İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik

 

 

 

İtaliyaya səfər etmək, onun zəngin tarixi və müasir həyat tərzi ilə böyük fasilədən sonra yenidən tanış olmaq imkanı təklif edildikdə, bu ehtiram nümayişini qəbul etməyə bilməzdim.

 

Səfərə beş nəfərdən ibarət qrupla yollanmalı idik, təəssüf ki, planlaşdırmanın, təşkilat işinin bütün əziyyətini çəkən, zəngin təcrübəsinə əsaslanaraq səyahətin xırda detallarına və marşrutuna qədər layihəsini cızan dostumuz məşğulluğunun çoxluğundan bizə qoşula bilmədi. Ancaq onun xidməti mübaliğəsiz olaraq mərdlik altruizmi nümunəsi sayıla bilərdi. Onsuz da istənilən səyahət problemsiz ötüşmür və mən dəfələrlə bunun şahidi olmuşam.

 

Dörd nəfər təyyarə ilə Milana uçduq, oradan da vaxtı itirmədən şəhərin Sentrale vağzalına gəlib, qatarla Romaya yola düşdük. İyulun son ongünlüyünün xeyli hissəsini ölkənin paytaxtında qaldıqdan sonra, yenidən Milana qayıtdıq. Səhərisi isə qatarla Venetsiyaya getdik. Proqram çox ustalıqla tərtib edilmişdi və biz səfərin bəzi nüanslarına baxmayaraq, çox razı qaldıq.

 

Üç onillik bundan əvvəl də mən həmin ölkədə olmuş, onun mərkəzindəki və şimalındakı şəhərlərə getmiş, Neapolda, Avellinoda, Kapri adasında, Sorrentoda, Florensiyada olmuş, Fransa sərhədinə qədər getmişdim. Səfər vaxtı bizi əcnəbi konsernin nümayəndələri və tərcüməçi rahat avtomobildə müşayiət edirdi. O vaxt İtaliyanın gözəl təbiəti və şəhərləri ilə geniş tanış olmaq imkanına malik olmuşdum.

 

Budəfəki qrupun üzvlərinin hamısı ingilisdilli idi, səfər yoldaşlarımın üçü də bu dildə sürətlə danışır və yaxşı təmasa girə bilirdilər. Onlardan biri isə italyanca danışır, deyilənləri yaxşı başa düşürdü. Bu isə heç də kiçik məsələ deyildi, çünki italyanlara ingiliscə sual verdikdə belə, adətən, öz ana dillərində cavab verirlər, bəziləri isə, ümumiyyətlə, bu dilə bələd deyildir. İtalyanca danışan dostumuz bizi çətinliyə düşməkdən uzaqlaşdırmağı bacarırdı. Romanın Termini dəmiryol vağzalı bizi daha böyük qələbəliyi və səs-küyü ilə təəccübləndirdi. Otelimiz məşhur Via Veneto - Veneto küçəsinin və İspaniya meydanının yaxınlığında idi. Əvvəlki səfərimdə də mən həmin məşhur küçədəki oteldə qalmışdım. Azacıq istirahətdən sonra şəhəri gəzməyə çıxdıq. Qrupun bir üzvü son illərdə dəfələrlə burada olduğundan və yaxşı müşahidə qabiliyyətinə, həm də iti yaddaşa malik olduğundan, bizə ixtisaslı bələdçilik edirdi. Hətta sadə gəzinti qaydasında biz bir çox görməli yerlərlə tanış olmaq imkanı qazanırdıq.

 

Əfsanələrdən yaranan və əfsanələri yaradan şəhər

 

Roma barədə tərifli ifadələr, “əbədi şəhər” və digər epitetlər işlədilir. Tarixi abidələrinin həddən artıq çoxluğuna, Qərb sivilizasiyasının beşiklərindən biri olduğuna görə və həm də gözəl müasir şəhər kimi Roma onun haqqında deyilən gurultulu sözləri nəinki doğrudur, bəlkə də, onlardan da yuxarıda dayanır.

