Geosiyasi oyunlarda asimmetrik mübarizənin
yeni aləti - həmşinlilər
Yeni minillik cəmiyyətin adi həyatından tutmuş
dövlətlər arası münasibətlərədək
bütün sahələrdə uzun bir tarixi dövr
üçün xarakterik olan əlaqələrdən fərqli,
ənənəvi olmayan mübarizə formalarının
yaranması ilə səciyyələnir.
Bu yeni yanaşma dövlətlər arasında asimmetrik
mübarizəni, bəzənsə hibrid müharibəsi
adlandırdığımız forma və metodların ortaya
çıxmasını şərtləndirmişdir. Artıq hər
hansı bir dövlətə hücum üçün hərbi
texnika və ordu mütləq şərt deyil. Hibrid müharibəsi adlandırılan yeni
anlayış dövlətləri daxildən sarsıda bilmək
və ya informasiya təzyiqi nəticəsində hədəfə
çatmaq məqsədi daşıyır. Bu mənada dövlətlərin daxili sabitliyini
pozmağa yönəlmiş asimmetrik mübarizə
metodları hətta birbaşa hərbi işğaldan daha təhlükəlidir.
Müasir dövrümüzdə nüvə
silahının yaratdığı təhlükədən
ehtiyatlanan böyük dövlətlərin arsenalında
asimmetrik mübarizə daha çox istifadə olunan
silahdır. Buna görə də asimmetrik
mübarizəni geosiyasi oyunların əsas komponenti
adlandırmaq olar. Bu baxımdan daim
böyük geosiyasi oyunçuların əlində alət
olan ermənilərin bu yeni mübarizə metodlarına əl
atmasını təsadüfi hesab etmək olmaz.
Maraqlıdır ki, ermənilərin asimmetrik mübarizə
üsulları erməni cəmiyyətinin özünü
qorxudan fobiyalar üzərində qurulmuşdur. Tarix boyunca
müstəqil dövlətçilik ənənələri
olmayan, müxtəlif dövlətlərin himayəsində
yaşayan ermənilərin psixologiyasında bu faktor
özünəməxsus rol oynamışdır. Belə
ki, erməni cəmiyyətində ən mühüm
fobiyalardan biri “məzlum xalq” obrazı və bunun pərdə
arxasında “dənizdən-dənizə Böyük və
Birləşmiş Ermənistan” xülyasıdır. Müstəqil dövləti olmayan ermənilər
arasında qriqoryanlıq - kilsə həlledici rol
oynamışdır. Qriqoryan kilsəsi
xristianlığın fərqli qolu kimi tarix boyunca erməni cəmiyyətini
başqa xalqların tarixi torpaqları hesabına dövlət
qurmağa təşviq etmişdir. Kilsənin
bu təbliğatı erməni cəmiyyətini davamlı
olaraq himayəsində yaşadıqları dövlətlərə
qarşı xəyanətə təhrik etmişdir. Bunun üçün isə hətta terror belə məqbul
vasitə hesab olunmuşdur. Buna görə
də Ermənistanla bağlı dini terror və terrorçu
dövlət anlayışlarının ortaya
çıxması təsadüfi deyil. Müstəqil
dövlətçiliyin olmaması erməni cəmiyyətində
psixoloji təzyiq yaratmış və bu erməni
xalqının taleyini uçuruma aparacaq bir fobiyaya səbəb
olmuşdur.
Dünya
erməniləri kilsənin təbliğ etdiyi “Böyük Ermənistan”
xülyasına nail olmaq üçün bir neçə əsrdir
ki, davamlı gizli və açıq planlar həyata
keçirir. Əgər XX əsrin əvvəllərinə
qədər bu planlar böyük imperiyaların əlaltısı
olaraq özlərinə müəyyən pay almağa yönəlmişdirsə,
1918-ci ildə tarixi Azərbaycan torpaqlarında müstəqil
dövlət olmaq üçün pay aldıqdan sonra müəyyən
qədər transformasiya olundu. İlkin məqsəd
olaraq başqasının torpaqlarında müstəqil
dövlət qurduqdan sonra “Birləşmiş Ermənistan”
planları ortaya qoyuldu. Ermənistanın
Sovet dövründə ərazilərinin hüdudlarını
genişləndirməsi yeni dövrdə Azərbaycan,
Türkiyə və Gürcüstana qarşı ərazi
iddiaları ilə davam etməkdədir. Yeni
minillikdə isə ermənilər bu planlarına yeni metodlar əlavə
edərək asimmetrik mübarizə vasitələrini işə
salmışlar.
