"525-ci qəzet" və Böyük
qardaş - "525"-25
Tanışlıqlar fərqli olur. Bəzisi
dünəndən başlayıb sabaha qədər uzanır,
bəzisi bu gün başlayıb elə bu gün də bitir,
bir başqası isə bu gün başlasa da, həm dünənə,
həm də sabaha süzülüb gedə bilir. Mənim "525-ci qəzet"lə
tanışlığım kimi.
Bizim ailədə həmişə ədəbi
mövzularda müzakirələr aparılıb. Kiçik
yaşlarımda dinləyici, illər keçdikcə artıq
iştirakçısı olduğum bu söhbətlərdə
ayrı-ayrı müəlliflərin yazdığı
şeirlərin misraları, məqalələrin mətləbləri
elə geniş, eyni zamanda elə sərt şəkildə təhlil
edilirdi ki, kənardan baxan elə bilərdi burada çox əhəmiyyətli
həyati bir məsələnin həllinə
çalışırlar. Biz, yəni
uşaqlar öz fikrimizi bildirməkdə tam azad olsaq da,
atamın dəlilləri çox tutarlı olardı və
bizi susdurardı. Ancaq sonra yenə özü
yeni bir mövzu tapar, yeni bir mübahisə qaldırardı.
Yadımdadır, bir dəfə böyük
qardaşım Ülvinin (Şəhid Ülvi Bünyadzadə
nəzərdə tutulur - red.)
hansısa şeirinin müzakirəsində
atam öz sözlərinin təsdiqi üçün gətirib
ortalığa 3-4 kitab tökdü, hərəsindən bir
şey oxudu və sonda qəti bir səslə dedi: "Sən
bunları bilməlisən! Yazmaq istəyirsənsə,
bütün ruhunla yazmalısan, qələmi
aldatmamalısan". Sonralar Ülvi uzaq
Sibirə hərbi xidmətə getsə də, söhbətlər,
təhlillər kəsilmədi - məktublarda davam elədi.
Atamın tənqidlərindən çəkindiyim
üçün mən əvvəlcə
yazılarımı, fikirlərimi Ülviyə göndərərdim,
sonra "açıq müzakirəyə"
çıxarardım. O da mənə məktublarında
geniş təhlillər, izahlar, məsləhətlər verərdi.
Hətta bir dəfə rus şairi Mixail
Lermontovun "Zəmanəmizin qəhrəmanı"
haqqında məktəb inşamı olduğu kimi göndərmişdim
ona. Zarafat deyildi, mən Peçorini
Ülviylə müqayisə eləmişdim və
üstünlüyü öz qardaşıma vermişdim.
Ülvi də cavab məktubu ilə kifayətlənməyib
Sibirin Kansk şəhərindən Daşkəsənə zəng
vurub telefonda özü ilə Peçorin arasındakı fərqləri
mənə açıqlamışdı, mənim səhvlərimi
göstərmişdi. 9-cu sinif şagirdi
üçün onun yazdıqlarına verilən belə bir
diqqətin nə demək olduğunu təsvir eləmək
çox çətindir.
Uşaqlığımdan alışdığım bu
müzakirələrin bir ana xətti var idi - sözə dəyər
verib yerində işlətmək, onu havaya sovurmamaq və
öz imzana hörmət etmək. Bəlkə də həmin
söhbətlərin təsiri idi ki, mən sonralar publisistik məqalələr
yazmaqdan çəkinirdim. Atam məni həvəsləndirsə
də, ürək eləmirdim. Axı, indi
əlim Ülviyə çatmırdı, atamın tənqidlərinə
isə hazır deyildim. Elmi məqalələrdə
öz fikrini bu sahənin 10-20 sanballı nümayəndəsinin
sözləri ilə əsaslandırırsan və yerində
rahat oturursan. Publisistik məqalədə
isə elə bil ki, təkbaşına dayanırsan səhnədə
və bütün işıqlar sənin üstünə
düşür - nə bacarığın var göstər.
