Yarım əsrin
sərhədlərini aşan uğurlar
MUSİQİ
MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİ 50
YAŞINI QÜRUR DOĞURAN
GÖSTƏRİCİLƏRLƏ QEYD EDİB
1967-ci ildə yaradılmış
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyi bugünlərdə
50 yaşını qeyd
edib.
Qurum fəaliyyətinə
İçərişəhərdəki Karvansarayda başlayıb. Yarım əsr
ərzində səmərəli
fəaliyyət göstərən
muzeyin əsas məqsədi musiqi irsimizin qorunması olub. Qurum həmçinin, musiqi mədəniyyəti
tarixinə aid materialların
aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi,
qorunması, öyrənilməsi
və təbliği üzrə həm Azərbaycanda, həm də xarici ölkələrdə böyük
işlər aparır.
Muzeyin fondunda 55925 eksponat toplanıb. Bu eksponatlar içərisində
milli, eləcə də dünya xalqlarının musiqi alətləri, not əlyazmaları,
fotoşəkillər, təsviri
sənət nümunələri,
nadir səs yazıları
var. Muzeyin ilk eksponatı
bəstəkar Müslüm
Maqomayevin opera müğənnisi
Məmmədtağı Bağırova
verdiyi qeyd vərəqəsidir. Muzey eksponatları
əsas mövzu bölmələrini özündə
birləşdirən, Azərbaycan
musiqi tarixinə həsr olunan daimi sərgidə toplanıb.
Muzeyin fondu arxiv-memuar, foto-neqativ, musiqi alətləri, fonoteka, eskiz-maket, not əlyazmaları kolleksiyalarından
ibarətdir.
Arxiv-memuar fondunda məşhur bəstəkarların, musiqiçilərin,
vokalistlərin, xanəndələrin,
müğənnilərin, rəqqasların
həyat və yaradıcılığına aid olan afişalar, məktublar, dəvətnamələr,
əlyazmalar, teleqramlar,
kitablar, sənədlər
qorunub saxlanılır.
Foto-neqativ fondunda görkəmli musiqiçilərin fotoları
və neqativləri qorunur.
Musiqi alətləri
fondunda qorunan 277 musiqi alətindən 208-i Azərbaycan, 69-u isə xarici musiqi alətidir. Burada Azərbaycanın musiqi xadimlərindən Xan Şuşinski, Səid Rüstəmov, Hüseyn Saraclı, Həbib Bayramov və başqalarına məxsus
musiqi alətləri
var. Fondda həmçinin,
qədim musiqi alətləri və dünya xalqları alətlərinin replikaları
da nümayiş olunur.
Fonotekada
1733 val qorunur.
Bundan əlavə, 379
audio lent yazısı və
189 CD var. Sözügedən materiallar XX əsrin əvvələrindən XXI əsrə
qədərki dövrü
əhatə edir.
Eskiz-maket
fondunda Toğrul Nərimanbəyov, Mikayıl
Abdullayev, Həsən
Haqverdiyev, Elturan Avalov, İsmayıl Məmmədov və başqa məşhur rəssamların əsər
və eskizləri var.
Müəllif not əlyazmaları fondunda
Azərbaycan bəstəkarlarından
Üzeyir Hacıbəyov,
Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Tofiq Quliyev,
Şövkət Ələkbərova,
Vaqif Mustafazadə və başqalarının
əlyazmaları saxlanılır.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin 13 oktyabr
2010-cu il tarixli sərəncamı ilə muzeyin nəzdində Musiqi alətləri dövlət
kolleksiyası yaradılıb.
Nazirlik tərəfindən
kolleksiyaya 10 skripka, 10
skripka kamanı, 4 violonçel, 1 violonçel
kamanı, 3 alt kamanı
təqdim edilib.
Muzeyin hazırda 3 filialı -
maestro Niyazi və cazmen Vaqif Mustafazadənin
ev muzeyi,
Xalq çalğı
alətləri daimi sərgisi fəaliyyət göstərir. 4-cü filial - Qara
Qarayevin ev
muzeyi hazırlıq ərəfəsindədir.
