Bəhruz Kəngərlinin misilsiz sənətindən
boy verən həqiqətlər
Həyatı və yaradıcılığı gələcək
nəsillər üçün örnək olan şəxsiyyətlər
arasında Azərbaycan rəssamlığına əvəzsiz
xidmətlər göstərmiş Bəhruz Kəngərlinin
özünəməxsus yeri var.
Ümumiyyətlə, bu görkəmli sənətkar Azərbaycan
realist rəssamlığının banisi, istedadlı
fırça ustası kimi xatırlanır. Adətən
onun haqqında belə deyilir ki, Azərbaycan təsviri sənətində
realist dəzgah boyakarlığının təşəkkülü,
portret və mənzərə janrlarının
formalaşması Bəhruz Kəngərlinin adı ilə
bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev unudulmaz
fırça ustası Bəhruz Kəngərli
yaradıcılığının əhəmiyyətinə
diqqət çəkərək demişdir: "Hesab edirəm
ki, Azərbaycanda bizim sənətşünaslar, tədqiqatçılar
Bəhruz Kəngərlinin yaradıcılığını
daha professional səviyyədə tədqiq etməli, əsərlər
yazmalıdırlar. Bəhruz Kəngərlini Azərbaycan
xalqının görkəmli və yüksək mədəniyyətə
malik olan nümayəndəsi, həm də böyük rəssam
kimi təbliğ etsinlər!"
Bu görkəmli Azərbaycan rəssamının
yaradıcılığı çox zəngin və mövzu
etibarilə əhatəlidir. Bəhruz Kəngərlinin
sənət irsi vətən gözəllikləri və
taleyinin rəngli təsviri deməkdir. Çünki
rəng rəssamın göstərmək istədiyi məqsədlərin
qabarıq təqdimi deməkdir. Bəhruz Kəngərlinin
yaratdığı "İlanlı dağ ay
işığında", "Günəş batarkən",
"Bahar mənzərələri",
"Qaçqınlar" silsiləsinə daxil olan yurdsuz
insan portretləri, "Elçilik", "Toy" kimi məişət
kompozisiyaları, Naxçıvan teatrında tamaşaya
qoyulmuş C.Məmmədquluzadənin "Ölülər",
M.F.Axundzadənin "Hacı Qara", Ə.Haqverdiyevin "Pəri-cadu"
əsərlərinə verdiyi bədii tərtibat və geyim
eskizləri Azərbaycan boyakarlıq rəssamlığının
dəyərli örnəklərindən hesab olunur. Onun dərin həvəslə yaratdığı təbiət
mövzusundakı əsərlərində hər cəhətdən
zəngin və gözəl ana yurdumuzun füsunkar təbiəti,
insanı valeh edən ecazkar gözəllikləri əks
olunub. Bu təkrarsız ustad sənətkarın
rəsm əsərlərinə baxdıqca bir
tamaşaçı kimi məni də həmişə
özünə valeh etmiş, bu görkəmli rəsm
ustadının zəngin yaradıcılığından
doğan təəssüratları bölüşmək istəyini
bir ehtiyaca çevirmişdi.
Dərin
istedad sahibi, görkəmli rəssam, nadir boyakar Bəhruz Kəngərlinin
"Şəlalə", "Günəş batarkən",
"Dağlıq mənzərə", "Ağrı
dağı", "Ay işığında" adlı əsərlərində
sanki təbiət yenidən - sənətkarın dərin
valehliyinin, müşahidələrin ona
yaşatdığı təəssüratlar, insan içinə
bütün valehediciliyi ilə hoparaq təsvir edilib. Sanki bu qüdrətli qələm sahibi təbiətin
poeziyasını fırçanın qüdrəti ilə
göz yaddaşımıza köçürüb. Elə bil bizim qəlbimizi riqqətə gətirən
gözəlliklər onun nadir fırçasından ərsəyə
gələn rəsmlərdə əks edib. Onun "Dağ mənzərəsi" rəsmində
Naxçıvan dağlarının əzəmət və
qüdrəti, insana geniş qəlblilik,
dözümlülük və mübarizlik gətirən
xarakterik təəssürat çizgiləri əksini
tapıb. Onun karton üzərində yağlı boya ilə
çəkilmiş "Mənzərə" şəklində
isə hiss olunan isti və quruluğun təsirlərinə
baxmayaraq, yaşıllığını qorumağa
çalışan, yaşamaq üçün mübarizə
aparan və boy atmağa, yaşıl qalmağa, öz gözəlliyini,
mövcudluğunu saxlamağa can atan ağaclar təsvir edilib.