Azərbaycan Respublikası Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin elmi işçisi Araz
Qurbanovun “Müsəlman ermənilər” kitabı bu asimmetrik
mübarizənin yeni personajları - “müsəlman ermənilər”lə
bağlı bütün planları zəngin faktlarla aşkara
çıxaran bir tədqiqatdır. Müəllif ilk
növbədə ermənilərin növbəti
planlarının əsl mahiyyətini aşkar edir. Kitabda
göstərilir ki, “ermənilərin iddialarına əsasən,
Türkiyədəki “türkləşmiş ermənilər”,
“kürdləşmiş ermənilər”, “qaraçı ermənilər”,
“həmşinlilər”, “gürcüləşmiş müsəlman
ermənilər”, Suriya və İraqdakı “ərəbləşmiş
ermənilər”, Azərbaycanda isə “türkləşmiş
ermənilər”, “erməni tatlar” kimi qondarma etnik qrupların
mövcudluğuna dair “fakt”ların insan hüquqlarının
müdafiəsi müstəvisinə gətirməsi və
siyasi manipulyasiya vasitəsinə çevrilməsi “Birləşmiş
Ermənistan” ideyasının reallaşdırılması
üçün əlavə imkanlar yaratmağa yönəlmişdir”.
Kitabda ermənilərin asimmetrik hücum kimi istifadə
etdikləri “müsəlman ermənilər” ideyasına
qarşı “xristian türklər” fikri ortaya qoyulur. Müəllif
haqlı olaraq göstərir ki, “Ermənistan yaxşı dərk
edir ki, “erməni” konfessionimi altında ümumiləşdirilmiş,
hay xalqının etnogenezinə, etnik mənsubiyyətinə
dair miflərin üzərindən qalın xətt çəkə
bilən bu amil onların bir çox iddialarını və mənimsəmə
səylərini özlərinə qarşı çevirmək
imkanlarına malikdir”. Bu bir faktdır ki, həmşinlilər
adlı etnik-dini qrupun tarixi, mədəniyyəti indiyədək
əhatəli öyrənilməmişdir. Azərbaycanda da əksər hallarda həmşinlilərə
müsəlman erməni kimi baxılır. Bu mənada hazırkı tədqiqat Azərbaycanda həmşinlilərlə
bağlı sistemli yanaşma olaraq atılan ilk addımlardan
biridir və formalaşmış yanlış stereotipləri
dağıtmağa yönəlmişdir.
Təəssüf ki, müşahidələrimizə əsasən
qeyd etməliyik ki, Türkiyədə son dövrlər həmşinlilərlə
bağlı daha çox “müsəlman erməni” identikliyinə
üstünlük verilir. Türkiyənin
televiziya kanallarında həmşinlilərlə bağlı
hazırlanan əksər sənədli televiziya
proqramlarında erməni milli kimliyi əsas
götürülür. Yaranan ideoloji
boşluqdan isə ermənilər istifadə etməyə
çalışırlar. Halbuki bu fikir
Türkiyədə yaşayan bir çox həmşinlilər
tərəfindən dəstəklənmir. Misal üçün, Türkiyədəki həmşinli
dərnəklərinin 2015-ci ildə Ermənistanın və
erməni diasporasının bölgədəki gizli
separatçılıq fəaliyyətinə kəskin
etirazını bildirməsi və bunu yaxında Ermənistanın
Qara dəniz regionundan torpaq tələb etmə ehtimalları
ilə əlaqələndirməsi geniş auditoriya
üçün çox da məlum deyil. Halbuki həmşinli
dərnəkləri birgə bəyanatlarında bildirirdilər
ki, Ermənistan bu məqsədlə bölgədə özlərini
etnik türk kimi identifikasiya edən gənclər arasında
“ermənilərin etnik və dini birliyinin” vacibliyinə dair təbliğat
aparır, bu mövzuda konfranslar təşkil edir, bölgəyə
xüsusi təşviqat qrupları göndərir, ən
müxtəlif vasitələrlə həmşinli
ziyalıları ələ almağa
çalışırlar.
