İtmiş
yaddaşların kodu - Aşıq Ədalətin ölüm xəbərindən
doğan yazı
1985-ci ilin bir payız axşamı həyat Bakı
filarmoniyasının zalında şaman sehrinə bənzər
bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə
vardı. Onu da tam ayırd edə bilmirdin -
gah vardı, gah yox. Bəzən donu
açılır, canlanırdı, bəzən də tərpənməz
olurdu.
Əvvəl-əvvəl heç səmiri belə
çıxmırdı, bircə çaldığı
sazın səsiydi gələn. Səsi də bilmirdin
hardan gəlirdi. Ya aşıq o səsi
Tanrı dərgahından çəkib gətirirdi, ya da
öz ürəyinin ritmiydi, bizə saz səsində
çatırdı. Bilən bir
Tanrısıydı, bir də özü.
O gecəyədək
aşıq Ədaləti lal bilirdim. Televizorda
çıxış edəndə bir dəfə də səsini
eşitməmişdim. O biri aşıqlar kimi onu dastan
danışan görməmişdim.
Bakının o dövr teatr-konsertləri adama niyə
indi daha xoş gəlir? Çünki onda hər tamaşa-konsertin
öz seyrçisi, dinləyicisi vardı. Salonda təsadüfi
adam az-az olardı. Simfonik
orkestrin konsertinə yalnız klassik musiqini bilənlər, sevənlər
gedirdi. Balet həvəskarını
muğam gecələrində görməzdin. Ustad xanəndələr də muğam
xiridarlarının qarşısında oxuduğunu bilirdilər.
Ədalətin “qan elədiyi” həmin gecəyə şəhərin
sazsevərləri axışıb gəlmişdilər. Aralarında bir təsadüfi
adam vardısa, o da aşıq musiqisinə
yad bizim Yaşar idi!
Qoyun, başdan danışım.
Əlyazmalar institutuna bitişik jurnalistika fakultəsi
“Elm və həyat” jurnalı ilə üzbəüz
olduğundan tez-tez dərsdən sonra ora dostların yanına
gedirdim. Bir gün yenə getmişdim. Tələbə
dostumuz, yazıçı Yaşar Əliyev də ordaydı.
Rəşad Məcid dedi ki, bu axşam filarmoniyada aşıq
Ədalətin konserti var, gəlin gedək.
Bakıya təzə gələn vaxtlarımıydı,
hər şey mənə maraqlı gəlirdi. Əlüstü “gedək”,
dedim. Yaşar şəhər
uşağıydı. Aşıq
musiqisini bəyənmirdi. Getmək istəmirdi.
Dirəndik, könülsüz
razılaşdı.
Yaşarın marağı başqa şeylərəydi,
nə bilim, kino-filan. “Bilik” kinoteatrında Tarkovski, Fellini sayaq
rejissorların “darıxdırıcı” filmlərinə
baxmaqdan ötrü ölürdü.
Deyərsiniz muğamat yurdu Qarabağda böyümüsən,
bəs, səndə aşıq musiqisinə sevgi hardandı? Orası elədi,
Qarabağda bizim xəmirimiz muğamla yoğrulub. Amma xəmir öz yerində, əsas ruhdu. Mənim ruhum saz səsiylə pərvəriş
olub. “Ruhlar şəhəri”
kitabının “Heyva qoxulu zirzəmi” bölümündə
bunu yazmışam.
Uşaq vaxtı bəzən kənddə nənəmlə
qalardım. Nənəmin taxtı apışkanın
ağzındaydı. Nənəm pəncərəyə
apışka deyirdi. Apışkanın dəmir
məhəccərindən sallanan lobya, noxud, əvəlik, kəklikotu
sayaq xeyli qışlıq ərzaq torbalarının
yanında simli radio da vardı. Radio gecənin
sükutuna danyeri çırtdayanda son qoyurdu. Hər səhər radio danışmağa
başlayanda ayılar, Sovet himni, səhər idmanından sonra
evə süzülən aşıq musiqisi altında təzədən
yuxuya gedərdim.
“Ruhlar
şəhəri”ndən:
“Nənəm adəti üzrə yerindən məhz
radionun səsi gələn vaxt qalxırdı. Radioda var-gəl
eləyən aşığın sazından qopan hava
altında səhər yır-yığışı edir, mənsə
nənəmdən sonra genələn çarpayıda gərnəşirdim.
“Sən hələ yat! Mən
gedim çaparaq su gətirim, sonra qalxarsan, çay içərik”.
