Daşlara yazılan nağıl
"Hara
getdiyini bilən adama bütün aləm yol verər..."
Devid Starr
Cordan
Bu
dağlar ulu dağlar,
Çeşməli,
sulu dağlar...
Burda bir qərib
ölmüş,
Göy
kişnər, bulud ağlar...
O gün
səfərimiz dağlara idi, nə bulud ağlayırdı, nə
də göy kişnəyirdi. Gün erkən çağlarında
üzümüzə günəş gözüylə
gülürdü, düzdü, aradabir günəşin qaynar
gözlərini bulud örtükləri oxşayırdı,
amma yenə də hava nisbətən isti və yolagələn
idi...
Şabran
rayon İcra Hakimiyyətinin başçısı, həm də
özüqələm əhli olan hörmətli Novruz Novruzov
(Nəcəfoğlu) qələm dostları olan bizi də -
AYB-nin bölmə sədri Aydın Tağıyevi və bu sətirlərin
müəllifini uzaq yolçuluğa - rayonun ən ucqar
yaşayış məntəqələrindən Çuxurazəmi
ərazi vahidliyində sakinlərlə növbəti səyyar
qəbula dəvət etmişdi. Bu
görüşdə onunla yol yoldaşı olduq.
Şabranımızın hər yeri cənnətdir. Amma dağları bir özgə
aləmdir... El içində "Avqust yayın
qora bişirən ayıdır", - deyirlər. Bu istidə şəhər mərkəzindən
üzü dağlara qalxmağın bir ayrı ləzzəti
var idi. Mən bu səfərdə həm
qürur yeri saydığım dağları görəcək,
həm də bir çox səfərlərin ağır
yorğunluğunu bir yerdəçəkən, xatirələrini
bir yerdə bölüşən iki dostun yol
yoldaşlığının şahidi olacaqdım. Gözəl və maraqlı olmalıydı.
Bəli,
bu səfərimiz elə gözlədiyimdən də unudulmaz
keçdi...
Şəhərdən çıxanda artıq saat 10-a
yaxınlaşırdı. Novruz müəllimi kənd
adamlarıyla səyyar görüş, Aydın müəllimlə
məni isə xatirə dolu bir dağ səyahəti gözləyirdi.
Xülasə, Aydın müəllim yolboyu, bundan əvvəl
də Çuxurazəmiyə olan səfərlərini yada
salıb xatırladıqca belə başa düşdüm ki,
bu kəndə ilk yolçuluq edən adam
kimi mən daha məmnun qalacaq və əvəzsiz xatirələrlə
geri dönəcəyəm. Çox sevinirdim,
çalın-çarpaz dağlar yaxınlaşdıqca, nə
gizlədim, qürurlanırdım, şəkillər çəkir,
kamerayla çəkə bilmədiklərimi isə öz
beynimin yaddaşına köçürməyə
çalışırdım. Suyu yayın
bu istisində daşların altında "gizlənən"
dağ çayının vadisiylə üzüyuxarı
şütüyən maşının pəncərəsindən
arxada qalan Şabran şəhəri ovuc içi kimi
apaydın görünürdü. Sonra hər şey
gözdən itəcək, bitişik şəhər binaları
arxada qalaraq görünməz hala gələcək, kənd
yolları, daş-kəsəkli çay içi ilə
keçən yollarda ancaq hər tərəfdən dağlar
görünəcək, bu görüntüdən az qala, sözün əsl mənasında,
"dağa dönən" ürəyimin döyüntü
səsindən qulaqlarım uğuldayacaqdı. Bəzən
yolun gah sağında, gah da solunda qalan köhnə qəbir
daşları, bəzən də kəndin içindən
keçəndə yarıuçuq, yarısalxaq kənd evləri
bizi sanki keçmiş tariximizi özündə hələ də
qoruyub saxlaya bilən küçə və məhəllələrə
çəkib aparacaqdı. Bulaq başında olan, elə
bulaq suyu kimi saf kənd qızları şəhər
maşınını uzaqdan görən kimi gələnlərin
"yad qonaq" olduğunu sanaraq bir-birinə baxıb
xısınlaşacaq, gün altında gəzməkdən dərisi
qapqara yanmış kənd uşaqları qabağımıza
yüyürəcəkdi. Hələ kənd itlərini
demirəm, böyrümüzdə-başımızda
hürüşəcək, ta bir kənddən o biri kəndə
gedib çıxınca bizi "yola salacaqdılar". Mal-qara naxırı, qoyun-quzu sürüsü
dağ ətəyinə xüsusi bir gözəllik qatacaq,
tapdalandıqca ətrafa yayılan çöl
otlarının, o cümlədən də, dağ kəklikotusunun
qoxusu bizi bihuş edəcəkdi.
