Parlaq neftçi ömrü

 

 

Azərbaycandan çox uzaqlarda - Texas ştatının Qalveston adasında, dünyanın neft mərkəzi sayılan Hyuston yaxınlığında “Ocean Star” maarif və təhsil muzeyi fəaliyyət göstərir.

 

Dünyaca məşhur bu muzeyin Şöhrət zalında Azərbaycanın görkəmli neftçi-alimi Yusif Əliqulu oğlu Səfərovun memorial guşəsi var.

 

Peşə bayramları hər il sentyabrın 20-də qeyd olunan Azərbaycan neftçilərinin əldə etdikləri nailiyyətlər  dünyanın neft sənayesi tarixində əhəmiyyətli çəkiyə malikdir. Bu sahənin ən önəmli nümayəndələrindən biri də Yusif Səfərovdur.

 

Azərbaycanın Əməkdar mühəndisi, dəniz qazmasının banilərindən biri Y.Səfərov əmək fəaliyyəti dövründə hər zaman məsul vəzifələrdə çalışıb, dünyaca məşhur dəniz yataqlarının Xəzərdə kəşfiyyatı və tədqiq edilməsinə görə  iki dəfə SSRİ Dövlət (Stalin) mükafatı laureatı adına layiq görülüb (1945-1952), digər fəaliyyətlərinə görə  “Şərəf nişanı” (1944), “Qırmızı Əmək Bayrağı ordeni” (1959), Amerikanın “Ocean Star” fərqlənmə nişanı kimi mükafatlarla təltif olunub, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib (1950).           

 

Bu məşhur neftçinin həyat yolu özünü ölkəsinin çiçəklənməsinə həsr etmiş bir vətənpərvərin həyat yoludur.

 

Yusif Əliqulu oğlu Səfərov 1907-ci il oktyabrın 15-də Şamaxı şəhərində anadan olub. Şərq poeziyasının mahir bilicisi olan Əliqulu Səfərov bir neçə dil bilib. Onun ömür-gün yoldaşı Mina Soltan qayğıkeş xanım, həssas ana olub. Tanıyanlar Mina Soltanı “ailə ocağının qoruyucu mələyi” adlandırırmışlar. Ailədə böyüyən altı uşağın hər biri özünə uyğun peşə seçir. Yusif isə bütün ailənin qüruru, fəxri olur.

 

Məktəbi bitirəndən sonra Yusif indiki Dövlət Neft Akademiyasına daxil olur, 1931-ci ildə təhsilini bitirdikdən sonra gənc mütəxəssis Lökbatan kəşfiyyat kontoruna təyinat alır. Orada onun rəhbərliyi altında qazılan ilk quyudan neft çıxır. İki ildən sonra daha bir böyük uğur: gənc neftçi Yusif Səfərovun rəhbərlik etdiyi kəşfiyyat kontorunun qazdığı 45 saylı quyudan çıxan neftin təzyiqi adlı-sanlı neftçiləri xeyli təəccübləndirir.

 

Ölkənin neft sənayesinin bu cür əhəmiyyətli sahəsində peşəkar və uğurlu fəaliyyəti gənc mühəndisə çox şey verir. Otuz yaşlı Yusif Səfərovu “Qaraçuxur” mədən trestinə, bir müddət sonrasa “Stalinneft” trestinə direktor vəzifəsinə təyin edirlər.

 

1933-cü ildə Azərbaycan KP MK-ya Mir Cəfər Bağırov başçılıq etməyə başlayır. Yusif Səfərovun qızı Zemfira xanım Səfərova öz  xatirələrində yazır: “Atamızı az-az görürdük. O, demək olar ki, sübh çağı evə dönür və səhər tezdən yenə də işə gedirdi. Məlumdur ki, Mir Cəfər Bağırov gecələr işləyirdi. İstənilən vaxt “yuxarıdan” zəng gələ bilərdi. Ona görə də heç bir rəhbər işçi iş yerini qoyub getməyə curət etmirdi. Gərginlik həddindən artıq böyük idi. Atam həm fiziki, həm də mənəvi cəhətdən çox yorulurdu. Bu da onun səhhətinə ciddi təsir etdi”.

