Öz sözü,
öz cığırıyla tanınan Məmməd
Namaz
Əlli
yeddi ildir ki, bu dünyanın
Məmməd Namaz adlı bəndəsi Əlahəzrət Sözün
qulluğundadır və
bu əlli yeddi ildə Məmməd Namaz Sözün əzabına
dözə-dözə gəlib
yetmiş beş
yaşına çatıb.
Tovuzun Əsrik-Cırdaxan kəndində
dünyaya göz açan Namazov Məhəmməd Əli oğlu ilk şeirini
1961-ci ildə "Sosializm
kəndi" rayon qəzetində
dərc elətdirib və o gündən həmişə öz sözünün yiyəsi
olub, çalışıb
ki, bu ədəbiyyatda
lap kiçik də olsa, bir cığırı
olsun və Məmməd Namaz bu cığırda öz yoluna davam etsin. İstəyinə çatıb. Tovuzun Əsrik-Cırdaxan
kəndi Azərbaycan poeziyasına iki istedadlı, ədəbiyyatda
iz qoyan şair bəxş edib - Məstan Günəri və Məmməd İsmayılı.
Məmməd Namaz üçüncüdür və
özünə ustad sandığı bu şairlərlə birgə
kəndinin, doğulduğu
ocağın üzünü
ağ edib.
Amma Məmməd Namazın bütün həyatı,
taleyi Sumqayıtla bağlı olub, Bakının qaynar ədəbi mühitindən
o qədər də fərqlənməyən Sumqayıt
ədəbi mühiti
onun üçün elə öz kəndi kimi doğma bir ocağa çevrilib.
Amma Məmməd Namaz bəlkə iyirmi ildən artıq Sumqayıt-Bakı yolunun daimi sərnişini olub, "Gənclik" nəşriyyatında redaktor
işləyib, bu iyirmi ildə yüzlərlə şeir,
nəsr kitabı onun redaktorluğu ilə cilalanıb, işıq üzü görüb.
Məmməd Namaz çox təvazökar şairdir. Özü
haqqında heç vaxt "mənim şeirim", "mənim
yaradıcılığım" ifadəsini işlətməyib,
onun şeirləri barədə tənqidçilər
bir az xəsislik
eləsələr də,
Mirvarid Dilbazi, Famil Mehdi, İlyas
Tapdıq, Məstan Günər, Zahid Xəlil, Rafiq Yusifoğlu ürək sözlərini izhar ediblər. Şeirləri dərsliklərə də düşüb.
Məmməd Namaz istedadlı
bir şairdir və onun müasir
uşaq poeziyasında
məxsusi dəst-xətti,
hətta deyərdim, üslubu var. Bu gün uşaq ədəbiyyatının
kəm-kəsirlərindən, geriliyindən gileylər eşidilir və əgər nisbətlə
götürsək, doğrudan
da, ötən onilliklərlə müqayisədə
uşaq ədəbiyyatında
böyük maraq doğuran, ədəbi hadisəyə çevrilən
əsərlərin sayı
çox azdır. Amma Məmməd Namazın bütün bu illər ərzində uşaqlar üçün
yazdığı şeirləri
oxuyandan sonra bir təskinlik tapa bilirsən.
Dahi Belinskinin məşhur bir kəlamı var: "Uşaq şairi sonralar yaranmır, o, elə uşaq şairi kimi doğulur". Məmməd
Namaz da məhz əsl uşaq şairidir. Bəs "əsl uşaq şairi" nəmənədir?
Mən böyük şairimiz Səməd Vurğunun
1944-cü ildə qələmə
aldığı "Balalarımız
üçün gözəl
əsərlər yaradaq"
məqaləsini xatırlayıram
və o məqalədə
Səməd Vurğun
həm öz dövrü, həm də bu gün
üçün müasir
səslənən fikirlərinə
üz tutdum: "Uşaq üçün yazılmış hər bir əsərin əsasında məna gözəlliyi yaşamalıdır.
Mənası dayaz, qayə və məqsədi aydın olmayan, ötərgi hisslər və təsirlər tərənnüm
edən əsərlər
uşağın hafizəsində
ani bir qığılcım
kimi parlayıb sönür... Uşaq humanistdir. Onun ruhu
ən xeyirxah hisslər yuvasıdır.
Yazacağımız əsərlər
yalnız bu xeyirxah və gözəl hissləri tərənnüm etməlidir...
Uşaq xəyalı səyyardır.
O, şıltaq bir ulduz kimi daima
süzüb oynar. O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan bir kəpənəyə bənzər. Daim hərəkət uşaq təbiətinin hüsnüdür. Xəyal və
romantika bu təbiətin qanadlarıdır...Uşaq təsəvvürü
mürəkkəb və
dolaşıq səhnələri,
təsvirləri həzm
etmədiyindən, sadəlik
və təbiilik, yalnız ürəkdən
qopan həyəcanlarla
yazılan əsərlər
həqiqi uşaq ədəbiyyatı adlana bilər".