Yol uzanır, uzandıqca dağların arasıyla gah
dikdirə qalxır, gah da üzüaşağı enirdi. Hər tərəfə
göz yetirirdim. Dağların qoynunda
balaca quş yuvası boyda oyuqlar görünürdü.
Bura kəkliklərin yuvasıydı yəqin.
Özləri gözə dəymirdi. Bəlkə hələ də dəryaz görməmiş
otun-ələfin içində gizlənmişdilər.
Bəlkə də ovalıqdakı yuvalarında
balalarının yanından bizi sakitcə seyr edirdilər... Novruz müəllim arada maşını
saxlatdırır, mənim maşından düşüb ətrafa
baxmağım, şəkil çəkməyim
üçün şərait yaradırdı. Hər şeyi bu qədər xırdalıqlarına
qədər düşünə bilmək
bacarığının bir insanda toplanması Allahın həmin
bəndəsinə bəxş etdiyi ən böyük
xoşbəxtliyi olmalı idi. Ya da tam əksinə... Belə
yaşamaq həm də asan olmamalıydı məncə... Hər
şeyi düşünürsən, düşünürsən...
Çox vaxt da elə hamının yerinə
düşünürsən... Bu, bəlkə də ətrafda
olanlarda bir arxayınçılıq yaradır və elə
hər şeyi düşünmək qalır təkcə sənin
boynuna... Yollar fikirlərimizi də özü ilə çəkib
aparırdı... Nə düşünüb
daşıya biliriksə bizimlədi, nəyi düşünməkdən
vaz keçiriksə, demək, onu daşıyacaq qədər
güclü deyilik...Biz düşünürdük,
"düşmənin beli qırılsın", bu uzaq yolun
belini qırmışdıq.
Yollar haçalananda bələdçinin sözünə
əsasən sağ tərəfdə olan yola keçdik. Bu yol bizi iki
dağın arasında yerləşən gözəl bir vadiyə
çıxarırdı. Vadinin tam ortasında
böyük bir ot tayası qurulmuş,
ferma tikilmiş, hər tərəf qaratikan kolu ilə çəpərlənmişdi.
Yəqin ki, hansısa fermerin mal-qara
üçün ayırdığı yataq yeri idi. Hər kimin idisə, yer çox dəqiq və
ustalıqla seçilmişdi. Və burda
daşlı cığır bitirdi. Demək
ki, düz gəlməmişdik. Maşınımız
geriyə döndü. Bu dəfə yolun
sol tərəfinə keçərək mənzilbaşına
varmağa üz qoyduq. Bizə bu yerə qədər
bələdçilik edən Çaraq kəndinin icra
nümayəndəliyi və bələdiyyə işçiləri
artıq geri dönmüşdü. Növbəti
kəndin eyni səlahiyyətli şəxsləri yolumuzu
gözləyirdi. Növbəti kənd Çuxurazəmi
olmalıydı...