 

Bu cür ağır, dözülməz yükə tab gətirməyə Yusif Səfərova nə kömək etdi? Əlbəttə ki, peşəsinə olan sonsuz sevgisi. Mürəkkəb və qeyri-sabit dövr idi. Müharibə təhlükəsinin olması barədə açıq-aşkaq söhbətlər gəzirdi. Neft böyük strateji əhəmiyyət daşıdığından SSRİ ilə müharibənın qızışacağı halda alman faşistlərinin diqqqətinin Bakıya yönələcəyi məlim idi.

 

Yusif Səfərovun istedadı barədə artıq hakimiyyətin yüksək təbəqələri xəbərdar idi. Həmin illərdə neft işinin peşəkar mütəxəssislərdən ibarət komandası - N.K.Baybakov, S.A.Orucov, S.A.Vəzirov, Ə.Ə.Əlizadə, Y.Ə.Səfərov və bir çox digər neftçi alimlər səfərbər olmuşdular. Böyük Vətən Müharibəsi illərində Yusif Səfərov “Azneftkombinat” birliyinin qazma şöbəsinə rəhbərlik edirdi.

 

İstedadlı mühəndis 1944-cü ildə Dənizdə dərin qazma işləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Sonralar onun “Turbin qazmaları”, “Qazmada gilli məhlullar”, “Dənizdə quyuların qazılması üçün elektrik avadanlıqları”, “Elektroqazma” və digər çoxsaylı  monoqrafiyaları dərc olunur. Bu əsərlər bu günün özündə də mühüm əhəmiyyət kəsb edir. Yusif  Səfərovun hər uğuru əsil vətənpərvərin, peşəkar neftçi-alimin dərin biliyinin, zəngin təcrübəsinin və fədakarlığının nəticəsi idi.

 

1945-ci ildə Bakıda SSRİ Müdafiə Komitəsinin sərəncamı ilə dənizdə kəşfiyyat-qazma işləri üzrə xüsusi  trest yaradılır. Trestə rəhbərlik Azərbaycanın Əməkdar mühəndisi, 38 yaşlı Yusif Səfərova etibar edilir.

 

1945-ci ildə Yusif Səfərov xüsusi dəniz qazması trestinə direktor təyin olunur. Həmin dövrdə o zamanlar hələ çox az öyrənilmiş Neft Daşlarının olduqca mürəkkəb tədqiqat işləri başlayır. Düz 3 ildən sonra, 1949-cu il noyabrın 7-də 1 saylı quyudan neftin fantan vurması ilə bütün dünyaya Xəzərdə - Neft Daşlarında yeni perspektivli neft yatağının kəşfi xəbəri yayılır. Qısa müddət ərzində Neft Daşları dənizdə ən nəhəng neft yataqlarından biri kimi dünyaya məşhurlaşır.

 

1949-cu ildə SSRİ Nazirlər Sovetinin “Xəzər dənizində neftçıxarmanın inkişafı haqqında  sərəncamı ilə Bakıda nəhəng neft təşkilatı “Azərneft” yaradılır və Yusif Səfərov qazma işləri üzrə direktor müavini təyin edilir.      Elə həmin illərdə Yusif Səfərovun texniki yeniliklər sahəsində təkliflərinin aktuallığı və mükəməlliyi Stalin (Dövlət) mükafatı ilə qiymətləndirilir.                 1951-ci ildə ildə isə dənizdə neft yataqlarının kəşfi və öyrənilməsinə görə neft mühəndisləri qrupu Stalin mükafatıyla təltif olunur. Beləliklə, Yusif Səfərov öz dövrünün ən yüksək dövlət  mükafatına ikinci dəfə layiq görülür.

