Dörddəbir əsrlik hekayə - "525-ci qəzet"in 25 yaşına

 

 

 

 

İbtidai təhsil aldığım kənd məktəbinin divarında bir xəritə vardı və bizim - çölün düzündə olan kənd uşaqlarının dünyası həmin xəritədəki ölkələrdən ibarət idi.

 

SSRİ Türkiyənin ən böyük qonşusu olsa da, naməlum (əslində, məlum!) səbəblərdən qardaş ölkələrin, o cümlədən, Azərbaycanın adı bizim xəritələrimizdə yox idi. Daha sonra gənclik illərimizdə:

 

"Əsir qardaşımın türkülərində

Dörd mövsüm ötədə bir bahar üşür" -

 

kimi nəğmələr oxuduq. Amma bilirdik, əsir olan kimdir -  onlar, yoxsa biz? Universitet illərində zehnimizə hakim kəsilən, qırmızı qələmlərlə üzərində qardaş ölkələrin sərhədlərini təyin etdiyimiz həmin xəritələr və ən böyük qonşumuz olan SSRİ tarixin amansız məngənəsi arasında əzilməyə, parçalanmağa, dağılmağa başladı. Beləcə, üsyan olaraq sərhədlərini dünya xəritəsinə çəkdiyimiz qardaş ölkələr bir-bir tarix səhnəsinə çıxıb xəritələrimizdə yer alandan sonra həmin ölkələrdəki qardaşlarımız, dostlarımız da ürəyimizdəki yerlərini tutmağa başladılar...

 

Əlbəttə, məqsədim geniş tarixi prosesi analiz etmək yox, bu müddət ərzində baş verən hadisələri, o hadisələr çərçivəsində qəlbimizdə taxt quran dostları yad etməkdir. Bu müddət ərzində Azərbaycan və Azərbaycan ədəbiyyatı ilə bağlı çox uzun, uzun olduğu qədər də rəngarəng, maraqlı bir yol keçdim. Bu yol məni bəzən Azərbaycan ədəbiyyatının böyük şəxsiyyətləri ilə, bəzən də Azərbaycanın ictimai-siyasi xadimləriylə qarşılaşdırdı. 1990-cı illərdən etibarən getdiyim bu yolun kəsişdiyi ən önəmli qovşaq nöqtəsi şübhəsiz ki, Azərbaycan Yazıçılar Birliyi idi...

 

Yazımın başlığında Azərbaycanın siyasi, ictimai və ədəbi həyatında "dörddəbir əsrlik hekayə" olaraq adlandırdığım "525-ci qəzet"ə gedən yol" da, bu hekayənin əsl qəhrəmanı, əziz dostum Rəşad Məcidlə bir daha ayrılmayacaq olan yolumuz da bu ana qovşaqdan keçdi.

 

Fikrimcə, bu qədər söz yığınından sonra bu yazını qələmə alma səbəbimi aydınlaşdırdım.

 

Bu il "525-ci qəzet"in nəşrə başlamasının 25-ci ildönümüdür. Rəşad Məcid bu il mənim 50 yaşımın tamam olmasına heç cür inana bilməmişdi. Mən də Rəşad Məcidin böyük əziyyətlə qurduğu, böyük mücadilə ilə, qərarlılıq və əzmlə yaşadaraq bu günə gətirib çıxardığı "525-ci qəzet"in dörddəbir əsri geridə qoyduğuna inana bilmirəm.

 

Şişirtmədən qeyd edim ki, "525-ci qəzet"in yaradıcılığımda da çox önəmli yeri var. Həmişə ədəbiyyatın içində olsam da, yazmağa bir az gec başlamışam. Mənimlə aparılan ilk müsahibə də, xaricdə çıxan ilk yazım da "525-ci qəzet"də çap olunub. Hətta ömrümün yarım əsrini geridə qoyduğum günlərdə sevimli Pərvinin doğum günümlə bağlı yazdığı, məni çox duyğulandıran ilk və tək yazının da, Azərbaycan ədəbiyyatına aid tərcümə edərək Türkiyədə nəşr etdirdiyim kitablarla bağlı geniş xəbərlər və məlumatların da taleyi "525-ci qəzet"lə bağlıdır. Yox, bəlkə də, "525-ci qəzet"lə deyil, o qəzetlə eyniləşən dostum Rəşad Məcidlə bağlıdır.

 

İndi 25 il əvvəlki Azərbaycan haqqında düşünürəm. O illərin Azərbaycanı parçalanan Sovetlər Birliyinin dağıntıları altında müharibənin rəhmsiz üzü ilə qarşı-qarşıya qalmış, siyasi, sosial və iqtisadi böhran içində, sabitliyin heç cür təmin olunmadığı keçid dövrünü yaşayan ölkə idi.

