Eldar Nəsiblinin şeir çələngində
Litva ləçəkləri
Yeddi il
öncə bizi vaxtsız tərk etmiş görkəmli
şair, publisist və tərcüməçi Eldar Nəsibli
Sibirelin (1952-2010) anadan olmasının 65 illiyi bu yaxınlarda
sanballı tədbirlərlə qeyd edildi, onun bu
ildönümü münasibətilə
"Yazıçı" nəşriyyatı tərəfindən
buraxılmış "Seçilmiş əsərləri"nin
Qazaxda Ədəbiyyat muzeyində təqdimatı oldu.
Məni
Eldar ilə onun qardaşı - tələbə yoldaşım,
filoloq və şair dostum Vəli Nəsibli (Xramçaylı)
tanış etmişdi. Ötən
yüzilliyin 80-ci illərində E.Nəsibli Sibirel ilə
dostluq və yaradıcılıq əlaqələri
saxlamışıq, bir müddət yazışmalar
aparmışıq.
Axırıncı dəfə 2001-ci ildə Bakıda bir
tədbirdə ayaqüstü
görüşmüşdük. Təbii ki, o vaxt nə Eldar, nə də
mən bilmirdik ki, bu, bizim vida görüşümüz
olacaq... Çox-çox təəssüf... Geniş qəlbli
insan, milli təfəkkür və həssas qələm
sahibi, gözəl ruhlu şair, sözün əsl mənasında
dəyərli və sadiq dost, millət təəssübkeşi
və doğma torpağa qırılmaz tellərlə
bağlı Vətən oğlu, olduqca sağlam
düşüncəli bir ziyalı idi...
KAUNAS
GÖZƏLLƏRİ HAQQINDA DUYĞULU XATİRƏLƏR...
Eldar Nəsiblinin
gözəl əsərləri arasında diqqətimi çəkən
belə bir lirik şeir vardır: "Rəşad Məcid,
yadındamı o günlər" adlı həmin şeir
2002-ci ildə yazılıb və aşağıdakı bəndlə
başlanır:
Rəşad
Məcid, yadındamı o günlər?!
O günlər
ki, bir qızılgül qoxurdu
Şənimizə
Kaunaslı gözəllər,
"Cip-cip,
cip-cip cücələrim" oxurdu...
Bu əsər
tanınmış söz ustası və qələm sahibi Rəşad
Məcidin 2004-cü ildə Bakıda işıq üzü
görmüş "10 sentyabr" adlı kitabının
"Kənar gözlə" başlıqlı
bölümündə də yer alıb. Şeirin
yaranmasına rəvac vermiş bəzi yaradıcılıq məqamlarına
və yazılma tarixçəsinə aydınlıq gətirmək
üçün bu ilin aprel ayında Rəşad bəyə
məktubla müraciət edib açıqlama verməsini
xahiş etdim.
Sağ
olsun Rəşad bəy, cavabı gecikdirmədi.
Sözügedən şeirlə bağlı ondan ertəsi
gün nostalji hisslərlə aşılanmış və gənclik
illərinin qanadlı romantik duyğularının nəfəs
aldığı açıqlama və şərhlər
aldım:
"Mahir bəy, gecə məktubunuzu oxudum, xatirələr
məni 30 il əvvələ apardı. O illərdə mən gənc
bir oğlan idim və "Elm və həyat" jurnalında
korrektor işinə düzəlmişdim. Eldar Nəsibli
də jurnalın məsul katibi idi. Yadıma
düşür ki, sizin adınızı ilk dəfə
Eldarın dilindən eşitmişəm! Bəlkə elə
Kaunasa getdiyimiz ərəfədə eşitmişəm!
"Elm və həyat" jurnalı "Bilik" Cəmiyyətinin
orqanı idi.
Yaddaşım məni yanıltmırsa,
1986-cı, ya da 1987-ci ildə Kaunasa "Bilik" Cəmiyyətinin
konfransına qatılmışdıq. Eldar Nəsibli, mən,
"Bilik" Cəmiyyətindən İsmət muəllim və
Pedaqoji İnstitutdan Oruc Qüdrətov. Deyəsən,
heç Vilnüsdə ləngimədik, təyyarədən
düşüb birbaşa Kaunasa getdik. Dediyim kimi, onda gənc
oğlan idim, dil-dil ötürdüm, kaunaslı iki gənc
qızla tanış olmuşdum...Azərbaycan
barədə söhbət açdıq! Məlum oldu bizim
haqqımızda bilgiləri "Cücələrim"
mahnısından ibarətdir! Və bizim
xahişimizlə qızlar "Cücələrim"
mahnısını oxuyurdular. Eldar çox
sevinirdi. Hətta dediyi bu sözlər yaxşı
yadımdadı: "Qoy, Tofiq Mütəllibova zəng vurum ki,
Rəşad kaunaslı gözəllərə Sizin sözlərinizə
yazılmış mahnını oxutdurur!
