Şəhriyar del Gerani "Ziyalı sözü"nün qonağı oldu  

 

 

Oktyabrın 14-də Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri təşkil edilib.

 

Layihənin budəfəki qonağı gənc şair Şəhriyar del Gerani olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözüilə açan GTM-in layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Şəhriyar del Gerani yaradıcılığından söz açıb: "Bu layihənin qonaqları iştirakçılarımızın istəyi ilə seçilir. Fikrimcə, bugünkü qonağımız Şəhriyar del Geranini ən yaxşı xarakterizə edən böyük şairimiz Vaqif Səmədoğlu olub. O deyib ki, Şəhriyar həbsxanaya düşüb azadlığını itirəndə , həyata düşüb anasını itirəndə , onu ədəbiyyat qazandı. O, sözün bütün mənalarında tək qalmağı bacaran şairdir. Mənim qədər tənhalığını sevən insan onun darıxmağına qibtə edirəm. Ən əsası isə o, tənhalığını darıxmağını ədəbiyyata çevirməyi bacarır".

 

Görüş iştirakçılarının daha çox xanımlar olmasına diqqət çəkən Şəhriyar del Gerani deyib ki, Azərbaycanda şeiri, ədəbiyyatı daha çox sevən, oxucu kontingentinin adətən qadınlardan ibarət olması gözəl haldır. Çünki qadın kitab oxuduqda, ədəbiyyatla maraqlandıqda onu ailəsində övladlarına da aşılaya bilir. Daha sonra qonaq ümumən ədəbiyyat, şeir, çağdaş Azərbaycan dünya poeziyası, oxucu-yazar münasibətləri haqqında fikirlərini bölüşüb: "Ədəbiyyat yarış meydançası deyil. Mən heç zaman böyük şair olmaq iddiasına düşməmişəm. İnsan ya şair olur, ya da yox. Sözlə davranmağı, ədəbiyyatla yaşamağı, həyatı, düşüncəsi, taleyi şair olan insanlar var".

 

Daha sonra qonaq, tədbir iştirakçılarının suallarını cavablandırıb, görüş diskussiya şəklində davam edib.

 

İlk romanı "İntihar hörüyü"nün yazılma səbəbi ilə bağlı suala cavab verərkən müəllif deyib ki, struktur təhkiyə baxımından orijinal olmasına baxmayaraq, öz qənaətinə görə, o roman alınmayan əsərdir: "Onun yazılma səbəbini, düşüncənin hardan gəldiyini bilmirəm. Təhkiyə struktur baxımından orijinaldır. Düşünürəm ki, bir az da üstündə çalışıb, bir az da işləyib, daha gözəl roman halına gətirmək olardı. Təəssüf ki, çox gənc vaxtıma, düşüncələrimin formalaşmadığı dövrə düşdü. Sonradan o roman üzərində işləyib, yenidən çap etdirmək təklif olunsa da, mən bitmiş heç nəyə yenidən qayıtmıram, heç kimə bunu tövsiyə etmirəm".

 

Əsərlərindən danışan Şəhriyar del Gerani deyib ki, ən çox sevdiyim iki essem ona yaxın şeirim var, mən onları oxucu kimi oxuyanda zövq alıram düşünürəm, o şeirlər Azərbaycan ədəbiyyatı tarixində qalacaq. Həmin şeirlərə misal olaraq, müəllif "Küçə uşaqlarına ithaf", "Təkliyi çoxalanların şeiri", "Qəfil qəribsəyir adam"ın adını çəkib.

 

Görüşdə gənc şair bir müddət öncə qatıldığı X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı haqqında da danışıb: "Oktyabrın 3-dən 7-nə kimi şair dostum Fərid Hüseynlə birgə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak etdik. Bu, Türkiyənin ən böyük beynəlxalq şeir festivalı sayılır. Festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılmışdı. "Grand Pera" zalında təşkil olunan böyük açılış mərasimində mənə də söz verdilər. "Küçə uşaqlarına ithaf" şeirimi Türkiyə türkcəsində oxudum. Şeir çox böyük maraqla qarşılandı. Orada bütün iştirakçıların kiçik bioqrafiyası və bir bəndlik şeirindən ibarək kiçik jurnal hazırlanıb hər kəsə paylanmışdı. Mən şeir oxuyub kürsüdən enəndən sonra 15-20 nəfər mənim həmin jurnalda 169-cu səhifədə yer alan şeirimin altına onlar üçün imza atmağımı istədilər. Şairə, yazıçıya bu sevgi, bu maraq mənə çox xoş gəldi".

 

Türkiyəli yazarlara milli ədəbiyyatımızdan, nəşriyyatların prinsipindən danışdıqlarını deyən şair, bəzi planlar haqqında da məlumat verib: "Mən çox istərdim ki, Azərbaycanda beynəlxalq ədəbiyyat festivalı təşkil edilsin. Mən bunun üçün ən yuxarı qurumlara da müraciət edəcəm, bu işdə bizə şərait yaradılmasını istəyəcəm. Bizim bütün dünya poeziyasına meydan oxuyacaq Nizami Gəncəvi kimi şairimiz var. Festival da onun doğulduğu, yaşadığı Gəncə şəhərində başlayıb, Bakıda davam etdirilsin. Bir həftəlik böyük bir festivalın ideyası və planı artıq hazırdır. Biz bunu tək deyil, Türkiyə ilə birgə həyata keçirməyi düşünürük. Dünyaya "Nizami mənimdir"- deməyə gərək yoxdur, belə bir festival, layihə ilə bunu hər kəsə sübut edə bilərik. Oktyabrın 27-də yeddi şəhərdə eyni vaxtda başlayacaq Dünya Gənc Şairlərinin Beynəlxalq İstanbul Görüşünə dəvət aldım. Üç gün Sakaryadakı görüşdə olacağam".

 

Görüş iştirakçılarından Aysu Kərimova, Gülnar Xəlilova, Rəqsanə Mehdizadə və başqaları Şəhriyar del Geraninin şeirlərini oxuyublar.

 

Sonda şair özünün "Qollarım sənə qalxıb" şeirini səsləndirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.7.