 

Rəşad Məcidin "525-ci qəzet"i bu çətin şərtlər altında qurması, həmin sancılı, ağrılı müddətdən, qeyri-sabit dövrdən keçirərək bu günlərə gətirməsi əslində, qısqanılacaq uğur hekayəsidir.

 

Nə qədər "525-ci qəzet"lə bağlı yazmağa, danışmağa çalışsam da, söz dönüb-dolaşıb Rəşad Məcidə gəlir. Əlbəttə, onun yazıçılığı, şairliyi, jurnalistliyi, ədəbi və publisistik yaradıcılığı ilə bağlı deyiləcək çox söz var və onları Rəşadın yubileyində deyəcəyəm. Çünki onun ədəbi və publisistik yaradıcılığı geniş yazılmalı olan başqa yazının mövzusudur. Ədəbi yaradıcılığı bir yana, Rəşadın "dostluq yaradıcılığı" var ki, dost olduğu insanların həyatında dərin izlər qoyur, onların həyatına taleyini tamamilə dəyişdirəcək şəkildə təsir edir.

 

"525-ci qəzet"in əməkdaşlarının çoxunu yaxından tanıyıram. Seyfəddin Hüseynli, Yusif Rzayev, Pərvin, eləcə də digər işçilərin həyatlarının Rəşad Məcidlə tanış olduqdan və ya birlikdə işləməyə başladıqdan sonra əsaslı şəkildə dəyişdiyinə əminəm. Çünki onların Rəşad Məcidə olan münasibətləri bu dəyişiklikdən xəbər verirdi.

 

Rəşad Məcidlə 8 illik dostluğumuzun 80 ilə sığmayacaq qədər çox xatirəsi var və hansından söz edəcəyimi bilmirəm. Buna görə də "525-ci qəzet"in yubileyinin Rəşad Məcidin şəxsiyyətinin kölgəsində qalmaması üçün Rəşad Məcidlə bağlı xatirələrin "525-ci qəzet"lə bağlı olanlarına, yəni əsl mövzuya qayıtmaq istəyirəm.

 

Mənimlə ilk müsahibəni "525-ci qəzet"dən Azərbaycanın çox gözəl, gözəl olduğu qədər də istedadlı yazıçısı Pərvin aparmışdı. "525-ci qəzet"in şənbə günü nəşr olunan xüsusi buraxılışlarında 21-ci səhifə ilə eyniləşən sevimlimiz Pərvin...

 

Qəzetin müəyyən səhifəsinin şöhrət qazanması, əlbəttə, ilk növbədə həmin səhifənin müəllifinin məharətindən asılıdır. Pərvin o qədər iti zəkaya və mətni analiz etmə bacarığına sahibdir ki, nə vaxt qarşılaşıb bir az söhbət etsək, illər əvvəl dediyim və bəlkə də 21-ci səhifədə nəşr olunmuş cümlələrimi ardıcıl sadalayır. Buna görə qarşısında xəcalətli qalmamaq üçün "Balerina", "Turbo Tima", "Gucci Fatoş"u təkrar oxuyuram...

 

... İndi bir xatirəni danışmadan keçə bilməyəcəyəm. Bu xatirə daha çox, Rəşadın, bayaq dediyim, "dostluq yaradıcılığı" xüsusiyyəti ilə bağlıdır. Rəşad bu xüsusiyyətinə uyğun olaraq sürpriz etməyi çox sevir.

 

Deməli, belə. 2016-cı ilin may ayı. Kırşehir Kitab Sərgisi.  Sərginin fəxri qonağı ustad yazıçımız Anar idi. Rəşad Məcid, Pərvin, Ataol Bəhramoğlu və mən sərgidə kitablarımızı imzalayacaqdıq. Kırşəhərli iş adamı Mövlud bəy də bizimlə idi. Anar, Rəşad, Pərvin, Mövlud və mən Kırşehrin məşhur yerlərindən olan "Ağalar konağı"nda yemək yeyirdik. Restoranın masalarında sərginin tanıtım broşurları var idi. Broşurun ilk səhifəsində sərginin az sayda olan qadın yazıçılarından birinin - Pərvinin də gözəgəlimli şəkli yer almışdı. Yeməyimizi yeyib, çay içirdik. Rəşadla Mövlud siqaret çəkmək üçün çölə çıxdılar. Çox keçmədi, təxminən on nəfər tələbə əllərində broşurlarla masamıza yaxınlaşdılar və Pərvinə müraciət edərək onunla şəkil çəkdirmək istədiklərini dedilər. Qızlardan bəziləri Pərvinə sarılır, bəziləri qoluna girərək ona sevgilərini göstərirdilər. Açığı, Pərvinə olan bu sevgiyə mən də təəccüblənmişdim. Təbii ki, tələbələr həm onun gözəlliyinə, həm də broşurdakı xarizmasına vurulmuş ola bilərdilər, bu çox normal idi. Pərvin tələbələrin xətrinə dəyməyib hər biri ilə şəkil çəkdirdi. Bir az sonra Rəşadla Mövlud qayıtdılar. Pərvin təkidlə həmin tələbələri Rəşadın göndərdiyini deyir, mən isə tələbələrin onu broşurdakı şəkildən tanıdıqlarını israr edirdim. Rəşad Məcid də həmin tələbələrin Pərvini şəhərin müxtəlif yerlərindəki afişalardan, masalardakı broşurlardan tanıdıqlarını deyirdi. Məsələyə aydınlıq gətirəcək bir nəfər var idi: Mövlud. Pərvin təkidlə soruşurdu: "Mövlud bəy, düzünü deyin, o tələbələri Rəşad bəy öyrətmidi?"