Böyük şairimizin bu dəqiq mülahizələri
ilə Azərbaycan uşaq ədəbiyyatının
son 100 ildəki mənzərəsinə
nəzər yetirirəm
və qarşımda Abbas Səhhətin, Mirzə Ələkbər
Sabirin, Abdulla Şaiqin,
Süleyman Sani Axundovun, Mikayıl Müşfiqin,
Mir Mehdi Seyidzadənin,
Mirvarid Dilbazinin, Mikayıl Rzaquluzadənin,
Teymur Elçinin, İlyas Tapdığın,
Hikmət Ziyanın, Xanımana Əlibəylinin,
Məstan Günərin,
Əzizə Əhmədovanın,
Yusif Əzimzadənin,
Zahid Xəlilin, Əli Kərimin, Tofiq Mütəllibovun uşaqlar üçün
yazdığı ən
gözəl şeirləri,
hekayələrindən ibarət
qalın bir kitab görürəm. Məmməd
Namazın da bu qalın kitabın
lap sonuncu səhifələrində
yer tutmağa haqqı çatır.
Uşaqlar üçün yazılan
şeir elə ilk misrasından dilinin, ifadə tərzinin sadəliyi və içində fikir olan məzmun gözəlliyi ilə diqqəti cəlb etməlidir. Və o şeirdə uşaq
marağı, uşaq
sevgisi əks olunmalıdır. Məmməd
Namaz bir şeirində yazır ki:
Uşaq
şairi
Uşaq kimidir.
Ürəyi güldən
Yumşaq kimidir.
Kin-küdurətdən
Uzaq kimidir.
Lalə
çəkilmiş
Bayraq kimidir.
Nəğmələr ötən
Dodaq kimidir.
Arılar
qonan
Yarpaq kimidir.
Çörək bitirən
Torpaq kimidir.
Uşaq nəyi sevir, laylanı, yoxsa yuxunu? Baxaq:
Anası
laylay çalır:
Layla balam, yat, balam.
Qızıl beşik içində
Şirin yuxu tap, balam.
Leyla isə beşikdən
Boylanır gülə-gülə.
Yanaqları bənzəyir
Ətirli qızılgülə.
Yuxu getmir gözünə,
Leylaya bax, Leylaya.
Layla yuxudan şirin,
Qulaq asır
laylaya.
Məmməd Namazın hər hansı bir uşaq şeirindən belə nümunələr
gətirə bilərəm. Əslində, "uşaq şeiri" deyilən bir anlayış şərtidir,
o şeir təkcə
uşaqlar üçün
yazılmır, böyüklər
- müəllimlər, valideynlər,
bağça mürəbbiləri,
hətta babalar, nənələr üçün
də yazılır.
Səməd Vurğun adını
çəkdiyimiz məqalədə
yazırdı ki, balalar üçün yazılan şeirlərdə
vətənpərvərlik, yurd ocaq sevgisi
birinci sırada durmalıdır. Məmməd
Namaz da Vətəni - Azərbaycanı
uşaqlara sevdirə bilir:
Görün nə qədər
Ağac çəkmişəm?
Dərə, təpə, dağ,
Yamac çəkmişəm.
Daşdan
süzülən
Bulaq çəkmişəm,
Bulaq başında
Oğlaq çəkmişəm.
Güllü-çiçəkli
Çəmən çəkmişəm.
Vətən tək geniş
Vətən çəkmişəm.
Şair
dostu, illər boyu bir nəşriyyatda
çalışdığı Musa Ələkbərli onun haqqında yazır ki: "Məmməd Namaz əsl şairdir. Əlli il şəhərdə
yaşasa da, kənddən gətirdiyi sadəliyə, səmimiyyətə,
ləhcəyə, geyimə,
təhər-tövrə hələ
də sadiqdir".
Kənddə, ya şəhərdə dünyaya göz açmağın elə
bir fərqi olmasa da, hər
halda, o sadəliyin kökü, o təbiiliyin
ilki doğulduğun məkandan gəlir.
Amma əsl şeirin
gözəlliyi onun obrazlı, poetik tutumundan gəlir. İstəyirsən şəhərli ol, istəyirsən kənddən gəl, şeir səni orijinal, bənzəri olmayan fikir-hiss qovşağına çəkməlidir.
Bu da bir əzabdır,
məni yaşadır,
İlhamım cəhənnəm daşından
çıxır.
Bir vaxt ayağıma batan tikanlar
İndi ürəyimin başından
çıxır.
Könlümdə Vətən bitər,
Dilimdə Vətən bitər.
Əlim
dəysə daşına-
Əlimdə Vətən bitər.
Mən Məmməd
Namaz haqqında söhbəti burada bitirə bilərdim. Amma onun
son illərdə qələmə
aldığı hokkular
barədə də fikir bildirmək istəyirəm. Təbii ki,
indi bir çox şairlər də hokku yazmağa
girişiblər və
yapon şeirinin bu nümunəsinə bizim poeziyada təzə libas geyindirməyə çalışırlar.
Bu da təbii
prosesdir. Eksperiment alınır
da, alınmır da. İstedada baxır. Məmməd Namaz da hokku
yazır və bir silsilə hokkuları elə bu qəzetdə,
2014-cü ildə dərc
etdirib. Tərif üçün və yubiley xətrinə demirəm, bu qısa, hər
biri üç misradan ibarət şeirləri oxuyandan sonra onları "Azərbaycan hokkuları"
kimi qəbul etdim. İndi bu "milli hokkular"lardan üçcə
nümunə ilə
75 yaşlı Məmməd
Namaz haqqında söhbətimi də bitirmək istəyirəm:
Məni
dəfn edəndə ağa bükməyin
Ağ gün görməmişəm
Bu dünyada mən.
lll
Dərilməmiş çiçəklər
Deyilməmiş
sözlər kimidir.
lll
Əlləri o qədər zərifdi
ki
Ürək üzmək olar bu əllərlə
Çiçək yox!
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2017.- 13 oktyabr.- S.4.