"Evlə mənzərə" əsərində
obyektlərin planlı şəkildə düzgün təsviri
daha aydın sezilir və əsərə cəlbedicilik bəxş
edir. Əsərdə dağların əzəməti
və üfüqün genişliyi qarşısında evlərin
sadə görüntüsü diqqəti cəlb edir. Qarşıdakı gölməçədə isə
suların parlaqlığı, xüsusilə bu parlaqlıqda ətraf
obyektlərin əks olunması böyük ustalıqla təsvir
olunub. Bu sadə evlərin qarşısındakı
başqa ağaclardan nisbətən ayrı, tək
düşmüş bir ağacın da dik-dik duraraq göylərə
can atan təsviri rəsmə əlavə məna və məzmun
qatır. Sanki bu tək ağacın təsviri
insanı bütün çətinliklərə rəğmən
yaşamağa, öz varlığını sürdürməyə,
problemlər qarşısında dik durmağa sövq edir.
Öz vətənini bütün varlığı ilə
sevən və ona bağlı olan bir sənətkar olaraq Bəhruz
Kəngərlinin əsərlərində vətən təbiəti,
tarixi abidələri özünə əsaslı yer tutub. Bununla bərabər,
vətəninin başına gələn müxtəlif hadisələrdən
doğan təəssüratlar da onun əsərlərinin əsas
təsvir obyektləri idi. Onun böyük yanğı və
ustalıqla yaratdığı "Qaçqınlar"
silsiləsindən olan əsərlərinə
həyəcansız baxmaq olmur. "Tərk edilmiş ev",
"Yurdsuz ailə", " Papaqlı oğlan",
"Naxçıvanda xaraba qalmış evlər", "
Qaçqın qadın", "Qaçqın oğlan"
və sair əsərlər indi bizim sənət incilərimizin
ən gözəl örnəkləri olaraq bizlər
üçün yaddaş rolunu oynayır. Həmin
əsərlərdə Azərbaycanın ərazi
bütövlüyünə erməni xəyanətinin
yaratdığı faciəvi hadisələr özünə
yer alıb. Xüsusilə bu əsərlərdə
görkəmli rəssamın doğma vətəni olan
Naxçıvanda xəyanətkar ermənilərin
yaratdığı faciəli hadisələr əsaslı yer
tutub. Bu əsərlərdə azərbaycanlıların
başına gələn bəlalar, dos-doğma yurdundan didərgin
düşmüş insanların taleyi, vəziyyəti, xaraba
qoyulmuş vətən, dağıdılmış və tərk
edilmiş yurd yerləri və sair öz təsvirini tapıb.
Bu baxımdan mövzu aktuallığına və
ideya məzmununa görə görkəmli rəssamın
"Qaçqınlar" silsiləsinə daxil olan portretlər
bu günün ictimai-siyasi hadisələri ilə səsləşməklə
bərabər, canlılığı, reallığı və
psixoloji ifadəliliyi ilə də fərqlənir. 1914-1921-ci illərdə bədnam erməni
daşnaklarının xalqımızın başına
açdığı vəhşiliklər,
xalqımızın başına gətirilən faciəli,
tükürpədici hadisələr gənc rəssamı
sarsıtmış, onun yaradıcılığında dərin
iz buraxmışdır. Bəhruz Kəngərli
böyük yanğı ilə o dövrdə həmvətənlərinin,
sadə insanların, dinc əhalinin başına gətirilən
müsibətləri olduğu kimi, real boyalarla təsvir
etmişdir.