 

Mövlud bu vəziyyətdə Rəşadın lehinə şahidlik etməli idi. Mən olsaydım, bu gözəl hadisənin məsumiyyətini qorumaq üçün özümü qurban verər, qırx dənə yalanı bir-birinə calayardım. Açığı, Mövludun da belə edəcəyinə ümidim var idi. Mövlud isə ciddi şəkil alıb Pərvinə həmin iki kəlmə ilə belə cavab verdi: "Möhtəmələn!"

 

Sonradan Pərvin Kırşehirdəki o gözəl günlərin xatirələrini çox gözəl bir yazıyla taclandırdı və yazını "525-ci qəzet"də yayımladı.

 

İmza günündə Rəşad "Bir də gəlməyəcək" adlı kitabını imzalayırdı. Bir neçə ay sonra Mövludun iş yerinə gedəndə masanın üstündə Rəşadın imzaladığı kitabı gördüm. İlk səhifəsini açıb baxdım. Rəşad Mövluda  bunları yazmışdı: "Əziz dostum Mövluda möhtəmələn oxuması diləyilə".

 

...Bu yaxınlarda Bakıda Rəşadın uşaqlıq dostu Şahin Sinariya ilə tanış oldum.  Fransada yaşayan dostumuz dedi ki: "Rəşad Məcid bizim məktəbə gələnə qədər şagirdlər iki qrupa bölünürdülər: dəcəl, intizamsız, dərslərində zəif olanlar və çalışqan, intizamlı, dərslərindən əla qiymətlər alanlar. Rəşad gəlib bu bölgünü dəyişdi: o həm intizamsız, dəcəl idi, həm dərslərini çox yaxşı oxuyurdu. Sinifdə bütün oğlanların sevdiyi qız da ona vurulmuşdu".

 

Şahin bəyin bu təəccübünə məna verə bilmədim. Çünki Rəşad Məcid hər şeydən əvvəl "könül adamı"dır. Könül verər, könül alar, könül çalar... Lakin o, eyni zamanda, ağılla qəlbi tarazlaşdırmağı bacaran fərasət sahibidir. Deməli, uşaqlıqdan beləymiş. Publisistik yazılarında ağlı, şeirlərində qəlbi önə çıxan Rəşad Məcid, eyni zamanda, "sevgi ustası"dır. Orta əsrlərdə yaşasaydı, "sevgi təriqəti"nin piri olardı. Buna görə də onu "eşqin mürşidi" elan edib məni müridliyə qəbul etməsini istədim, razılaşdı. Yəni aramızda həm də mürşid-mürid münasibəti var. Eşq səmasında onun çatdığı mərtəbəyə qalxana kimi qanadlarımın yanacağından qorxuram. Rəşad Şahin bəyin həyatını dəyişdirərək Fransaya göndərib. Məni də başqa qitələrə göndərməyini gözləyirəm.

 

"525-ci qəzet"dən danışarkən yenə Rəşad Məcid ön plana çıxdı. Bu da əlbəttə, Rəşadın "525-ci qəzet" lə eyniləşməsindən qaynaqlanır. Rəşad Məcid gözəl, böyük insan, işini sevgi ilə görən, məqsədinə nail olan, müəvəffəqiyyətli, məsuliyyət və qabiliyyət sahibi olan insandır. Onun belə keyfiyyətləri saymaqla bitməz. Belə bir deyim var, deyir, Allah dağına görə qar verir.

 

Mən "525-ci qəzet"in nəşr olunmasının 25-ci ili münasibətilə başda Rəşad Məcid olmaqla qəzetin əməkdaşları Yusif Rzayev, Seyfəddin Hüseynli, Pərvin Nurəliyeva, Şahanə Müşfiq, Zahir və adını bilmədiyim bütün heyəti ürəkdən təbrik edir, "525-ci qəzet"ə və əməkdaşlarına uzun ömür arzulayıram.

 

18.08.2017

Kayseri

 

İmdat AVŞAR

 

 

525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.8.