 

Xidmətləri, mükafatları, unikal nəailiyyətlərinə baxmayaraq, Yusif Səfərov da dövrün haqsızlıqlarından qaça bilmir. Hətta belə bir böyük şəxsiyyətin barəsində cinayət işi də açılır. Bir il davam edən araşdırmalar nəticəsində Yusif Səfərov bəraət alsa da, 1952-ci ildə Sibirə sürgün olunur. Z.Səfərova xatirələrində yazır: “1952-ci ildə atam “Azərneft”in qazma işləri üzrə diriktor müavini işləyirdi. Onu tutduğu vəzifədən uzaqlaşdırıb Sibirə sürgünə göndərdilər. Buna atamın bir cəsarətli hərəkəti səbəb olmuşdu. O, ziyafətlərdən birində Mir Cəfər Bağırovun şərəfinə badə qaldırmaqdan imtina etmişdi”.

 

Heç bir haqsızlıq, sürgündə yaşadığı ağır həyat şəraiti istedadlı nefçinin xarakterinə zərrə qədər də təsir etmir. Biliyi, mötəbərliyi, ciddiliyi ona qarşı hörmət yaradır və Yusif müəllimə Borisovsk neft kəşfiyyatına rəhbətlik etmək tapşırılır (1952-1953). Azərbaycanlı nefçinin rəhbərliyi ilə burada - Kemerovo vilayətində də bir neçə yataq kəşf olunur.

 

Yusif Səfərovun sürgün həyatı bir çəkir - o, Bakıya yalnız Stalinin ölümündən və Mir Cəfər Bağırov həbsindən sonra qayıda bilir. Həyat elə gətirir ki, şahid qismində ifadə vermək üçün Yusif Səfərovu Mir Cəfər Bağırovun məhkəməsinə  dəvət edirlər. Lakin o, “yıxılana balta vuran çox olar” deyib məhkəməyə gəlməkdən imtina edir.

 

1953-cü ildə Y.Səfərov Eksperimental elektroqazma kontorunda vəzifəyə təyin olunur. Burada demək olar, hər şey sıfırdan başlamaq lazım gəlir. O, 20-ci sahədə zəruri infrastruktur - güclü elektromexaniki baza, qazma kontoru binası, qazma stendi yaradır. 1961-ci ildə Y.Səfərov “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriya rəhbəri vəzifəsinə təyinat alır.

 

Yusif Səfərov pedoqoji fəaliyyətlə də məşğul olub.  Onun Azərbaycan Neft-Kimya İnstitutunun Neft və qaz quyularının qazması kafedrasına rəhbərlik etdiyi dövrdə neçə-neçə gənc qazmaçı mühəndis yetişdirilir. Sonralar həmin qazmaçı mühəndislərin bir çoxu müəllimlərinin yolunu davam etdirərək milli neft sənayesinin inkişafına öz  töhfələrini verirlər.

 

“Ailə-iş” tandemi Yusif müəllimin həyatının əsas meyarı olub. İşdə yaşadığı gərginliklərə, həyəcana, narahatlığa baxmayaraq, o, öz ailəsinin yanında xoşbəxt olur, könül rahatlığı tapırdı.

 

Yusif Səfərov həyatda Cəvahir Firudinbəyli kimi istedadlı, gözəl, ağıllı bir xanımla qarşılaşdığına görə xoşbəxt idi. Yusif ona, demək olar, ilk baxışdan vurulmuşdu. Cəvahir xanımın gözəl səsi var idi və xorda oxuyurdu. Lakin evlilikdən sonra o, səhnədən uzaqlaşır, bütün sevgisini, qayğısını ailəsinə həsr edir.

