Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanı yad etdi

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanı bir daha ehtiramla anıb.

 

İnstitut əməkdaşları görkəmli alimin anadan olmasının 78-ci ildönümündə öncə İkinci Fəxri xiyabanda Aida İmanquliyevanın məzarını ziyarət edərək əklil qoyublar.

 

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva çıxış edərək böyük alimin keçdiyi 53 illik həyat yolunda həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək ömür yaşadığını vurğulayıb. G.Baxşəliyeva Aida İmanquliyevanın öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslıq elmini zənginləşdirdiyini, inkişaf etdirdiyini bildirib.

 

Aida İmanquliyevanın ölkəmizi beynəlxalq elmi tədbirlərdə layiqincə təmsil etdiyini deyən İnstitut rəhbəri, onun Rusiya, Almaniya, İngiltərə, Fransa, Özbəkistan, Gürcüstan bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən, yeni müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixində əbədiləşmiş mütəxəssis olduğunu diqqətə çatdırıb. Tanınmış xarici alimlərin onun barəsində söylədikləri dəyərli fikirləri xatırladıb. G.Baxşəliyeva A.İmanquliyevanın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açıb, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, İnstitutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli gördüyünü vurğulayıb. Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib.

 

Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın mənalı həyat yolundan, zəngin elmi irsdən danışıb, onun Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasında rolundan söz açıb və bu şöbənin ilk rəhbəri olduğunu yada salıb.

 

Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşları İnstitutda Aida İmanquliyevaya həsr olunmuş stendin qarşısında toplaşaraq, görkəmli alimin xatirəsini anıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

XƏDİCƏ

 

525-ci qəzet.- 2017.- 11 oktyabr.- S.7.