Mustafanın söz
çəməni
Çəmənli Mustafa mənim üçün müqəddəs, əsrarəngiz, möhtəşəm Qarabağın bir ovuc söz odudur.
Yaşayır kəlmə-kəlmə, misra-misra,
çəmən-çəmən, kitab-kitab. Gecələrin gözündə, gündüzlərin işığında
par-par yanır. Ağdamın külü içində
qovrulur. Şuşada Bağrı qan qayasından asılır.
Haray Vətən-Vətən deyir.
Sonra göyüm-göyüm göynəyir,
yara kimi sızlayır. Külli-Qarabağın
məlhəmini, harayını
sinəsinə çəkib,
əllərini İmarətə
doğru uzadıb damla-damla yaş tökür...
Çəmənli Mustafa sözünü mən qəsdən işlədirəm. Mustafa Çəmənli demirəm.
Onun ömrü çəməndi.
Çəmənlinin qeyri-adi gözəlliyidi.
Onun gözündə kiçik
bir Çəmənli
kəndi Qarabağın
söz çələngidir.
Bülbülləri oxuyur,
gülləri nazlanır,
ağacları ucalır,
otları göyərir,
baxçaları şehlənir...
Mustafa Çəmənli belə bir cənnət
güşəsində dünya
tapıb, dünyalaşıb,
sənətləşib, kamilləşib,
könüllərdə cücərib.
Çəmənli Mustafa intellektual insandır. Özünəməxsus talantlı poetik təfəkkür sahibidir,
dərin mühakiməli,
müdrik söz sahibidir. Çəmənli kəndinin kökünü
araşdırıram. Mənə elə gəlir ki, bu Qarabağlı
Çəmənli kəndi
bəlkə böyük
yazarımız özünə
təxəllüs götürdüyü
Cənubi Azərbaycandakı
Çəmənzəminli kəndi ilə doğma qardaşdır.
Qarabağda isə məşhur kənd olaraq Vətən torpağının bağ-bağatlı
bir insan məskənidir...
Açığını deyim ki, Çəmənli
Mustafanın bir-birindən
dəyərli əsərlərindən
sonra tanımışam. Mən uzun
müddət Xankəndində,
Şuşada, Gəncədə
yaşamışam. Mustafa
isə doğma taleyini Bakı ilə bağlayıb.
Əsərləri isə tez-tez
qonağım olub.
Sonra onunla Bakıda görüşüb doğmalaşdıq.
Mustafa Çəmənli zəngin yaradıcılıq
diapazonuna malik yazar, tədqiqatçıdır.
Mustafa Çəmənli təmtaraqsız sakit bir ömür yaşayır. Əsərlərinin kökü dərin qatlara gedib çıxır.
İlk hekayəsindən bu gün həvəslə yaratdığı əsərlərinə
qədər millidir.
Vətən və söz
aşiqidir. Özünün dediyi kimi, ədəbiyyata
lirik hekayə ilə gəlib. Gənc yazarın ilk hekayəsini görkəmli naşir, o zaman mətbuat komitəsinin sədri işləyən xeyirxah insan, dostumuz Əjdər Xanbabayev oxuyur və bəyənir. Hekayənin çapını
nəşriyyatın baş
redaktoru, görkəmli
şair Əliağa Kürçaylıya göndərir
ki, bu hekayəni
və Mustafanın bir çox əsərlərini kitab halında nəşrinə
kömək etsin.
Ə.Kürçaylı hekayəni oxuduqdan
sonra böyük qürurla Mustafanı ürəkdən təbrik
edir. Və bu kiçik,
çox-çox mənalı
hekayə haqqında gözəl bir məqalə yazır.
Mustafa Çəmənli çağdaş
ədəbiyyatımızın cəfakeş yaradıcılarındandır.
Yüksək mənəvi keyfiyyətlərə
malik yazıçı-publisistdir.
Azərbaycan Yazıçılar
Birliyinin, Jurnalistlər
Birliyinin üzvüdür.
Bədii
yaradıcılığa tələbəlik
illərindən başlayıb.
Bir-birinin ardınca hekayələr,
povestlər, romanlar,
dram əsərləri, albom
kitabları yaradıb.
Mustafa Çəmənli Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsində
təhsil alıb. "Yazıçı" nəşriyyatında redaktor,
böyük redaktor, əvvəl klassik ədəbiyyat və folklor redaksiyasının,
sonra nəsr redaksiyasının müdiri
vəzifələrində işləyib.
Mustafa Çəmənli milli musiqi sənətinin
təbliğində müstəsna
xidmətləri olan yazıçıdır. Bu şaxəli xidmətlərinə
görə, Mətbuat
fondunun "Dram ulduzu"
(1993) mükafatını alıb.