 

Tibr (Tevere) çayının hər iki sahilində yerləşən bu şəhər Avropa sivilizasiyasının taleyinə min ildən çox bir müddətdə müdaxilə və nəzarət etmiş, lakin sonralar qarışıqlıq və çaxnaşma dövrünü də yaşamalı olmuş, aldığı yaralardan  uzun müddət sağala bilməmişdi. Roma uzun bir zaman müddətində çarlığın, respublikanın, ordular və siyasət imperiyasının paytaxtı kimi tanınmışdı. Bu mənalı tarixi keçmiş sonrakı dövrlərdə də öz işini saxlaya bilmişdi. Onun bir şəhər kimi meydana gəlməsi barədə bir-birini davam etdirən əfsanələr mövcuddur. Əslində, bu rəvayətlər min illər ərzində təkrar olunduğundan, özünəməxsus reallıq haləsi qazanmışdır. Romanın bünövrəsini qoyanların nəsil başlanğıcının Troya müharibəsində məğlubiyyəti nəticəsində viran qalan şəhər-dövlətdən qaçan Eneydən götürdüyü ehtimal olunur. O, Kiçik Asiyadan Avropaya, Apennin yarımadasının mərkəzinə gəlib çıxmış, burada yerli çarın qızı ilə evlənmişdi. Yerli əhali və troyalılar birlikdə latınlar adlanırdı. Bundan beş əsr sonra həmin dövrdəki yerli çarın düşmənçilik məqsədilə Vestal qızı təyin etdiyi Reya Selviyanın namusu təcavüzə məruz qaldığından, o, əkiz oğlan uşağı doğdu. Məbədin kahinləri olan Vestal qızları isə ölənə qədər bakirə qalmalı idilər.

 

Qəzəblənən çarın əmri ilə. allah Marsın övladları hesab edilən uşaqlar çaya atılmalı idi, lakin daşqın çaya yaxınlaşmağa mane olurdu. Ona görə də körpələri dayaz suya qoydular və onları dişi canavar öz südü ilə qidalandırdı, acından ölmələrinə imkan vermədi. Böyüdükdə onlar ovçulara çevrildilər və körpəlikdə onları məhv etmək istəyən çarı öldürdülər. Romul və Rem adlı əkizlər suya atıldıqları yerdə şəhər salmağı qərara aldılar. Bizim eradan əvvəl 753-cü ildə Romanın əsası qoyuldu. Palatin təpəsində salınan şəhər Romulun şərəfinə Roma adlandırıldı, bu söz həm də “güc” mənasını verir. Öz qardaşı Remi o, qoyulmuş qaydanı pozub, onun tikdiyi divarın üstündən adlayıb keçdiyinə görə öldürmüşdü.  

 

Romul camaatı bir xalq kimi birləşdirdi. Altı əsr keçdikdən sonra isə şəhər artıq xeyli ərazilərə sahib olan qüdrətli dövlətə çevrilmişdi. Bu şəhərin yaradıcısı isə unudulmurdu. Qədim Romanın böyük filosofu, hüquqşünas və natiqi Tsitseron şəhərin meydana gəlməsi barədə əfsanənin dəyərini qiymətləndirərək demişdi: “Yer üzərində elə bir xalq yoxdur ki, öz tarixini romalılar kimi təkcə onun əsasının qoyulması dövründən deyil, hətta şəhərin bünövrəsini qoyanın ana bətninə düşməsi vaxtından bilsin”.

 

Paytaxtın əbədi şəhər adlanması isə Roma katolik kilsəsinin mənəvi və fiziki mərkəzi olması ilə əlaqədardır. Bu ad həm də bəşəriyyətin incəsənət və intellektual sahələrindəki nailiyyətinin zirvəsi kimi bir əks-səda tapır. Roma XXI əsrin əvvəllərində də əsas xüsusiyyətlərini qoruyub saxlayır. Bu şəhəri, keçmişin təsəvvürünü yaratmağa şərait yaradan memorial da saymaq olar. Qərbdə, bəlkə də, dünyada elə bir şəhər yoxdur ki, onun tarixi Roma kimi belə uzun, min illərlə ölçülən bir dövrü əhatə etsin. Yaxşı cəhət orasındadır ki, Roma heç də qədim və zəngin keçmişin qalın kölgəsinə sığınıb qalmamışdır, müasir şəhərə xas olan xüsusiyyətlərin də hamısını bu şəhərdə tapmaq mümkündür.

