Sabir Rüstəmxanlının yeni kitabı təqdim olundu

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" kitabının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə tanınmış ziyalılar, ədəbiyyatşünaslar, yazarlar, oxucular media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AYB-nin Birinci katibi, Xalq şairi Fikrət Qoca S.Rüstəmxanlının yaradıcılığından, milli vətənpərvərlik ruhlu əsərlərindən söz açıb: "Sabir Rüstəmxanlı təkcə şair, yazıçı deyil, o, təpədən-dırnağa qədər ədəbiyyatdır".

 

AYB-nin katibi Rəşad Məcid çıxışında deyib ki, Sabir Rüstəmxanlı hələ onillər öncədən bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb: "Onun yaradıcılığının yüksəliş nöqtələrindən biri "Ömür kitabı" idi. Bizim düşüncəmizin formalaşmasında bu kitabın rolu əvəzsizdir. 80-ci illərdə, demək olar ki, bütün azərbaycanlı ailələrin evində bu kitabdan vardı. "Akademikin son əsəri" kitabı isə yenicə işıq üzü görüb. Bu yaxınlarda Sabir müəllimin V Bakı Beynəlxalq Kitab Sərgisində möhtəşəm imza günü keçirildi.  Həmin imza günündə xalqın öz yazarına, şairinə sevgisi, diqqəti məni bir daha sevindirdi. Bu kitabda müəllif  70-80-ci illərdə baş verən, bizim nəslin şahid olduğu hadisələrdən söz açır. Burada Sabir müəllimin öz obrazı da var. Kitabda bizə qaranlıq qalan bəzi məqamlar aydınlıq tapır, bəzi faktlarla daha yaxından tanış oluruq. Əsər böyük alim şəxsiyyət, akademik Ziya Bünyadovun həyatından bəhs edir bir hissədə akademikin qovluğu təsvir olunur. Bizə bəllidir ki, Ziya Bünyadovun şeirləri, bədii yaradıcılıq nümunələri olub. Bu baxımdan, əsər böyük bir dövrə ədəbi ekskursiyadır".

 

"Kaspi" Mətbuat Təhsil Mərkəzinin rəhbəri, filologiya elmləri namizədi Sona Vəliyeva çıxışında romanı geniş təhlil edib, qələmə alınan hadisələrə işıq tutub: "Şeir yazmaq elə bir haldır ki, bir an gəlir, qapı döyülür sən yazırsan. Nəsr isə elə deyil, böyük zəhmət, intellekt tələb edir. Yazardan vətəndaş münasibəti, özünün şəxsi mövqeyi tələb olunur. Bu, Sabir bəyin çox əsərlərində, xüsusən şeirlərində var. "Ömür kitabı" da, bu kitab da tarixi hadisələrə işıq tutur. Sabir bəyin "Akademikin son əsəri" kitabını, çox istəyərdim ki, orta məktəblərə paylasınlar, bu kitab başqa yerlərdə təqdim olunsun, yayılsın. Mən "Kaspi" liseyində bu əsəri təqdim edib müzakirəsini keçirəcəyəm. Kitab zəngin tarixi araşdırma məhsuludur. Sabir bəyin qələmindən çıxırsa, mən oxuyuram. Düşünürəm ki, onun özü bir kitabdır, bəlkə min yaşı var. "Akademikin son əsəri" romanı cəsarətli vətəndaş mövqeyinin ifadəsidir. Burda yalnız Ziya Bünyadovun deyil, Azərbaycanın taleyi təsvir olunub".

 

Romanı ağrılı əsər adlandıran rejissor Rövşən Almuradlı qeyd edib ki, əsərdə bizə yad heç yoxdur, bu hadisələrin hamısı gözümüzün qabağında cərəyan edən hadisələrdir. Ancaq burada oxucunu heyrətə gətirən müəllifin yazı üslubu, hadisələrə yanaşma tərzidir. Əsəri tarixə mistik yanaşma adlandıran rejissor vurğulayıb ki, burada vətənini, millətini coşğun məhəbbətlə sevən müəllifin vətəndaş hayqırtısı var.

 

Millət vəkili Fəzail İbrahimli deyib ki, XX əsr Azərbaycan tarixindəki faciələrə həsr olunan əsər həmin yüzilliyin ilk illərində azərbaycanlılara qarşı aparılan aşkar-gizli soyqırımdan qidalanır. Əsərin əsas məziyyətinin Ziya Bünyadovun obrazının yaradılması olduğunu deyən millət vəkili, qeyd edib ki, bu əsəri oxuyan gələcək nəsil gerçək qəhrəman obrazı ilə məhz onda tanış olacaq.

 

S.Rüstəmxanlı ilə tanışlığından söz açan, xatirələrini bölüşən şair, tərcüməçi Çingiz Əlioğlu daha sonra deyib: "Onun nəsr əsərlərindən biri ölməz şair Məhəmməd Hadi, yeni kitabı isə Ziya Bünyadov haqqındadır. Sabir müəllim bu əsərləri ilə sanki həmin dahi şəxsiyyətlərə yeni nəfəs verdi".

 

Professor Qulu Məhərrəmli kitabın bədii məziyyətlərindən söz açıb, onu həm tarix, həm ədəbiyyat üçün sanballı əsər adlandırıb: "Sabir bəyin əsərlə bağlı ilk uğuru odur ki, qəhrəmanını doğru müəyyən edib. Ziya Bünyadov kimi baş qəhrəmanı olan bu əsərdə böyük bir xalqın, ölkənin tarixinə aid gizli mətləblər öz həllini tapır".

 

Fəlsəfə elmləri doktoru Rahid Ulusel, yazıçı Seyran Səxavət, tanınmış hüquqşünas Adil Minbaşı, professor Firudin Cəlilov başqaları çıxış edərək, "Akademikin son əsəri" kitabı haqqında  düşüncələrini bölüşüb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

 

Çıxış edənlərə iştirakçılara təşəkkürünü bildirən Sabir Rüstəmxanlı əsərin yazılma səbəbindən söz açıb: "Azərbaycan xalqı dəhşətli iki əsr yaşayıb. Bəzən çox şey bilirsən, düşünürsən, amma onun hamısını yaza bilmirsən. Ziya Bünyadov bu tarixi ən yaxşı bilən ziyalılarımızdan idi. O, "Qırmızı terror" əsəri üçün apardığı araşdırmalarından sonra bu faciələrin ağırlığına dözməyib ağlayırdı. Bütün bunlar məni çox narahat edirdi son kitabımda da bu məsələləri qələmə almışam. Bizim yazıçı kimi vəzifəmiz bu həqiqətləri yazıb göstərməkdir ki, cəmiyyətimiz nəticə çıxarsın".

 

Müəllif sonda qonaqlar üçün kitab imzalayıb.

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2017.- 12 oktyabr.- S.7.