"Vasif Adıgözəlov.
Vətən sevgisi" - milli
musiqişünaslığa sanballı töhfə
TANINMIŞ MUSİQİ TƏDQİQATÇISI SEVİNC RZAYEVANIN MONOQRAFİYASI NƏŞR OLUNUB
Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü, musiqişünaslıq
üzrə fəlsəfə
elmləri doktoru Sevinc Rzayevanın "Vasif Adıgözəlov. Vətən sevgisi"
monoqrafıyası işıq
üzü görüb.
"Azərbaycan" nəşriyyatında
çap olunan kitabın elmi redaktoru Əməkdar incəsənət xadimi,
professor Aida Tağızadə, rəyçiləri sənətşünaslıq
doktoru, professor Tariyel Məmmədov və pedaqoji elmlər doktoru, dosent Minara Dadaşovadır.
Monoqrafiya
Xalq artisti, bəstəkar Vasif Adıgözəlovun yaradıcılığının
XX əsrin son on illik dövrü, xüsusilə
də musiqimizdə yaratdığı üç
monumental oratoriyası- "Qarabağ şikəstəsi",
"Çanaqqala", "Qəm karvanı" - mədəniyyətimiz və
incəsənətimizdə baş verən təmayüllər kontekstində
nəzərdən keçirilir.
Xalq artisti, professor Fərhad Bədəlbəyli kitaba yazdığı "Ön
söz"də monoqrafiyanın
elmi-praktiki əhəmiyyətindən
söz açaraq, müəllifin araşdırmalarındakı
yenilikçi baxışına
diqqət çəkir:
"Ümumiyyətlə, bəstəkarın
yaradıcılığında konkret janr nümunələrinin
şəxsiyyət və
cəmiyyət, mədəniyyət
və sivilizasiya, zaman faktoru baxımından
öyrənilməsi yenidir.
Eyni zamanda, elmi yenilik
ondadır ki, müəllif ilk dəfə
olaraq V.Adıgözəlovun
üç oratoriyasının
müfəssəl təhlilini
vermiş və onların timsalında çağdaş Azərbaycan
musiqisində ideoloji obrazlılığın əsas
bədii-poetik qaynaqlarını
müəyyənləşdirmişdir.
Monoqrafiyada oratoriya janrının
təbii sərhədlərini
aşaraq, möhtəşəm,
əzəmətli, qeyri-adi
miqyaslı, simfonik əsaslara malik bir paradiqmaya transformasiya olunması prosesi öz izahını tapmışdır".
F.Bədəlbəyli "Ön söz"də qeyd edir ki,
zəngin faktlar və araşdırmalar əsasında yazılan kitab aktual, bitkin
tədqiqat əsəridir
və sənətşünaslığımızda
mühüm elmi əhəmiyyət kəsb
edir.
Kitab
"Giriş", "Qarabağ
şikəstəsi" oratoriyasının
bədii-aktuallığı", "Çanaqqala" oratoriyasının
müasir musiqimizdə
yeri, quruluşu və fəlsəfəsi",
"Qəm karvanı"
oratoriyasında ənənə
və müasirlik"
adlanan 3 ayrı fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat, əlavələr
və not nümunələri
olmaqla, fərqli bölmələrdən ibarətdir.
Girişdə müəllif əsərin
məqsədi, aktuallığı
və bu kimi mövzulara toxunur, Vasif Adıgözəlovun həyat
və yaradıcılığından
söz açır. Buradan anlaşılır ki, monoqrafiyanın məqsədi
"Vasif Adıgözəlovun
XX əsrin son 10 ilində
(1989-1999) yaratdığı və bəstəkarın
yaradıcılığı ilə bərabər, musiqimizdə də yeni bir mərhələ
kimi qəbul edilə biləcək üç nəhəng oratoriyanı - "Qarabağ
şikəstəsi" (1989), "Çanaqqala" (1996) və
"Qəm karvanı"
(1999) - bu gün üçün çox səciyyəvi və rəmzi məna daşıyan, yüksək
bədii keyfiyyətləri
ilə seçilən
monumental əsərlər kimi
nəzərdən keçirərək
araşdırmaq, bu əsərlərin çağdaş
Azərbaycan musiqisinin
tariximizdəki yerini, bədii-estetik dəyərini
müəyyən etməkdir".
