"Mən
sözün, şeirin əsir-yesir elədiyi adamam"
NƏSİB
NƏBİOĞLU: "VALİDEYNLƏRİM BİR
ÇIRTMA DA VURMADILAR, AMMA HƏR ADDIMDA HƏYAT MƏNİ
QAMÇILADI"
Əziz qohumum Nəsib Nəbioğlunun imzasını,
özünü lap çoxdan tanısam da, vətəndən
uzaqda yaşadığından tez-tez görüşmək
imkanım olmayıb.
Moskvaya yolum düşmüşdü, fürsəti əldən
vermədim, şairlə görüşüb söhbətləşmək,
dərdləşmək imkanım oldu. Onunla
görüşüb, gördüyü işlərdən, ədəbiyyatdan,
Kəlbəcərdən, dərdlərimizdən söz
açdıq.
Azərbaycan
Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, Rəsul
Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi
mükafatlar laureatı Nəsib Nəbioğlundan
götürdüyüm müsahibəni oxucularımıza təqdim
edirəm.
- Nəsib
müəllim, bilirəm ki, bu sualı sizə çox veriblər.
Necə oldu ki, Moskvaya gəldiniz, bu sizin ürəyinizcə
idimi? Bu, sizin yaradıcı insan kimi ən
böyük arzunuz idimi?
- Hə,
dəfələrlə mənə belə suallar veriblər: Sənin
nə işin var idi buralarda, nə ölüm var bu şəhərdə...
Hələ qınayanlar da olub. Bunu bir neçə dəfə demişəm, yenə
deyirəm, mən ümumiyyətlə, qürbətdə
yaşamağımı düşünməmişəm,
fikirləşirdim ki, institutu bitirib Azərbaycana qayıdaram.
Amma, bir məsəl var: "Sən saydığını say, gör fələk nə sayır". Heç vaxt ağlıma belə gəlməzdi ki, mən
Moskvada qalacağam və ömrümün çoxu burada
keçəcək. İnan, bu hiss mənim
beynimin ən nazik damarından da keçməyib. Sadəcə, tale, qismət elə gətirdi ki, mən
Moskvada qalası, yaşayası oldum. Burada
əvvəllər darıxsam da yavaş-yavaş öyrəşdim,
taleyimlə barışmalı oldum. Artıq
37 ildir ki, Moskvadayam.A.P. Çexov deyirdi ki, kim Moskvaya öyrəşirsə, aralanmaq
çox çətin olur. Moskva çox təlatümlü,
cazibədar, qaynar şəhərdir. Dünyanın
Rusiya kimi nəhəng bir dövlətinin paytaxtıdır.
Hələ erkən yaşlarından, tələbəlik
illərindən şeirə, poeziyaya olan həvəs,
vurğunluq dediklərimi, yazdıqlarımı oxucularıma
çatdırmaq istəyi mənim Moskvaya Ədəbiyyat
İnstitutuna gəlməyimin əsas səbəbləridir.
- Bir az instutut illərinizdən danışın,
sizə belə bir möhtəşəm təhsil
ocağında oxumaq çətin deyildimi? Bu
institutun yaradıcılığınızda rolu olubmu?
- Ədəbiyyat İnstitutu mənim təhsil
aldığım ikinci institut idi. Mən 1975-1980-ci illərdə sənin
də təhsil aldığın Axundov adına
Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı
İnstitutunda oxumuşam. İnstitutda bir tələbə
şair kimi tanınırdım. Tədbirlərimizdə
həmişə mənə institutun şairi kimi söz
verirdilər. Rəhmətlik Rasim Kərimli
məni şair kimi bəyənir, həmişə irəli
çəkir, şeirlərimi institut qəzetində çap
eləyirdi. Bu institutda da mənim sevimli,
heç zaman unutmadığım, qayğıkeş,
sanballı müəllimlərim olub. Aqil Ağayev, Qəzənfər
Paşayev, Rasim Kərimli, Murtuz Sadıxov, Həbib Bayramov, Məmməd
Qocayev, Sücaət Abbasov, Məhəmməd Hüseynov, Mira
Kann kimi müəllimlərdən dərs almışam.
