İmdat Avşarla Türkiyəyə səyahət  

 

"Səhər-səhər" rubrikası

 

 

İmdat Avşar çağdaş Türkiyənin istedadlı yazıçılarındandır.

 

İmdat Avşar Azərbaycan sevdalısı ədəbiyyatımızın təbliğatçısıdır.

 

İmdat Avşar bir sıra yaşlı gənc yazıçılarımızın şeirlərini,  hekayələrini, o cümlədən, mənim  Kərəm kimisənədli romanımı Türkiyə türkçəsinə uyğunlaşdırıb.

 

İmdat Avşar şəxsən mənim əziz dostumdur.

 

Çox illər bundan qabaq İmdatla söhbətdə bir niyyətimizdən söz açmışdıq: Birlikdə iki səyahətə çıxaq. Başdan-başa Türkiyəni başdan-başa Azərbaycanı gəzək. Sonra mən Türkiyə təəssüratlarım haqqında, İmdat da Azərbaycanda gördükləri barədə yazıb bir kitabda nəşr edək. Təəssüf ki, bu niyyət mənim tərəfimdən həyata keçmədən elə niyyət kimi qaldı. Amma İmdat  altı-yeddi il bundan öncə bizim o zaman lap gənc olan yazıçımız Elçin Hüseynbəyliylə birlikdəÖvliya Çələbinin iziyləölkəmizin bir sıra bölgələrinə səfər etdi bu səyahəti haqqındaAzərbaycanadlı dəyərli kitab yazdı.

 

Mənim Türkiyəni Ədirnədən İqdıracan başdan-başa dolaşmaq arzum həyata keçməsə , İmdat bəylə birlikdə çox səfərlərdə olduq. Hollandiyada Nazım Hikmətə həsr olunmuş kitabımın təqdimatına birlikdə qatıldıq, İstanbulda,  Ankarada, Kayseridə, Qırşəhərdə tədbirlərdə iştirak etdik, əfsanəvi təbiət mənzərələriylə insanı heyrətləndirən Kappadokiyanı, Görəməni gəzdik.

 

Bu günlərdə isə Bakıdakı mənzilimi tərk etmədən  İmdatla daha bir gəziyə çıxdıq. Çoxdan bəri bütünlüklə oxumaq istədiyim bir kitabı - İmdat AvşarınAnamın saatlarıkitabını bir nəfəsə oxudum. Bu qiraəti İmdat Avşarla Türkiyəyə   səyahət adlandırmaq olardı.

 

Ədəbiyyat bir xalqı daha yaxından tanımaqçün  ən etibarlı mənbədir. Türkiyəyə açılan bütün qapılar üzümüzə bağlı olan zamanlar qardaş ölkəylə daha çox şəhər mövzularında yazılmış əsərlər vasitəsiylə tanış olurduq. Rəşad Nuri Güntəkin, Ömər Seyfəddin, Xalidə Edib Adıvardan üzü bəri Nazım Hikmətə, Əziz Nesinə son illərdə Orxan Pamuka qədər oxuduğum bütün kitablar bizi böyük şəhərlərə ilk öncə əlbəttə, İstanbula aparırdı (Əlbəttə, “dağlar dastançısıYaşar Kamalı unutmuram).   

 

İmdatın hekayələr kitabı məni türk köylərində, azəri türkcəsiylə desək, kəndlərində, qəsəbələrində gəzdirdi. Mətnə daldıqca elə bil yazda yaşıl yamacların, gül-çiçəkli çəmənlərin qoxusunu  duyurdum.

 

Dağlar mor bənövşə, gül,

Bəsərəkdə yürüyən lalə sümbül,

Güldərəni bürüyən çayır çəmən”.

 

Aşıq Veysəl şeirindən boy verirdirsə, İmdatın nəsrində yaylağınqarını-ayazını, qışını-baharını, çiçəyini, böcəyini, otunu, tikanınıduydum. Altın çiçək, bənövşəyi süsən, qız kirpiyi, gəlincik, göybaş bənövşəyi çiçək. Çiçəklər dərələrdə, təpələrdə, qarın tutmadığı daldalarda, dağın koğuşlarında boy verib açır. Dəvədabanı, kəklikotu, yovşan, çobanyastığı... Qanqal, şəkər tikanı, çölnoxudu, dəvətikanı... quşlar. Dağların, yaylaqların quşları. Mir Seyid yaşılbaş sonalarla, qızıl rəngli anqutlarla, telli durnalarla sulara enir bir xınalı kəklik sürüsünə qoşulub dağlarda süzür”.