 

Səfərovlar ailəsində üç uşaq böyüyür: iki gözəl qız - Elmira, Zemfira və bir oğul - Çingiz. Ən gözəl ailə keyfiyyətlərinin irsən övladlarına da keçməsi valideynləri çox sevindirirdi. Onlar zəhmətkeş böyüyür, dərslərini əla oxuyur, çoxlu mütaliə edirdilər. Yusif müəllim hər zaman uşaqlarının qayğısına qalır, onların istək və arzularına xüsusi diqqətlə yanaşırdı.

 

Qızlar musiqiyə böyük maraq göstərirdilər.

 

İllər keçdi, Elmira Səfərova Konservatoriyanın professoru oldu,  Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görüldü, peşəkar pedaqoq kimi bir çox istedadlı pianoçuların yetişməsində böyük rol oynadı.

 

Zemfira Səfərova Azərbaycan musiqi mədəniyyətini tədqiq edən  nüfuzlu alim kimi yetişdi, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi kimi fəxri adlara layiq görüldü, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Z. Səfərova orta əsrlərdən tutmuş indiki dövrə qədər musiqişunaslıq və musiqi elminin problemlərini araşdıran  bir çox əsərlərin və kitabların müəllifidir.

 

On beş yaşından neft qazmasında çalışan oğlu Çingiz Səfərov isə atasının davamçısı oldu. Neft-Kimya İnstitutunu bitirərək atası kimi qazma üzrə mədən mühəndisi ixtisasına yiyələndi, “Çıraq”, “Azəri”, “Kəpəz” yataqlarının kəşfində yaxından iştirak etdi. Təəssüf ki, Ç.Səfərov dünyasına çox tez dəyişdi və ən böyük arzusuna - Hyustondakı “Ocean Star” muzeyində atasının xatirə lövhəsinin açılışında iştirak etmək arzusuna çata bilmədi.

 

... Yusif Səfərov kimi zəngin və mürəkkəb həyat yolu keşmiş, əsl peşəkar kimi bir çox nailiyyətlərə imza atmış bir insanın ölümünü düşünmək çox ağırdır. O, 1964-cü ilin gəlişi ərəfəsində Neftçilər Xəstəxanasında uğursuz keçən cərrahi əməliyyat nəticəsində dünyasını dəyişdi.

 

Adətən, Yeni il bayramında bütün ailə Yusif müəllimin evinə yığışardı. O, bütün əzizləri üçün hər il bir-birindən maraqlı sürprizlər hazırlayardı.

 

1963-cü ilin dekabrında Yusif müəllim onu xəstəxanadan evə aparmağı təkid edir. Amma elə həmin gün də haqq dünyasına qovuşur.

 

Kim bilir, yaşasaydı, bu istedadlı insan daha hansı kəşfləri edəcəkdi? Lakin həyat qəflətən, cəmi 56 yaşında onun üçün sona yetdi.

 

Bu fədakar neftçinin şöhrəti vətənindən uzaqlara da yayılıb. Neçə onilliklər sonra azərbaycanlı neftçi-alim Yusif Səfərov 1945-1952-ci illərdə Xəzərdə dəniz yataqlarının kəşfiyyatı və öyrənilməsinə görə  “Ocean Star” ordeniylə təltif edilib, neft sənayesi sahəsindəki unikal xidmətlərinə ehtiram əlaməti olaraq Hyustondakı dünya neft muzeyində onun xatirə lövhəsi qoyulub.

 

Yusif Səfərovun adı vətəndə də hörmətlə anılır. Şəhərin mərkəzi prospektlərindən biri, eləcə də “Xəzərneft”in gəmisi onun adını daşıyır, bir vaxtlar yaşadığı evin divarında xatirə lövhəsi vurulub. Bu gün də onun haqqında kitablar, məqalələr yazılır, yubiley tədbirləri dövlət səviyyəsində qeyd olunur. Yusif Səfərovun adı “Neft-qaz sahəsinin peşəkarları” adlı ensiklopedik nəşrə daxil edilib.

 

Raya ABBASOVA

Rus dilindən çevirən: Xanım AYDIN

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.16.