Muzeyin ən böyük ekspozisiya sahəsi və eksponant sayına malik filialı görkəmli dirijor və bəstəkar Maestro Niyazinin
ev muzeyidir.
Muzey
1994-cü ildə açılıb.
Maestro bu mənzildə
1958-ci ildən həyatının
sonuna qədər yaşayıb. Ev muzeyi
5 otaqdan ibarətdir, bunlardan 3-ü memorial otaqlardır.
Digər
2 otaq isə ekspozisiya və qonaq otağı məqsədilə istifadə
olunur. Ekspozisiya otağında Niyazinin
uşaqlığından başlayaraq
həyatının son illərinədək
həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, not əlyazmaları,
afişalar, proqramlar eksponatlar nümayiş olunur. Qonaq otağında Niyazinin
ictimai fəaliyyətini
əks etdirən şəkillər, müxtəlif
illərdə maestroya
bağışlanan və
muzey tərəfindən
əldə olunan rəngkarlıq nümunələri
nümayiş etdirilir.
Ev muzeyində Niyazinin 120 not əlyazması, 2746 fotoşəkil,
dirijorun şəxsi kitabxanasında olan 486 kitab və notlar,
279 qramval, digər bəstəkarların 5 əlyazması
kimi dəyərli eksponatlar saxlanılır.
Vaqif Mustafazadənin ev
muzeyi 1989-cu ildən bəri fəaliyyət göstərir. Üç otaqdan ibarət
olan mənzil-muzeydə
V.Mustafazadənin həyat
və yaradıcılığından,
eləcə də uşaqlıq illərindən
bəhs edən 1214 eksponat qorunur.
1987-ci ildən fəaliyyət göstərən Xalq çalğı alətləri
daimi sərgisi ekspozisiyasının başlıca
məqsədi məişət
ifaçılığı təcrübəsi, musiqi yaradıcılığı, eləcə
də milli mədəniyyətin ümumi
tarixi inkişafı prosesi ilə bağlı olan Azərbaycan instrumental mədəniyyətinin
yaranması və onun qədim zamanlardan indiyə qədər inkişaf tarixini əks etdirməkdir.
Ekspozisiya giriş hissədən və 2 otaqdan ibarətdir. 1-ci otaqda
arxeoloji qazıntılar
zamanı aşkarlanan
əşyaların üzərində
olan təsvirlərdə,
XIII-XIV əsrlərdə yaşayan
azərbaycanlı alimlərin
musiqi haqqında traktatlarında, ədəbiyyat
və memarlıq abidələrində, orta
əsr rəssamlarının
miniatürlərində öz
əksini tapan musiqi alətlərinin tarixi inkişafı əks etdirilib. Burada nadir, qədim musiqi alətlərinin replikaları
və müasir musiqi alətləri nümayiş olunur.
Ekspozisiyanın sonrakı bölməsi görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun həyat və yaradıcılığına həsr
olunub. Eyni zamanda, burada
ustadın həyatı
boyu topladığı
Azərbaycan milli musiqi alətləri kolleksiyası da nümayiş etdirilir.
Digər
bölmədə Azərbaycan
instrumental ifaçılıq məktəbinin inkişaf
tarixi öz əksini tapıb.
1996-cı ildən etibarən
muzeyin nəzdində
"Qədim Musiqi Alətləri Ansamblı"
fəaliyyət göstərir. 14 nəfər musiqiçini
özündə birləşdirən
ansamblın bənzərsizliyi
ondadır ki, orta əsrlərdə istifadə olunub, sonralar tədricən unudulan musiqi alətlərində XIV əsr
musiqisi, həmçinin,
xalq mahnıları ifa edilir. Böyük səy və ustalıqla, ilk dəfə
olaraq bərpa edilən çəng, bərbət, rud, çəqanə, səntur,
setar, rübab və qopuz kimi
musiqi alətlərini
görmək və dinləmək mümkündür.
