Azərbaycan ünvanlı Məmməd
Araz poeziyası
Xalq şairi Məmməd Araz (1933-2004) Azərbaycan ədəbiyyatında
çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq
qüdrətinə görə özünəməxsus yeri və
mövqeyi olan görkəmli söz ustadıdır.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli
şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli
ədəbiyyat nəhəngidir. Bu görkəmli
şair həm də milli azadlıq ideayalı əsərlərilə
istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
“Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə
nə varsa ona demişəm. Anadan-bacıdan gizlətdiyimi,
Kağızdan, qələmdən gizlətməmişəm”,
- deyən şair səmimi və zəngin bir
yaradıcılığa malikdir. Görkəmli elm xadimi
akademik İsa Həbibəyli yazır: “Xalq şairi Məmməd
Arazın sənəti onun özünün və mənsub
olduğu xalqının qeyri-adi tərcümeyi-halıdır”.
Buna görə də: “Şair dostum, çaldığın saz,
Eldən ayrı səs ucaltmaz” - deyən Xalq şairi
yaradıcılığın yalnız el həqiqətinə
xidmət etməsini doğru bilmişdir.
Görkəmli söz ustadı Məmməd Arazın sənət
dünyasında vətən müqəddəsliyi, xalq məhəbbəti,
el həqiqətləri bədii yaradıcılığın
nüvəsində dayanır. Məmməd Araz
şeirinin hər sətri, hər misrası, təqdim və təsvir
olunan hər obrazı, detalı vətən qüdsiyyətini
ifadə edir. Ədibin əsərlərinə gətirdiyi
hər daş parçası, qaya, hər kol, ağac, dərə,
dağ, quş, heyvan, ot - bir sözlə:
hər xilqət vətən əzəməti, el sevgisi, yurd
müqəddəsliyinə xidmət edir. Bu baxımdan professor
Yaşar Qarayev doğru deyib: “Məmməd Arazın şeiri
düşüncədə, əxlaqda və qeyrətdə
yaddaşın şeirdə ifadəsidir”.
Məmməd Arazın yaradıcılığında vətən
sevgisi, vətənpərvərlik, ümumiyyətlə, Azərbaycançılıq
motivləri öndə gəlir. Şairin ilk
sözü Vətəndən başlayıb, Vətəndə
də bitir. “Ürəyimsiz kəlmə
yazan deyiləm”, - deyən sənətkar bütün
varlığı ilə özünü Vətənə həsr
etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş
kimi ifadə edir, xalqına bağlı olan ədib bütün
yaradıcılığı boyu əsərləri ilə
sanki vətəndaşlıq himnləri yaradır.
Akademik Kamal Abdullanın dediyi kimi: “Məmməd Arazın
sevgisinin kökündə yalnız və yalnız vətən
dayanır”. “Ana yurdum, hər daşına üz
qoyum, Hər dərəndə çaldığım saz
yaşayır”- deyən ədib üçün ana yurdu bir səcdəgah,
insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə
qovuşduran məbədgah, məzargahdır. Xalq
şairi Məmməd Araz həm də o sənətkardır
ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”,
- deyə vətəndaşlıq konsepsiyasını irəli
sürüb. Buna görə də:
Vətən
mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu
torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır,
xəzanımdır, xəzanım,
- deyən şairin misraları vətəndaşlıq
şəhadətinin özünəməxsus poetik dillə
ifadəsidir. Qətiyyətlə demək olar
ki, Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın
milli istiqlaliyyəti, birliyi və ərazi
bütövlüyü uğrunda öz qələmilə
mübarizə aparan əbədiyaşar sənətkarlardan
biri də “Xətayinin qılıncını suvardım, Məmməd
Araz karandaşı göyərdi” deyərək öz poeziyası
ilə qələmini milli ideallar, dövlətçilik və
ərazi bütövlüyü uğrunda mücadilədə
silaha çevirən görkəmli söz ustadı Məmməd
Arazdır. “Mənim yurdum hardan başlar?