 

Roma tarixinin mühüm fraqmentləri

 

Roma barədə söhbət edərkən, onun görməli yerlərini sadalayarkən hökmən keçmiş dövrlər xatırlandığından, onun tarixinə azacıq da olsa, ekskurs etmədən keçinə bilmirsən. Ona görə də şəhərin minillik labirintində azmamaq üçün onun tarixini, Ariadna sapı timsalında, qısaca da olsa, yada salmaq ehtiyacı yaranır.

 

Birincisi, çar Romul olmaqla, burada yeddi çar hökmranlıq etmiş, hər birinin idarəetmə üslubu da digərininkindən fərqlənmişdir. Romul davakar idi, sabinli qızların oğurlanmasını hiyləgərliklə təşkil etməklə, nəinki şəhərin əhalisinin sayını artırmış, həm də doğulan uşaqlar hesabına o dövr üçün demoqrafik partlayış əmələ gətirmişdi. Tarixçi Liviyə görə, Romul hərbi lider olmaqla yanaşı, geniş siyasi qüdrətə də malik idi. Sabinlilərlə aparılmış müharibə iki xalqın birləşməsi ilə başa çatmışdı.

 

Romulu keşiş-çar, sabinli müdrik Numa Pompili əvəz etdi, onun hökmranlıq dövrü Romaya dinclik  bəxş etdi. Bu onilliklərdə bir dəfə də olsun, Yanus məbədinin qapısı açılmadı (Bu qapılar yalnız müharibə vaxtı açılırdı).

 

Roma böyüyürdü və etrusk çarları burada hakimiyyətə gələndə (etrusklar Romadan şimalda, indiki Toskana ərazisində yaşayırdılar) əsl şəhərə çevrildi. Latın əhalisi Tibrin ətrafındakı təpələrdə məskunlaşdı, onlar bura öz dillərini və dindarlıqlarını gətirmişdilər.

 

Etruskların ən mühüm nailiyyəti Romaya əlifba ötürmələri idi, özləri bunu yunan dünyasından əxz etmişdilər. Etrusklu müəllimlər təhsil sahəsində böyük rol oynadılar. Lakin latın dili etrusk təsirinə azacıq məruz qaldığından, özünü qoruyub saxladı. Sonra isə etrusklar və romalılar ayrı-ayrı cığırlarla getməli oldular.  Etrusklardan axırıncı, üçüncü çar olan Məğrur Tarkvini taxt-tacdan qovulduqdan sonra - b.e.ə. 510-cu ildə Roma respublikası meydana gəldi. Romalılar namus üstündə qiyama qalxmışdılar, çarın oğlu ərli Lukretsiyaya təcavüz etmişdi. Bu xalq hərəkatı Romada monarxiyanın ləğv edilməsi ilə nəticələndi.

 

Çarlıq burada 2,5 əsr davam etmişdisə, respublikanın ömrü daha uzun olmaqla, 5 əsrə qədər davam etdi, sonra gələn imperiya da hökmranlığının uzunluğuna görə respublikanınkına bənzər bir ömür yaşadı.

 

Hər bir dövr tarixə nəsə bir əlamətdar hadisə bəxş edirdi. Üçüncü çar Tulli Hostilinin dövründə romalılar və Alba sakinləri bir-biri ilə düşmənçilik edirdilər. Qanlı müharibə baş verməsin deyə, onlar qərara gəldilər ki, hər tərədən üç güclü əkiz qardaşlar seçilsin, hansı tərəfin üçlüyü qalib gəlsə, məğlub olan tərəf onun himayəsini qəbul etsin. Romalı üç Horatsilər albalı üç Kuriatsilərə qalib gəldilər və Alba Romaya birləşdirildi. Horatsilərin, əslində isə onlardan üç rəqibi öldürən birinin igidliyi hesabına, çünki onun iki qardaşı vuruşun əvvəlində öldürülmüşdü, Roma öz ləyaqətini və müstəqilliyini qoruyub saxlaya bildi. Fransız rəssamı David “Horatsilərin andı” tablosunu bu hadisəyə həsr etmişdir. Əsərdə oğlanlarına qılınc təqdim edən ata, elə bil ki, onlara vətənə sədaqət andı içdirir.