Müəllif tədqiqatında bu üç oratoriyanı seçməsinə səbəb
kimi onlar arasında oxşar cizgilərin olmasını
göstərir. Onun fikrincə, bu
üç əsəri
birləşdirən ən
mühüm cəhət
hər üçündə
sənətkarın teatrallaşdırma
prinsipinə sadiqliyidir.
"Qarabağ şikəstəsi"
oratoriyasının bədii-aktuallığı"
adlanan birinci fəsildə tədqiqatçı
musiqi tarixi, ənənəvilik və
yenilikçilik, Azərbaycan
musiqisində oratoriya-kantanta
janrının tarixi, dahi bəstəkar Vasif Adıgözəlovun
bu janrın inkişafındakı rolu,
"Qarabağ şikəstəsi"
oratoriyasının yazılma
tarixi, sənətkarlıq
xüsusiyyətləri və
bu kimi məsələlərə
toxunur. S.Rzayeva bu fəsildə dahi Üzeyir Hacıbəylinin əsasını
qoyduğu professional musiqi
məktəbində sonralar
yaranmış meyillər
və cərəyanlardan
danışarkən, əvvəlcə
"Qərbi" və
"Şərqi" deyə
iki düşərgənin
adını çəkirsə,
sonradan bu təsnifatı daha da genişləndirərək,
qərbçi-modernizm, arxetipik
plastlara qayıdış,
"neoklassizm", "yeni
orientalizm", möhtəşəmlik-monumentalizm
cərəyanlarının adlarını çəkir.
Müəllif, Vasif Adıgözəlovun adını
sonuncu - möhtəşəmlik-monumentalizm
cərəyanında çəksə
də, onun çoxşaxəli yaradıcılığını
yeni mərhələyə
keçidin əsasında
durduğunu qeyd edir: "Vasif Adıgözəlov öz
yaradıcılığı ilə daima bu prosesin mərkəzində
dayanmış, onun aparıcı fiqurlarından
və yeni mərhələlərə keçməsində
hərtəkətverici şəxsiyyətlərindən
biri olmuşdur. Müasir ideoloji konseptualizm nöqteyi- nəzərindən
çıxış edən
Vasif Adıgözəlov
bədii əsərləri
ilə XX əsrin son rübündə orijinal örnəklər vermişdir".
Sözügedən oratoriyadan danışarkən
isə müəllif yazır: "Qarabağ şikəstəsi" oratoriyası
sənətkarın zaman
ilə qarşı-qarşı
söhbəti, müasirliyin
amansız reallığı,
gerçəkliyi bilavasitə
baş verən dialoqudur, ona verilən cavabıdır.
Cəmiyyətdə baş
verən müxtəlif
ictimai kataklizimlərə
kəskin reaksiya verən bütün böyük sənətkarlar
kimi Vasif Adıgözəlov da, əsərin yazıldığı
bu dövrdə vətənimizə üz
vermiş dəhşətli
faciələrə biganə
ola bilməzdi.
Bunun üçün Vasif Adıgözəlov və
Teymur Elçin ən optimal variantı seçdilər. Möhtəşəmlik-monumentallıq xarakteri daşıyan
bu əsərin, sadəcə adı belə, hər iki sənətkarın ifadə etdiyi və xalqımızın
can atdığı idealların
və arzuların canlı təcəssümüdür".
Monoqrafiyanın ikinci fəsli "Çanaqqala" oratoriyasının
müasir musiqimizdə
yeri, quruluşu və fəlsəfəsi"
adlanır. Bu fəsildə
tədqiqatçı oratoriyanın
yazılma tarixindən,
məzmunundan və sənətkarlıq xüsusiyyətlərindən
söz açır.
Bu əsərdən danışarkən
S.Rzayeva qeyd edir ki, vətənin
taleyi və şərəfi, müharibənin
acıları və haqq-ədalətin təntənəsi,
bununla bərabər humanistlik idealların müdafiəsi və yaşadılması problematikasını
əks etdirən çağdaş musiqimizdə
yaranmış çox
böyük sənət
əsərlərindən biri
möhtəşəm "Çanaqqala" oratoriyası,
bəstəkarın yalnız
Azərbaycan və Türkiyənin deyil, habelə müasir dünya musiqisi xəzinəsinə böyük
bir töhfəsidir. Bu fəsildə müəllif
oratoriyanın adının
və ithafının
çarpazlaşması ilə
yaranan əsərin qeyri-adi, mərhələli
konsepsiyasına diqqət
çəkir.
