Ənənəyə sadiqlik -
"525"-25
Milli mətbuat tariximizdə
"525-ci qəzet"in xüsusi
yeri var. Mən bir oxucu, təhsil
işçisi və ali məktəb
rəhbəri kimi bu qəzeti fəaliyyətə başladığı
gündən oxuyuram.
Qəzetdə dərc olunan yazılar mövzu rəngarəngliyi, obyektivliyi
və elmi-mədəni
irsimizin təbliği
ilə diqqəti çəkir. "525-ci qəzet" 25 ildir ki, obyektiv informasiyalardan
tutmuş aktual ictimai-siyasi məsələləri,
ədəbi-mədəni yenilikləri
real faktlarla öz səhifələrində dərc
edir. Qəzetdə xalqımızın tarixi, milli-mənəvi dəyərlər, ədəbiyyat,
sənət və sair məsələlərlə
yanaşı, həm də təhsil sistemimiz də önəmli yer tutur.
Mədəniyyət və İncəsənət Universitetində rəhbər olduğum dövrdə, hazırda isə Xoreoqrafiya Akademiyasında keçirdiyimiz bütün tədbirlər, eləcə də müxtəlif mövzulu məqalələrimin bir çoxu, müsahibələrim "525-ci qəzet"də öz əksini tapıb. Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi "525-ci qəzet"lə daima əlaqə saxlayır, əməkdaşlıq edir. Müəllimlərimizin, görkəmli sənət xadimlərinin yazılarına, onların həyat və yaradıcılığı, tələbələrimizin uğur və nailiyyətləri barədə məlumatlarına da "525-ci qəzet" öz səhifələrində səxavətlə yer ayırır.
25 illik fəaliyyəti dövründə "525-ci qəzet" mətbuat tariximizdə özünün şərəfli tarixini yazıb. İctimaiyyətdə böyük nüfuz qazanmış "525-ci qəzet" Azərbaycançılıq ideologiyasına və müstəqil dövlətimizin ideyalarına xidmət edən mətbuat orqanıdır. Bu dövrdə "525-ci qəzet" milli mətbuat tariximizdə xüsusi rol oynamış "Əkinçi", "Molla Nəsrəddin", "Füyuzat" və s. kimi mətbuat orqanlarının ənənələrinə sadiqlik göstərib.
"525-ci qəzet" həm də maraqlı
və oxunaqlı ədəbiyyat qəzetidir. Qəzetin
həftəlik əlavəsində dərc olunan
müxtəlif səpkili məqalələr, ədəbi irs və müasir ədəbi
proses haqqında yazılar
orijinallığı, aktuallığı və bədii dəyər
kəsb etməsi baxımından ictimaiyyət tərəfindən
maraqla qarşılanır və yüksək
qiymətləndirilir. "525-ci qəzet"in Baş
redaktoru peşəkar jurnalist
kimi öz bənzərsizliyi
ilə seçilən bu qəzeti ən
oxunaqlı və nümunəvi mətbuat orqanı səviyyəsinə
yüksəldib. Müxtəlif səviyyəli qəzetlərin
içərisində "525-ci qəzet" özünəməxsus
dəst-xəttini qoruyub saxlaya
bilibdir. Azərbaycan ədəbi-ictimai
fikrində böyük nüfuz
qazanmış Rəşad Məcid Yazıçılar Birliyinin katibi kimi istedadlı gənclərə də daima qayğı göstərir, rəhbərlik
etdiyi qəzetdə onların
yazılarına geniş yer
ayırır. Düzlüyü, mərdliyi,
işgüzarlığı ilə seçilən Rəşad
Məcid istedadlı şair olmaqla yanaşı, bacarıqlı təşkilatçı,
təcrübəli jurnalist, dərin
mütaliəli, geniş
dünyagörüşə və yüksək mədəniyyətə
malik ziyalıdır. Başda
Rəşad Məcid olmaqla
xalqımızın dərin məhəbbətini
qazanmış "525-ci qəzet"in bütün
əməkdaşlarını təbrik edir,
yeni-yeni uğurlar
arzulayıram.
Timuçin ƏFƏNDİYEV
Əməkdar elm xadimi, professor
525-ci qəzet.- 2017.- 17 oktyabr.- S.4.