"Çölçü"lük - Azərbaycan kinosu
- 120
İnsan təbiətin bir parçasıdır. Müasirliyin gətirdiyi ən
böyük bəla insanın təbiətdən
uzaq düşməsidir.
Zaman qabağa
getdikcə, zəmanə
irəlilədikcə təbiət
geri çəkilir sanki. Bu qaydalarla “yaşamaq” istəmir.
Ya da sadəcə mümkün deyil belə yaşaması.
Təbiətin öz qanunları var. Əlbəttə,
artıq çoxdan,
lap çoxdan təbiət
sadəcə bir istirahət yeri sayılır, insan onun fəlsəfəsindən
uzaqdı, dərinliyini
anlamağa, qaydalarını
dərk etməyə çalışmır da
heç. Çünki buna vaxtı
yoxdu. Sivilizasiya nəhəng bir
akula kimi çağdaş dünyanın
zamanını udmaqdadı.
Dinamik həyat çox şeylərin dərininə getməyə
yer qoymur, çünki yeni hadisə gəlir, yeni olay baş
verir və sənin dünənki haqqında düşünməyə
macalın qalmır...
Bir sözlə müasir dünyanın adamı yalnız indi və burada yaşayır. Onun “indi
və burada” anlayışı isə
son dərəcə dardı,
məzmunsuzdu, dayazdı.
Hər halda ilk baxışda belədi... Ona görə sənət durmadan o zamanın sürətini azaltmağa,
bəzən o anı tutub saxlamağa, bəzən də vaxtı geri çevirməyə çalışır.
Elə təbiəti də, onun təbii, amma təbii olduğu qədər də qəribə qaydalarını da izah eləməyə çalışan sənətdir.
Rejissor Şamil
Əliyevin “Çölçü”
filminin də əsas qayəsi insanı təbiətin parçası kimi göstərməkdir. Özü də sivilizasiyadan
cəmisi bir neçə kilometr aralı olan insanı. Ssenari müəllifi Vidadi
Həsənovun filmin qəhrəmanlarını həm
çöldə, həm
də içəridə,
yəni dağınıq
həyatın içində
göstərməsi təsadüfi
deyil. Çöllə xaotik dünyanı
piyada keçə biləcəyin məsafə
ayırır. Çöldən
imtina edib ora getmək, orda yaşamaq çətin deyil, amma...
“Çölçü” filminin ideyası yeni deyil əlbəttə. İllərlə ən müxtəlif sənətkarlar insanı
çöllə, cəngəllik
qanunları ilə üz-üzə qoymağa,
onun bu vəziyyətdə
açıla biləcək
xarakter özəlliklərini
anlamağa çalışıblar.
Mauqlini heyvanların arasına atan Redyard Kiplinqin, Robinzon Kruzonu tənha, kimsəsiz adaya “göndərən”
Daniel Defonun, yaxud Tarzanı vəhşi təbiətlə üz-üzə
qoyan Edqar Raysın niyyəti eynidir; təbiətin ibtidailiyi, paklığı,
özünəməxsus qanunları
içərisindəki insanı
göstərmək, anlatmaq,
izah etmək... Bu mənada “Çölçü”nün
qəhrəmanlarının vəziyyəti daha müasirdir. Yəni onlar
Robinzon kimi yaşamaq uğrunda mübarizə aparmırlar,
təbiətlə mücadilədə
deyillər. Sadəcə özləri bu yolu seçiblər, bu cür yaşama
üstünlük veriblər.
Amma niyə? Kinoda bu cür havada qalan, cavabsız
suallar çoxdur.
Məsələn, Ulu (Vidadi Həsənov) nə üçün təkdir?
Bu oğlan - cavan
çölçü (Bəhruz
Vaqifoğlu) Ulunun ölümündən sonra
niyə tərk eləmir çölü?
Yaxud qısa saçlı qız şəhərin, urbanistik həyatın tərkibi ola-ola çölü nə üçün seçir?
Bütün bu sualların
cavabı tamaşaçıya
qalır, müəlliflər
bunlara aydınlıq gətirməyə çalışmırlar.
Görünür, məqsəd tamam
başqadı, ona görə. Niyyət çölün
səssizliyini, sözsüzlüyünü
və bu kimsəsizlik içərisindəki
kirlənməmiş adamı
göstərməkdi. Hətta bu adamın adı da yoxdu.
Adın nədi? - sualına
- “heç nə” - deyə cavab verən cavan çölçünün uşaqlığı
da (Cavidan Məmmədli) son dərəcə
maraqlıdır. Uluya gözünü
dikən, yaşamağı
ondan öyrənən,
dəvələrlə birgə
böyüyən bu oğlan ayrı heç nə istəmir də. Çünki əslində, hər
şey elə çöldədi.