Bu mənzərənin özü belə məni vahimələndirirdi:
birdən cümlələrim kifayət qədər cilalanmaz,
birdən gözəl bir mövzunu aşağı səviyyədə
təqdim edərəm, birdən Bünyadzadə imzasına
kölgə salaram. Amma bir gün o "səhnəyə"
çıxmalı oldum və bu ilk mətbu orqan "525-ci qəzet"
oldu.
Evimizdə alınan qalaq-qalaq qəzet-jurnalların,
kitabların arasında ilk dəfə "525-ci qəzet"i
gördüyümü yaxşı xatırlayıram - adı
da, çap elədiyi yazılar da ilk gündən
marağımızı cəlb elədi. Yalnız cəlb
eləmədi, həm də özünə yer elədi.
Rəsmi, hələ sovet dövrünün
tozunu üstündən təmizləməyən qəzetlərin
arasında öz qeyri-rəsmi məzmunu ilə çox fərqli,
işıqlı görünürdü. Sanki
fraklı, smokinqli əmilərin yanında öz sərbəst
imici ilə rahat-rahat dolaşan, ona zillənən təəccüb
dolu baxışlara yüngül təbəssümlə cavab
verən cavan bir oğlan idi. Bəlkə də bu sərbəstlik,
özünəgüvən idi ki, az
müddətdə onu oxuculara, xüsusilə gənclərə
sevdirdi. İmperiyanın zəncirlədiyi qələm
elə bil “525”in səhifələrində azadlığa
çıxmışdı, sağa-sola qılınc
oynadırdı. Axı, biz yenicə
müstəqil olmuşduq, azadlığı hər şeydə,
hər yerdə görmək istəyirdik və bundan zövq
alırdıq. Sonralar mən elmi işlə
məşğul olsam da, arada mütləq vaxt tapıb
"525-ci qəzet"dən bir yazı oxuyurdum.
Gizlin-gizlin özümdən: "görəsən, mən də
bura üçün yaza bilərəmmi?" - deyə
soruşsam da, "səhnə" fobiyası məni fikrimdən
daşındırırdı. Amma bir gün mən də "səhnəyə
çıxmaq" ehtiyacı, daha doğrusu, zərurəti
hiss elədim.
Ülvinin yubileyi idi və birdən-birə ürəyimdə
böyük qardaşıma bərkdən, hamının
eşidəcəyi bir səslə nə isə demək istəyi
yarandı. Ancaq harada? O vaxtlar artıq kifayət qədər
dəyərli qəzetlər, dərgilər
çıxırdı. Qarşımdakı qəzetlərə
baxdıqca məni daha çox təşviş
bürüyürdü - bu, mənim ilk publisistik yazım
olacaqdı, ilk dəfə imzam qəzetdə görünəcəkdi.
Qorxu o qədər güclü idi ki, arada
Ülvinin adı olmasaydı, fikrimdən vaz keçərdim.
Ancaq içimdəki səs mütləq
eşidilmək istəyirdi və mən o məqaləmi
"səhnədən" təqdim etməli idim. Xəlvətcə
ürəyimdə: "Birinci və axırıncı dəfə
olacaq," - desəm də, hələ əvvəlcə bu
birinci addımı atmalı idim. Gözüm
"525-ci qəzet"ə sataşandı, doğmamı
görmüş kimi sevindim. Bilirdim ki, orda
gənc imzalara, özünü ilk dəfə sınayan
müəlliflərə də yer verirlər. Sevincək, heç düşünmədən
telefonu götürüb baş redaktora zəng elədim.
Bəxtimdən Rəşad Məcid yerində
idi və mənimlə danışmağa etiraz eləmədi.