Türkiyədə böyük bir qrup həmşinli dərnəkləri
həmşinlilərin erməni deyil, Anadoluya köç
etmiş xristian qıpçaq və oğuz tayfalarının
törəməsi olduğu inancındadırlar. Şərqi
Anadoludakı (Artvin, Ərdahan, Qars və s.) xristian mədəni
abidələrinin ermənilərə deyil, xristian türklərə
məxsus olması məsələsi ortaya qoyulur. Lakin təəssüf ki, Qərbin müxtəlif
fondlarının maliyyə dəstəyi, erməni
diasporasının təhriki ilə həmşinlilərin
bütün mədəni irsi erməniləşdirilməyə
çalışılır. Həmşinlilərin
istisnasız olaraq “zorən islamlaşdırılmış
etnik erməni” kimi tanıdılması cəhdləri Ermənistanın
saxtalaşdırma təbliğatının növbəti cəhdidir.
Bu saxtakarlıq cəhdləri isə əsasən
erməniyönlü mətbuat tərəfindən geniş
ictimaiyyətə çatdırıldığından birtərəfli
fikir yaradılır. Təəssüf ki,
Azərbaycanda da həmşinlilərin daha çox müsəlman
erməni olması fikri üstünlük təşkil edir.
Hazırkı tədqiqat işi bu mifi dağıtmaq
gücündə olan dəyərli araşdırmadır.
Türkiyədə xristian mədəni irsinin
yalnız digər etniklərə məxsus
olmadığını ortaya qoyan, xristian türklərin mədəni
irsinin öyrənilməsi baxımından bu kitab dəyərli
tədqiqat əsəridir.
Hazırkı tədqiqat Ermənistanın müsəlman
erməni amilinin fəallaşdırmasının məqsədlərini
aşkara çıxarmağa
çalışmışdır. Kitabda ermənilərin
asimmetrik hədəfləri dəqiq müəyyənləşdirilmişdir.
Bu nəticəyə gəlinmişdir ki, müsəlman
erməni faktoru həm beynəlxalq müstəvidə
Türkiyəyə qarşı təzyiq predmeti kimi istifadə
olunur. Həm də ölkə daxilində kriptoermənilərin
sayını süni şəkildə artırmaqla ermənilərin
“etnik azlıq” statusundan çıxarılmasına “etnik
çoxluq” kimi tanıdılmasına və gələcəkdə
“erməni muxtariyyəti” üçün etnik və demoqrafik
zəmin hazırlamağa yönəlmişdir.
Müəllif ermənilərin Azərbaycanda
Dağlıq Qarabağda və Türkiyədə Şərqi
Anadoluda məkrli planları ilə bağlı paralellər
aparır. Haqlı olaraq qeyd edir ki, son 100 ildə Azərbaycan və
Türkiyənin xarici düşmənlərinin nə tərkibi,
nə də məqsədləri dəyişməmişdir.
Buna görə də ermənilərin
Dağlıq Qarabağda xəyanət planlarının sinxron
ardıcıllığını Şərqi Anadoluya tətbiq
edərək nəzəri cəhətdən atıla biləcək
addımları müəyyənləşdirmək
mümkündür. Ermənilərin əsas
hədəflərindən olan “Qərbi Ermənistan
Respublikası” adlı uydurma xəyalları ətraflı tədqiq
olunmuşdur. Bu məkrli iddia
özü-özlüyündə Ermənistanın hər 3
qonşusuna Azərbaycan, Türkiyə və Gürcüstana
qarşı birbaşa ərazi iddiaları deməkdir. Bu yerdə bir müddət əvvəl cari ilin
sentyabrın 22-də Türkiyədən bir neçə
jurnalist və siyasətçinin işğal altında olan
Dağlıq Qarabağa səfərini xatırlatmaq istərdim.