"Tofiq müəllim o zaman "Azərbaycan gəncləri"
qəzetində poeziya şöbəsinin müdiri idi.
Konfrans başqa detallarla elə çox yadımda
qalmayıb.
Amma qayıdanda bir hadisə oldu ki, onu tez-tez xatırlayıram!
Deməli biz avtovağzala gəldik ki, Kaunasdan
avtobusla Vilnüsə gedək. Mən orda bir kök
kilolu taksi sürücüsü ilə tanış
oldum. Sən demə o, Minskdən imiş, bu tərəflərə
sərnişin gətiribmiş, indi geri qayıdırdı.
Mən onunla danışdım və bizi
Vilnüs hava limanına gətirdi. Yol boyu
da xeyli söhbət etdik.
Üstündən
bir il keçmişdi, biz yenə həmin
heyətdə bu dəfə Minskdə "Bilik" Cəmiyyətinin
konfransına getmişdik. Gecə
çatdıq. Səhər bazar
günü idi. Danışdıq ki, tezdən
çıxaq "Polşa bazarı" deyilən yerə gedək.
Otelin qarşısında taksiyə əl elədik. Oturandan sonra
sürücünün gövdəsi, kürəyi mənə
tanış gəldi. Yada saldım, məlum
oldu ki, Minskdə ilk qabağımıza çıxan bu taksi
sürücüsü ötən il bizi
Kaunasdan Vilnüsə gətirən sürücü imiş! Dünyanın kiçikliyinə misal çəkmək
istəyəndə o hadisə yadıma düşür.
Allah Eldara rəhmət eləsin! Onunla bağlı xoş
xatirələrim var. Sizə də təşəkkür edirəm
ki, xatırlatdınız!.."
QAZAXDAN
KLAYPEDAYA UZANAN POETİK TRAYEKTORİYA
Eldar Nəsibli Sibirel 1982-ci ildə Lvov şəhərində
keçirilmiş Ümumittifaq poeziya festivalında Azərbaycan
ədəbiyyatının gənc nəslinin istedadlı təmsilçisi
olaraq iştirak etmişdi. Onun dediyinə görə,
bu tədbirdən sonra Baltik xalqlarının ədəbiyyatına
xüsusi maraq göstərməyə
başlamışdı. O, həm də Litva ədəbiyyatı
ilə yaxından maraqlanırdı. Tanınmış Litva
şairləri Alfonsas Maldonis (1929-2007), Yonas Yakştas (1931),
Alfonsas Bukontas (1941), Yustinas Martsinkyaviçyusun (1930-2011)
yaradıcılığı və ələlxüsus, Litva
folklorunun poetik nümunələri onun diqqətini yaxından
çəkmişdi. Mən onu litvalı şair və
publisist, Litva Yazıçılar İttifaqının ədəbi
nəşri - "Literatura ir menas" həftəliyinin məsul
katibi Antanas Stanyaviçyus (1953) ilə tanış
etmişdim və onlar bu tanışlıqdan sonra
yaradıcılıq əlaqələri qurmuşdular. Bunun nəticəsi olaraq, E.Nəsibli litvalı qələm
dostunun poeziyasından bəzi tərcümələr
etmişdi, A.Stanyaviçyus isə E.Nəsiblinin şeirlərini
litvacaya çevirmişdi (onlar şeirləri mənim Litva və
Azərbaycan dillərində hazırladığım sətri
tərcümələr əsasında çevirmişdilər).
A. Stanyaviçyus bir müddət sonra yaşayış yerini
dəyişərək Vilnüsdən Klaypeda şəhərinə
köçdü və onun Eldarla əlaqələri həmin
şəhərdən davam etdirildi.
A.