Mən heç vaxt "525"in baş redaktorunu görməmişdim,
tanımırdım və telefonda eşitdiyim səsi elə
"525"in səsi kimi qəbul elədim: qəzet
canlanıb mənimlə bu səslə
danışırdı. İçimdəki həyəcanın
verdiyi bir cəsarətlə salamdan sonra, özümü təqdim
etmədən birbaşa mətləbə keçdim: "Mənim
Ülvi Bünyadzadə haqqında məqaləm var və istəyirəm
onu çap edəsiniz". İllər sonra mən
indi bu addımımın, belə danışıq tərzinin
necə gülməli olduğunu anlayıram. Ancaq Rəşad
müəllim gülmədi və sakitcə: "Ülvinin
xatirəsi bizim üçün həmişə əzizdir. Məqaləni
göndər baxaq", - dedi. Mən isə "Yox, baxmaq yox,
zəhmət olmasa, çap edin", - dedim. Rəşad müəllim bir az duruxub mənim kim olduğumu soruşdu. "Mən Ülvinin bacısıyam, ancaq vacib olan
bu deyil. Sabah yox, birigün Ülvinin ad günüdür
və o məqalə həmin gün çıxsa
yaxşı olar," - dedim. Kiçik bir sükutdan sonra Rəşad
müəllim: "Göndər, çap edək", - dedi. Göndərdim də, 2 gün sonra, sentyabrın
23-ü yazı çap olundu da. Yalnız
qəzet çıxandan sonra gördüm ki, məqaləm qəzet
standartlarına uyğun deyilmiş, çox
böyükmüş. Ancaq bir
vergülümə belə toxunmamışdılar. Birdən,
birə Rəşad müəllimlə söhbətimi kənardan
seyr etmiş kimi oldum... Tanınmış bir qəzetin
redaksiyasına belə ərkyana, hətta ərköyünlüklə
zəng etməyimin səbəbini heç cür tapa bilmədim
və... xəcalət çəkdim. Ancaq elə o an Rəşad
müəllimin, mənim təsəvvürümdə isə
"525"in verdiyi cavablar, üstəlik, məqaləni
çap etməsi içimdə başqa bir hiss də
yaratdı - "525-ci qəzet" özünü mənim
böyük qardaşım kimi aparmışdı. Bilmirəm, məhz Ülvi haqqında yazımı
verdiyinə görəmi, yoxsa tanınmayan bir müəllifin
iddialı danışığına təmkinli cavablar
verdiyinə görəmi, ancaq qarşımda qələmimi
yonan, sözümə qüvvət verən böyük qardaşımı
gördüm. Bu hiss mənə xoş, doğma bir
rahatlıq verdi, hətta xəcalətimi də
unutdurdu. Yəqin onun verdiyi səssiz dəstək
idi ki, əvvəllər qorxduğum o səhnəyə
sonralar təkrar-təkrar qalxmaq istədim. Yəqin onun verdiyi güvəndir ki,
yazdığım istər ən qeyri-adi məzmunlu esse, istərsə
də ən ciddi mətləbli bir məqalə olanda, yenə
də onun üstünə qaçıram. Yəqin onun rəyinə verdiyim böyük dəyərdəndir
ki, getdiyim hər xarici ölkədən yazdığım təəssüratları
məhz onunla bölüşmək istəyirəm. Qəribədir, ancaq “525”ə verdiyim hər
yazını oxucular üçün yox, məhz qəzetin
özü üçün yazdığımı
düşünürəm. O da bir Qardaş təmkini və
qayğısı ilə alır, oxuyur və çap edir. İndi bəzən başqa dərgi və qəzetlərdə
də çap olunuram. İzah olunmaz bir
hissdir, ancaq ilk ağlıma gələn yenə də "525-ci
qəzet" olur. Az qalıram ondan
icazə alıb sonra məqaləmi başqa bir yerə
göndərim. Məncə, yenə də
böyük qardaş sindromudur.