Sonralar, böyüdükcə çox sirli söz eşidəcəkdim,
həmin gün mənasını “qaça-qaça” kimi
başa düşdüyüm “çaparaq” bunların ilki
oldu. Nənəmi çiynində səhəng, əlində
vedrə, az qala yerlə sürünən
tumanla qaçan təsəvvür edə bilmirdim.
“Qiblə”
sözünü də Aşıq Hüseyn Saraclı dedi
radioda:
“Hər
tüstü çıxana öy demək olmaz,
Düz qıvlası, gen həyəti olmasa”.
Elə bu cür sehrli sözlərə, səslərə
qoşulub yenidən yuxuya gedirdim”.
Mənə belə gəlir ki, saz səsi hər
türkün genində yaşayır. O, bizim genetik kodumuzdu. Saz
səsi bizim genetik kodumuzun açarıdı. Ölmüş hüceyrələri dirildən,
itmiş yaddaşları qaytaran kod. Bəlkə
də buna görədi ki, Qazaxıstanda dombranın,
qırğız yurtasında komuzun səsi mənə yad gəlməmişdi,
nə vaxtsa yaşadığım doğma yerə gəlmiş
kimiydim, fransızların dediyi “dejavü” kimi bir şey.
Hələ türklərin
bağlamasını, bağlama-sazın səsini demirəm
heç.
Klassik yazılı ədəbiyyatımız ərəb-fars
kültürü arealında formalaşıb. Muğam kimi qədim
musiqimiz də ərəb-fars kökənlidi. Bizim heç bir yad kültür qatqısı olmayan
öz musiqimiz saz havaları, ədəbiyyatımız isə
aşıq poeziyası daxil folklorumuzdu. Özündə
musiqi, rəqs, söz və səhnə sənəti elementlərini
birləşdirən aşıq yaradıcılığı
bizim türkçü ruhumuzun qaynağı,
daşıyıcısıdı.
lll
90-cı illərin əvvəliydi, aşıq Kamandar
Borçalıda oğlu Cavanşirə toy edirdi. Dostumuzun toyuna xeyli adam yığışıb getmişdik. Sazın əsrlərin keşməkeşindən
salamat çıxma səbəbini səhər sübh
açılanacan davam edən aşıq deyişmələrini,
çalınan havaları dinlədiyim o gecə
anlamışdım - saz bu xalqın danışan dilidi.
Onu heç kim kəsə bilməz, o,
türk etnosu yer üzündən silinib gedənəcən
onunla yaşayacaq.
Aradan bir
müddət keçmiş Cavanşir dedi ki, atamla vacib
söhbətim var, tək getməyim, gəl mənlə gedək,
səhər qayıdarıq. O vaxt Cavanşirin bir az həyat gərginliyi vardı. Xəstəliyi
də bir yandan. Amma belə cavan yaşda
dünyayla vidalaşacağı ağlımıza gəlməzdi.
Yola düşdük. Kəpənəkçiyə
gecə yarısı çatdıq.
Səhəri
gün aşıq Kamandar bizi buraxmadı, qonşu kənddə
meşəbəyi oğluna sünnət edir, dedi, gəlin
sizi də aparım. Mənim həvəsləndiyimi
görüb Cavanşir də razılaşdı.
Meşəbəyi meşə dərinliyindəki evinin
qabağında yekə bir mağar qurmuşdu. Dörd bir
yandan Qarapapaq camaatı toya axışırdı. Təndirdə
çörək bişirən kim,
ağac budaqlarından sallanan qoyun cəmdəklərini
şaqqalayan kim, uzun manqalda kabab bişirən kim, nəhəng
toy samovarında su qaynadan, çay dəmləyən kim.
Qapısının ağzından baxanda o başda oxuyan
aşığı görmürdün, heylə uzun bir
mağar təsəvvür elə. Qonaq idik deyə bizi
yuxarı başa çəkmişdilər. Mən bizim tərəkəmə mədəniyyətinə
xas məişət adət-ənənələrin incəliyinə
ilk kəs burda heyran qalmışdım. Toy
özü işləyən mexanizm kimiydi - hər kəs
işini bilirdi. Elə xoş, təbii mühit vardı
ki, ayırd etməzdin məclis yiyəsi kimdi, qonaq kim.
Süfrədə yalnız adamın yeyə biləcəyi
sayda, qədərdə yeyəcək vardı. İndiki
Bakı toylarının tam tərsi yəni. İsti təndir çörəyi, motal pendiri, kələm
şorabası, kabab, “Borjomi”, bir də meyvə arağı.