Xatırlayıram ki, bir neçə il əvvəl rus rejissoru, Kann, Venesiya kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkov Bakıda ustad dərsi keçəndə “Günəşdən usanmışlar” filminin çəkilişlərində müşahidə etdiyi maraqlı məqamları bölüşürdü. O zaman çölün estetikası, çölün səsləri haqqında dediklərini heç unutmuram. Mixalkov çölü sadəcə böyük möcüzə adlandırırdı, gecələr mikrafonları ən müxtəlif yerlərdə qurub çölün səslərini yazmasını, sonra bu melodiyaya saatlarla qulaq asmasını danışırdı. “Bilirsiz, o necə ilahi bir musiqi idi!” - deyirdi. “Çölçü” filmində də məhz o ilahiliyin ötürülməsi niyyəti duyulur. Aktyorlar çox danışmırlar, hadisə müasir zaman üçün adi, sıradan bir işdir. Yəni bir qadının aldadılması, aşağılanması o qədər də qəribə iş deyil indi. Amma bütün bunlar çöl üçün qəbuledilməzdir, yolverilməzdir. Ona görə də cavan çölçünün ona üz tutan, onunla birgə yaşamağa çalışan gənc qadına skeptik yanaşması, onu kənar dünyanın adamı kimi, çöl üçün yad ünsür kimi qəbul etməməsi təbii görünür.
“Çölçü” filminin əsas üstünlüyü elə çöl estetikasıdır. Rejissor Şamil Əliyev bu estetikanı hər şeydə qorumağa, daha doğrusu, qabartmağa çalışır və uğurla nail olur. Aktyorların üzündə, fakturasında - Vidadi Həsənovun dərin gözləri, Bəhruz Vaqifoğlunun qərib baxışları, gürcü aktrisası Salome Demurlanın ürkək davranışında qəribə bir ibtidailik, saflıq var. Rejissor aktyorların sözlə yox, üz cizgiləri, baxışlarıyla oyununu iri plana çəkir. Və bu işdə operator Rafiq Quliyevin xidməti xüsusi vurğulanmalıdır. “Çölçü”nün çəkiliş məqamları haqqında televiziya verilişində operator Rafiq Quliyev bu işin çətin və fərqli cəhətlərini izah edir. Bir yandan çöldə işləmək, o ovqatı çatdırmaq, bir tərəfdən də dəvələrlə işləmək, onları çəkmək ikiqat zəhmətdi. Amma bu işin bir gözəlliyi də təbiiliyindədir. Axı dəvələrə oyunu diqtə eləmək olmaz... Onları sadəcə izləməli və anı tutmalısan. Bu baxımdan rejissorun və operatorun əsas uğuru həm də dəvələrin “oyunu”nun orqanik olması, süjetlə, aktyorların ovqatı ilə harmoniya təşkil etməsidir.
Ümumiyyətlə, müəlliflərin dəvələri çölün, ibtidailiyin, təbiət qanunlarının simvolu kimi istifadə etməsi son dərəcə uğurludur. Çöldə həyat rəməldə gedir. Dəvənin yerişində çölün səslərini də eşidə bilərsən, Füzulinin qəzəllərinin ləngərini də duya bilərsən. Amma dəvə sadəcə bir element deyil, xarakterdi, ayrıca varlıqdı... Əslində, Ulunu da, Ulu öləndən sonra cavan çölçünü də bura bağlayan dəvələrdi. Axı dəvələrin öz yaşam qanunları, inanılmaz həyat prinsipləri var. Yazıçı Novruz Nəcəfoğlunun “Səhra gəmisi” hekayəsindən bunlar haqda oxuyanda təəccüblənmişdim. Dəvələrin səhranın, ağırlığın, dözümün simvolu olduğunu bilirik. Amma xüsusi qaydalarla yaşaması, qanunlarını pozmaması qəribə görünmüşdü mənə. Müəllif “Səhra gəmisi”ndə balasını dünyaya gətirmək üçün təkliyə çəkilən, gizlənən bir dəvədən danışır, amma bununla insanlığını itirmişlərə nümunə olacaq qaydaları da dilə gətirir: “Digər heyvanlardan fərqli olaraq dəvələrin özlərinə məxsus qəribəlikləri də olurdu. Bir müddət öyrəşsin, ziyanlığa getməsin, deyə ana dəvələrdən birini, köşəyi olanı yatağa yaxın yerdə hörüklərdilər. O biri dəvələr və balası uzaqlaşanda çidarlanmış ana dəvə elə ağlayırdı ki, heyvanın göz yaşı, həqiqətən, sel olurdu. Vallah, insan elə ağlaya bilməz. Ana dəvə ağlayır, həm də tükürpədici səslə bağırırdı”. Novruz müəllimdən soruşanda bütün bunları öz gözüylə gördüyünü, yəni sadəcə yazıçı təxəyyülü olmadığını dedi. “Çölçü” filmində də Ulu qarşısına duz-çörək qoyub dəvənin qabağında and içir, yalnız bundan sonra dəvə-Ağca balasını yaxına buraxır. Bütün bu detallar çölün saflığını, duz-çörəyin bərəkətini, sözün ilahiliyini ifadə edir. Və bunların əksini, o biri üzünü göstərən, bir neçə kilometrlikdə yerləşən həyat var. Daha doğrusu xaos...