İkinci
fəslin sonlarında
tədqiqatçı bəstəkarın
sənətkarlıq keyfiyyətlərindən,
peşəkar fəaliyyətindən,
sənətinin spesifikliyindən
danışarkən onun
bu özünəməxsusluğunu
böyük istedaddan əlavə, həm də dahi Qara
Qarayevin bəstəkarlıq
məktəbi ilə də bağlayır:
"Vasif Adıgözəlovun
musiqimizdəki kökü
Üzeyir Hacıbəyli
və Qara Qarayev tərəfindən
qoyulmuş milli ənənələrə sadiqliyi,
onun yaradıcılığını
və musiqi dilinin özünəməxsusluğunu
XX əsrdə bəzi
bəstəkarların yaradıcılığı
üçün çox
xarakterik olan kosmopolitik aşınmalardan
qorumuşdur".
Kitabda haqqında
danışılan üçüncü
əsər "Qəm
karvanı" oratoriyasıdır. Vasif Adıgözəlovun 1999-cu ildə
"20 Yanvar" faciəsinin
il dönümü ərəfəsində yaratdığı
bu oratoriya haqqında müəllif kitabın "Qəm karvanı" oratoriyasında
ənənə və
müasirlik" adlanan
üçüncü fəslində
söz açır.
Əsərin sənətkarlıq xüsusiyyətlərindən danışarkən
tədqiqatçı deyir:
"Obrazlı- emosional
məzmununa görə
kədərli, faciəvi
olan, lakin öz konseptual əsasına, gələcəyə
yönəlmiş dərin
mənalar kontekstinə
görə işıqlı,
parlaq xarakterdə ifadə olunmuş və hətta optimist bir mahiyyət daşıyan cizgilər bu əsəri səciyyələndirir. Bədii məqsəd
baxımından bu həyati qüvvələrin,
xalqın hərəkət
enerjisinin, insanların
həyata inamının
parlaq-emosional intonasiyalarda
tərənnümü bəstəkar
tərəfindən çox
böyük ustalıqla
bu çoxhissəli kompozisiyada cəmləşdirilmişdir".
Fəslin yekununda müəllif fikirlərini ümumiləşdirərək yazır: "Bu əsərlər sırasında ən sonuncusu olaraq, "Qəm karvanı" oratoriyasında Vasif Adıgözəlov öz triptixini bitirmişdir. Bəstəkar bu əsərində əvvəlki oratoriyalarda qarşısına qoyduğu, xalq və vətən obrazlarının fəlsəfi-epik bir mahiyyət kəsb edən səviyyədə təsvirinə müvəffəq olmuşdur".
Monoqrafiyanın "Nəticə" hissəsində tədqiqatçı bütün araşdırmalarını və fikirlərini ümumiləşdirərək, Vasif Adıgözəlov yaradıcılığı, xüsusən onun yaratdığı oratoriya-kantanta əsərləri haqqında ümumi qənaətə gəlir: "Bəstəkarın yaradıcılığındakı bütün bu sadaladığımız prinsipləri ümumiləşdirərək, belə bir qənaətə gəlmək olar ki, Vasif Adıgözəlov, XX əsrin ikinci yarısında möhtəşəm Qara Qarayev məktəbinin yetirməsi kimi, Azərbaycan musiqisindəki Üzeyir Hacıbəyli ənənələrinin tipik davamçısıdır. Bu əsərlərdə göstərilmiş yeni istiqamətlər və bunların real konturları, XX əsrin sonundakı yeni ideallara əsaslanan bu innovasiyalar modeli, bizim musiqimizin artıq müasir dünya musiqisi çərçivəsində tamamilə yeni inkişaf yollarını açıqlayır".
Sevinc Rzayevanın böyük zəhmət və çoxşaxəli araşdırmalarının nəticəsi olan "Vasif Adıgözəlov. Vətən sevgisi" monoqrafiyası musiqi nəzəriyyəmizin ən dəyərli və bitkin tədqiqat əsəridir. Müəllif burada yalnız bir bəstəkarın üç əsərini tədqiq etməklə qalmamış, onların timsalında böyük bir xalqın musiqi ənənələrinə, dünya musiqi kontingentinə işıq tuta bilmişdir. Fikrimcə, hazırkı dövrümüzdə bu cür tədqiqat əsərlərinə ehtiyac çoxdur. Ona görə də monoqrafiya "Azərbaycan musiqi tarixi", "Azərbaycan musiqi ədəbiyyatı", "Musiqi ənənələrinin təhlili" fənlərinin tədrisində vəsait kimi istifadə oluna bilər.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.7.