Onun əsərləri sırasında özünəməxsusluğu,
təsirliliyi və tarixi əhəmiyyəti ilə
mühüm əhəmiyyət kəsb edən rəsm əsərlərindən
biri də "Minarəsi dağılmış məscid"
əsəridir. Bu rəsm əsəri rəssamın
1920-ci ildə çəkdiyi rəsm əsərlərindəndir.
Bu əsər hər şeydən əvvəl öz qəribəliyi
və sadəliyi ilə seçilir. Qəribəsi budur ki,
burada nə bir gözəllik, nə də bir əzəmət
var. Rəsmdən elə bil dərd sallanır. Rəsmdə minarəsi dağıdılmış,
daha doğrusu, minarəsinin ortası yarılmış bir məscid
təsvir olunub. Bu sadə və olduqca adi
bir rəsm əsəri, sadəcə, ilk baxışdan bu qədər
adidir. Əslində isə bu rəsm də
görkəmli fırça ustası Bəhruz Kəngərlinin
"Qaçqınlar" silsilə əsərlərində
olduğu kimi, vətəninin, xalqının başına gətirilən
erməni vəhşiliklərinin şahidi və tarixi sənədi
olaraq yaradılıb. Ümumiyyətlə,
onun bir çox əsərləri erməni vandalizmi və vəhşiliklərini
əks etdirən, böyük faciələri
yaddaşlaşdıran qiymətli nümunələrdəndir
ki, "Minarəsi dağılmış məscid" əsəri
də məhz erməni vandalizmini əks etdirən belə əsərlərdən
biridir. Erməni yaraqlılarının
vaxtilə Naxçıvana hücumlarını xatırladan,
onların Naxçıvanı darmadağın etdikləri
dövrü əks etdirən bu əsərdə Azərbaycan-müsəlman
əhalisinin etiqad yeri olan, iman səsi eşidilən məscid
minarəsinin topla məhv edildiyi təsvir olunub. Bu mənada
əsərdə təkcə təsvir olaraq məhv edilmiş
"Minarəsi dağılmış məscid" yox, həm
də minarənin top mərmiləri ilə uçulmuş
yarığından görünən, həm də
görünə bilən həqiqətlər əks olunub: bu
yarıqdan xaraba və dağıntılara, vəhşicəsinə
talana, qırğına məruz qalmış bir müsəlman
yurd yeri görünür. Əslində, elə rəssam Bəhruz
Kəngərlinin də nadir istedadı, fövqəladə zəkası,
misilsiz sənətkarlığı ordadır ki, təkcə
əsərdə görünən bir təsvir obyektini deyil, həm
də bir görünüş və onun yaratdığı təəssüratları
da təqdim edə bilir. Yəni rəsmdə əks
olunan dağılmış minarənin bu tərəfindən,
yəni məsciddən baxdıqda sonsuz göylərin ilahi səltənəti
olan fəza bir zülm pəncərəsindən görünən
kimi görünür. O biri tərəfdən, yəni
qüdrətilə yerlərə ədalət, səadət,
barış qanunları qoyan ilahi səltənətdən
baxdıqda erməni vandallarının hücumları, vəhşilikləri
altında dağıdılmış, alt-üst edilmiş
faciəvi Naxçıvan şəhəri görünür.
Ustad rəssam hücum və
dağıntıların bir təəssüratı kimi minarənin
üzərindəki əbədi səadət və
barışı təmsil edən ayparanın da əyilib
düşdüyünü təsvir edir. Ulu öndərimiz
Heydər Əliyevin daha bir müdrik fikrini xatırlayaq: "Bəhruz
Kəngərlinin əsərləri həddindən artıq
qiymətlidir. Birincisi, onun rəssamlıq
ustadlığına görə, ikincisi, onun
yaratdığı obrazlara görə - mən insan
obrazlarını deyirəm. Xüsusən,
o, ağır dövrün, 1918, 1919, 1920-ci illərin çətin
dövründə xalqımızın ağır vəziyyətdə
olmasını… öz əsərlərində əks
etdiribdir".