Türkiyədən bir nümayəndə heyətinin
işğalçı rejimin “rəsmiləri” ilə
görüşünü təşkil edən də “Qərb
erməniləri milli konqresi” adlı qeyri-hökumət təşkilatı
olmuşdur. Türkiyənin özünə
ərazi iddiaları olan, “Qərbi Ermənistan” layihəsinin
müəllifləri Azərbaycanda da
separatçılığı dəstəkləyirlər.
Çox təəssüf ki, Türkiyədə
bəzi şəxslər də onların əlində alət
olurlar. Ancaq səfər edən şəxslərin
kimliyinə nəzər saldıqda hazırkı kitabda onlardan
bəzilərinin adları kriptoerməni olaraq tanınır.
Bu isə gizli ermənilərin və onların əsl
niyyətlərini müəyyən etmək baxımından tədqiqatın
dəyərini bir daha artırır.
Kitabda Türkiyədə “Qərbi Ermənistan”
xülyasını dəstəkləyən və təşviq
edən jurnalist və bloqerlərin Corc Sorosun maliyyələşdirməsi
ilə bağlı faktlar ortaya qoyulur. Corc Sorosun
Açıq Cəmiyyət Fondu Türkiyədə etnik və
dini zəmində qarşıdurma yaranması, “Qərbi Ermənistan”
xülyasının gündəlikdə saxlanılması
istiqamətində müxtəlif qeyri-hökumət təşkilatlarını,
universitetləri, ayrı-ayrı elm adamlarını maliyyələşdirir.
Kitabda Sorosun maliyyə vəsaitinə arxalanaraq
Türkiyəni daxildən parçalamaq istəyən qüvvələrin
böyük bir şəbəkəsi fərqli sektorlar üzrə
detallı olaraq açıqlanmışdır.
Türkiyə təhsil sistemində Boğaziçi, Bilgi,
Sabancı Universitetlərinin türk-erməni
yaxınlaşması istiqamətində 2009-cu il
protokollarından sonra davamlı tədbirlər keçirməsi
məlumdur. Hər 3 universitetin Sorosun dəstəklədiyi
təhsil müəssisələri olduğunu nəzərə
aldıqda küləyin haradan əsdiyini müəyyənləşdirmək
olar. Eləcə də, “Həpimiz erməniyiz”,
“Türkiyənin ermənilərdən üzr istəməsi”
ideya və hərəkatının liderləri olan Taner
Akçam, Baskın Oran, Murat Belge kimi aydınların Soros tərəfindən
maliyyələşdirilməsi və kriptoerməni
bağlılıqlarının olması təsadüfi deyil. Əslində, Qərbin müxtəlif fondları tərəfindən
Türkiyədə erməni kartından istifadə edilməsi
təkcə günümüzə aid hadisə deyil. Hələ XIX əsrin sonları-XX əsrin əvvəllərində
Qərbin protestant missionerləri tərəfindən bununla
bağlı müxtəlif xəyanət planlarının
olması məlumdur. Müasir
dövrümüzdə isə dünya miqyasında mahir
möhtəkirlərdən olan Corc Soros həmin məkrli
planları davam etdirir. Onun kriptoermənilərə
yönəlik siyasəti Türkiyədə ilk növbədə
türklüyə qarşı meyillərin
qızışdırılmasına, eyni zamanda, qardaş
ölkə olan Türkiyə və Azərbaycan arasında
ictimai fikirdə mənfi məqamların
alovlandırılmasına yönəlmişdir. Lakin bu məkrli planları fikirləşənlər
hesablarında yanılıblar. Çünki
qardaşlar arasında girmək olmaz. Hər iki ölkədə
bu tip təxribatların və kriptoermənilərin fəaliyyətinin
haradan qaynaqlandığı bütün səviyyələrdə
bilinən faktlardır.