1980-ci ildə
artıq Maksim Qorki adına Ədəbiyyat
İnstitutunun tələbəsiydim. Əhalisinin
ümumi sayı 290 milyona çatan olan SSRİ adlanan dövlətdə
Ədəbiyyat İnstitutuna bir ildə yalnız 50 nəfər
tələbə qəbul eləyirdilər. Biz oxuyan vaxtlarda orada böyük ədiblər,
yazıçılar, şairlər, ədəbiyyatşünaslar,
tənqidçilər dərs keçirdilər, seminar
aparırdılar. Bugünki kimi şeiri,
sözü, ədəbiyyatı urvatdan
salmamışdılar. Mənim
adlarını yalnız qəzət və kitablardan
oxuduğum şair və yazıçılarla birbaşa təmasda
olacağım heç ağlıma da gəlməzdi. Bu adamlar həqiqətən də o zamanlar əlcatmaz
idilər. Amma mən Azərbaycanın Kəlbəcər
kimi ucqar bir rayonundan gəlib Moskvada onların tələbəsi
olmuşdum, dərslərinə, məruzələrinə
qulaq asırdım. O vaxt Ədəbiyyat İnstitutunda
Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey
Dementyev, Stanislav Cimbinov, Lusian Klimoviç, Feliks Kuznetsov, Yuri
Kuznesov, Vladmir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Aleksandr
Vlasenko, Aza Taxo-Qodi, Xalıq Koroğlu, İqor Peçenev,
Yevgeni Sidorov, Aleksandr Baskakov və digərləri dərs
deyirdilər.
Şübhəsiz, Ədəbiyyat İnstitutunun mənim
yaradıcılığımda,
dünyagörüşümün inkişafında, bir qələm
sahibi kimi yetişməyimdə böyük rolu olub. Rus ədəbi
mühitində tanınmağımın, rus şair və
yazıçılarla təmasda olmağım, əlaqələrimin,
burada rus dilində kitablarımın nəşr edilməsinin
bünövrəsində Ədəbiyyat İnstitutu
dayanır. Amma bu demək deyil ki, Ədəbiyyat
İnstitutu məni şair eləyib. Mən
Moskvaya gəlməsəm də, şair olacaqdım.
-
Hansı çətinliklərlə üzləşirdiniz?
- O qədər
də çətin deyildi, aldığımız 50 manat bəs
eləyirdi. Özüm də tənbəl
deyildim, tərcümələr edirdim, az-çox qonorar
alırdım, bir dəfə də tələbə inşaat
dəstəsində oldum. Yəni
özümü dolandıra bilirdim. Oxumaq
da çətin olmadı, çünki Bakıda
aldığımız təhsil, oxuduğumuz fənlər
hardasa üst-üstə düşürdü. Müəlimlər bizə doğma adamları kimi
baxırdılar, heç kəs bizə ögey münasibət
bəsləmirdi. Həmin illərdə
Ədəbiyyat İnstitutunun rektoru dramaturq, teatrşünas
Vladimir Fyodroviç Pimenov idi. O, sözün əsl mənasında
bir təşkilatçı-pedoqoq, qayğıkeş insan
idi. Bir dəfə ikinci kursada oxuyanda xəbər
verdilər ki, bəs rektor yataqxanaya gəlib.
Ömrünün ixtiyar çağında olan adam
tələbələrin şəraitini görmək, problemlərini
öyrənmək istəyirdi. Biz, indi
tanınmış yazıçı olan Səfər
Alışarlıyla bir otaqda qalırdıq. Səfərlə tələm-tələsik
otağımızı yığışdırıb,
abırlı hala saldıq. Pimenov 5-6 adamla
içəri girdi. Mən divardan, kitab rəfimin
yanında Səməd Vurğunun böyük şəklini
asmışdım. Rektor şəkli gördü,
dönüb Səfərlə mənə baxaraq dedi: - Səməd
Vurğun mənim yaxın dostum olub, çox məclislərdə
bir yerdə olmuşuq. O, hər dəfə Moskvaya gələndə
bizi başına toplayardı, görüşərdi...
Səməd
Vurğundan bir az da həyəcanla, ürəkdolusu
danışdı. Vurğunun yerliləriylə
tanışlıqdan məmnun qaldığını hiss
etdim. Və gözəl bir əhval-ruhiyyə ilə
otaqdan çıxdı. Səməd
Vurğunun şəkli bizi dostlaşdırdı.