Ansambl həmçinin, Azərbaycanı
xaricdə də uğurla təmsil edir. 2002-ci ildə
UNESCO-nun Paris iqamətgahında keçirilən "Voix
et Rout Romane" festivalında,
Almatıda (2003), Düşənbədə
(2005) keçirilən "Ürəyin səsləri"
festivalında və İstanbulda İslam ölkələri mədəniyyəti
həftəsi çərçivəsində
təşkil olunan proqramda uğurlu çıxışları olub.
Muzey ölkə
və beynəlxalq elm
aləmində fəal
iştirak edir. 2010-cu ildə Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY ilə birlikdə "Türk xalqlarının musiqi alətləri" beynəlxalq
elmi simpoziumunu keçirib. Bu, Azərbaycanda ilk dəfə
olaraq musiqidə türk birliyi haqqında beynəlxalq
forum idi.
2012-ci ildən bəri isə "İntermuzey" beynəlxalq festivalında iştirak edən yeganə muzeyimizdir. Eyni zamanda, qurum 1994-cü ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM), 2010-cu ildən Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası Beynəlxalq Komitəsinin, Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsi (SIMCIM) İdarə Heyətinin, Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM), Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının (WMA) üzvüdür. Muzey "Google" şirkəti ilə birgə "Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi", "Azərbaycan xalq musiqisi", "Azərbaycan bəstəkarlıq məktəbi" sərgiləri hazırlayıb. Hazırda isə "Qara Qarayev" sərgisinin üzərində iş aparılır.
Muzey xaricdə Azərbaycan musiqisinə dair saxlanılan sənədlərin surətini ölkəmizə gətirmək üçün çalışır. Bir neçə il əvvəl qurum Sankt-Peterburqda yerləşən Rusiya Elmlər Akademiyası Rus Ədəbiyyatı İnstitutunda fonoqram arxivdən sənədlər əldə edib. Burada 1920-1930-cu illərdə yazılan xalq mahnıları, musiqilər, eyni zamanda Zəngəzur mahalı və Ermənistanla sərhəd rayonların əhalisinin folkloru toplanıb. Bu arxivdəki sənədlərin surəti nazirliyin dəstəyi ilə ölkəmizə gətirilib.
Muzey yubileyində böyük bəstəkar Qara Qarayevin Moskva və Sankt-Peterburq arxivlərindən aşkara çıxarılan teatr tamaşalarına yazdığı əsərlərdən bəzi fraqmentləri təqdim edib.
Muzeyin direktoru Alla Bayramova bu ilin yazında nazirlik tərəfindən Rusiya Ədəbiyyat və İncəsənət Arxivinə ezam olunub. Orada Qara Qarayevin arxivini araşdırıb. Arxiv böyük olduğu üçün bu işin davam etdirilməsi qərara alınıb. Arxivdə Qara Qarayevin 1944-cü ildə Ömər Xəyyamın rus dilinə tərcümə olunmuş rübailərinə yazdığı 6 romansı aşkarlanıb və onların surəti Azərbaycana gətirilib. Bu əsərlər haqqında kitablarda qeyd olunsa da, həmin əsərlər heç vaxt səsləndirilməyib.
Hazırda muzeyin 69 əməkdaşı var. Onlardan 7 nəfəri fəxri ad alıb, 3 nəfərinsə elmi dərəcəsi var. Muzeyin 50 illik yubileyi ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq musiqi mədəniyyətinin təbliğində səmərəli fəaliyyətinə görə, muzeyin direktoru Alla Bayramova "Tərəqqi" medalı ilə təltif edilib. Bundan əlavə, muzeyin əməkdaşlarından Davud Abdullayev və Fəzilə Rəhimova Əməkdar artist adına layiq görülüb.
Xədicə RƏHMAN
525-ci qəzet.- 2017.- 19 oktyabr.- S.7.