Aktyor Vüsal Mehrəliyevin ifa etdiyi, simvollaşdırdığın adam isə elə həmin o yalan dünyanın, kirli zəmanənin simvoludur. Ramiz Rövşən demiş - “gilası mürəbbə, quzunu kabab görən”lərdəndir. Cavan çölçüylə haqq-hesaba gələn bu adamın dəvəyə baxıb - nə yaxşı qutabdı - deməsi də elə bu məxəzdən gəlir. Doğrusu, əvvəlcə bu detala, yəni şairdən belə birbaşa təsirlənməyə təəccüblənsəm də, sonradan kinonun mətn düzümünün Ramiz Rövşənə aid olmasını biləndə hər şey aydınlaşdı. Həmçinin, filmin bəstəkarının da Rauf Əliyev olması çox şeyi deyir. Bir çox mistik və detektiv filmlərə bəstəkarlıq edən Rauf Əliyev musiqi ilə də əsas ideyanı çatdırmağa çalışıb. Əlbəttə, bəzi məqamda musiqidə şəhər ovqatı da hiss olunur, bu da yəqin ki, şəhərlə kəndin aurasını vəhdətdə göstərmək üçündü.
“Çölçü”nün üstünlüklərindən danışanda sevimli aktrisamız Mehriban Zəkinin səsini vurğulamamaq günah olur. Məhz Mehriban xanımın dopdolu səsi, səsləndirməsi sayəsində Salome Demurianın oyunu tamamlanıb. Xüsusən hamilə xanımın gənc çölçüyə nağıl danışdığı məqamda bu səsin dərinə işləyən sehrinə dalırsan. Təəssüflər olsun ki, çöldə də, şəhərin xaosunda da hər şey nağıllardakı kimi sehrli və sadə deyil. Müəlliflər insanı reallıqla, acı gerçəkliklə üz-üzə qoyurlar. Şərəfsizin birinin uşağını bətnində gəzdirən qadın, bu qadına aşiq olmuş cavan, saf, kirlənməmiş gənc oğlan və onları qoynuna alan çöl... Barışmaq, yaxud üsyan etmək?! Nəyisə dəyişmək, ya da hər şeyi öz axarına buraxmaq?! Çölün qaydaları ilə yoxsa dünyanın qanunları ilə yaşamaq?! Bütün bu sualları “Çölçü”nün yaradıcıları tamaşaçı üçün açıq saxlayır... Və elə bununla da düşündürür.
“Çölçü” son illərdə Azərbaycan kinosunu
xaricdə ən uğurlu təmsil edən,
saysız-hesabsız festivallarda mükafatlar alan filmlərimizdən
biridir. Yazımın əvvəlində
ideyanın yeni olmadığını qeyd etdim. Maraqlıdı ki, dünya kinematoqrafı
2013-cü ildə bu mövzuya
yenə müraciət etdi. Rejissor Con Kerran
“Cığırlar” filmini çəkdi.
Filmdə əslən elə avstraliyalı olan
Mia Vasikovska gənc bir xanımın dörd dəvə
və bir itlə birgə Avstraliyanı səfəri
təsvir olunub. Yenə insanın təbiətlə
qarışması, bir itin,
bir dəvənin, bir
yarpağın, bir budağın tayı
olması, onlarla “eyni hüquqlu” olmasıdı ideya.
“Cığırlar”a baxdıqca sevinirdim,
nə yaxşı ki,
“Çölçü”dən bir il sonra çəkilib... Yoxsa, əlində lupa qüsur axtaranlar üçün fürsət olardı!
Axı bütün şəxsi
uğursuzluqlarımızın heyfini
“plagiatdı, yalandı, pisdi”
damğaları ilə yaxşı işlərdən
çıxmağı sevirik?! “Çölçü” isə heç
şübhəsiz ki, son
illər Azərbaycan kinematoqrafının uğurlu
bir sənət hadisəsidir.
PƏRVİN
525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.15.