- Nəsib
müəllim ümumiyyətlə poeziya, şeir sizin
üçün nə deməkdir? Sizin fikrinizcə, əsl
şair necə olmalıdır?
-
Poeziyanın nə olduğuyla bağlı çox sayda
yazıçıların, şairlərin, filosofların,
müdrik insanların fikirləri, mülahizələri var.
Bunları sadalasam, çox vaxt aparar. İnsan
anadan şair doğulmalıdır, bu, Allah vergisidir,
insanın özüylə bərabər həyata gətirdiyi
istedaddır, talantdır, hər adama da şeir yazmaq qismət
olmur. Mən qulaqlarımda sırğa eləmişəm,
anlamışam ki, əgər sən şairsənsə,
şeirdə əsas sənin qələmə
aldığın mövzu, sözün, misranın mənası,
deyə biləcəyin mühüm fikir olmalıdır.
Sözün bədii yükü, ifadənin
obrazlılığı, sözlərin mənası, həmin
sözün təsirində yaşayan, o yükü
daşıyan adam olmalısan. Mən şeirin içindən
çıxmışam, məni hər şeydə aldatmaq
olar, amma şeirdə yox. Mənim həyatım,
varlığım sözdən yoğrulub, sözə, onun
böyüklüyünə inanmışam, səcdə eləmişəm,
sözlə yaşamışam. Bəzən
dərdlərimi, ağrı-acılarımı sözə,
misraya çevirib ürəyə yatımlı bir şeir ərsəyə
gətirəndə təskinlik tapmışam, mən
sözün, şeirin əsir-yesir elədiyi bir adamam.
- İlk şeirinizi nə vaxt yazmısınız? Buna stimul verən
nə idi?
- Mən
ilk şeirlərimi 11 yaşımda, Çaykənddə
4-cü sinifdə oxuyanda yazmışdım. O şeir dəftərlərimi
hələ də saxlayıram. Oxuyanda məni
gülmək tutur. İndi Feysbuk səhifələrində
bir çoxlarının şeir adıyla yazıb
paylaşdıqları, oxuculara sırıdıqları dayaz,
cılız söz yığınına bənzəyir.
Hardasa oxumuşdum ki, əgər bir
uşağın valideynləri görsələr, uşaq
şair olmaq istəyir, o uşağı o qədər
döyməlidirlər, uşaq qoşub yazdığı
şeirlərdən ya əl çəksin, ya da böyük
şair olsun. Amma məni döyən
olmadı. Atamı dörd yaşımda
itirmişdim, anam da mənə ömrü boyu bir
çırtma da vurmadı. Bir neçə il əvvəl
itirdiyim, amma tez-tez
yuxularda görüşdüyüm, canımdan da çox
sevdiyim anam, əksinə, cızma-qaralarımı tərifləyər,
məni ruhlandırırdı. Anam mənə həm də ata əvəzi
olduğundan onu daha çox istəmişəm. Atasız olanda yetimçiliyi qəbul eləmirdim.
Amma anasız adam həqiqətən yetim
olur. Çox zəhmətkeş qadın olub.
Kiçik yaşlarımda anamın qabarlı
istidən, soyuqdan cadar-cadar olmuş əllərini
görürdüm. Anamın xoşbəxtliyi,
sevinci də onun zəhmətində, bir parça halal
çörək qazanıb körpə-körpə
qalmış balalarını böyütməsində idi.