Stanyaviçyusun şeirlərindən bir neçəsi
1983-cü ildə "Ədəbiyyat və incəsənət"
həftəliyinin 25 noyabr 1983-cü il
tarixində çapdan çıxmış 47-ci sayında
çap edilmişdir. Əsərlərin işıq
üzü görməsi üçün E. Nəsibli Sibirelin
qələm qardaşı, şair, publisist və tərcüməçi,
o vaxtlar həmin həftəlikdə poeziya şöbəsinin
müdiri olaraq çalışmış Davud Nəsib
(1942-2003) öz xeyir-duasını vermişdi.
ECAZKAR
POEZİYA DİYARI
E. Nəsiblinin
şeirləri isə Litvanın o vaxtkı gənclər qəzeti
- "Komyaunimo tiesa" gündəliyinin 20 iyul 1984-cü ildə
Vilnüsdə işıq üzü görmüş 139-cu
sayında dərc olunub və həmin əsərlər
bunlardır: 1. "Dünya gözəldir" ("Zavus
pasauli!"). 2. "Sevirəm desən..." ("Myliu"
jei netycia istarsi"). 3. "Bu gecə bir mənəm,
bir də ki, qələm" ("Vienisas nakti. Su
muza").
Şeirlərin publikasiyası "Ecazkar poeziya
diyarı" ("Nuostabaus krasto poezija") adlı təqdimat
və tanıtma məqaləsi altında verilib. Məqalənin
əvvəlində Qazax mahalı həm Eldar Nəsiblinin
ata-baba yurdu, həm də böyük istedadlar və şairlər
diyarı kimi Litva oxucularına təqdim olunub. Bu diyarda
Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mehdi Hüseyn,
İsmayıl Şıxlı, Səməd Vurğun, Osman
Sarıvəlli, Hüseyn Arif, Nüsrət Kəsəmənli
kimi məşhur şair və yazıçıların, digər
tanınmış söz və sənət ustadlarının
yetişdiyi vurğulanıb. Sonra isə Litvanın poeziya pərəstişkarlarına
E. Nəsiblinin həyat və yaradıcılığı barədə,
şeirlərinin poetik xüsusiyyətləri haqqında
yığcam bilgilər verilib, onun çap edilmiş
kitabları və tərcümə fəaliyyəti
haqqında məlumatlar təqdim olunub, əsərlərinin
rus və Ukrayna dillərinə çevrilməsi ilə
bağlı bəzi faktlara toxunulub. Məqaləni
Mahir Həmzəyev yazıb.
ƏDƏBİ
YADDAŞI GENİŞLƏNDİRƏN
ÇİLƏNTİLƏR...
Düşünürəm
ki, Eldar Nəsiblinin kitablarının çap edilməsi,
poetik irsinin öyrənilib yayımlanması, ələlxüsus
media və sosial şəbəkələr vasitəsilə əsərlərinin,
sözlərinə yazılmış mahnıların yeni nəsillərə
çatdırılması sahəsində edukoloji fəaliyyətlə
yanaşı, həm də onun müxtəlif səbəblərə
görə tədqiqatlardan kənarda qalmış ədəbi,
publisistik və epistolyar irsinə aid naməlum faktların
axtarılıb bir yerə toplanılması, müfəssəl
araşdırılması xüsusi əhəmiyyət kəsb
edir.
Zənnimcə,
E.Nəsiblinin digər xalqların ədəbiyyatından
etdiyi tərcümələr, həm də onun öz şeirlərinin
başqa dillərdəki publikasiyaları, xaricdəki qələm
dostları ilə apardığı müxtəlif
yazışmalar, mühüm ədəbi hadisələrlə
bağlı ictimai diskursda səslənmiş, lakin çap
olunmamış müşahidə və qeydləri, müxtəlif
insanlara imzasıyla hədiyyə etdiyi kitablarında xatirə
olaraq yazdığı dedikasiyalarda yer almış maraqlı
fikirlər və digər bu kimi kölgədə
qalmış ədəbi faktlar onun
yaradıcılığının yeni
çalarlarını açmağa imkan yaradan rayihəli
çiləntilər olaraq E. Nəsibli Sibirel ədəbi-mədəni
irsinin ayrılmaz hissəsini təşkil edir.
Qənaətimiz belədir ki, E. Nəsibli Sibirelin etdiyi bədii
tərcümələr sayəsindəhəmçinin, Litva -
Azərbaycan ədəbi-mədəni əlaqələri
üfüqlərinin genişləndirilməsi və
xalqlarımızın qarşılıqlı anlaşma ənənələrinin
zənginləşdirilməsi istiqamətində nəcib
işlər görülmüş və xeyirxah addımlar
atılmışdır.