Biçilmiş otlar lökürdə vurulmuş, amma hələ
tam daşınıb çöldən
yığılmamışdı. Hiss olunurdu ki, bu il
yağıntı az düşdüyündən ot kəndlinin
istədiyi kimi bol olmamışdı. Bir
çox yerlər isə hələ də biçilməmiş,
uzaqdan otun qaraldığı görünürdü, külək
tutan yerlər daha çox qaralmışdı. Belə dağ ətəklərində ancaq əl əməyi
ilə keçinmək olurdu. Çünki
yollar otbiçən kombaynın gəlməsi
üçün həm keçilməz, həm də uzaq idi.
Kəndin içində az sayda evlər
vardı ki, orda da, çox güman ki, ağır zəhmətə
qatlaşa biləcək beş-on nəfər ailə üzvləri
yaşayırdı. Yaraşıqlı və təzə
tikilmiş məktəb binası olmasaydı, burda qaynar həyatın
olmasını təsəvvür etmək çətin
olardı. Hələ ki, avqust ayı idi.
Bəlkə də sentyabrda, dərs başlayan zaman yollarda
çiyni çantalı, səliqəylə geyinmiş, deyə-gülə
evlərinə tələsən, çöhrələrindən
bir dünya sevgi və səmimiyyət yağan kənd
uşaqlarını, təyinatını uzaq kəndə
alıb dövlətin xüsusi imtiyazlarını görən
və elə kənd camaatı tərəfindən də
böyük hörmət və izzətlə qarşılanan
gənc müəllimləri də görəcəkdik. Hələ ki, iki-üç dəcəl keçi
çayın içində buynuzlaşır, örüş
yerləri açıq olduğundan istədiyi yerdə otlamaq
və gəzmək imkanı olan heyvanat tez-tez
qarşımıza çıxırdı. Başa düşülən idi. Dağ kəndlərinin camaatının əsas məşğuliyyəti
maldarlıq və qoyunçuluqdu. Amma
bir-iki yerdə səliqəylə cərgələnib əkilmiş
çuğundur sahəsi gözümüzdən
yayınmadı. Yaxınlıqda balaca
göl də vardı. Gölün
yanındakı tək ağacın kölgəsində bir at
hörüklənmişdi. Ərazidə təzə
tikilməyə başlayan bir-iki ev də
görmək olardı. İnsanların kənddə yeni ev tikməsinə sevinən Novruz müəllimin
gözləri gülürdü. O, dağın böyründə
ağaran daş parçalarını da bizə göstərib,
burada çoxdan tarixə çevrilmiş bir şəhərdən
bəhs etməyə başladı. Həqiqətən də,
burada arxeoloji qazıntı işləri aparmaq mümkün
olsaydı ulu tariximizin nə qədər sirlərinin
üstü açılardı, bax, hələ bunu Allahdan
başqa kim bilirdi ki... Novruz
müəllim nəql etdikcə uzaqdan ağaran yolun
üstündən keçən zınqırov səsli bir
karvan təsəvvür edirdim. Dəvə karvanı
ağır yükün altında əzilə-əzilə
Şamaxıdan keçib qədim Şabran torpaqlarına daxil
olurdu... Şabran zindanında həbsdə yatan
Xaqani bir məktub yazıb həmin karvanbaşına
yetişdirə bilmişdi. Və haqq həmişəki
kimi öz yerini bulmuşdu... Azadlığına qovuşan
şair arxasında böyük bir tarix qoyaraq bizim Şabrandan
uzaqlaşmaqdaydı... Əlimi
qaşımın üstünə söykəyib çox
uzaqlara baxırdım. Karvan uzaqlaşdıqca
zınqırov səsi azalır, özü ilə həm mənim
sevimli Xaqanimi, həm də bu dağların torpağı kimi
xam olan xəyallarımı aparmağı bacarırdı...
"Qanlı
göz yaşımla işlər bu dəyirmanım mənim..."
Yəqin ki, bu dəyirmana kənardan su tökənlər də
az olmamışdı... Yoxsa bir şair həyatını
bunca ağrı və əzab dolu sətirlərlə belə
izhar edə bilməzdi...