Vəssalam.
Hər araq qurtaranda xidmətçi oğlan boş
şüşəni götürüb gedirdi. Bir dəfə
maraq məni götürdü, ərinmədim, arxasınca
düşdüm. Gördüm boş
butulkanı həyətdə, elə tövləyə
yaxın yerdə, tutun dibində yekə bir çəlləyə
saldı. “Bul, bul, bul”. Beləcə
doldurub süfrəyə qaytardı. Məclisin
bütün boş şüşələri bu sayaq dolub
qayıdırdı.
Sonra o əli şoraba boçkasından kələm çıxaran da gördüm, şişdən iri buludlara kabab çəkən də, yeyib-içib, nəmərini yazdırıb getmişlərin süfrəsini silən də. O vaxt sanitariya, gigiyena söhbəti heç ağlımın ucundan belə keçmədi. İndi yadıma düşüb deyə yazdığıma baxmayın.
Yurd havası, elat istiqanlığı adamları qəribə bir bağla bir-birinə bağlayır, doğmalaşdırır. Yurd insanların birgələşib konkret kültür coğrafiyasında yaratdığı etnik məkandı. Bu doğmalıqda birgəlik, birgəlikdə güc var. Duyğuların ən gözəlidi özünü elin, yurdun bu parçası duymağın. Zərrə olsan da, Tamın gücünü hiss edirsən özündə.
Və bütün bu elat həyatının məhvərində saz durur. Onun səsinin izahagəlməz sehri durur.
Bilmirəm, demək istədiyimi deyə bilirəmmi!
Axşamüstü hamı əl-ayağa düşəndə bildik ki, toya Ədalət gəlir. Qonaq qismində. Amma kim idi ona qonaq təki baxan. Əl çəkmədilər, çal, dedilər. “Lal aşıq” sazı əlinə aldı. “Ruhani”dən başlayıb, “Orta Sarıtel”dən keçib, “Dilqəmi”də əl, “Qaraçı”da ayaq eylədi. Elə bildim qədim türk ellərinin min illik yolunu bir gecədə keçdim.
Bunlar sonra oldu.
lll
Filarmoniyadakı o gecədə Ədalət yaddaşımda dili açılan “lal aşıq” kimi qaldı. İlk dəfəydi onu danışan, şeir deyən görürdüm. Dedikləri bir yana, sazdan elə qəribə səslər çıxarırdı ki.
Yadıma gəlir, uşaq vaxtı təsadüfən atamla Ağdamda Rəmişin məclisinə düşmüşdüm. Onda Rəmiş gitaranı ayrı cür çalırdı. Televizorda gitaranı elə çalmırdılar. Mənə elə gəlmişdi ki, Rəmiş dəlidi.
Həmin gecə Ədalət də eləcə havalı kimiydi. Televizorda sazı elə çalmırdılar. Bu, başqa cür çalmaq idi. Konsertin sonlarına yaxın salon tilsimlənmişdi. Bayaqdan “durun gedək” deyən Yaşar da susub durmuşdu. Rəşadın gözləri isə işıq saçırdı. Sonra o işıq şeirə çevrildi.
Bu payız gecəsi filarmoniya
O sazın sehrinə məəttəl qalıb.
Yanıb od çiləyir bu səssizliyə,
Hər adam yerində bir heykəl qalıb.
O
sazın sehrində, möcüzəsində
Sanki əriyir daş, ovulur divar.
Ayrılıb, ayrılıb yer kürəsindən,
Ovsuna düşübdü salondakılar.
lll
İndi bunları sazdan, yurddan uzaq İsveçdə oturub düşünürəm. Ömrünü Kərəm kimi yana-yana yaşamış, ölümü tənha, xəstə canıyla qarşılayan dilsiz aşıq gəlir gözümün qabağına.
Payız gecəsi yenə içimdə aləm qarışır.
“Yutub”da Ədalətin çaldığı havaları tapıb bir-bir dinləyirəm. “Çoban bayatı”yla yatmış duyğularım, mürgülü yaddaşım, süst düşmüş ruhum oyanır.
Yenidən doğuluram, yurdlaşıram, vətənləşirəm!
Məni təzədən dirildir - indi necə deyim ki, ölüb Ədalət!
Ölməyib axı!
Oktyabr 2017
Vahid
QAZİ
525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.12.