə uyğunsuzluq yaranır və simlər
kökdən düşür.
Digər simlərin köklənməsinə maneə
yaradan ünsürlərdən biri də aşıqların və
kəllənin taxtadan olmasıdır. Eyni növ ağaclardan
hazırlanmış aşıq və aşıqlıq
(aşıq qutusu) simlərin keyfiyyətli köklənməsi
üçün heç də lazımi təlabata cavab
vermir.
Belə ki, hava quru olduqda aşıqlar quruyub incəlir,
aşıq oyuqları isə genişlənir. Və yaxud
havanın nəmliyi artdıqda aşıqlar şişir,
aşıq oyuqları isə daralır. Havadakı
dəyişikliklər tardakı mövcud kəllə sisteminə
mənfi təsir göstərir. Başqa
sözlə desəm, tardakı mövcud kəllə sistemi ətraf
mühitin təlabatına lazımınca cavab verə bilmir.
Bundan əlavə qısa zaman daxilində
aşıqların aşılanaraq incəlməsi,
aşıq oyuqlarının genişlənməsi tarın
kökünün pozulmasına və tez-tez təmirə
ehtiyac duyulmasına səbəb olur.
Göstərilən problemləri aradan qaldırmaq
üçün Həmid tarın kəllə hissəsini yeni
prinsipə əsasən təkmilləşdirib. Ən əvvəl
taxta aşıqlardan imtina edib. Əvəzinə
müasir dünyada mizrablı alətlərdə istifadə
olunan və Arximedin sonsuz vintinə əsaslanan qurğular tətbiq
edib (yeri gəlmişkən, bu qurğuları
"aşıq" deyil, simi ayarlayan mənasını verən
"simayar" adlandırmağı məqsədəuyğun
sayıb). Bu halda hər bir sim bir simayarla tənzimlənmiş
olur.
Zəng
simlərə gəldikdə isə tara bələd
olanlar bilirlər: zəng simlər böyük xərəkdən
sonra "diş"lərdən (qol pərdələri
üzərindəki xərəkciklərdən) keçir,
daha sonra bəzi qol pərdələrinin altından keçərək
hər bir cütü bir aşıqla bağlanırdı. Zəng simlərin məruz qaldığı bu maneələri
aradan qaldırmaq üçün Həmid simləri
ayıraraq tək-tək pərdənin altından deyil, qolun
üzərilə kiçik ötürücü
çarxlardan keçirib və simayarlarla bağlayıb.
Bütün bu dəyişikliklərdən sonra tarın
kəllə hissəsi təbii ki, şəklini dəyişib
və 11 simayara malik keyfiyyətli, etibarlı və müasir tələblərə
cavab verə biləcək bir sistemə qovuşub. Bir məsələni də
xüsusi vurğulayım ki, tardakı bu yeniliklər
çalğı üslubuna və səs tembrinə heç
bir mənfi təsir
göstərməyib, əksinə, tar yeni
yaradıcılıq imkanları ilə (zəng simləri istənilən
səslənməyə uyğun kökləmək
mümkündür) daha da zənginləşib.
Həmid
hələ Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin sonucu sinfində oxuduğu
vaxtdan tarın təkmilləşdirilməsi ilə
bağlı davam edən fəaliyyətini, əldə etdiyi
yenilikləri, nəhayət, ustanın məharətli işi
ilə birləşdirib. 1981-ci ildə
novatorluğu özündə əks etdirən yeni, professional
tar sifariş verib. Tarzənin iştirakı və nəzarəti
altında çalışan usta doqquz ay müddətində
bir tar hazırlayıb. Daha sonra bir neçə tar da tələbələr
üçün sifariş edilib.
Həmid həmin tarla uzun illər respublikamızda və
dünyanın bir çox məşhur ölkələrində
konsertlər verib, xalqımızın bu gözəl musiqi alətini
və milli mədəniyyətimizi böyük uğurla təbliğ
edib.
O,
ifaçılıq aləminə, tar sənətinə
yeniliklər gətirdiyi kimi, tarı ayaq üstə
çalıb, ənənəvi qaydalara da təzəlik gətirib.
(Ardı var)
Rafiq HACIYEV
Yazıçı-publisist, Cəfər
Cabbarlı Mükafatı laureatı, Azərbaycan Rəssamlar
İttifaqının üzvü
525-ci qəzet.- 2017.- 11 oktyabr.- S.6.