Əslində,
mən əvvəldən bilirdim ki, "525-ci qəzet"
özünün az yaşı
olmağına baxmayaraq, ilk addımını atan əksər
qələmlərə böyüklük edir. Sadəcə
indi özüm də bu təcrübəni yaşadım, bu
qayğının şahidi oldum. Məhz
onun səhifələrində gənc şairlər, nasirlər
ürəklə özlərini tanıdır, ədəbiyyatın
korifeyləri isə yenidən təqdim olunurlar. Təsəvvür
edin, səhifənin bir üzündə gənc yazarın ilk
qələm təcrübəsi, o biri üzündə Məhəmməd
Əmin Rəsulzadənin əsərindən bir hissə! Bu, bir tərəfdən, zaman
anlayışını ortadan qaldırır. Oxucu nə
keçmişdə qalır, nə də bu günün
informasiya xaosunda itib batır, nə daşlaşmış ənənələrin
içində sıxılır, nə də postmodern ruhu ilə
dünyaya asi çıxır. Beləcə klassiklər və müasirlər
arasında bir balans yaradır. Klassiklərlə
eyni "səhnəyə" çıxan o ilk qələm
sahibi özünü böyük ədəbiyyatın fonunda
görə bilir. Bu, özünəgüvən yaratmaqla
yanaşı, özünütəhlil qabiliyyətini də
formalaşdırır.
Onu da deyim ki, "525-ci qəzet"in gəncliyi ona
qocaman klassiklərlə "ünsiyyətinə" nəinki
mane olmur, əksinə, onlara yeni, "müasir" bir nəfəs
verir. Qəzetin azad ruhlu olması isə müəlliflərə
bir uğur qapısı təsiri bağışlayır.
Sanki qəzet gənc qələm sahibinə
"Sözünü de!", "Arxandayam!", "Ürəkli
ol!" ismarıcları verir, ədəbiyyatımızın
nəhəngləri yanında ona da bir guşə
ayırır, səsini eşitdirməsi üçün
kürsü verir.
İlk təəssürat güclü, həm də
unudulmaz olur.
Böyük bir məqaləmi qeyd-şərtsiz çap
etmişdilər deyə, hələ də "525-ci qəzet"
mənə sərhədsiz bir məkanı xatırladır: hər
sayında zəngin materiallar, ən fərqli
ölçüdə məqalələr. Adam bəzən
təəccüb edir ki, gündəlik səkkiz səhifədə
o qədər yazını necə yerləşdirirlər?
Mətbəə, poliqrafiya işlərindən
heç nə bilmədiyimə görə, öz sahəmə
- fəlsəfəyə uyğun cavab verməyə
çalışacam. Kağızı bədən,
yazıları onun ruhu kimi qəbul etsək, cavabı tapmaq
çətin olmaz: yazılar dolğun, məzmunlu olduğu
üçün, oxucuya axtardığını verə
bildiyi üçün kağızın hüdudları da
unudulur, yəni "525"də bütün diqqət ruha
verilir, bədən isə yalnız onun xidmətində
durur.
Bir neçə kəlmə də "525"in şah əsəri - şənbə sayı haqqında yazmaq istəyirəm. Uşaq vaxtı rus kanallarından birində çox sevdiyimiz bir veriliş var idi: "V qostyax u skazki". Hər cüməni səbirsizliklə gözləyərdik. Bilirdik ki, nə isə sehrli bir aləm açılacaq, biz də heyran-heyran onu izləyəcəyik. İndi "525-ci qəzet"in şənbə sayını o cür gözləyəndə, uşaqlığım yadıma düşür. Görünür, hər yaşın öz nağılı var. Onu da deyim ki, bu cür gözləyən tək mən yox, bütün "525-çilər" hamısı olur. Əslində, "525-çilər" ifadəsi indi təsadüfən yaranmadı. Bir anda tək olmadığımı anladım və hamımızı bu adla ümumiləşdirdim. Bir qəzetin axşamdan anonsunu oxuyub səhər ilk işi köşkə tələsmək olan, birində tapmasa təcili başqa köşklərə qaçan, sırf onun saylarını, xüsusilə şənbə günləri, vaxtında əldə etmək üçün qəzet satanlarla dost olan və buna sevinən oxucuya başqa nə ad vermək olar?! 525-çi! Qəzeti əlinə alan kimi elə oradaca acgözlüklə əvvəlcə başdan-ayağa vərəqləyirsən, gözünün ilk tutduğu bir yazını elə ayaqüstü oxuyursan. Sonra evə gəlib pürrəngi çayını da götürüb qalırsan bu səhifələrlə baş-başa. Yüz faiz əminsən ki, yaxın bir neçə saatın hədər getməyəcək - yeni bir şey öyrənəcəksən, yeni bir müəlliflə tanış olacaqsan, artıq bildiyin bir məsələnin qaranlıq tərəfinə işıq düşəcək, hansı isə bir incə mətləb səni düşündürəcək.