Türkiyədə
iddia olunduğu kimi “zorən islamlaşdırılmış
etnik erməni” milli kimliyinin ortaya çıxarılması ilə
bağlı layihələrin dəstəklənməsində
Açıq Cəmiyyət İnstitutu ilə yanaşı,
alman siyasi fondları Fridrix Ebert, Fridrix Nauman fondlarının
fəallığını da xüsusi qeyd etməliyik. Bütün bunlar asimmetrik hücumun
sifarişçilərini də müəyyən etməyə
imkan verir.
Hazırkı kitabda Ermənistanın və erməni
diasporasının Azərbaycan və Türkiyəyə
qarşı apardığı hibrid müharibəsi zəminində
saxta (feyk) məlumatlara da xüsusi diqqət edilir. Məlum
olduğu kimi, hibrid müharibələri yalan məlumatların
böyük əks-səda yaratmasına yönəlmiş bir
mübarizə vasitəsidir. Bu baxımdan ermənilərin
müsəlman ölkələrində özlərini məzlum
xalq, islam mədəni irsinin təbliğatçıları
kimi təqdim etməyə çalışmaları ilə
bağlı yaydıqları dezinformasiya müəllifin diqqətini
cəlb etmişdir. Bütün bu məqamlar Ermənistanın
apardığı hibrid müharibə vasitəsi kimi
ayrı-ayrı şəxs adları, təşkilatlar,
onların sponsorları da daxil olmaqla böyük bir şəbəkəni
göstərməklə ifşa olunmuşdur. Bu zaman İran, İraq, Suriya, Rusiya,
Qırğızıstan, Gürcüstanı əhatə edən
böyük bir coğrafiyadan konkret nümunələr əsasında
faktlar ortaya qoyulmuşdur.
Müəllif hazırda Türkiyədə “erməni
açılımı” istiqamətində atılan bəzi
addımlardan Ermənistanın ideoloji müstəvidə necə
sui-istifadə etdiyini və Türkiyə əleyhinə siyasətin
alt qatlarını açmağa
çalışmışdır. Misal üçün
Türkiyənin Van gölündə Ağtomar kilsəsini bərpa
etməsindən ermənilərin necə
faydalanmağını ortaya çıxara bilmişdir. Ermənilərin Ağtomar kilsəsini bilavasitə
Eçmiədzinə tabe olan yeparxiya kimi görmək,
Türkiyədəki qriqorian erməniləri Türkiyənin
rəsmi dairələrinə yaxınlığı ilə
tanınan İstanbul patriarxlığının nüfuz və
təsir dairəsindən çıxarmaqla bağlı niyyətləri
ideoloji müstəvidə açıqlanaraq oxucuların diqqətinə
çatdırılmışdır. Qriqorian
kilsəsinin Türkiyədəki məkrli planlarının
ortaya çıxarılması tədqiqatın dəyərini
daha da artırır.
Tədqiqatda erməni separatizminin gələcək xəritəsinin
konturları da göstərilmişdir. Belə ki, müəllifin qənaətinə
görə, Dağlıq Qarabağdan sonra Gürcüstan ərazisində
Abxaziya və Cavaxetiya, daha sonra isə Şimali Qafqazda ermənilərin
və xristian həmşinlilərin sıx məskunlaşdığı
Adıgey Respublikası növbəti hədəflərdir.