Aydın
müəllim də dərin fikrə getmişdi... Bəlkə yazacağı hansısa bir hekayənin
mövzusu kimi indi bu dağları seçəcəkdi.
Və onları elə gözəl və ustalıqla bəzəyəcəkdi
ki, bura gələn də, gəlməyən də gəlib
görmək, bütün qonaqlarını qürurla qoynuna alan bu dağlarda günlərlə, aylarla, hətta
illərlə yaşayacağı həyəcanın sehrinə
düşmək istəyəcəkdi. Bəlkə də həmin
karvanı o da görürdü... Və burdan
çıxıb Təbrizə gedəcək olan Xaqanini
saxlayıb demək istəyəcəkdi ki, "Getmə, onsuz
da bu gündən yüz illər keçəcək,
böyük və əzəmətli bir heykələ
dönüb yenə bizim Şabrana qayıdacaqsan. Daha niyə gedib yollarda bu qədər əziyyət
çəkəsən. Bax, bu kişi səni
Şabrana qaytarmağı bacaracaq!" - Aydın müəllim
əli ilə qeyri-ixtiyari Novruz müəllimi göstərdi. Novruz müəllim isə bundan xəbərsiz əkinə
yararlı torpaqlar axtarışında idi. Onun da bu dağlara gəlməkdə öz məqsədi
vardı. Torpaq əkilib-becərilməliydi.
Kəndlərdə həyat yenidən
canlanmalı və insanlarımızın rifah halı daha da
yaxşılaşmalıydı.
"Çox uzağa getmə!" - Novruz müəllimin səsi
məni sanki yuxudan oyatdı. Onlardan kifayət qədər
aralandığımı indi hiss etdim, xəyallar məni də
o karvanın arxasınca çəkib apara bilmişdi. Lakin yol kənarı ensiz olduğundan bir
yanlış addım məni yuvarlayıb uçuruma sala bilərdi.
Novruz müəllimin təlaşı da elə
bu üzdən idi.
Karvandan əsər-əlamət belə
qalmamışdı. Amma hər üçümüzün qəlbində
bir söz karvanı ağır-ağır yeriyir,
kağıza yazılmaq üçün zamanını
gözləyirdi...
lll
Gün günortanı keçmiş, hava dağ belində
küləkləməyə başlamışdı. Böyük Qafqaz
dağlarının üstünü alan
duman yavaş-yavaş çəkilirdi. Hava indi
daha aydın və buludsuz görünürdü. Bizimçün salınan alaçığın
yanında manqal tüstüləyir, samovar qaynayırdı.
Süfrədə kərə yağı, təzə kəsilmiş
bal, motal pendiri, qatıq-ayran
ilin-günün bu vaxtında şəhərdə yaşayıb
dükan-bazar ümidinə qalan bizlər üçün
göydəndüşmə idi. Mən hər dəfə
şəkil çəkəndə gözləmə fasiləsi
olan zaman, həmin fürsətdən istifadə edərək
siqaretini yandırıb dağların havasına bir ayrı
ovqat qatan Aydın müəllim, özü demişkən, səhərdən
bu acı tütünün üstündə idi. Mən yenə ona baxmış evdən
çıxanda yaxşıca yemişdim. Amma
yenə də təmiz dağ havası istər-istəməz
insana iştah verirdi. Novruz müəllim iş
başındaydı. Kənd adamlarıyla
görüşü, deyəsən, uğurlu
alınmışdı, amma yenə də qarşıda
görülməli çox iş var idi. Bu
dağlara bir yağış yağdımı, bir də bu
yerlərə qalxmaq lap çətinləşəcəkdi.
