Görkəmli kinooperator
Arif Nərimanbəyov anıldı
Bugünlərdə Dövlət Film Fondunda Azərbaycanın görkəmli
kinooperatoru, Əməkdar
İncəsənət Xadimi
Arif Nərimanbəyovun
100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının təşkilati
dəstəyi ilə gerçəkləşən tədbirdə
ölkəmizin tanınmış
kino xadimləri, rejissorlar, aktyorlar və media nümayəndələri
iştirak ediblər.
Əvvəlcə qonaqlar görkəmli kinooperatorun həyat və yaradıcılığına
həsr olunmuş fotosərgiyə baxıblar. Daha sonra
sənətkarın ömür
yolunu əks etdirən videoçarx nümayiş olunub.
Kinematoqrafçılar İttifaqının icraçı
katibi Cəmil Quliyev mərhum sənətkarı ən çətin səhnələrin
mahir qurucusu, işinin peşəkarı
operator kimi xatırlayıb. Qeyd edib ki, Azərbaycan
kinosunun zəngin salnaməsini yaradanlar sırasında kinomuzun görkəmli kinooperatoru Arif Nərimanbəyovun xüsusi yeri var: "Azərbaycan kinosu çox böyük salnaməyə
malikdir. Bu salnaməni
yaradanlardan biri də kinooperatorlardır.
Əvvəllər Azərbaycan kinosunda
kinooperatorlar xaricilər
olub. Ancaq sonradan Kinematoqrafiya
İnstitutunun təşəbbüsü
ilə bir çox azərbaycanlı
kinooperatorlar təhsil
aldı, yetişdirildi.
Onlardan biri də Arif
Nərimanbəyovdur. Mənə bu
sənətə vəsiqə
verənlərdən biri
də məhz Arif müəllim olub. O, fərqli janrlarda, müxtəlif xarakterli filmlərdə operatorluq edib. Hansı janrda ssenari yazılırdısa, o janra
uyğun öz təsvir üsulunu qururdu. Onun çəkdiyi filmlərin
heç biri bir-birinə bənzəmir.
O, çox maraqlı portretlərlə işləyirdi,
dərin mizan səhnələrinin mahir
qurucusu idi. Onun filmlərində dinamiklik,
təsvir, dramaturgiya vəhdəti var idi. Bu vəhdətin
yaradılmasında onun
zəhməti böyükdür.
O, həm də təsviri sənəti gözəl bilirdi. Arif müəllim hər zaman öz üzərində
çalışır, mütaliəsindən
qalmırdı. Buna görə də onun intellektual söhbətlərindən doymaq
mümkün deyildi".
Kinoşünas Aydın Kazımzadə çıxışında görkəmli
sənətkarın keçdiyi
həyat yolu və yaradıcılığından
söhbət açıb,
xatirələrini bölüşüb. Bildirib ki, Arif Nərimanbəyov
"Fətəli xan",
"Bakının işıqları",
"Arşın mal alan"
bədii filmlərində
ikinci operatoru, "Bəxtiyar", "Qızmar
günəş altında",
"Bir qalanın sirri", (M.Mustafayevlə
birgə), "Leyli və Məcnun", "Möcüzələr adası",
"Qaraca qız",
"İnsan məskən
salır", "Bizim
Cəbiş müəllim",
"O qızı tapın",
"Həyat bizi sınayır", "Var
olun, qızlar",
"Ömrün səhifələri",
"Ürək, ürək",
"Dərviş Parisi
partladır" (Z.Məhərrəmovla
birgə), "Bayquş
gələndə", "Onun bəlalı sevgisi", "Nizami",
"17 yaşlı oğlan"
bədii filmlərinin
quruluşçu operatoru
olub.
"Arif müəllim
mənə həm həyatda, həm də yaradıcılığımda
çox böyük kömək olub" - deyən televiziya rejissoru Oqtay Babazadə mərhumla ilk tanışlığından söz
açıb, onun bir insan və
sənətkar kimi özünəməxsus xüsusiyyətlərindən
danışıb.
Kinorejissor Oqtay Mirqasımov mərhum sənətkarı
sadə, təvazökar,
işinin peşəkarı,
kübar insan kimi dəyərləndirib
və deyib ki, o, özündən daha çox xalqını, cəmiyyətini,
sənətini sevirdi,
özünü bu yolda fəda edirdi.
Tədbir boyunca A.Nərimanbəyovun
lentə aldığı
"Bəxtiyar", "Bir
qalanın sirri" kimi Azərbaycan filmlərindən fraqmentlər
nümayiş olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 11 oktyabr.- S.7.