Gündüzlər kolxoz işlərinə
gedirdi, gecələr cəhrə əyirib, yun darayıb, kiməsə
corab, əlcək toxuyub bizi dolandırırdı. Anam
şifahi ədəbiyyatımızı az-çox bilirdi,
Aşıq Alıdan, Aşıq Əlsgərdən,
Tufarqanlı Abbasdan əzbər deyərdi, baxmayaraq ki, məktəbdə
cəmi 5 il oxumuşdu. 5-6
yaşlarımdan mənə latın hərflərini
öyrətmişdi, mən əsgərlikdə olanda anamla bu əlifbayla
məktublaşırdım. Hə, valideynlərim
bir çırtma da vurmadılar, amma onların əvəzinə
hər addımbaşı həyat məni
qamçıladı. Keçdiyim bu yolun ən
çətin, daşlı-kəsəkli yerində də
qolumdan yapışan olmayıb. Öz
kiçik fəlsəfəmə güvəndim, öz təfəkkürünə
söykənərək, həyata baxışlarımı,
gördüklərimi, duyduqlarımı özünəməxsus
tərzdə ifadə eləmişəm. Füsunkar təbiəti
ilə hər kəsi valeh edən, neçə illlərdir
ki, yolumuzu gözləyən cənnət Kəlbəcərdə
doğulan adam şair olmazmı? Elə yerdə şair olmağa nə var. Mən
yazılarımda zəngin folklorumuzdan da yararlanmışam,
aşıq şeirinin dəlisiyəm. Təvazökarlıqdan
uzaq olsa da, deyim ki, Çingiz Hüseynov "Tanrım, gəl
təzədən yoğur dünyanı" adlı məqaləsində
məni qoşma ustası adlandırıb.
- Bir az da Kəlbəcərimizdən danışaq,
ona olan həsrətimizdən...
- Kəlbəcərin
işğalı böyük faciədir. Dağlarımız
artıq 25 ildir düşmən tapdağında inləməkdədir.
Azərbaycanın bu təbii sərvətlərlə
zəngin olan gözəl torpağı erməni qəsbkarları
tərəfindən talan olunmaqdadır. Tarixi
abidələrimiz, qəbirstanlıqlarımız
dağıdılıb xarabalığa çevrilib. Mən
10-15 il bundan əvvəl demişəm, mətbuatda
da yazmışam, car çəkib bağırıram
Qarabağın, işğal olunmuş
torpaqlarımızın azadlığı Kəlbəcərdən
başlamalıdır. Kəlbəcərin azad
olmağı, bütün Qarabağın azadlığına
geniş imkan yaradacaq. Bu günlərdə
həmin fikri mətbuatda rusiyalı politoloq Oleq Kuznetsov da
deyib.
Son illər görün nələr baş verir. Ermənilər
nəinki Kəlbəcərdə, hətta Azərbaycanın
işğal altındakı digər torpaqlarında da iri
infrastruktur layihələri gerçəkləşdirirlər. Kəlbəcər
rayonunu ermənilər canfəşanlıqla məskunlaşdırırlar.
Məktəb, xəstəxana, evlərlə
yanaşı, Kəlbəcərin İstisu qəsəbəsində
su elektrik stansiyası tikirlər. Daha
çox mineral suları ilə məşhur olan qəsəbədə
ermənilər "Cermacur-1" su elektrik stansiyasını
tikirlər. 35 milyon dollar xərc çəkərək
Basarkeçərdən Ağdərəyə yeni yol çəkiblər.
Bu 116 km-lik asfalt yol Ağdərəylə Ermənistanı
birləşdirən ikinci yoldur. Bu yol, yenidən müharibə
başlayacağı halda, Ermənistandan Qarabağa gətiriləcək
tanklar, hərbi sursatlar üçündür. Doğma
Kəlbəcər əlimizdən gedəndən mən elə
hey sızlayıram, çıxış etdiyim tribunlarda,
keçirdiyim tədbirlərdə kövrəlmişəm, qəhər
məni boğub. Doğmalarını, yurdunu, ata
ocağını, ana yurtdunu itirən adam
necə kövrəlməsin?!
- Azərbaycana
qayıtmaq istəmisinizmi?
- Bu illər
ərzində dəfələrlə Azərbaycana qayıtmaq
istəmişəm, amma bəzi səbəblərə görə
alınmayıb. Kim istəməz ki, doğma vətənində
yaşamasın?! Amma Moskvada yaşasam da,
ürəyimi Kəlbəcərdə qoyub gəlmişəm.
Azərbaycanda Kəlbəcərdən didərgin
düşən 60 min doğmam var, qohumlarım, dostlarım
çoxdur, onların içində əzizilərimiz,
qardaş-bacılarımız, bir də mənim həyatda ən
əzizim olan anamın qəbri var.