Ona görə də bütün vacib işləri
sentyabrın ilk ongünlüyünə qədər
görüb bitirmək lazım idi. Gün
əyilincə işlərimizi yekunlaşdırıb geri
qayıtmalıydıq. Mənim işim
dağları seyr etmək idi. Aydın
müəllim isə bu səfərdən bir ayrı ləzzət
alırdı. Novruz müəllim də
bizim hər ikimizdən səfər təəssüratı
gözləyirdi. Qayıdanbaş
maşında sakitlik hökm sürməkdəydi. Mən fikrimdə yazacağım "Dağlar"
şeirini bitirir, Aydın müəllim isə bu gözəlliyi
xatirə günlüyünə köçürürdü.
Başqa bir yolla qayıdırdıq. Dağların arası ilə
təzə salınmış bir yolla...Bir su çəkmək,
bir də yol salmaq xeyir, savab iş sayılır. Bu təzə yolun salınması Novruz müəllimin
təşəbbüsüylə gerçəkləşmişdi.
Ona görə də yolun bir hissəsini piyada
enməli olduq. Novruz müəllimin piyada
düşdüyü yolu biz maşınla gedə bilməzdik.
Bütün əsərlərində yollara olan
sevdasını çeşid-çeşid çalarlarla qələmə
alan yazıçı özü bu dəfə
saldırdığı yolda ayaqları üstündə
keçməyi istəmişdi. Bəlkə də bu daxildən
gələn bir istək idi... Dərədə səhləb
çiçəkləri gül açmışdı.
Hələ neçə il bundan əvvəl
çap olunmuş "Sinqapur - böyük dünya şəhəri,
iddialı ölkə" kitabında bu ölkənin milli rəmzlərindən
olan səhləb çiçəyindən xüsusi bir
şövqlə söz açmış Novruz müəllim
həm ekskavatorçuya məsləhətlərini verir, həm
də səhləb çiçəyini Aydın müəllimə
göstərək "Bax, burda erkən gül açıb,
yoxsa səhləb çiçəkləri adətən
sentyabr ayında çiçək açar" - deyib
güllərdən toplayırdı. Mən bu iki insanın, həmdəm,
qələm dostlarının bir-biriylə bağlı olan nə
qədər xatirələrinin olduğunu hələ Novruz
müəllimin Aydın Tağıyev haqda qələmə
aldığı "Nağıl adam"
romanından bilirdim. Ona görə də
heç nə mənə təəccüblü gəlmir, əksinə
onları seyr etmək xoşuma gəlirdi. Novruz
müəllim gülləri dərib toplamaqla mənə
uzatmağı bir oldu. Aydın müəllimin
nəzərləri güllərin ləçəklərinə
sancılmışdı. Tez onları maşında qoyub
gətirdiyim çantama yerləşdirdim, sanki kimsə bu
gözəlliyi əlimdən tutub alacaqdı...
Maşınımız yenə də bir çay
yatağından keçəcəkdi. Sürücü nə
qədər çalışsa da, yolboyu qarşımıza
çıxan daşlardan maşını qaçıra bilməmişdi.
Meşəlikdən keçəndə
ağacların budaqları üzlü qonaq kimi pəncərədən
içəri soxulmağa çalışır, təkərinin
altında daş qaldıqda isə maşın möhkəm
silkələnirdi. Novruz müəllimin "Daş
var!" deməyiylə maşının az
qala silkələnib yoldan çıxmağı bir oldu. Gələn zaman yolumuzun üstünə
tısbağa çıxmışdı. Heyf, onu görməmişdim, amma yolçuluğumuz
bəd keçməmişdi. Demək,
tısbağanın ayağı yüngül imiş... Bunu düşünəndə öz-özümə
gülümsünmüşdüm. İndi
tısbağa boyda bir daşın öhdəsindən gələ
bilməyən sürücü bundan pərt olmuşdu.