Çoxları xatırlayar, Sovetlər vaxtında ədəbiyyat sevərlər üçün Dünya ədəbiyyatı, Dünya uşaq ədəbiyyatı seriyaları var idi və onların hər sayı xüsusi bir hadisə kimi qarşılanardı. Kimləri oxumamışdıq oradan?! Zəmanə dəyişdi, insanların qalın romanlara olan sevgiləri telefon mesajları həcminə qədər kiçildi, elektronlaşma, texnologiya ədəbiyyata da sirayət elədi, onu quru meyvəyə döndərib ruhsuzlaşdırdı. Belə bir vaxtda ədəbi müstəvidə ünsiyyət qurmağın özü də hünər tələb edir. Doğrusu, elmi fəaliyyətimlə bağlı mən də ədəbiyyatdan bir balaca uzaqlaşmışam və qoruyub saxlaya bildiyim yeganə möhkəm bağ "525"dir. Məndə elə təəssürat var ki, "525"in şənbə sayı sanki ədəbiyyat sevgisinin bir közünü götürüb özündə saxlayır. Hər şənbə oxucular ayrıca almanaxa bənzəyən bu saylardan götürdükləri közlə ürəklərindəki ədəbiyyat ocağını qalayır, boğucu informasiya selindən çıxıb onun istisinə qızınırlar. Bu köz hərdən, layihələr olanda əməllicə atəşə də çevrilir. Məsələn, bir neçə il bundan qabaq qəzetin arasından kiçik kitablar çıxırdı - "525 kitab". İosif Brodskinin, Anarın, Ramiz Rövşənin, Çingiz Abdullayevin, Səlim Babullaoğlunun, Söhrab Sipehrinin, Mişel Uelbekin, Boris Pasternakın, Fikrət Sadığın və daha kimlərin əsərləri o kiçik kitablarla evimizə gəlirdi. Hər kitabı boxçadan çıxan hədiyyə kimi qarşılayırdıq. Maraqlıdır ki, o əsərlərindən bəziləri ilə əvvəldən tanış olsaq da, bu seriyada oxumaqdan ayrı ləzzət alırdıq.
İllər sonra mən yenə yubiley yazısı yazıram, bu dəfə qələmimin böyük qardaşının - "525-ci qəzet"in yubileyinə. Yenə ürəyimdəkiləri layiqincə çatdırmaq təşvişi keçirirəm. Axı, özü 25 yaşlı bir gənc olsa da, az qala ağsaqqallıq edir - kimlərə isə dəstək olur, bir məktəb kimi formalaşıb yol göstərir, kürsü olub müəlliflərin səsini eşitdirə bilir. Axı, "525"-in adının arxasında 525 qayğı çəkən Rəşad müəllim, onun zəhmətsevər kollektivi var. Sözün 525 qatını bilən bu şəxslərə təbrik sözü demək də bir məsuliyyət tələb edir. Ən yaxşısı, onlara 525 illik zəngin bir ömür, Azərbaycan mətbuat tarixində artıq qazanmış olduğu yerini daha da şərəfləndirməyi, daha da ucaltmağı arzu etməkdir.
Könül
BÜNYADZADƏ
fəlsəfə elmləri doktoru
525-ci qəzet.- 2017.- 18 oktyabr.- S.8.