 

Etrusk Kluziyasının çarı Porsena Romanı mühasirəyə almışdı ki, taxt-tacdan qovulan,  mənşəcə etrusk olan çar Məğrur Tarkivinini hakimiyyətə bərpa etsin. Bu vaxt 300 romalı gənc etrusk sərkərdəsini öldürməyə can atırdı, püşk Mutsiyə düşdü. O, etrusk paltarında düşmən düşərgəsinə girib, çarı tanımadığından, onun yanındakı adamı öldürdü. Porsena özü tutulan Mutsini istintaq edirdi. Bu vaxt Mutsi öz yenilməzliyini göstərmək üçün sağ əlini sacayaq altında yanan oda tutub, əlinin əti tam yanana qədər alovun üstündə saxladı. Porsena bu mərdliyə məəttəl qalmışdı, əsiri əfv etdi və ona qılınc bağışladı. Mutsi qılıncı sol əli ilə götürdü, bundan da o, “Stsevola” - “solaxay” ləqəbi qazandı. Bu hadisə Porsenaya çox təsir etdiyindən, o, şəhərin mühasirəsindən vaz keçməyi qərara aldı. Bir romalı gəncin igidliyi şəhərin mühasirəsinin ləğv edilməsi ilə nəticələndi.

 

B.e.ə. 390-cı ildə Brennin başçılığı altında qallar romalıları məğlub edib, sonra Romanı tutdular və şəhəri qarət etdilər. Şəhərdə təkcə Kapitoli təpəsi qalmışdı, qall casusları ora dırmaşdıqda, məbəd qazları səs salıb, müdafiəçiləri oyatdılar və onlar yuxarı qalxan qalları təpədən aşağı tulladılar. Bu döyüşdə keçmiş konsul Manli fərqləndi. Qallar min fut qızıl almaq bahasına şəhəri tərk etməyə razılıq verdilər. Qızıl çəkilən vaxt onlar həyasızlıq edir, tərəzinin gözünü əyirdilər. Diktator seçilən Kamill gəlib çıxdıqda, belə biabırçı sövdələşmədən imtina etdi və bildirdi ki, Roma özünü qızılla deyil, həmişə dəmirlə müdafiə etmişdir. Qallar şəraiti nəzərə alıb, Romanı tərk etdilər.

 

Kamill həm də Romanı qaragüruhun anarxiyası təhlükəsindən xilas etdi və qaragüruha başçılıq edən Manli tutulub, mühakimə edildi və ölüm cəzasına məhkum edildi. Vaxtilə qallara qarşı igidlik göstərdiyi Kapitoli təpəsindən atılmaqla edam edildi. Roma yavaş-yavaş bərpa olunmağa başladı. Apardığı müharibələr hesabına isə xeyli ərazilərə sahib oldu.

 

B.e.ə. IV və III əsrlər arasındakı yüzillik müddətdə Romanın ərazisinin genişlənməsi ona xeyli iqtisadi fayda gətirdi. Bu ərazilərdə öz koloniyalarını saldı və torpaqları Roma vətəndaşlarına verdi. Şəhərin əhalisi 100 min nəfərə çatdı. İşğallardan gələn qənimət bir sıra ictimai işlərin görülməsi xərclərini ödəməyə kömək etdi. Bura məbədlər və yollar tikintisi, şəhərin su təchizatının yaxşılaşdırılması daxil idi. III əsrin əvvəlindən iki akveduk - suyun bu qaydada dərə-təpədən keçməklə hündür divar üstü ilə gətirilməsi romalıların icadı idi - şəhərə dağlardan təzə içməli su gətirirdi.

 

(Ardı var)

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.22.