Bu böyük rəssamın
vətənpərvərliyi sayəsindədir ki, onun
böyük ustalıqla yaratdığı əsərlərdə
Naxçıvanın tarixi və görkəmli abidələri
də xüsusi yer alıbdır. Vətənin tarixi abidələrinə
həssas münasibət göstərməyin əyani ifadəsi
idi ki, bu görkəmli boyakar Nuhun türbəsi kimi dəyəri
biçilməz tarixi abidəyə 6, Naxçıvanın
tarixi simvoluna çevrilən Mömünə Xatun türbəsinə
və İmamzadəyə 4 əsər həsr etmiş,
Köhnə qala və Yusif Küseyroğlu kimi abidələri
ustalıqla çəkmişdir. Və
maraqlı burasıdır ki, bu əsərlərin hər
birində tarixi abidənin konkret bir halı, daha dəqiqi, aqibət
və vəziyyəti əks olunub. Hər
rəsmdə abidənin bir qədər söküntüyə,
uçquna məruz qaldığı görünür. Rəssam məhz abidənin baxımsızlıq və
laqeydlikdən aram-aram necə
uçulub-söküldüyünü diqqətə gətirmək
istəyir ki, bu təsvirlərdə də məhz Azərbaycan
xalqının mənəvi cəhətdən necə
aşındırılmasına olan münasibətin yer
aldığını demək olar. Ayrı-ayrı
rəsmlərdə tarixi abidənin bir müxtəlif fəsildəki
vəziyyəti əks olunmaqla fəsillərin timsalında,
fikrimizcə, ayrı-ayrı ictimai-siyasi vəziyyətlərə
uyğun abidənin aqibətini təsvir və təqdim etmək
məqsədi güdmüşdür. Bunu
da xüsusilə əlavə etmək olar ki,
Naxçıvanda dövlət qayğısı ilə tarixi
abidələr təmir-bərpa edilərkən bu görkəmli
sənət adamının əsərləri bu abidələrin
yeri və vəziyyəti haqqında mükəmməl məlumat
vermişdir.
Beləliklə, hansı zamandan və şəraitdən
baxılırsa baxılsın, Bəhruz Kəngərli
yaradıcılığı Azərbaycan xalqına
böyük xidmətlər göstərmiş mill rəssamlıq
nümunəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yaradıcılıqda püxtələşməyə
başlayan, hətta Sovet dövründə belə
yaradıcılığı ilə sərgilərə
çıxaraq diqqətləri cəlb edən, Azərbaycan rəssamlığının
yüksək mövqeyində dayanan Bəhruz Kəngərli
milli müstəqilliyimizi bərpa etdiyimiz müasir dönəmdə
rəsm sənətinin zirvəsində dayanaraq
xalqımıza böyük şöhrət gətirməkdədir.
Bu görkəmli rəssamı göstərdiyi
xidmətlərə görə xalqımız daima əziz
tutmuş, xatirəsini həmişə
yaşatmışdır. Bəhruz Kəngərlinin
şəxsiyyəti Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin də həmişə
qayğısı ilə əhatə olunmuş, əvəzsiz
sənətkarın vətəni Naxçıvanda ev muzeyi yaradılmış, məzarı bərpa
edilmiş, üzərində abidəsi qoyulmuşdur. Bu
görkəmli fırça ustasının anadan
olmasının 120 illik yubileyinin keçirilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbovun imzaladığı 12 yanvar 2012-ci il tarixli sərəncam da məhz bu qəbildən
olan tədbirlərin davamı kimi razılıqla
qarşılanıb.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə
müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2017.- 18 oktyabr.- S.6.