Çox təəssüf, indi elə dövrdə yaşayırıq ki, özü bilə-bilə yalan danışan, yalanlara həqiqət donu geydirən insanların əhatəsindəyik. Yalan danışmaqsa ən böyük günahdır, Allah qarşısında da, bəşəriyyət qarşısında da. Yeni nəslin təlim-tərbiyəsi məni yaman narahat edir. Onlar xalqımızın tarixinə, adət-ənənələrinə, milli mənəviyyatına sevgi duymalı, bu əsas üzərində yetişməlidirlər. Vətəni sevmək, onu qorumaq ana bətnindən genlə, qanla adamın canına hopur. Sonra isə yaşadığın mühitdə formalaşır, yetkinləşir, əsl vətəndaşa çevrilirsən. Əgər gənclərimiz bunları anasından, doğmalarından, təhsil aldığı müəllimlərindən eşitməsə, görməsə əsl vətəndaş kimi yetişə bilməz. Uzaq qohumlarımın birinin oğlu ilə görüşümüz, söhbətimiz yadıma düşür. 9-cu sinfə gedəcək həmin oğlan, Xəzər dənizini görüb mənə dedi ki, o gün Novxanıya getmişdik, orda da bir dəniz var. Dedim, o hansı dənizdir, qayıtdı ki, deyəsən, Xəzərdir. Soruşdum, bəs bu hansı dənizdir, dedi, yəqin Qara dəniz olar...
- Saçınızın dümağ olması sizi xeyli yaşlı göstərir...
- Saçım Kəlbəcərin işğalından bir-iki ay sonra sürətlə ağarmağa başladı. Amma deyirlər ki, ağ saç mənə bir az yaraşır və elə həyatda qazancımın biri də bu ağarmış sağlarımdı. Mən nəsildə, evdə ən çox əziyyət çəkən adam olmuşam. Qardaş-bacılarımın qayğısına qalmışam, əlimdən gələn köməyi əsirgəməmişəm. İndi bunları xırdalamaq istəmirəm. Ancaq düşünəndə özümü rahat hiss eləyirəm ki, onların yanında üzüm ağdır, borcumdan çıxa bilmişəm. Fikrimcə, çətin, amma mənalı həyat yaşamışam. 30-dan çox ölkədə olmuşam. Bu, elə-belə məsələ deyil. Həmişə işim-gücüm olub, yaxşı maaş almışam, pul qazanmışam. Məsul vəzifələrdə olmuşam, həyatım boyu bir adamdan bir qəpik rüşvət almamışam, baxmayaraq ki, mənə çox rüşvət təklif eləyiblər. Əynim-başım həmişə səliqəli olub, hələ Moskvada institutda oxuyanda çoxları elə bilirdi ki, hansısa zəngin, pullu adamın oğluyam. Əsas təsəllim, mənəvi rahatlığım bundadır ki, həyatda hər şeyi öz zəhmətimlə qazanmışam. Ömrüm boyu bir kəsə əyilmədim, vüqarım pozulmadı, həyatın hər üzünü görsəm də, özüm kimi qalmağı bacardım. Amma birdən mənə elə gəlir ki, kimsəsiz, yiyəsiz sənət fədailərinə oxşayıram, deyəsən. Mən dəqiq bilirəm ki, əsl şair öz əsərlərində, şeirlərində vətənini, xalqını insanlara sevdirməyi bacarmalıdır. Moskvada tanıdığım insanlara, xalqımı, onun mədəniyyətini, ədəbiyyatını gücüm çatan şəkildə sevdirə bilmişəm. Azərbaycanımız haqq səsini bacardığım qədər ucalda bilmişəm. Mən bir vətənpərvər qələm sahibi kimi, həmişə vətənimi azad, məğrur və xoşbəxt görmək arzusunda olmuşam. Zəmanənin nəbzini tuta bilməsəm də, qürurla, təmiz adla yaşamışam. Uzun zamandan bəri Moskvada yaşasam da, tərənnüm elədiyim bir diyar, bir yurd var ki, o da mənim sevimli Azərbaycanım, həsrətlə yolumu gözləyən Kəlbəcərdir.
Cəmilə ÇİÇƏK
Moskva, oktyabr 2017
525-ci qəzet.- 2017.- 18 oktyabr.- S.7.