- ürəyimin kandarından...” - deyən şairin
yaradıcılığında Azərbaycan bütün mənəvi
böyüklüyü, qüdrətilə əks olunur. Məmməd Araz yaradıcılığı və
bədii düşüncəsində Azərbaycan bir
Dünyadır, Kainatdır. Onun
yaradıcılığında Azərbaycan öz əxlaqı,
mənəviyyatı, dərin ruhi-mənəvi aləmi, zəngin
dəyərləri və sairləri ilə bir baxış,
dünyagörüşü, özünəməxsus bir
dünyadır:
Azərbaycan!... Qayalarda bitən bir çiçək...
Azərbaycan,
çiçəklərin içində qaya...
Mənim
könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya.
Şairin yaradıcılığında əsaslı,
aparıcı yer tutan, mövzu-mündəricəsini təşkil
edən Araz mövzusu eyni zamanda ədibin möhürünə,
onun ədəbi ünvanına, təxəllüsünə
çevrilir.
Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda
Arazı gördüm”, “Araz üstə çinar
gördüm”, “Yenə Arazı gördüm”, “Arazın
işıqları”, “Mən Araz şairiyəm” və b. kimi
şeirləri, “Araz axır” poeması məhz Arazla ayrı
bölünmüş vətənin bütövlük həsrətinə
həsr olunub. Bu əsərlərdə
paralanmış Azərbaycanın dərin nisgili yer alıb.
Buna görə də: “Qələm gəldi əlimə - Araz
gəlir dilimə”, - deyə Araz mövzusu şairin sənət
kredosu və yaradıcılığının baş
mövzusuna çevrilməklə bütün sənət
idealını özündə cəmləşdirir. “Mən
Arazın səsiyəm” deyən şair həm də ona
görə “Böyük Azərbaycan”çı şairdir ki,
Araza həsr olunan əsərlərində Azərbaycançılıq
məfkurəsi ilə yaşadığını əks
etdirməyə nail olmuşdur. Çünki
şair Araza təkcə bir çay kimi deyil, həm də
tarix kimi, bütöv Azərbaycanın açarı,
bütöv vətən idealının rəmzi kimi baxır.
Buna görə də şairin
yaradıcılığında Araz çox zaman
obrazlaşır: Araz özünün dərdli, həsrətli,
bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli
xarakterilə yer alır və dil açıb
danışır. Bu baxımdan Araz onun
yaradıcılığında həm Azərbaycandır, bir
ölkənin, vətənin tarixi, taleyi, bir xalqın, millətin
ayrılıq dərdi, həsrətidir, həm də bir vətəndaş-şairin
nisgili, qəlb yarası, sənət mövzusudur.
Məmməd Araz həm də milli
istiqlalımızın önəmli simalarından biridir. Şairin
“Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri
1988-90-cı illər Azərbaycanın milli müstəqillik
uğrunda apardığı mücadilə dönəmində
böyük mənəvi təkan rolunu oynayıb.
Ədibin “Ata millət, ana millət ağlama”, “Bizi vətən
çağırır”, “Ulu şahım, qılıncına
söykənim mən” və b. şeirləri milli istiqlal
şeirimizin ən tutarlı nümunələrindəndir. Xalq şairi Məmməd Araz
yaradıcılığında Araz mövzusu ilə vətənin
bütövlüyü ideyası istiqamətində bir
çox milli məsələləri
işıqlandırdığı kimi, XX əsrin
axırlarında xalqımızın bəxtinə yazılan
Qarabağ problemini də vətəndaşlıq
yanğısı ilə əks etdirib. Xalq
şairi öz yaradıcılığına Azərbaycan
xalqının yeni əsr, yeni minillikdə başına
açılan problemlərini də gətirib, Qarabağ dərdini,
qaçqınlıq, köçkünlük faciəsini,
xalqın taleyinə yazılan dərdləri əhatəliliklə
işıqlandırıb. Əsərlərində
qüvvətli mübarizə idealı olan Məmməd Araz
milli oyanışa, Qarabağ savaşına aid
yazdığı əsərlərində mübarizə əzmini
qoruyaraq “Ayağa dur, Azərbaycan” əsərində “Atın
məni tank altına, Qundaqdakı bir körpəni xilas edim.