Kitabda ayrıca toxunulan mövzulardan biri də qıpçaq ermənilərdir. Müəllif xristian türklərin tarixin müxtəlif zamanlarında qriqorian kilsəsinin təsiri altına düşərək erməniləşməsi ilə bağlı prosesləri ciddi tədqiq etmişdir. Bir çox tanınmış rus və hətta erməni müəlliflərin “Krım erməniləri”nin və “Don erməni”lərinin əslində xristian dininə tapınan qıpçaqlar olması ilə bağlı əsərlərindən istinad gətirilmişdir. Kitabda haqlı olaraq bu mövqe səslənir ki, “əgər bölgədə xristian dininin daşıyıcıları etnik erməni olsaydılar, erməni dini kitablarının qıpçaq dilinə çevrilməsinə lüzum qalmazdı”. Qriqorianlıq erməni assimilyasiyasının dominant faktoru olmuşdur. Məhz bu məzhəb təkcə qıpçaq türklərinin deyil, yəhudi, qaraçı, assur, kürd, tat, udinlərin erməniləşməsində həlledici rol oynamışdır.
Müəllif Ermənistanın Türkiyə və Azərbaycana qarşı assimmetrik mübarizədə həmşinli və müsəlman erməni kartından istifadəsi ilə bağlı plan və niyyətlərinin əsl mahiyyətini açmağı bacarmışdır. Həmşinlilər, kriptoermənilər və müsəlman ermənilərdən Türkiyədə müəyyən konsolidə olunmuş vahid sosial baza yaratmaqla, Azərbaycanın isə işğal olunmuş ərazilərinə bu qrup insanları köçürməklə asimmetrik hücum planlarında istifadə olunmaqdadır. Dağlıq Qarabağ münaqişəsi ərəfəsində Qırğızıstandan həmşinlilərin Ermənistana köçürülməsi ilə bağlı planların olması isə bir daha göstərir ki, Ermənistanı bu asimmetrik müharibədə xaricdən bir çox qüvvələr dəstəkləyir. Əgər həmin vaxt Qırğızıstandan müsəlman həmşinliləri regiona köçürə bilsəydilər Ermənistan Azərbaycanla müharibə zamanı həm Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərə zərbə vurmağa çalışacaq, həm də münaqişə ilə bağlı islam ölkələrinin həmrəylik nümayiş etdirməsindən yayındırmaq üçün işğalçı ölkəyə əlavə divident verəcəkdi. Hazırkı tədqiqat göstərir ki, Ermənistan bu məkrli niyyətlərindən hələ də əl çəkməyib və özünün asimmetrik mübarizə strategiyasında dominant komponentlərdən biridir.
Beləliklə, Araz Qurbanovun oxucuların
mühakiməsinə təqdim etdiyi kitab həssas və aktual
bir mövzuya toxunub. Kitabda bir neçə istiqamətdə dəyərli
araşdırma aparılmış və ermənilərin
asimmetrik planlarının əsl mahiyyəti ortaya
qoyulmuşdur. Tədqiqat həmşinlilərin istisnasız
olaraq erməni qəbul edilməsinin yanlış olduğu qənaətinə
gəlir. Bundan başqa, Ermənistan
Respublikasının və onun havadarlarının müsəlman
erməni kartından istifadə strategiyalarını ifşa
etməyə, kriptoermənilərin Türkiyədə
oynadığı rola, “Qərbi Ermənistan” xülyası ilə
bağlı ermənilərlə Qərbin möhtəkir
qurumları, xüsusən də Corc Sorosun işbirliyi
kimi geniş ictimaiyyətə çox da məlum olmayan
mövzulara işıq salınır. Tarixi aspektdən
“müsəlman erməni” kimliyinin “xristian türk”
qarşılığı verilir. Ermənilik
anlayışının etnik deyil, dini kimlik olması tezisi ilə
maraqlı faktlar ortaya qoyulur. Bütün bunlar
Ermənistanın Azərbaycana və Türkiyəyə
qarşı apardığı informasiya müharibəsi
kontekstində dəyərli bir tədqiqatın ərsəyə
gətirildiyini bir daha təsdiq edir. İnanırıq ki, erməni
yalanlarının ifşa edilməsinə yönəlmiş
bu tədqiqat qafqazşünasların, bu sahə ilə
məşğul olan ekspertlərin və böyük oxucu
kütləsinin təqdirini qazanacaq.
Ərəstü
HƏBİBBƏYLİ
Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr
şöbəsinin müdir müavini
525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.8-9.