 

Oxuduqca sanki dağların saf havasıyla ciyərdolusu nəfəs alırsan, güllərin, çiçəklərin min rəngini görürsən, rayihəsini duyursan, quşların civiltisini eşidirsən. bütün bu təbiət gözəllikləri kənd uşaqlarının, o cümlədən, çocuq İmdatın gözüylə görülüb, yaddaşında saxlanıb. Çoxumuz səfil, pərişan kənd uşaqlarıydıq, dəyişməyə köynəyimiz, jaketimiz yoxdu. Həftələrlə məktəbə eyni köynəkdə gedərdik. Yaxalarımız kirdən parıldayardı. Böyük qardaşlarımızdan, əmiuşaqlarından qalma  pencəklərin qolu əllərimizi örtərdi, ciblər dizimizə qədər yenərdi. Şalvarımızın beli düşər, əlimizin biri həmişə belimizdə olardı. Taxtaya çıxanda kənardan baxıb gülərdik”.

 

Çətin, məşəqqətli çocuqluğun bu qədər müfəssəl, əyani təsviri ancaq yaddaşda həkk olunmuş acıların nəticəsidir. Ömür boyu unudulmayacaq acıları xatirəsində yaşatmasaydı, yazıçı İmdat Avşar çox erkən yaşlarında yetim qalmış Mir Seyidin ata həsrətini   arzuladığı velisopedə heç  vaxt sahib olmayacağını bu qədər təsirli şəkildə qələmə ala bilməzdi. Təbiətin yalnız çiçəklənən baharını deyil, arvadların başı söhbətə qarışarkən həyətdə vedrədə donan suyun timsalında qışın sazağını da parlaq boyalarla oxucuya çatdıra bilən müəllif Mir Seyidin özünün bir gün itkin düşməsini, sonra da donmuş meyitinin tapılmasını xəsis ifadələrlə sarsıdıcı təhkiyəylə çatdıra bilir. Ümumiyyətlə, uşaqlara həssas, kövrək, son dərəcə mərhəmətli münasibət kitabın bir çox səhifələrində, incə qələmlə işlənmişdir. Ağaz atlar” hekayəsi də məhz bu cəhətdən oxucunu riqqətləndirir.

 

İmdatın hekayələrində Nazım Hikmətin təbiriylə desək, əlvan, çoxsifətli “insan mənzərələri” geniş əks olunub. Ən müxtəlif insan surətləriylə, xarakterləriylə tanış oluruq, saf ürəkli, sadəlövh dindar Rəhman dayıdan ovudulmazunudulmaz  eşqi yolunda tövbəsini pozan Heydərəcən, xeyirxahlıq etməkdən yorulmayan, usanmayan  Həmdi kirvədən, Abdal Adəməcən növ-növ  tipajlar gözlərimiz qarşısında canlanır.

 

Hekayələrin bir məziyyəti də yumşaq, xəfif yumor, yüngül zarafat ovqatıdır. Bu cəhətdən İmdatın hekayələri mənə bizim klassik yazıçılarımızdan Əbdürrəhim bəy Haqverdiyevin bəzi əsərlərini xatırlatdı. İmdatın orijinal yumor hissi elə həmin Abdal Adəmlə bağlı “Evin yıxılsın, Hacı”, habelə “Ürəyində söyən uşaq”, “Türbənin dəlisi”, “Hökümətin imzası”, “Bizim evin qibləsi”, xüsusiylə də kitaba ad vermiş  “Anamın saatları” hekayələrində duyulur.

 

İmdat Avşarın hekayələrini oxuduqca sanki tək Türkiyəyə səfər etmirsən, bir az da bizim öz keçmişimizə Mirzə Cəlilin, Sabirin, hətta Mirzə Fətəlinin təsvir etdikləri dövrlərə düşürsən.  Hekayələrdə çağdaşlığın  əlamətləri - maqnitofon, avtomobil, velosiped, elektrik və sairə olsa da, psixoloji cəhətdən həmin elə Rəhman dayıyla Mirzə Cəlilin Məmmədhəsən əmisi eyni sosial tipajlardır. Biri arzusuna çatsa, o biri çatmasa da. İmdat Avşarın Azərbaycan sevgisi və ağrılarımızı paylaşması “Qarabağ qaçqınları” hekayəsndə  orijinal yozumunu tapmışdır.

 

İstedadlı yazıçıyla, səmimi dostumla birlikdə qardaş ölkəyə bu qiyabi, amma canlı təəssüratlarla, maraqlı tanışlıqlarla dolu səfərim üçün İmdat Avşara minnətdaram.

 

11 oktyabr 2017

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.7.