Neçə “səni”, neçə “məni”
xilas edim”, - deyə babalardan gəlmə döyüş və
mübarizə qeyrətini, vətən sevgisi və fədakarlığını
nümayiş etdirib. Xalq şairinin “Ya rəbbim, bu
dünya sən quran deyil”, “Ata millət, ana millət,
ağlama”, “Bizi vətən çağırır”, “Əsgər
oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər
qaçqınlarına” və b. əsərləri məhz bu
dövrün problemlərini əks etdirən qiymətli ədəbi
nümunələrdir. Xalq şairi Məmməd
Araz mövzusu nə olursa olsun, Azərbaycan həyatından,
taleyindən, dərdindən, sevincindən yazaraq yenə də
bir ideala - Azərbaycanın bütövlüyü və
azadlığı idealına xidmət edib. Elə “Ya rəbbim, bu dünya sən quran deyil” əsərində
də əsas motivlər “Ya rəbbim, bizlərə qaytar bizləri”,
“Ya rəbbim, əl açdıq, tut əlimizdən,
Çıxmasın bu doğma yurd əlimizdən” kimi motivlər
üzərində qurulub. Xalq şairi Məmməd
Araz milli istiqlal tariximizdə oynadığı rola görə
idi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif
edilib.
Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Araz bu nəğmənin sözlərini də məhz bal-şəkər ana dilində yazıb. Onun şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. Azərbaycançılığı bütün ruhu ilə ifadə edən Xalq şairi Məmməd Araz ana dilinin bütün poetik qüdrəti ilə yaratdığı əsərləri ilə Azərbaycançılığın dərslik kitabını yazıb. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə və dolğun, dəqiq sözlərin tapılması böyük sənətkarlıq nailiyyəti olaraq Məmməd Araz sənətkarlığının səciyyəsidir. Bəzən ən az istifadə edilən sözlərin belə tapılıb istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin: “Dolular qırımlı, daşlar döyənək, Sən kimə gərəksən, mən kimə gərək” və yaxud: “Haray durnam, qatarımı itirdim, Havar çəkdim, havarımı itirdim. Dalğasında avarımı itirdim”, habelə: “Keçməzliyə keçid olan Çəhlimlərin açarını”, “Girəvə-marıqda yatar birisi” və sair kimi misralarında olanlar tək elə sözlər işlənir ki, bu sözlər ana dilimizin söz, məna zənginliyi və forma gözəlliyini əks etdirən mükəmməl göstəricilərdir. Ana dilinin belə kamil işlənməsi və təcəssümünə görə onun yaradıcılıq dilinə xüsusi qiymət verən tədqiqatçılar, o cümlədən, yazıçı Sabir Rüstəmxanlı da haqlı olaraq yazırdı: “Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. ...Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir”. Yazıçı Anarın bu fikirləri də ifadə və tutum baxımından daha dəqiqdir ki: “Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, nə də darısqal dil köynəyində çırpınan düşüncələr”.
Xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Xalq şairi adlarına layiq görülmüş, dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif edilmişdi. Bu görkəmli söz ustadının indi də xatirəsi əziz tutulur. Şairin vətəni Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin sərəncamı ilə 80 illik yubileyi böyük təntənə ilə qeyd edilib, doğma kəndi Nursuda Ev muzeyi yaradılıb, “Naxçıvan” jurnalının bir nömrəsi və “Məmməd Araz: taleyi və sənəti” kitabı ona həsr olunub, əsərləri yenidən çap edilib.
Beləliklə, Məmməd Araz sənəti və sənətkarlığı ədəbi bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Ədibin xalqa bağlılığına, ana dilinə, xalq ədəbiyyatına, xalq müdrikliyinə, hikmətinə bələdçiliyinə görədir ki, onun əsərləri axan bir su, qaynayan bir bulaq təsiri bağışlayır. Bu mənada Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında liman salan bir gəmidir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə
müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.23.