Bütün
göstərilənləri, həm də dəyərli sənətkarımızın
65 illik yubileyini nəzərə alaraq, Litva şairi A.
Stanyaviçyusun poeziyasından E. Nəsibli Sibirelin1984-cü
ildə dilimizə tərcümə etdiyi altı şeiri
oxucuların diqqətinə təqdim edirik.
Antanas
STANYAVİÇYUS
Klaypeda,
Litva
Təkcə
səni sevərik
Qısqanmadan heç kəsə.
Təkcə
sənin qoynuna
Uçarıq birnəfəsə.
Təkcə
sən arxamızda
Dönərsən qar lı dağa.
Təkcə
sənin haqqın var,
Bizləri ağlatmağa.
Təkcə
sən büdrəyəndə
Tutarsan qolumuzdan.
Olub kədərə
qənim
Vətənim mənim.
lll
Ana, vaxt
taparıqmı
Oturub dərdləşək biz.
Qəlbimizi
boşaldıb,
Anaq, başa düşək biz.
Bunumu
gözləyirdin,
Böyüyüb ucalım mən.
Ağ olsun üzüm mənim.
Qəlbimdən
keçənləri
Açırmı
baxışlarım,
Deyirmi gözüm mənim?
Hər
vaxt hazırlaşıram
Yanına
gəlim, ana!
Gələndə
də susuruq,
Qalırıq
yana-yana!
lll
Bu
dünyada kəndimin
Özünün günəşi var.
Batmağa
tələsməz o
Görsə
ki, insanların
Bir yarımçıq işi var.
Kəndimizdə
boz bulud
Sanki alçaqdan uçur.
Deşir
onu atamın
Çəkdiyi
kərəntinin
Sapının iti ucu.
Kəndimizdə
briqadir
İşdə batır qan-tərə.
Ona elə
gəlir ki,
Vurnuxmur hədər yerə.
Kəndimizin
havası
Gül
qoxuyur, bal dadır.
Günəş,
bulud, briqadir
Orda qayda yaradır.
lll
Maşınların
bir an da vermədən macal, aman
Elə hey izlədiyi zavallı, yazıq insan.
Keçidi
güclə keçdin islanmış siçan kimi
Sonrasa təkəbbürlə
düzəldərək qəddini,
Gedirsən
baxa-baxa qızların qamətinə,
Harınları
bürüyüb kininə, nifrətinə: -
Ağ
"Volqa"ların cana yayılan
rahatlığı,
Evdə
arvadlarının, işvə, nazı, qınığı,
Şöhrətli
restoranlar, adlı fin hamamları,
Gözləyir bu şəhərin hər yerində
onları.
Səni
isə gözləyir dar süd mağazaları,
Qaranlıq keçidlərdən ötüb keçmək
azarı.
Nə
vaxtsa qonşuların bağına girdiyintək,
Nə vaxtsa yaxın dostun yanına gəldiyintək.
lll
İyirmi
yaşında bir "qarımış" qız
Məhəbbət nəğməsi oxuyur pəsdən.
Dinləyir
sözünü ağ saçlı tarix
Şüa bəlasına tutulan xəstə.
Qalsa da
iş-gücdən əli, ayağı
Dili əvəz edir onları bir-bir.
Çəkməkdən,
içməkdən, sevməkdən özgə
Heç nə arzulamır, heç nə istəmir.
Keçilmiş
yollardan keçibdir deyə
Çoxuna yaşlıdır gur səsiylə o.
Tez-tez
sonatanı şlagerə də
Çevirir öyrənmək həvəsiylə o.
Gah antik dilləri qadağan edir
Gah da söyüb Kantı qoymur yaxına.
Neyləmək dünyada günahkar deyil
Bir kimisə qatığın ağ olmasına.
lll
Toz basmış, laxlamış ürəyimizdə
De nəyi bölüşək, bölüşək, gülüm.
Sonra susub, susub yalan söyləyək
Gərəksiz söz deyib, gülüşək gülüm.
Elə bil balıq tək ammoniyakla
Zəhərlənib arzum,
Sən bir işə bax.
Tələdə boğulmuş cüyür kimidir
Dünyada eşqimiz, sevgimiz ancaq.
Tərcümə
edən: Eldar Nəsibli Sibirel
Qazax-Klaypeda-Vilnüs-Bakı
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin
sədri, Litva Respublikası Hökuməti yanında Milli
İcmalar Şurasının üzvü
mahir.hemzeyev@post.skynet.lt
525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.8.