Novruz müəllim onun bu halını sezmişdi:
"Düş, düş, gör maşını necə
sürərlər!" Sürücünün
rəngi açıldı. Sanki
çiyinlərindən bir ağır yük
götürüldü. Qarşıda
irili-xırdalı daşlarla dolu bir çay yatağı
görünürdü axı...Novruz müəllimin
maşın sürməyini adi bir qələmlə sizlərə
çatdıra bilməyəcəyəm. Bunu
ancaq görmək lazım idi. Sanki görkəmli
yazıçımız hələ yazmadığı bir əsərini
daşların üzərinə yazmağa
hazırlaşırdı... Əvvəlcə daşların
dilini bilməliydin ki, bunu da bu səfərdə Novruz müəllimin
bildiyini də, Aydın müəllimlə birgə, canlı
şahidi olduq...
Bu maraqlı, həm də çətin yolçuluqla
bağlı Aydın müəllimin təəssüratlarını
hələ ki, bilmirəm. Bəlkə də elə
o da bu unudulmaz yolçuluğu qələmə alacaq.
Axı, o hələ dörd il bundan qabaq
bu yerlərə bir günlük səfərini
"Ömrümüzə yazılan gün" adlı
kitabında yerli-yataqlı təsvir edib. Yazımı Novruz
müəllimin qələmindən süzülən həmin
səfərin dolğun və məzmunlu təsvirləri ilə
bitirirəm...
"Yollarmı yorur insanı, yoxsa o yollarda təxmin
etdiyin yoxuşlarmı?!
Gül
qoxusu gəlir təbiətdən, yolları əhvalla
yürüsən...
Necə
gözəldi Gilgilçay, necə füsunkardı
Qızılçay, necə istiqanlılıqla qucaq
açıb hərarətlə qarşılayır bizi Dərkəl!
Vədəsində sularla öpüşüb bir-birinə dov
gəlmək üçün çarpışan daşlar
indi toz-torpaqdan kirəcləşib, lildən mamır
bağlasa da...
Necə də göz oxşayır Gilgilçayın
çöhrəsi, küllə bələnmiş sağ
sahilinin boz, səssiz-səmirsiz, quş da ötməyən
yamacları. Təkcə kəkliklər qayaların arasında
uzaqdan belə sezilən kövüllərdən seyr edir,
"gülümsəyir" yollarına.
Dağları,
ormanları, lal qayaları, quru çayları, heç demə,
elə belə də sevmək olarmış...
Sevmək olarmış, əlbət, yanında, ruhuna təbiətən əlçatmaz, əsrarəngiz ənginliklərindən, gözəlliklərindən daha mübhəm sığal çəkən bir nəfəs nur qoxuyursa...
O gün, bax, beləcə nur qoxuyurdu tozlu-torpaqlı yollar da, dabanımıza sığal çəkirdi köntöy daşlar da...
Yəqin duymamış deyildin, gəlişimizə necə baş endirib coşqu ilə rəqs edirdi qayaların sinəsində bitmiş yam-yaşıl tuyalar, gəlin göyçəklikli vələslər...
Qolu bağlı, ayağı kündəli o yollardan keçib Şabran qalasına sürgünə sürülərkən o gün bizlərin də yaşadığı, o oxşar abı-havanı duymasaydı, Xaqani "Həbsiyyə"ni o coşqu ilə yazardımı?
Şərvan nə gözəldi, necə təmtəraqlıydı təzə qonaqlarının qədəmlərinin sədasından.
Dübrar dağının gülümsər çöhrəsini gördünmü? Qayıdanbaş necə əl eləyirdi!..
O dağda, o vadidə bir gülün şehə həsrət teşnə ləçəyində xəfif bir küləyin isti öpüşü qaldı.
Daha nə yazım, bilmirəm, dünəndən yollardan küsmüşəm, ayaq basanda güldürən, endirəndə küsdürən yollardan..."
12 avqust 2017-ci il
AY Bəniz ƏLİYAR
Şairə, Azərbaycan
Yazıçılar Birliyinin üzvü
525-ci qəzet.- 2017.- 12 oktyabr.- S.8.