Şairin xatirəsinə ehtiramla...
II "MƏMMƏD ARAZ POEZİYA GÜNÜ"NƏ YEKUN VURULUB
Oktyabrın 14-də II
"Məmməd Araz
Poeziya günü"nə
həsr olunmuş yekun tədbirlər keçirilib. Əvvəlcə Fəxri xiyabanda
unudulmaz şairin məzarı ziyarət edilib.
Anım mərasimində Məmməd
Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza
misilsiz töhfələr
bəxş etməsindən
danışılıb, görkəmli
şairin bir-birindən
hikmətli şeirlərinin
bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə
oxunmasından söhbət
açılıb.
Millət vəkili, yazıçı
Aqil Abbas Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında
yeni bir mərhələ açdığını
bildirib. Vətənpərvər şairin "Vətən
mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim!", "Məndən
ötdü qardaşıma
dəydi!" - və digər məşhur misralarının
zərb-məsələ çevrildiyini,
onun yaradıcılığının
xalqımızın əbədi
yaddaşına döndüyünü
söyləyib.
Tədbirdə BDU-nun professoru Cahangir
Məmmədli, Azərbaycan
Yazıçılar Birliyinin
katibi, şair-publisist
Rəşad Məcid,
şair Oqtay Rza, Xəzər Universitetinin müəllimi
Qardaşxan Əzizxanlı,
Azərbaycan radiosunun əməkdaşı Tahir
Talıblı və başqaları Məmməd
Araz yaradıcılığının
bənzərsizliyindən söz
açıblar. Ümummilli
lider Heydər Əliyevin Məmməd Araz yaradıcılığına
və şəxsiyyətinə
daim yüksək qiymət verdiyini, onun ikinci dəfə
hakimiyyətə qayıdışından
sonra şairin ali mükafatlara
layiq görüldüyünü
bildiriblər.
Həmin
gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Yazıçılar Birliyi
və Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunun dəstəyi ilə Xalq Şairi
Məmməd Arazın
xatirəsinə həsr
olunmuş "Poeziya günü"nün yekun
tədbiri olub. Tədbir şairin öz səsində "Ana torpaq"
şeiri ilə başlanıb.
Tədbirdə layihənin ideya
müəllifi Qardaşxan
Əzizxanlı, Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu, Rəşad
Məcid və şairin qızı,
"Ədalət" qəzetinin
baş redaktoru İradə Tuncay çıxış edərək
böyük sənətkarın
həyatından, zəngin
yaradıcılığından söz açıblar.
Bildirilib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən
biri kimi yaddaşlara köçüb. Böyük sənətkar
öz yaradıcılığı
ilə hər zaman həqiqət axtarışında olub, haqq işi uğrunda
mübarizə aparıb.
Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları
onun poeziyasının
əsas mövzularını
təşkil edir.
Onun "Azərbaycan
- dünyam mənim",
"Vətən mənə
oğul desə",
"Məndən ötdü,
qardaşıma dəydi",
"Mənim Naxçıvanım",
"Ata ocağı", "Ana yurdum, hər daşına üz qoyum" şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.
Sonra məktəblilər
şairin poeziyasından
nümunələr söyləyiblər. Əməkdar artist Yaqub Zurufçunun və vokalist İlham Əsgəroğlunun
ifasında şairin sözlərinə yazılmış
mahnılar səslənib.
Moskva Dərviş Teatrının
aktyoru Şirzad Pirallahının "Koroğlu"
üvertürasının sədaları
altında ifa etdiyi M.Arazın məşhur "Ayağa
dur, Azərbaycan" şeiri alqışlarla qarşılanıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.7.