Hərbi-vətənpərvərlik ruhunda yazdığı
məqalələrinə görə
Yazıçılar Birliyinin
diplomuna, "Xallı
gürzə" tarixi
romanına görə
"Yaddaş" milli
mükafatına layiq görülüb. "Ölüm mələyi"
tarixi romanını Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin "Qızıl kəlmə"
ədəbi mükafatını
alıb. Xatırladım
ki, Mustafa Çəmənlinin
bütün yaradıcılığı
təkcə "Xallı
gürzə" və
"Ölüm mələyi"ndən
ibarət olsaydı, mən yenə onu gözəl yazıçı hesab edərdim.
Mustafa Çəmənli zəhmətkeş,
yazıçı-
publisist və tədqiqatçıdır. Qurama mövzulara
əl atmır. Hansı əsərini oxusan, səndə xoş əhval-ruhiyyə yaradır.
Mustafa geniş dairədə, ədəbi
orbitdə parlayan, oxucu ruhunu cilovlayan
dərin məntiqi mühakimələrə malik
yazıçı-publisistdir. Təbiət
etibarı ilə təmkinli, sadə, aydın və işıqlı insandır.
Nə yazıbsa, ürəkdən
yazıb, onun boğazından yuxarı sözü yoxdur. Daxilən zəngin, mənalı, milli-mənəvi dəyərləri
ilə seçilən
sənət, vətən,
millət, yurd fanatikidir.
Mustafa Çəmənli məhsuldar qələm adamıdır. 24 ədəbi əsərlərin, 5 albom kitabın müəllifidir. Eyni zamanda, 10-dan artıq kitabın tərtibatçısıdır. Əsərlərindən bir neçəsinə diqqət çəkək: "Mənim dünyamın adamları" (1982), "İtirilmiş səs" (1985), "Nəğməli xatirələr" (1997), "Muğam dünyasının xanı" (2001), "Səsin ruhu" (2003), "Ruhların üsyanı" (2007), "Məcnunun Məcnunu" (2010), "Mübariz" (2010), "Sənət hekayəsi" (2014), "Səhnəmizin ağ çiçəyi" və nəhayət "Xallı gürzə" (1991), "Ölüm mələyi" (2012). Bu zəngin sıralamanı ikiqat artırmaq olar. Albom kitablarına baxaq: "Arif Babayev-70", "Habil Əliev-80", "Əlibaba Məmmədov-80", "Canəli Əkbərov-70", "Ağaxan Abdullayev-60".
Əlbəttə, mən Mustafa Çəmənlinin sənət dünyasına genişliyi ilə baş vurmadım. Sadəcə, onun əsərlərinin zərrə qədər oduna-közünə qızınmaq istədim. Mustafa Çəmənli 70 yaşın dizini mübariz ruhda, qeyrətlə yerə vurur. Böyük yaradıcı insanlar bu yaşdan sonra da yaratdıqları hər hansı bir sənət əsəri ilə öyünə bilər. Mustafa Çəmənlinin bundan sonra Qarabağ, o taylı-bu taylı böyük Vətən ağrıları üstündə daha məzmunlu əsərlər yaradacağına ürəkdən inanıram.
Mən bu kiçik yazını bir qədər poetik ruhda köklədim. Bu ruhla da Mustafa sənətinə, Mustafa ömrünə yanaşdım. Bu gün Qarabağda kül qoxulu qanadları qana bulaşmış bir külək əsir. Başımız üstdən yaralı durnalar qatar-qatar keçir. Mustafa Çəmənli Sultanbud təpəsinin üstünə çıxıb durnalara xitabən deyir: "Qərib-qərib uçan durna, bizim ellər yerindəmi?" Durnalar yurd həsrətli yazıçının səsini eşidib hərəsi qanadından bir lələk salıb keçirlər. Sanki deyirlər, Sizin ellər köç eylədi, yağı düşmən yurdunuzu heç eylədi. Mustafa təpənin başında göynəm-göynəm göynəyir. Gecəni ağrısına bələyib səhəri kirpiyi ilə açır. Gözünün önündən külə dönən Ağdam, Şuşa, işğal altında olan digər Vətən torpaqları keçir və "Qayıdış" adlı romanını məlhəm kimi Qarabağ yarasının üstünə çəkir.
Ömrün uzun, həyatın
ağrısız-acısız keçsin,
Mustafa Çəmənli! Çəmənlimiz
çəmən-çəmən göyərsin!
Ənvər
ƏHMƏD
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 12 oktyabr.- S.7.